Sabahın eşqi ilə...
Teymur Kərimlinin “Şuşanamə”
kitabı haqqında
2020-ci
ilin noyabrında tariximizə qızıl hərflərlə həkk
olunan şanlı zəfər xalqımızın sarsılmaz
birliyinin, qəhrəman Azərbaycan Ordusunun hərbi peşəkarlığının,
vətənpərvər əsgər və zabitlərimizin fədakarlığının,
Müzəffər Ali Baş Komandanımız, Prezident
İlham Əliyevin siyasi iradəsinin və əzminin, Azərbaycan
xalqı ilə Azərbaycan dövlətinin həmrəyliyinin
təntənəsi kimi nəsillərə əbədi örnəkdir.
Bu zəfərlə
Azərbaycan xalqı öz tarixinin yeni bir mərhələsinə qədəm
qoydu. Bu
zəfər həyatın bütün sahələrində
olduğu kimi, elmin və təhsilin, sözün və sənətin
də qarşısında geniş üfüqlər
açdı, yeni tarixi vəzifələr müəyyənləşdirdi.
Azərbaycan
ictimaiyyətinin klassik ədəbiyyatımızın məhsuldar
tədqiqatçısı və fəal təbliğatçısı
kimi tanıdığı görkəmli alim, akademik Teymur Kərimlinin
klassik şeir ənənələri ruhunda yazdığı
poetik əsərlərini "Şuşanamə" adlı
kitab şəklində nəşr etdirməsi də qələbənin
insanlarımızın ruhunda yaratdığı mənəvi
dirçəlişin bədii sözdə və sənətdə
ifadə olunmasının gözəl bir nümunəsi kimi
maraq doğurmaqdadır. Kitab Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı
ilə elan edilmiş "Şuşa İli"nə ithaf
olunub.
Kitabın
birinci bölümünün adı Ali Baş Komandanın
sözlərindən iqtibas olunub: "Əziz Şuşa, biz
qayıtdıq!". Kitabdakı ilk
şeirin adı və məzmunu da dövlətimizin
başçısının indi xalq düşüncəsinin
rəmzlərindən birinə çevrilmiş "Dəmir
yumruq" ifadəsindən gəlir:
Əgər
bilmək dilərsənsə,
dəmir
yumruq nədən doğmuş:
Dəmir
yurddan, dəmir eldən,
dəmir
iradədən doğmuş!
Duman
çökdürmək istərkən
elin
başına düşmənlər,
Yarıb
zülmətləri çıxmış,
günəştək
zirvədən doğmuş!
Kitabın
ekspozisiyasını təşkil edən, uvertüra səciyyəli
bu qəzəlin növbəti beyti isə şanlı qələbəmizin
mənəvi qaynaqlarına, köklərimizə işıq
tutur, xalqın öz
düşüncəsində gəzdirdiyi əbədi
dəyərləri tərənnüm edir. Burada Azərbaycan
xalqının ölməz ruhunun tarixin dərinliklərinə
uzanan rişələrinə yüksək qiymət verilir -
tarix boyu güclülərin arxasında gizlənib xəyanətlər
törədən, sonra da öz xəyanətinin layiqli cəzasını
alan soysuzlara qalib gələn
xalqımızın nəcib soyu, haradan gəldiyi, hansı təməl
üzərində ucaldığı xatırladılır:
Elin
yaddaşı ölməz ki,
həmişə
dumduru, şəffaf,
Dədəm
Qorqud kitabından,
nağıl,
əfsanədən doğmuş!
