Göylərin qapısını ah ilə
döyən şair:
Hüseyn Bağıroğlu
Səhərlər günəşi, axşamlar ayı, gecələr özünü varaqlayan şair
Deyirlər ki, sənətkarlar öz mühitinin övladıdır və sənətkarın böyüklüyü onu formalaşdıran mühitin böyüklüyü ilə ölçülür. Hüseyn Bağıroğlu Naxçıvan mühitinin övladıdır. Onun "Adam kölgəsinə səsləmə məni", "Mən çiynimdən yerə qoydum dünyanı", "Başımda qar olur, ayağımda yaz", "Nə yaxşı göydədi hələ göy üzü" adlı şeirlər kitabları yayınlanıb. Şairin ölkəmizlə yanaşı, Türkiyə və İranda da dərc olunan kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb, şeirlərinə mahnılar bəstələnib. Təkcə doğulduğu Naxçıvanda deyil, "Azərbaycan ədəbiyyatında müasir milli şeirin bənzərsiz örnəklərini yaradan" ədəbiyyat aləmi haqqında (xarici ədəbiyyat da daxil olmaqla) dərin bilgilərə məxsus olan" Hüseyn Bağıroğluya ilk xeyir-duanı NaxçıvanYazıçılar Birliyinin sədri, mərhum Hüseyn İbrahimov verib, "Cavan şairin özünəməxsus dəst-xəttinin" olduğunu vurğulayıb: "Şeirlərini oxuyanda belə qənaətə gəlirsən ki, o, daim poetik axtarışlar aparır, oxucuya təzə söz deməyə çalışır".
Hüseyn Bağıroğlu əsl söz adamıdır. Onun üçün şöz müqəddəsdir, söz dəyərdir.
Obrazları fərqli, leksik bazası zəngin, şeirlərinin mövzusu müxtəlif olan şairin poeziyasında aparıcı mövzu Vətən-yurd motivli şeirlərdir. O, bəzən Vətəni coşqun, təlatümlü, bəzənsə ən zərif və isti duyğularla təqdim edir:
Dağlarda düşmənə göz dağı - səngər,
Düzlərdə bir zərif çiçəkdi Vətən.
Və ya
Qızara-qızara bayrağa dönən,
Bir şəhid əynində köynəkdi Vətən.
Yaradıcılığında sözün dəyərinə dəyər qatan H.Bağıroğlu, vətənini sevən, ürəyi vətən eşqiylə çırpınan "vətən daşı"dır. Vətən onun üçün hər şeydən öncə gəlir.
Şairin 2015-ci ildə qələmə aldığı "Əldə qılınc süvar olub atlara, // Bir gün dönəcəyik biz o yurdlara", - şeirində işaran ümidləri 10 noyabr 2020-ci ildə çiçəkləndi. Bağıroğlu, şanlı Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Zəfər sevincini, vətən, yurd sevgisini, çiçəklənən arzularını "Nə yaxşı göydədi hələ göy üzü" adlı kitabında başdan-başa inikas etdirir. "Vətən", "Azərbaycanım", "Salam, əziz Şuşa", "Azərbaycan-Türkiyə", "Sənin baban", "Azərbaycan əsgəri" və b. şeirlərdə doğma torpağa bağlılıq, Vətən övladlarının misilsiz qəhrəmanlığı, Böyük Zəfərimiz, vətən torpağının əsarətdən qurtuluşu, yenidən yazılan tariximiz yüksək poetik dillə nəzmə çəkilir. Arzuları gerçəkləşən, qazanılan zəfərdən vəcdə gələn, "Qarabağ əbədi Azərbaycandır" şeirində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məşhur "Qarabağ Azərbaycandır" sözlərini bütün qoca dünyanın bir də eşitməsini istəyən sair yazır:
Qoy bir də
eşitsin bu qoca dünya:
Azərbaycan
can içində bir candır,
Qarabağ əbədi Azərbaycandır.
