Bəylə gəlinin
sağlığına
Hekayə
Avtobusda basabas idi. Salona keçməyə
imkan olmasa da, Məmməd qapıdan sallana-sallana axır ki, özünü
yataqxanaya çatdırdı.
Nəzir
bayaqdan oturub onu gözləyirdi. Məmmədin gəldiyini görüb
cəld ayağa qalxdı. Əl-qolunu
ölçə-ölçə:
- Harda qalmısan? - deyə soruşdu.
- Gözləməkdən gözümün
kökü saraldı.
Məmməd özünə
haqq qazandırmağa
çalışdı:
- Axırıncı mühazirədən
nə illah elədim, çıxa bilmədim. Aşağıda
dekana rast gəldim. Elə bil dayanıb
məni gözləyirdi.
Auditoriyaya qaytardı.
- Yaxşı, tez ol. Qurt-quran açma. Gecikirik. Toy nə vaxtdır
başlayıb.
- Tez ol deyəndə,
mən hazıram. Ayaqqabılarıma yaş əski
çəkim, gedək.
Toz-torpaq
içindədir.
Az sonra dostlar artıq "Nərmin" şadlıq
evində idilər. Musiqinin şən, oynaq sədaları ətrafı
başına götürmüşdü.
Deyən kim,
gülən kim, oynayan kim. Arada masabəyi
məclisi ələ alır, sağlıq istəyənlərə söz
verirdi. Bəylə gəlin, adəti
üzrə yuxarı başda əyləşmişdilər.
Üz-gözlərindən sevinc, xoşbəxtlik
oxunurdu. Qohum-qonşu yığılıb bu iki gəncin eşqinin təntənəsini
qeyd edirdi. Qız gəlinlik paltarında ağ
göyərçinə bənzəyirdi.
Yanaqları dağ laləsini,
dodaqları çiyələyi
xatırladırdı. Oğlan də sevglisindən geri qalmırdı. Gur saçları, nazik bığları, qədd-qaməti
xoş təəssürat
oyadırdı. Bir sözlə,
bu iki növcavan
bir-birinə yaraşırdı.
Məmmədlə Nəzir institut tələbəsi idilər. Məmməd üçüncü, Nəzir
dördüncü kursda
oxuyurdu. "Nərmin" şadlıq
evində keçirilən
toylardan qalmazdılar.
Gələr, təzə evlənənlərin
sevincinə şərik
olar, yeyib-içər,
deyib-gülər, durub
oynayar, sonra şad-xürrəm, kefləri
saz yataqxanaya qayıdardılar. Yolda hələ
bir çayxanaya da baş çəkərdilər.
Yaxşı yeyib-içəndən sonra limonlu çayın
öz ləzzəti
var. Yataqxanaya dönəndə
yoldaşlarına harada
əyləndikləri, yeyib-içdikləri
barədə məlumat
verməzdilər.
Məmmədlə Nəzir məclisi
gözdən keçirirdilər
ki, müğənni
"Əjdər əmi"
mahnısını oxumağa
başladı:
Samovarı alışdırın,
Maşa verim, qarışdırın.
Yarım
məndən küsüb
gedib,
Məni
onnan, onu mənnən barışdırın...
Mahnı oynaq və şən
olduğundan ortaya düşüb oynayanların
sayı get-gedə artırdı. Qadınlar kişiləri, kişilər
qadınları rəqsə
dəvət edirdilər.
Nəzir çörəyin
üstünə yağla
kürü yaxıb araq dolu badəsini
qaldırdı və dostuna göz vurdu:
- Məmməd, əzizim, bəylə gəlinin sağlığına... Xoşbəxt olsunlar. Qoşa qarısınlar...
Dostlar qədəhləri
bir-birinə vurub içmək istəyirdilər
ki, bir nəfər
Məmmədə, başqa
birisi də Nəzirə yaxınlaşıb
nə isə dedilər. Qeyri-ixtiyari hər ikisi
qədəhləri yerə
qoyub qalxdı. Lal-dinməz həmin adamların arxasınca yollandılar.