Kitabdakı siyasi məzmunlu şeirlər - ümummilli
lider Heydər Əliyevə, onun işıqlı əməllərini
əzmlə davam etdirən, müdrik vəsiyyətlərini
layiqincə yerinə yetirən Prezident İlham Əliyevə,
"Azərbaycanın sevincini öz sevinci, kədərini
öz kədəri" kimi bölüşən qardaş
Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib
Ərdoğana həsr olunmuş əsərlər müasir
siyasi lirikanın maraqlı və diqqətçəkən
nümunələridir. Bu əsərlərdə müasirliklə
tarixilik bir-birini üzvi şəkildə tamamlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik İsa Həbibbəylinin kitabda toplanmış əsərləri
"məğrurluq və mövqe şeirləri"
adlandırması kitabdakı əsərlərin mahiyyətini
dəqiq şəkildə ümumiləşdirir. İ.Həbibbəyli
yazır: "Teymur Kərimli "Şuşanamə"
şeirlər toplusunda konkret olaraq dünyada və ölkəmizdə
baş verən hadisələrdən yaranmış təəssüratlarını
poetikləşdirmişdir. Bu mənada
"Şuşanamə" kitabı Teymur Kərimlinin II
Qarabağ savaşı - Vətən müharibəsinin dərsləri
vasitəsilə dərk etdiyi ictimai-siyasi mətləblərin
poetik baxımdan şərh edilməsindən ibarətdir".
"Şuşanamə" kitabındakı əsərlər
ona görə dərin ictimai-siyasi məna, mənəvi-əxlaqi
əhəmiyyət daşıyır ki, şahidi və
iştirakçısı olduğumuz qələbə ruhunu,
zəfər coşqunluğunu bədii sözdə dolğun və
obrazlı şəkildə, qələbənin təbiətindən
gələn yüksək vətəndaşlıq pafosu ilə
əks etdirir.
Bu şeirlər oxucuların qələbədən
aldıqları ruh yüksəkliyi, qürur və şərəf
duyğusu ilə əks-səda verir.
Dövlətimizin
başçısının "2022-ci ilin "Şuşa
İli" elan olunması" və "Xurşidbanu Natəvanın
190 illiyinin qeyd edilməsi" haqqında Sərəncamlarının
icrası ilə əlaqədar Şuşada təşkil
edilmiş sərgi zamanı T.Kərimlinin "Şuşanamə"
kitabının təqdimatının keçirilməsi
kitabdakı əsərlərə dövlətin siyasəti
baxımından necə böyük əhəmiyyət
verildiyinin göstəricisi kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, "Şuşanamə"yə
bütöv halda yanaşdıqda bir daha aydın
görünür ki, bu yazılar hörmətli akademikin
dövlətçilik təfəkküründən, dövlət
və xalq qarşısında yüksək məsuliyyət
hissindən və həmin hissləri bölüşmək
ehtiyacından qaynaqlanır. Dövlət və
xalq qarşısında məsuliyyət elə bir mənəvi
dəyərdir ki, onu bölüşənlərin nəzərində
vətənin və torpağın əzəməti, möhtəşəmliyi
daha da böyüyür, ülviyyət məqamına yüksəlir.
"Şuşanamə" oxucuda dövlətə və millətə,
dövlətin və millətin ali dəyərlərinə
sədaqət, sabaha inam hissi aşılayır.
Kitabdakı əsərlərin böyük qisminin janr
etibarilə klassik divan ədəbiyyatından gəlməsi,
divan şeiri ilə səsləşməsi akademik Teymur Kərimlinin
elmi tədqiqatlarının əsas istiqaməti ilə əlaqədar
olmaqla yanaşı, həm də Şuşanın mədəniyyət
tariximizdə oynadığı müstəsna rol ilə
yaxından səsləşir. XIX əsrdə Azərbaycanda klassik ədəbiyyat
ənənələrinin, divan poeziyasının ən
güclü mühafizə olduğu məkanlardan biri Şuşa idi. Şuşada təşkil
edilmiş ədəbi məclislərdə fəaliyyət
göstərən ziyalılarımız divan şeiri ənənələrini
yaşatmağa və davam etdirməyə üstünlük
verirdilər. Bununla yanaşı, həmin
məclislərdə muğam ifaçılığı yeni
zirvəyə yüksəlməkdə, Qarabağ muğam
ifaçılığı məktəbi formalaşmaqda idi.