44
günlük Vətən müharibəsində igid əsgərlərimiz
səngərdə döyüşəndə, Hüseyn
Bağıroğlu da boş durmur, dilində dualar, əlində
qələm 30 il işğal altında qalan torpaqları xilas
edən Azərbaycan əsgərinin igidliyini misralara
köçürür:
Sənin
alın yazında
Öldü var, döndü yoxdu.
Bu millətin
yolunda
Yandı var, söndü yoxdu.
Sən
gözümün qarası,
Sən gözümün ağısan.
Anam Azərbaycanın
Sönməyən çırağısan.
Adın
dillər əzbəri,
Özün düşmən çəpəri.
Ey tarixin
ilk əri,
Azərbaycan əsgəri.
Şairin "vətənsevərlik dərsi olan
şeirlərinin düşmənlə təmas vəziyyətində
olan əsgərlərimizlə birgə addımlaması",
şeirlərində "Vətən torpağını qara
buludlardan qorumağın yolunu, yolağasını ifadə
etməsi, Vətəni buludlardan yuxarı qaldırmağı
tövsiyə etməsi" onun Vətənə gərəkli
olmaq eşqi ilə alışıb-yanmasından yaranır. Peşəsindən
asılı olmayaraq hər kəsə qoynunda doğulub
böyüdüyü Vətənə xidmət etməyin, Vətənə
"gərəkli" olmağın altını cızır:
Çiçək
açsın deyə yurdda daş-kəsək,
Ürək məzarda da döyünsün gərək.
Gərəksiz
adamın nəyinə gərək,
Gərəkli adama gərəkdi Vətən.
Bu şeirlər yazılmır, ilk öncə şairin
ruhunda doğulur, misra-misra, söz-söz ruhdan qəlbə, qəlbdən
isə misralara pıçıldanır.
Tənqidçi
Vaqif Yusifli Hüseyn Bağıroğlunun şeirlərində
"orijinal deyim tərzi, özünəməxsus ifadə
çalarları olduğuna" diqqəti çəkir:
"Hüseyn Bağıroğlunun şeirlərində
orijinal deyim tərzi, özünəməxsus ifadə
çalarları ilə qarşılaşırıq"...
Hüseyn Bağıroğlunun poeziyası fəlsəfi
ağırlıqlıdır. Bunu diqqətə çəkən
Yalçın Nadir, şairin "Mən dünyadan
qabaqdayam" şeirini onun fəlsəfi düşüncələrinin
təzahürü sayır, sözün qüdrətini,
aktuallığını zaman, məkan
anlayışının fövqündə görən
şairin sözün özü ilə qürrələndiyinin
altını cızır:
Nə məkanda,
nə vaxtdayam,
Nəğmə
kimi dodaqdayam...
Mən
dünyadan qabaqdayam,
Dünya gəlib çatdı mənə.
Şairin eşqə yanaşması da özünəməxsus,
"fərqli, bir o qədər də maraqlıdır". "İlahi,
sən bizə sevməyi öyrət" şeirində insan
varlığını eşqə bağlayan şairin,
"Tanrı da sevgisiz bədəni sevməz" adlı
şeirində sufiyanə yanaşma duyulur. Bağıroğlu Tanrı dərgahına
ucalmağın yolunu eşqdə görür. "Sevərək
Allahlaşmaq" (Losev).
H.Bağıroğlunun
kitablarının adları: "Adam kölgəsinə
çağırma məni", "Başımda qar olur,
ayağımda yaz", "Nə yaxşı göydədi hələ
göy üzü" özü-özlüyündə bir
şeirdir. Kitabların adları oxucunu
düşündürür. Fəlsəfi
düşüncələrə bürünən oxucu
şairin şeirlərini oxuduqca, əslində, bu şeirlərin
"həyat həqiqətlərinin bədii inikası"
olduğunu anlayır. Necə ki, "fanidə fanidən
fani" olduğunu anlayan şair, əbədi olanı
soraqlayır:
Həvəsim
yox özgələri ötməyə,
Mən yenə özümü qabaqlayıram.