Müğənni şirin
cana qəsd
etməkdə idi:
Telloyu çal,
telloyu çal, Əjdər əmi.
Telloyu çal, telloyu çal, Əjdər əmi...
Mahnı
adamın sümüyünə
düşdüyündən addımladıqca dostların
yerişi də dəyişmişdi, əl-ayaqları
az qala
oynayırdı.
Bayaqkı iki nəfər onları müdirin otağına ötürüb
özləri içəri
girmədilər. Qapının ağzındaca dayanıb,
rəqs edənlərə
baxmağa başladılar.
Müdir iri şaqqalı, pəhləvan
cüssəli kişi idi. Dostları görəndə
qımışdı, yerindən
qımıldanmadan qarşısındakı
dəftəri açdı:
- Həmişə toyda, şənlikdə, uşaqlar,
- deyib xəbər aldı. - Adınız nədir?
Məmmədlə Nəzir özlərini təqdim etdilər. Müdir
dəftərə yazıb:
- Subaylarınızdan görəsiniz,
- dedi və sonra soruşdu: - Nə qədər yazdıracaqsınız?
Dostlar ikisi də birdən:
- Nəyi?
Müdir
özünü o yerə
qoymadı:
- Toy pulunu soruşuram. Bu məclisdə əvvəlcə
pulu yazdırıb, sonra oturub yeyib-içirlər...
Dostlar başlarını
aşağı saldılar.
- Hə, cavan oğlanlar, sizi eşidirəm.
Ovqatına soğan doğranmış
Məmməd mızıldandı:
- Pulumuz yoxdur.
Bunu eşidən müdir:
- Toy sahibi nəyinizdir?
- ...
- Bəs bəylə gəlin?
- Heç birini tanımırıq.
Müdir
əllərini stola dayaq edib qalxdı:
- Ədə, düdüklər,
camaatı hərifləmisiniz? Bir aydır
sizə göz qoyuram. Hər dəfə toy məclisi qurulanda şəstlə gəlib oturur, yeyib-içir, toy sahiblərinin
yaxın adamları kimi oynayır, sonra da ara
xəlvət, tülkü
bəy, aradan çıxırsınız.
Dünya
dərəbəylikdir bəyəm?!
- Səhv eləmişik, dayı.
Müdir təzədən kreslosunda
əyləşərək siqaret yandırdı. Bir-iki qullab vurub xəbər
aldı:
- Tələbəsiniz?
Bu dəfə Nəzir dilləndi:
- Bəli, tələbəyik.
- Harada oxuyursunuz?
Dostlar dedilər. Müdir
onların tutduqları
əməldən xəcalət
çəkdiklərini görüb
yumşaldı:
- Utanmırsınız?.. Yaxşı,
polisə demirəm, amma oxuduğunuz yerə yazacağam, qoy tədbir görsünlər.
Məmmədlə Nəzir yalvarmağa
başladılar:
-
Dayı, bizi institutdan çıxararlar. Axırıncı dəfə olsun...
Onlara yazığı gələn
müdir:
- Bu dəfə sizi bağışlayıram, - dedi.
- Gedin, yerinizdə oturun. Yeməyinizi yeyin, içkinizi
də için.
Sonra da çıxıb gedin evinizə-eşiyinizə.
Özünüzü hamıdan ağıllı
bilirsiniz. Bir də ayağınız buralara dəyməsin...
Dostlar suyu süzülə-süzülə otaqdan çıxdılar. Amma məclisdəki
yerlərinə qayıtmadılar.
Şadlıq evini tərk
edib küçəyə
çıxdılar.
Xəfif külək əsirdi. Adi payız
günlərindən biri
idi. Təmiz hava dəydikcə
ağılları başlarına
gəlir, tutduqları
əməlin xəcalətini
çəkirdilər.
Akif ABBASOV
Ədəbiyyat qəzeti.- 2022.-
10 dekabr.- S.19.