Xalqın keçmişindən gələn və onu daha
geniş dünya ilə qovuşduran, İslam mədəniyyətinin
ayrılmaz hissəsinə çevirən dəyərləri
mühafizə edib gələcək nəsillərə ötürmək
üçün Şuşa alınmaz bir
qala, etibarlı istehkam rolunu oynayırdı. Bu
baxımdan, kitabdakı şeirlərdə Şuşanın tərənnümü
Azərbaycanın dəyərlərinin tərənnümü
kimi qiymətlidir. Qeyd etmək
yerinə düşər ki, kitabın adında da tarixə
işarə var. XIX əsrdə "Qarabağnamə"lər
milli tariximizə güzgü tutduğu kimi, XXI əsrdə də
"Şuşanamə" tariximizin möhtəşəm
bir mərhələsini bədii sözün yaddaşına
köçürür.
"Şuşanamə"dəki şeirlərdə
milli yaddaşın abidəsinə çevrilmiş hadisələr
incə eyhamlarla, dəqiq vurğularla və zərif ştrixlərlə
yada salınır. Konkret adlar çəkilmədən yaddaş
kitabımız vərəqlənir, tarixdəki hadisələr
oxucunun təsəvvüründə canlanır:
Torpağı
musiqidən yoğrulub axır, bilirəm,
Çünki xanəndəmiz olmuş, ozanımdır
Şuşamız.
"Nəzmi-nazik,
bayatı abi-həyatıymış" onun,
Qarabağ tarixini ilk yazanımdır Şuşamız.
Teymurun
könlün açıb
doğma
Cıdır meydanımız,
Dar
günümdə köməyimdir,
həyanımdır
Şuşamız.
Bu
misraları oxuyanda qulaqlarımızda muğam səslənir,
gözümüzün önündə xanəndəlik sənətinin
böyük ustaları, Molla Pənah Vaqifin poeziyasında tərənnüm
olunan qənirsiz Qarabağ gözəlləri, köhlən at
üstündə cıdıra çıxan Qarabağ igidləri,
şöhrəti dünya ilə bir olan Qarabağ atları
canlanır...
"Şuşanamə"nin mühüm məziyyətlərindən
biri ən ağır zamanlarda belə müəllifin
xalqın qələbə əzminə inanması, itirdiyimiz
torpaqlara dönmək ümidinə arxalanmasıdır. Bu
baxımdan, 1999-cu ildə, iki əsrin qovuşağında
torpaqlarımız işğal altında olarkən əslən
Laçından olan şair Hüseyn Kürdoğluya həsr
olunmuş "Allah qoysa!" rədifli qəzəl əlamətdardır.
Bu şeirdə təsəlli və təskinlik
yox, ümid və millətimizin gücünə, tarixin ədalətinə
dərin inam var. Müəllif haqq işinin qalib gələcəyinə,
zülmün də, zülmkarın da vaxtı çatanda məğlubiyyətə
düçar olacağına əmindir. Çünki
zülm də, zülmkar da məğlubiyyətə və məhvə
məhkumdur:
Bir zaman
düşmənimiz dünyada sərgərdan idi,
Yenə
çöllərdə qalıb vurnuxar, Allah qoysa!
Diz
çöküb qarşımıza yüz kərə
üzr istəyəcək,
Olacaq it
kimi peşman və xar, Allah qoysa!
Yenə
Kürdoğlu gəzər yazda Laçın
dağlarını,
Döşünə
dəstə bənövşə taxar, Allah qoysa!
