Ədəbi və şəxsi talelərin qovuşağında

 

Sara Osmanlı-75

 

Bütün ideoloji məhdudiyyətlərinə baxmayaraq XX əsr Azərbaycan ədəbiyyatşünaslığı milli ədəbi irsimizin və cari ədəbi prosesin tədqiqi, nəşri prosesində müstəsna xidmətlər göstərmişdir. Çağdaş günlərimizdə bu irsin tarixi təcrübəsindən kənar "yeni söz" demək təşəbbüsündə olanların əsaslanmaq istədikləri nəzəri müddəalarla real ədəbi həyat arasında bütöv əlaqə mövcud deyil və buna görə də deyilənlər, irəli sürülən müddəalar nə yadda qalır, nə də ədəbi prosesin mahiyyətini üzə çıxarır. Ən doğru yol isə tarixi ədəbi-elmi təcrübəni yeni demokratik elmi meyarlar zəminində araşdırıb ən məqbul olanı dövriyyəyə gətirməkdir. Bu baxımdan qarşılıqlı ədəbi təsir, vaxtilə dəbdə olan ədəbi əlaqələr səpkili tədqiqatlar zamanın sınağına daha tez çəkildi. Çünki uzun illər qarşılıqlı ədəbi təsir deyəndə nəzəri-metodoloji bir yanlışlıq hakim idi: Azərbaycan ədəbiyyatının son iki yüz ildə əldə etdiyi bütün nailiyyətlər rus ədəbiyyatının təsiri ilə əldə edilmişdir. Bu sahədə yararlı olan tədqiqatlar isə milli ədəbi-tarixi gerçəkliyə, onun ideya-estetik dəyərlərinə əsaslanan müəlliflərə aiddir. Bunlardan öndə gedən, ədəbi fikrin milli, regional və bəşəri dəyərlərini ayırd etməyi bacaran, onların kəsişən və fərdi cəhətlərini təyin etməyi bacaran, yüksək intellektual düşüncə sahibi olan filologiya elmləri doktoru Sara Osmanlıdır. Sara xanımın müqayisəli ədəbiyyatşünaslıq sahəsindəki araşdırmaları xronologiya, fakt, sənəd sadalamalarından, sosial-ideoloji şərhlərdən kənardır. Onun müqayisəli ədəbiyyatşünaslıq sahəsindəki nəzəri səpkili tədqiqatları tipoloji ədəbi-estetik norma və anlayışlara, bədii təmayül və janr tipologiyasına əsaslanır. S.Osmanlının "60-70-ci illər Azərbaycan nəsrinin problemləri rus tənqidində" əsəri bu gün də öz elmi dəyərini saxlamaqdadır. Təəssüf ki, bu əsərin ayrı-ayrı hissələri məhdud tirajlı dərgilərdə çap olunsa da, kitab şəklində nəşr edilməmişdir. Halbuki, bu əsər ötən əsrin müqayisəli ədəbiyyatşünaslıq sahəsində yazılmış ən sanballı tədqiqatlardan biridir. Bu əsərin yeniliyi nədə idi? Əvvəla, Sara Osmanlı geniş erudisiyalı tədqiqatçı kimi 60-70-ci illər postsovet məkanında baş verən ədəbi hərəkatın mahiyyətinə yaxşı bələd idi, bu prosesdə milli ədəbiyyatların yerini, mövqeyini, çəkisini də yaxşı bilirdi. O, 60-70-ci illər Azərbaycan nəsrini postsovet ədəbiyyatının öncül bir qolu, ümumiyə aparan yolun fərdi başlanğıclarından biri kimi götürürdü. 60-70-ci illər postsovet nəsrinin aparıcı simalarından olan Anar, Elçin, Maqsud və Rüstəm İbrahimbəyovlar, Əkrəm Əylisli və digərlərinin yaradıcılığını bu ədəbi hərəkatda fərqləndirən ədəbi-estetik özəlliyi onların mənsub olduğu milli ədəbi təcrübədə axtarır və bu qaynaqların yeni nəsrin poetik strukturunda yerini və rolunu doğru dəyərləndirirdi. Bu əsəri  digər "ədəbi əlaqələr" səpkili araşdırmalardan fərqləndirən bu cəhət idi, həm də Sara xanımın bir ədəbiyyat adamı kimi duyumunun üfüqləri haqqında təsəvvür yaradırdı. XX əsrin əvvəlləri, xüsusən Mirzə Cəlil və Ə.Haqverdiyev nəsrinin estetik təcrübəsini 60-cıların yaradıcılığı əsasında izləyən S.Osmanlı yeni ədəbi mərhələləri özündə ehtiva edən sənətkarlıq axtarışlarını ədəbi obraz, süjet, təhkiyə tipləri və s. kateqoriyalar müstəvisində öyrənir. Bu əsərin mühüm bir üstünlüyü rus tənqidində (daha düzgün sovet tənqidində) milli ədəbi gedişata yanaşmadakı subyektiv meyilləri də göstərməkdən çəkinmirdi. Çünki bunlar sadəcə etiraz, inkar yox, milli nəsrin bədii dinamikasına əsaslanan mülahizələr idi.

