Unudulmayan insan

 

Bu il tarixçi, pedaqoq, hərbçi, ictimai xadim, eyni zamanda gözəl insan, nurlu şəxsiyyət kimi həmvətənlərinin xatirələrində yaşayan Aslan Eyyub oğlu Süleymanovun 101 yaşı tamam olur. Mən bu ocağın gəlini kimi (Mübariz bəyin ömür-gün yoldaşı) əziz qayınatamın doğum gününə hazırladığım kiçik yazı ilə onun müqəddəs ruhuna olan dərin, səmimi sevgimi, hörmətimi bildirməyi özümə borc hesab edirəm. Ruhun şad olsun, əzizimiz Aslan ata!

 

Əzizim, yaxar gedər,

Su gələr, axar gedər,

Bu dünya pəncərədir,

Hər gələn baxar gedər.

 

Dünya yaranandan bu belə olub dünyanın sonuna kimi belə olacaq. Həyat pəncərəsindən baxmaq hər doğulanın qismətidir. Amma əsas məsələ necə baxmaqdadır.

Allah hər kəsə bir tale bəxş edir - birinə sevinc dolu həyat, birinə var-dövlət, birinə göz yaşı, bədbəxtlik, başqa birisinə isə elm, zəka... Fərqi yoxdur, necə yaşayır yaşasın, bu həyatın sonu ölümdür. Ölüm hər şeyin son nöqtəsidir.

Çoxları ölümündən bir müddət keçdikdən sonra tanışları, hətta qohumları tərəfindən belə unudulur, yaddaşlardan silinir. Sanki heç yoxmuş bu həyatda, - izi qalır, tozu.

Amma elə insanlar da var ki, onlar bu dünyanı tərk etsələr belə, nəinki müasirlərinin, hətta onu yaşadan xatirələr əsasında gələn nəsillərin yaddaşına hopur, ürəklərində məskən salırlar. Yaşından, cinsindən, yaşadığı dövrdən asılı olmayaraq.

Bunlar el üçün yanan, yaşayan insanlardır. Xüsusilə elmin ziyasından zəka alanda... İstər həkim olsun, istər şair olsun, istərsə hər hansı bir sahədə elm xadimi. Fərq etməz, xalq, Vətən onu bütün ruhu ilə sevənləri unutmur. Xalqın sevgisi isə əbədidir. Belə insanları daha geniş oxucu kütləsinə, xalqımıza tanıtmaq bir vətəndaş kimi hər birimizin borcudur.

Xalqın, elin, obanın böyük sevgisini qazanan, ürəklərdə yuva salan belə ziyalı insanlardan biri 1921-ci il aprel ayının 19-da Sabirabadın Qəzli kəndində anadan olmuş Aslan Eyyub oğlu Süleymanovdur.

Aslan müəllim gənclərimizə örnək ola biləcək şərəfli, ləyaqətli bir ömür yolu keçmişdir.

Aslan Süleymanov 1935-ci ildə Sabirabad rayon Quruzma kənd yeddiillik məktəbini bitirdikdən sonra Sabirabad Pedaqoji Məktəbinə daxil olmuş, 1938-ci ildə həmin məktəbi bitirərək Sabirabad rayon Yenikənd yeddiillik məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır. Savadlı, ağıllı gənc mütəxəssis kimi diqqəti cəlb etmiş dərs hissə müdiri vəzifəsinə təyin edilmişdir.

Gənc Aslan 1939-cu ildə hərbi xidmətə çağırılmışdı, lakin 1940-cı ildə İkinci Dünya müharibəsi başlandığı üçün o da başqalarından geri qalmayaraq Vətənin müdafiəsinə qalxdı. 1940-cı ildən ta müharibənin sonuna kimi cəbhədə vuruşdu, rəşadət göstərdi. Zirəkliyi, bacarığı ilə secildiyi üçün 1940-cı ildə hərbi kursa göndərildi. Kursu uğurla başa vurduqdan sonra Moskva şəhəri Hava Hücumundan Müdafiə Cəbhəsi "Birinci Zenit-Layihə Diviziyası"nın anbarına rəis vəzifəsinə təyin edildi.

Aslan Süleymanov müharibədə göstərdiyi qəhrəmanlıqlarına görə "Moskva Müdafiəsi Medalı" "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya Üzərində Qələbə Medalı", "Hava Hücumundan Müdafiə Əlaçısı" döş nişanı, Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) Ali Baş Komandanlığından 2 dəfə yazılı surətdə "Təşəkkür Yazısı" s. mükafatlarla təltif edildi.

Müharibədən sonra da hökumət onu unutmadı. "1941-1945 Böyük Vətən müharibəsinin 20 illik Yubileyi Medalı", "1941-1945 Böyük Vətən müharibəsinin 30 illik Yubileyi Medalı", SSRİ - "Sovet Ordusunun 50-ci Yaş Medalı", "Sovet Ordusunun 60-cı Yaş Medalı", "SSRİ Əmək Veteranı" medalı s. ilə təltif edildi.

Elmə olan böyük həvəsi gənc Aslanı təhsilini davam etdirməyə sövq edirdi. Nəhayət, 1950-ci ildə arzusu çin oldu. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldu. 1956-cı ildə təhsilini başa vurduqdan sonra uzun müddət müəllim işlədiyi doğma yeddiillik kənd məktəbinə direktor vəzifəsinə təyin edildi.