"Şuşanamə"dəki
əsərlərin böyük əksəriyyəti, əvvəldə
də qeyd etdiyimiz kimi, forma baxımından klassik ədəbiyyatla,
divan poetikası ilə sıx bağlı olsa da, bu əsərlərin
bir məziyyəti də xalqın folklor yaddaşı ilə
yaxından səsləşməsidir. Kitabdakı
qoşma və gəraylılarda xalq ruhunun tərənnümü,
qələbə müjdəsi birbaşa epos
yaddaşından, qəhrəmanlıq dastanlarımızdan
qaynaqlanır. Bu bağlılıq özünü
şeirin məzmununda göstərməklə yanaşı,
misraların səslənməsi, bölgü, intonasiya
folklora, aşıq ədəbiyyatına, eləcə də
Koroğlu havalarına köklənib:
Ağ yel
kimi dərə keçib, dağ aşıb,
Sinəsilə
sal qayaya dırmaşıb,
Aslan kimi
kükrəyibən qarmaşıb,
Toyuna can
saldı nəmər Şuşanın!
Qoşma janrında yazılmış "Əziz
Şuşa, biz qayıtdıq!" adlı şeirin bu bəndində
sözün nizamı, düzülüşü sayəsində
həm şeirdə təsvir olunan hadisə, qeyri-adi qələbə
müjdəsi tarixlə, keçmişlə səsləşir,
həm də qəhrəmanlığın tərənnümü
və təqdimatı keçmişlə bu gün arasında
bağlılıq yaradır. Azərbaycanın siyasi gələcəyinə,
strateji perspektivlərinə işıq tutur:
Yağıların
zəhər qatdıq aşına!
Müjdə
verin İstanbul qardaşına!
Türkiyəylə
Azərbaycan başına
Zəfər
günü zər səpələr Şuşanın!
Şanlı
zəfərimiz bütün dünyaya bir daha nümayiş
etdirdi ki, Qarabağ torpağının 30 il
işğal altında qalması Azərbaycan xalqının
gücsüzlüyünün, acizliyinin nəticəsi
olmayıb. 30 illik işğalın,
qaçqınlığın, didərginliyin arxasında
kökü keçmişdən gələn müasir tarixin ədalətsiz
və çirkin oyunları, bizi istəməyən şər
qüvvələrin bu oyunu qurması və ona qoşulması
durub. Akademik Teymur Kərimli "Şuşanamə"də
diqqəti bu tarixi həqiqətin üzərinə yönəldərək
sözdə Qarabağ probleminin həlli ilə bağlı məsuliyyəti
öz üzərinə götürdüyünü bəyan
edən, əməldə isə tarixi ədalətsizliyin
başında duran ikiüzlü dünya güclərini
satiranın dili ilə ittiham edir, ATƏT, Avropa Şurası
kimi ünvanlardan hesab soruşur:
Səs ver səsimə, hardasan, Avropa Şurası?
Çıxdın göyə, ya yerdəsən, Avropa
Şurası?
...Neyçün
ikili yöndə qurursan siyasəti?
Artıq
özün də zordasan, Avropa Şurası!
Adilsən
əgər, bayraq edib sən ədaləti,
Zülmün
gözünə dürtəsən, Avropa Şurası!
Əslində,
bu ittihamı səsləndirməyə hər bir Azərbaycan
vətəndaşının mənəvi və hüquqi
haqqı var. Satira o zaman inandırıcı və kəsərli
olur, oxucuda ciddi maraq oyadır ki, seçilən mövzu,
ifşa hədəfi müəllifin ona bəslədiyi
münasibətə layiq olsun. "Şuşanamə"də
satira "Vətən savaşı mərmiləri"
başlığı ilə təqdim olunub və bu "mərmilərin"
hədəfləri tarixin lənətinə layiqdirlər.
Ona görə də şairin bədii obrazlarla
ifadə etdiyi istehza oxucuların da ürəyindən xəbər
verir.
Akademik
Teymur Kərimlinin "Şuşanamə" kitabının
dəyəri və əhəmiyyəti bir də ondadır ki,
sabahın eşqi ilə yaranan əsərlər
keçmişlə bu gün, bu günlə gələcək
arasında mənəvi körpü yaradır, nəsilləri
mənən bir-birinə bağlayır:
Nə gözəl günlərə
yetdin, şükür olsun, Teymur,
Sabahın
eşqi ilə çox coşacaq ilhamımız...
Arzu Nehrəmli
Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.24-25.