Sara Osmanlı 40 ildən artıqdır ki, müqayisəli ədəbiyyatşünaslığın nəzəri problemləri ilə yanaşı, konkret olaraq Azərbaycan ədəbiyyatşünaslığının da tarixi, onu təmsil edən alimlərin yaradıcılığının tədqiqi ilə məşğuldur. S.Vurğun, M.Rəfili, K.Talıbzadə, Ş.Qurbanov, M.Sadıqov, A.Hacıyev və digərlərinin elmi irsi onun araşdırmalarında daha çox istinad edilən adlardır. Sara Osmanlının "Ədəbi talelər qovuşanda" (2022) monoqrafiyası onun nəzəri və praktik səciyyə daşıyan araşdırmalarının yekunu kimi meydana çıxmışdır. Bu əsər iki cəhətdən bu gün dəyərlidir. Birincisi, göstərilən monoqrafiya müqayisəli ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələlərini əhatə edir və az qala bir əsrə yaxın tarixi-elmi gedişata yekun vurur. Digər tərəfdən, "Ədəbi talelər qovuşanda" monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının da tarixini müəllifin maraq dairəsini əhatə edən problemlər çərçivəsində əhatə edir. Sara Osmanlı ədəbi əlaqələrin forma təsnifatını verərkən bu sahədə A.Veselovski, H.Konrad, V.Jirmunski, D.Dyurişin və digərlərinin nəzəri irsini bu alimlərin mənsub olduqları tarixi ədəbi-estetik məktəblərin zəminində dəyərləndirir və bu təcrübənin yaşarlı tərəflərini önə çəkir.

"Ədəbi talelər qovuşanda" monoqrafiyası göstərir ki, onun müəllifi müqayisəli ədəbiyyatşünaslıq sahəsində milli və dünya nəzəri fikrində mövcud olan konsepsiyalara bələddir. Belə nəzəri hazırlıq ona milli və rus ədəbiyyatşünaslığının faktlarını obyektiv şəkildə müqayisə etməyə yardımçı olur. Tədqiqatçı bir çox məqamlarda milli elmi faktlara üstünlük verir. Bu, süni milli təəssübkeşlikdən irəli gəlmir, tarixi ədəbi prosesdəki hadisələrin şərhindəki yanlışlıqların ortaya qoyulması və ciddi alim məntiqinə əsaslanır. Ədəbi təsir məsələsinin nəzəri şərhində S.Osmanlı bu sahənin təcrübəli mütəxəssisi kimi belə bir mövqedə dayanır ki, ədəbi təsir o zaman milli ədəbi gerçəklik hadisəsinə çevrilir ki, göstərilən milli ədəbi proses bunu qəbul etməyə hazırdır. Müəllifin belə bir mövqeyi də əsaslıdır ki, dünya ədəbi-tarixi prosesinin qanunauyğunluqlarından biri də iqtibasdır və bunun epiqonçuluq yox, yeni estetik daşıyıcıya çevrilməsidir. Həcm və məzmun etibarilə sanballı bu monoqrafiyada dünya və milli ədəbi-nəzəri fikirdə müqayisəli ədəbiyyatşünaslıq sahəsindəki mövcud nəzəri-praktik araşdırmalara tarixi-xronoloji səpkidə icmal verilir.