Sonralar Aslan müəllim nəinki Sabirabadda, həmçinin Saatlı, Kürdəmir məktəblərində öz bilik səviyyəsini göstərmiş, elmini, zəkasını gənc nəslin nümayəndələri olan məktəblilərlə sevə-sevə paylaşmışdır. Hər yerdə adı hörmətlə çəkilmiş, onu tanıyanların rəğbətini qazanmışdır.

Aslan Süleymanov 1958-ci ildə Sovet Ordusu hərbi bazalarında yenidən hərbi kurs keçərək Sovet Ordusu Artilleriya Qoşunlarının İnzibati Siyasi Heyətində mayor hərbi rütbəsinədək yüksəlməsinə baxmayaraq, yenə müəllimlik sənətini davam etdirməyi qərara aldı. Amma indi o, gənclərə hərbi sirlərin, qəhrəmanlığın, qoxmaz, cəsur olmağın yollarını öyrətməyə başladı.

1960-cı ildə Aslan Süleymanov Azərbaycan SSR Bilik Cəmiyyətinə üzv seçilmişdir. Daha sonralar dəfələrlə Azərbaycan SSR Zəhmətkeş Deputatları Sovetinə deputat, Azərbaycan SSR Ali Məhkəməsinin Xalq İclasçısı (1962-ci il), Rayon Kommunist Partiyası Komitəsi Plenumuna üzv, Partiya Məktəbinin katibi, Kənd Sovetliyində Kolxozun ilk Partiya Təşkilatının katibi, Partiya Təbliğat Təşviqat İşləri müdiri, Sabirabad Rayon Sovet Xalqları Drujinası Qərargahının rəisi, Rayon Kənd Sovetliyi Yoldaşlıq Məhkəməsinin sədri b. vəzifələrə seçilsə , o, heç vaxt öz sadəliyini, təvazökarlığını, mehribanlığını itirmədi. Əksinə, daha canfəşanlıqla xalqın maariflənməsi uğrunda şərəfli işini davam etdirdi.

Aslan müəllim, eyni zamanda həm gözəl ailə başçısı olmuşdur. Ömür-gün yoldaşı Səfalı xanımla yeddi övlad böyütmüşlər. Onların amalı xalqına, millətinə layiqli övladlar yetişdirmək idi. Hələ kiçik yaşlarından övladlarını elmə, təhsilə maraqlandırmağa çalışmışlar. Uşaqlarını ziyalı görmək hər ikisinin ən böyük arzusu idi.

Təəssüf ki, vaxtsız ölüm Aslan müəllimin arzularını yarımçıq qoydu. Onun min bir əziyyətlə böyütdüyü fidanlarının xoş günlərindən birlikdə kam almaq sevincini yaşamağa ömrü çatmadı.

Süleymanovlar ailəsi vaxtaşırı Qəzlidəki ata yurdunda - Aslan müəllimin ocağında yığışmağı çox sevirlər. Çünki Aslan müəllimin Səfalı xanımın müqəddəs ruhları hər an onlara dayaqdır. İnsan hansı yaşda olur-olsun, həmişə valideyn sevgisinə ehtiyac duyur. Çünki başqalarının böyük, hətta qoca saydıqları halda o, öz valideyni üçün uşaqdır. Hər uşaqsa ana-ata məhəbbətinə möhtacdır.

Artıq Aslan müəllimin uşaqları da övlad-nəvə sahibidirlər. Böyük oğlu Tofiq Süleymanov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycanın bir sıra rayonlarında müstəntiq, prokuror müavini prokuror vəzifələrində çalışıb. Üç qız atasıdır. Balaca nəvələrini ömrünün mənası sayır.

İkinci oğlu Mübariz Süleymanlı Aslan müəllimin yolu ilə gedir. Xalqının, millətinin maariflənməsi ilə məşğuldur. Azərbaycan İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. Hal-hazırda elə həmin universitetin professoru, Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, fəlsəfə elmləri doktorudur. İki oğul atasıdır. Böyük oğlu Vüsal da babasının yolunu davam etdirərək adına layiq olmağa çalışır.

Aslan müəllimin kiçik oğlu Avtandil Süleymanov isə Rostov Dövlət İnşaat Akademiyasını bitirib. Üç övladı var. Çox təəssüf ki, dünyasını cavan dəyişdi. Qəzlidə - ata yurdunda yaşayırdı.

Ailənin qız övladları - Əfruz, Flora, Səxavət Aybəniz evdar xanımlardır.

Qoy Aslan Atanın müqəddəs ruhu rahat şad olsun. Çünki onun zəhməti hədər getməyib. Xalqına, Vətəninə layiqli övladlar böyüdüb.

Bir sözlə, ziyalı bir insanın ocağından nur almış Süleymanlılar nəsli Aslan müəllimin arzularını həyata keçirməyə, bu ocaqdan aldıqları işığı el-oba ilə, xalqla bölüşmək üçün böyük sevgi ilə çalışırlar.

 

Əzizim bizim qala,

Həmişə bizim qala,

Tikmədim özüm qalam

Tikdim ki, izim qala.

 

Sevil İBRAHİMQIZI (Süleymanlı)

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.27.