Fanidə
fanidən fani olsam da,
Əbədi olanı soraqlayıram.
Nə
yaxşı göydədi hələ göy üzü,
Nə yaxşı udmayıb gecə gündüzü.
Səhərtək
açılır qəlbimin gözü,
Nəfsimin gözünü torpaqlayıram.
Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi Müzəffər Zəfər "Nəfsinin
gözünü torpaqlayan şairin" obrazını:
"Braziliyalı yazıçı Paulo Coelonun "Kimyagər"
əsərinin qəhrəmanında gördüyünü,
kitabında özünün qələmə
aldığı müdrik kəlamlarda Paulo Coelo nəfəsini
hiss etdiyini, şairin bu müdrik fikirlərinin hər birində
bir kitaba sığacaq qədər böyük hikmətlər
gizləndiyini" vurğulayır: "Yer bədənimizi,
göy ruhumuzu özünə çəkir, // Bizim
ömrümüz isə bu çəkişmə bitənə
qədərdir". "Yeri-göyü sətir-sətir
oxuyan" şairin şeirlərinin məkanı göylə
yer arası deyil. Yerin üstü olduğu kimi, yerin
altı da var: göy, yer və yerin altı. Ruhumuz
göylərin, bədənimiz yerin payıdır. "Zərrələr"ində
"Təkəbbürü mənəvi yoxsulluğun meyvəsi"
sayan Hüseyn Bağıroğlunun yazdığı şeirlər
"ruhunun və qəlbinin vəhdətindən" yaranan əsl
poeziya nümunələridir.
Şeirlərində, şamanizm və təsəvvüf
ədəbiyyatının çalarları sezilən
Hüseyn Bağıroğlunun üzü göyədir. Üzü
göylərə olan şairin şeirləri də
"göy üzünə bənzəyir". Göy
üzü gecələr sirli və sehrli mənzərələri
ilə baxanları ovsunladığı kimi, "göy
adamı"nın şeirləri də
oxucuları ovsunlayır.
Nə
yaxşı göydədi hələ göy üzü,
Nə yaxşı udmayıb gecə gündüzü.
Səhərtək
açılır qəlbimin gözü,
Nəfsimin gözünü torpaqlayıram.
Səhərlər
Günəşi, axşamlar Ayı,
Gecələr özümü varaqlayıram.
"Gecələr
özünü varaqlayan", "Oxumaq istəsən,
özünü oxu, // Yerin altın, göyün
üzünü oxu", - deyən şairin poeziyasını oxuyub
ovsunlanmamaq, yerin, göyün hətta yerin altının sirlərinə
baş vurmamaq mümkün deyil. Özünü "vaxtı
qabaqlayan saat"a bənzədən, onda "yaşamağa
hal qoymayan, dörd tərəfini dərdlə hörən"
bəndələrdən yorulan Bağıroğlu
"ilahi"yə üz tutur:
İlahi,
görürsən bəndələrini
Məndə yaşamağa hal qoymadılar.
Dərdinən
hördülər dörd tərəfimi
Bir yana çıxmağa yol qoymadılar.
Gah
başım üstündən göyü aparır,
Gah ayağım altdan yeri çəkirlər.
Vaxtı
qabaqlayan saat kimiyəm,
Gündə neçə dəfə geri çəkirlər.
Bağıroğlunun
şeirləri vətənin, yurdun, bütövlükdə,
dünyanın ağırlığını,
ağrısını çiyninə alan,
ürəyindən keçirib misralarda inikas etdirən bir
insanın, "fikirlərə qərq olan", "köhnə
sözlərə yeni tale yazan" bir şairin taleyidir:
Fikirsiz
ötən gün dərd olur, şair,
Çəkdiyim ahı da fikir aparır.
Yerdə
fikirlərə qərq olur şair,
Göydə Allahı da fikir aparır.
