...Şuşa əsirlikdəydi

 

"...Bulaqları qızlarla barışdırmaq

bizim boyun borcumuzdur.

O gün çox uzaqda deyil..."

İslam Sadığın "Əsgər geyimli kitab" məqaləsindən

 

İşimin, gücümün daşan vaxtında,

Şair, məqaləni oxudum bu gün.

Əlinlə ürəyin bir işləmişdi,

Gül çələngi idi, qoxudum bu gün.

 

Bulaqlar qızlarla necə barışsın?

"Ər oğlu ərlər"in günahı bəlli.

Otuz ildi Şuşa əsirlikdəydi,

Düşmən Şuşadan tutmuş beşəlli.

 

Ustad, bu barışıq çətin olacaq,

Xan qızı Natəvan xəyal içində.

Hərə bir avazda, hərə bir eşqdə,

Hərə bir seçimdə, başqa biçimdə.

 

Natəvan şeirinin qanadı Şuşa,

Ərzi-halımızda, sonadı Şuşa,

Gəlinlər əlində xınadı Şuşa,

Yamanca bizləri qınadı Şuşa.

 

Neçə fəsillərdi, neçə illərdi

Bu dərd ürəkləri qana döndərmiş.

Tanrının işidi, biz bilmirik,

Suyu yoluna yox, yana döndərmiş.

 

Qanlı səhnə vardı Cıdır düzündə,

Nikol Paşinyanlar yallı gedirdi.

Vaqiflə durnalar göyün üzündə,

Qaregin Nijdelər hallı gedirdi.

 

Ulduzlar da burda, Ay da burdadı,

Dərələr burda, çay da burdadı,

Türkümdən yol gələn qıy da burdadı,

Naləmiz burda, vay da burdadı.

 

Tanrı özü görür ürəkdən şadam,

Halal aşiqiyəm, harama yadam,

Möhnətdən, qüssədən, bu gün azadam.

Tanrım, sən kömək ol türkümə bu gün...

 

Şuşa həsrətiylə yanan, közərən

Şairlər ordusu mətindi bu gün.

Ələ qələm alıb Şuşadan yazmaq

Şuşanı tikməkdən çətindi bu gün!

 

Şuşa

 

Qurbanlar kəsmişik adına sənin,

Havana, suyuna, dadına sənin,

İllərlə yanmışıq oduna sənin,

Gəl səni bağrıma basım, ay Şuşa,

Başımın tacısan, tacım, ay Şuşa!

 

Ölməzlik yaşatdı, 8 noyabr,

Ömürlər uzatdı 8 noyabr,

Dünyanı oyatdı 8 noyabr,

Burunlar qanatdı 8 noyabr,

Qanmazı qandırdı 8 noyabr,

Kəllələr endirdi 8 noyabr,

Ocağın söndürdü 8 noyabr,

Gəl səni bağrıma basım, ay Şuşa,

Başımın tacısan, tacım, ay Şuşa!

 

Vaqifin, Bülbülün xoş nidasısan,

Natəvan şeirinin bir ədasısan,

Üzeyir notusan, Xan avazısan,

Pənahəli xanın yadigarısan,

Gəl səni bağrıma basım, ay Şuşa,

Başımın tacısan, tacım, ay Şuşa!

 

Şuşa bəyannaməm - göz dağısan sən,

Üzü qaralara - üz dağısan sən,

Sözün bilməzlərə - söz dağısan sən,

Gəl səni bağrıma basım, ay Şuşa,

Başımın tacısan, tacım, ay Şuşa!

 

Sən ali rütbəmsən, ali sözümsən,

Vuran ürəyimsən, görən gözümsən,

Mən sənin özünəm, sən özümsən,

Gəl səni bağrıma basım, ay Şuşa,

Başımın tacısan, tacım, ay Şuşa!

 

Yalanı qəlbinizdən silin cənablar,

Haqqa, ədalətə gəlin cənablar,

Şuşa - Azərbaycan bilin cənablar,

Gəl səni bağrıma basım, ay Şuşa,

Başımın tacısan, tacım, ay Şuşa!

 

Mübarək

 

Şəhid məzarı önündə düşüncələr

Ruhu səmalarda gəzən şəhidim,

Aləmə səs salan ünün mübarək.

Eşqi dəryalarda üzən şəhidim,

Gündüzün mübarək, günün mübarək.