Müqayisəli ədəbiyyatşünaslıq sahəsində professional müəllif kimi hazırda bu sahədə yaranmış "epiqonçuluq" onu haqlı narahat edir və "Ədəbiyyatşünaslığımız son on ildə: müqayisəli ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatların problematikasına dair" məqaləsi göstərilən sahədə yeni stereotiplərin meydana çıxdığından xəbər verir. Sara Osmanlı dəqiq müşahidələrini ümumiləşdirərək yazır: "Təcrübə göstərir ki, streotiplilik baxımından neqativ planda dəyərləndirilən prioritetlər əsasən ideoloji-siyasi amillərlə bağlı idisə, elmi əhəmiyyətini saxlayan mövzular daha çox ədəbi-tarixi prosesin qanunauyğunluqlarının dərki ilə əlaqədardır. Son dövrün təcrübəsi ilə tanışlıq nəticəsində stereotip mövzu dairələrinin sırasındakı "ünvanları" seçməyi məqsədəuyğun bildik: "Azərbaycan", "Şərq", "ədəbi mühit", "tipologiya" ilə bağlı mövzular. Bu başlıqlar altında mütəxəssis iradları və tövsiyələri çağdaş ədəbiyyatşünaslığımızın taleyi ilə bağlı ciddi narahatlıq mövqeyini ifadə edir. Xüsusən, ədəbiyyatşünaslıqda resepsiya məsələsi onu daha çox düşündürür və haqlı olaraq bu mövqedə dayanır ki, bu prosesdə ədəbi maraq və prioritetlər öndə olmalıdır.

Sara Osmanlının göstərilən monoqrafiyaları, yüzə yaxın məqaləsi, nüfuzlu elmi konfrans və sessiyalardakı çıxışları müqayisəli ədəbiyyatşünaslıq sahəsinin nüfuzlu nümayəndəsi kimi ona hörmət və ehtiram qazandırmışdır. Sara xanım az yazır, ancaq dərindən bildiyi, öyrəndiyi mövzularda yazır. Analitik təfəkkür tərzi ona qələmə aldığı mövzunun mahiyyətinə enməyə imkan verir. Məsuliyyət, cavabdehlik hissi onun yaşam prinsiplərindəndir. Son illər XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı alimlərindən biri kimi onun "XX əsr ədəbiyyat məsələləri" seriyasından çap olunmuş və nəşr prosesində olan kitablara yazdığı məqalələr (S.Vurğun, İ.Əfəndiyev, M.Arif, M.Hüseyn və digərləri haqqında) onun milli ədəbi fakta dünya ədəbi fikri kontekstində dəyər vermək səriştəsini təsdiq edir. "Azərbaycan ədəbiyyatı tarixi"nin VII  cildi üçün oçerklərin yazılışı prosesində onda ciddi tədqiqatçıya mənsub məsuliyyət hissini müşahidə etdim. Tədqiqat sahəsinə nisbətən uzaq olan mövzuda, konkret olaraq "Teymur Elçin" oçerkinin yazılışı prosesində Sara xanımın alim-tədqiqatçı ciddiliyini dəfələrlə olduğu kimi, yenidən etiraf etməli olduq.

Sara xanım öz mövzuları və tədqiq etdiyi ədəbi simaları öyrənərkən (bunu da deyim ki, müqayisəli ədəbiyyatşünaslıqla məşğul olan alim üçün vacib bir keyfiyyət) milli amili həmişə diqqətdə saxlayır. Unudulmaz Şıxəli Qurbanov haqqında yazdığı portret oçerkdəki aşağıdakı fikir dərhal diqqəti cəlb edir və yerində deyilmişdir: "Burada əsas metodoloji, elmi-etik problemlər eyni ünvanda birləşir: milli, mənəvi simanın  qorunması yollarında Şıxəli Qurbanovun əməyi və xidmətləri".

Sara Osmanlı yüksək səviyyəli tərcüməçi və redaktordur. Onun bu fəaliyyəti, nədənsə, nəşrlərdə təsadüfi hallarda qeyd olunur. Özü də bu xidmətinə etinasız yanaşır. Ancaq S.Osmanlının bir tərcüməçi kimi gördüyü işlər bizim humanitar fikrimizi xaricdə təqdimi baxımından üzümüzü edir.

Sara xanımın tədqiqatları ədəbi talelərin kəsişməsinə əsaslanır. Onun şəxsi taleyi də doğma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alimimiz Vəli Osmanlı ilə kəsişmişdir. Vəli müəllimin romantizm haqqında tədqiqatlarının ilk oxucusu və tərcüməçisi ömür-gün yoldaşı Sara xanım olmuşdur. Bu gün Sara xanım sevimli qızı Nərminin və sevimli nəvəsi Yusifin ona bəxş etdikləri fərəh, sevinc, məmnunluq duyğularının yaratdığı, hökm sürdüyü bir aurada nəfəs alır, yazır, yaradır. Ona öz adımdan, bütün həmkarları, dostları adından cansağlığı, həyat eşqi arzulayıram.

 

Şirindil Alışanlı

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.26-27.