Bağıroğlunun harada yaşamasından
asılı olmayaraq fikri, xəyalı daim doğulub
boya-başa çatdığı yurda, Naxçıvana, Nehrəmə
bağlıdır. Doğulduğu torpağı vəsf edən şairin
şeirləri Naxçıvan təbiətinin; "Nazlı
balası Batabat", "iman yeri Əshabi-kəhf", sinəsinə
dağ kimi çəkilən Araz, "Haçadağ",
"sirli Gəmiqaya" və s. gözəlliklərinin
inikasıdır:
Haçadağ
tacıdı, Araz güzgüsü,
Sirli Gəmiqaya qədim incisi.
Əyilməz
vüqarı, polad süngüsü,
Yenilməz
heç vədə yada Naxçıvan -
Turan ellərinə ata Naxçıvan.
Yaradıcılığında vətən, yurd sevgisi
daha da möcüzələşən şairin, "Taletək
alnına yazılan yurdu"nun vətən həsrəti, vətən
sevgisi misralara hopub göyərir. Bu zaman şair nə
Şuşanı, nə Ağdamı, bütövlükdə
Qarabağı unutmur:
Şuşa
bir nazlı diyar,
Nə
könül, nə göz doyar,
Onu
görən bəxtəvər,
Cənnəti gördüm deyər.
De, kim unutdu Ağdamı?!
De, kim Şuşadan əl çəkdi?!
Sənə
kəc baxan gözlərə,
Mərd
oğulların mil çəkdi!!!
Gözün
aydın olsun, Vətən!!!
Anatol Fransa görə, "şeir yazmaq Allaha
sitayiş, Allaha dua etmək kimi bir şeydir". Hüseynin
şeirləri də "Allaha sitayiş, Allaha dua etmək",
ilahi sözə sığınmaqdır. Allaha
sitayış və dualarla hər zaman ilahi sözə sığınan
Hüseyn Bağıroğlu dünyanın dərdini çəkəndə
də, ağrıyanda da, heyrətlənəndə də
ilahi sözü çağırır:
İlahi kəlməni sən çağır, gələr.
Demə söz, yoxsa ki, dağ ağır gələr.
Dünyanın
özündən çox ağır gələr
Qoysaq tərəziyə bir varaq sözü.
Bu sözə sığınmada, sözlə dərdləşmədə
şairin ruhundan süzülüb gələn şeirlərin
hər biri bir doğuluşdur.
Bağıroğlu üçün ilahi söz sirdir,
sehrdir, hünərdir, qılıncdır, yeri gəldiyində
sığaldır, səfqətdir, "şair ruhunun bir
halını əks etdirən güzgüdür. Şair mənən
nə qədər saf və zəngin olarsa, şeir də bir o
qədər zəngin olacaq". Söhbət əsl
şeirdən, möcüzə sözdən,
H.Bağıroğlu sözündən, onun "Göylərin
qapısını, "Ah" ilə döyən şeirindən
gedir: "Göyün tağları kimidi, Ulduzları öpər
sözüm" "Şairin şeirlərində
özü ilə sözü qovuşur, möcüzə
baş verir: yəni həqiqi şeir doğulur".
Onda mələklərin
dodağındaydı,
Onda yer
üzünə enməmişdi söz
Ömrünün
ilahi nur çağındaydı
Qarğışa, söyüşə dönməmişdi
söz.
Onda yer üzünə enməmişdi söz.
Şair əmindir ki, "zamanın sınağından çıxan şeirə zaval yoxdur...". "Zamanın sınağından çıxan şeirə zaval olmadığı" kimi, şeirləri zamanın sınağından çıxan şeirlərin müəllifinə də ölüm yoxdur. H.Bağıroğlunun "Şairlər nə zaman doğulur, nə zaman ölür? - sualına verdiyi cavab da belədir: "Şairlər hər zaman doğulur və heç bir zaman ölmür".
Lütviyyə
Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2022.- 10
dekabr.- S.28.