 

Hayqırdın, hayqırtın ərzi oyatdı,

Milyonlar önündə sınandı əsgər.

Xətai ruhuyla döyüşə girdi,

Zaman durdu - bəzən qınandı əsgər.

 

Tarixə tarixlər yazan igidim,

Tarixdən yol gələn soyun mübarək.

Əlləri xınalım, nəğməli sevdam,

Qələbən mübarək, toyun mübarək.

 

Vətənin min illik, eşqi sinəndə,

Mənim şah əsərim, payız qanadlım.

Sən qeyrət simvolum, bayraq simvolum,

Ər oğlu ərənim, Babək inadlım.

 

Sən gedən yollara çatmaq min əzab,

İllərlə adını ağırlamışam.

Səndən özgəsinə ümid bağlayıb

Heç vaxt köməyimə çağırmamışam.

 

Yazdığım misralar kasıb görünsə,

Xəcalət mənimdir, bağışla, canım.

Qələmimdə budur, düşüncəmdə bu,

Bağışla, ay yavrum, bağışla, canım.

 

Daş kitabələrdən gələn məhəbbət,

Ünvanın cənnətdi, səbrin mübarək.

Vətənə, torpağa şərəf gətirdiz,

Tanrım, şükür Sənə, əmrin mübarək!

 

Rəhbərə salam!

 

Qoy bilsin bu gündən düşmən həddini,

Durduğu yerini, həddisəddini,

Qoy tanısın türkün sərhədlərini,

Xalqın xilaskarı, rəhbərə salam,

Zamanı məst edən rəhbərə salam!

 

Uğur döyüşləri-keçdi o günlər,

Xəndək döyüşləri- keçdi o günlər,

Qana-qan döyüşü bitdi o günlər,

Xalqın xilaskarı rəhbərə salam,

Zamanı məst edən qüdrətətə salam!

 

Dünya, eşit qalib xalqın dilindən,

Ərənlər yetirən, Turan elindən,

Maşallah Məftunun Vətən şerindən,

Xalqın xilaskarı rəhbərə salam,

Zamanı məst edən qüdrətə salam!

 

Rəsm bazarına səyahət                  

 

Azərbaycanın Xalq rəssamı, "Şöhrət" ordenli Fərhad Xəlilov: - Əlimdəki bu yaraların hamısı uşaq vaxtı Qarabağdan yadigar qalıb. O yerlərə ayağım dəyən kimi qalxacam Cıdır düzünə diz çöküb Vətənimi öpəcəyəm ki, sənin hər qarışına qurban olum...

 

Rəsm bazarına gəl, ey dost...

Moskvaya,

            Berlinə,

                        Parisə.

Dünyanın

rəsm bazarı sizi gözləyir...

 

Altı kiloluq uşağın nağılı...

 

Dünyaya tox gəldi,

Beş gün ana südü əmmədi.

aclığın önündə baş əymədi...

Od nəfəslər qorudu uşağı,

ulu arzular, amallar,

çıraq tutdu bu uşağın yoluna.

Başı üstündən tufanlar əsdi,

küləklər, qasırğalar, yolunu kəsdi.

Göylərdən gələn

haqqın səsi qorudu onu.

Bəxtinə yazılan Tanrı sevgisi

qorudu onu.

Böyüdü çocuq,

atası Qurban kişinin Vətən sevgisiylə...

Yollarında çox oldu

vəhşi savaşlar, ölümlər, itimlər.

Sahilində doğulduğu Xəzəri sevdi.

Sevdi qəzəbli, kinli dünyanı.

Hüseyn Cavidi, Müşfiqi, Salman Mümtazı,

Ustadları sürgün edən

Sibirin ölüm düşərgələrinə səyahət etdi.

Yandırılan kitablar,

            ümidlər,

                        gümanlar,

haqsız tökülən qanlar...

Şeytanları, iblisləri.

Odərlərin od dilini,

Yad əllərin - yad dilini gördü Fərhad...

İşgəncələr, əzablar.

Talan olan xəzinələr,

yalan olan "həqiqətlər",

məhv edilən gündəliklər, məmləkətlər

acılar içində böyüdü rəssam.

Əsrin faciəsi:

1990-cı il Bakının "Qara Yanvar"ı,

İmperiyanın qanlı əlləri,

Xocalı qətliamı,

bütün bunları yaşadı ustad sənətkar...

 

Maşallah Məftun

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.25.