Gəncə çayı, Araz
çayı, Kür çayı...
Lirik poema
"Gəncəyə gəlmişəm,
Nəriman qağa..."
Sərvaz Hüseynoğlu
Önsöz əvəzi
Eşitdim, Gəncədə anıbsan məni,
Gəncə çayı kimi axdım elə bil.
Yellər gətirmişdi meh nəfəsini,
Göy-göldən,
Kəpəzdən qalxdım elə bil.
Canımdan gizli bir üşütmə keçdi,
bilmədim, canımdan düzü, nə keçdi.
Bu nə şikayətdi, nə də ki, giley,
ruhum təzələndi,
bax, belə bir şey!
Nələr deyəcəyəm, bilmirəm hələ,
Sərvaz, unudulmaz gördüklərimiz.
Zahirdə nə qədər dəyişsək belə,
daxildə -
o qədər yenə bizik, biz!
Anam sağ olaydı kaş bu yaşımda,
yüyürüb üstünə qucaqlayaydım.
Dizinə baş qoyub yataydım, amma
sonra da,
doyunca bir ağlayaydım.
Təzədən gələydim mən
bu dünyaya,
gələydi,
dünyanın təzəsi
bir də.
Bakıdan zəng vurub Vağzal Poyluya,
Ana! - çağıraydım o
səsi, bir də.
I
Axır
Gəncə çayı, sahillərində
nə var, Allah bilər, bəndə nə bilər?
Dahi Nizaminin durduğu yerdə
bəlkə biz durmuşuq?
Kim bilə
bilər?
Bəxtimiz gətirib o dəmdə,
nə qəm!
Mənim anam ölsün, çoxu yan baxıb.
Bəxti
gətirəni özüm
görmüşəm,
istedad,
həmişə kənardan
baxıb.
Məni
yaxalayıb sual verənlər,
nə elə naşıydı, nə elə həssas.
Hardasa, üstümü "unlu"
görənlər
məni,
dəyirmançı çağırdı,
Sərvaz.
"Segah" üstə tək bir ana
laylası
nəbzimdə döyünən
ürəkdi, candı.
Gəncə çayı,
Araz çayı,
Kür
çayı
mənim ünvanımdı,
Azərbaycandı!
Nə qədər doğmadı,
nə qədər yaxın,
xalqın kimsələri
- Tanrı səsiydi.
Nizami - Gəncənin,
Vurğun
- Qazaxın,
Xan qızı
- Şuşanın nişanəsiydi.
II
Araz qırağıyla
Kür sahilləri
beşik dünyamızdı
- alın yazımız!
Gəncədən başladı təhsil
illəri,
bu da - yeni tərcümeyi-halımız.
Gözüm qatarların dalınca
qaldı,
ürəyim Bakıda,
özüm Gəncədə.
Kimsə,
Universitet təhsili aldı,
mən də pedaqoji,
bizim Gəncədə.
Sənə dediklərim şikayət
deyil,
həyatın özüdür,
deməsəm, olmaz.
Oxuduq, qurtardıq, bu son hədd deyil,
ömrün,
imtahandı hər anı, Sərvaz.
Ağstafa çayı, bir
də Kür çayı,
gümüş kəməriydi
Vağzal Poylunun.
Bilənlər çoxuydu məndən
savayı,
günlərin bir günü,
gördük ki, onun
açılıb belindən
kəməri düşdü,
dillərə çayların
xəbəri düşdü.
Elə ki, yay gəldi,
töküldük suya,
sonradan eşitdim, mən lap sonradan.
Hələ Nizami[1] də
Ağstafadan
çimməyə gəlirmiş
Vağzal Poyluya.
Kürü bu üzündən
biz o üzünə
arxası üstündə
üzüb keçirdik.
Bəzən də "qırdırma"
-
yəni düzünə,
o da sel gələndə,
and da içərdik.
Anamı
indi də xatırlayıram,
o, məni tapanda dolmuşdu gözü.
Vurdu bir çubuqla, bir dəfə anam,
ağrıyan məniydim,
ağlayan özü.
Hələ on beş idi yaşım o zaman,
hamıdan güclüydüm,
hamıdan üstün.
Düz bir il soruşdu anam sonradan:
- Çiynin ağrıyırmı,
ay anan ölsün?!
III
Şair,
bu çaldığın
pərdəni dəyiş,
başqadır, torpağın
xeyir-duası.
44 Gün -
tarixi bir möcüzəymiş,
dəyişdi dünyanın
ab-havası.
Şuşa, Zəfər yolu!
Qalxdım
o yerə,
səndən, sənə
baxdım, can Azərbaycan!
Qalib Sərkərdəyə, qalib
əsgərə,
qalib bir millətə səs verdi zaman.
Yanaşı yeridi İlham, Ərdoğan,
oyatdı Laçını
"Ay Laçın..." səsi.
Yazdı
imzasını qardaş
Pakistan,
dəyişdi dünyanın,
son xəritəsi.
IV
Mən,
Sərvaz - dedikcə,
qızır ürəyim,
soruşma, bilmirəm,
sənə nə deyim?
Millət
bir-birinə qohumdu, - deyir,
Siseron[2],
demir, yox, sübut eləyir.
Qədimdə, Romada, eradan qabaq,
sənindi, mənimdi,
Güneydə o xalq!
İndi
Araz çayı
Kürü
səsləyir,
onda od ələnir torpağa-daşa.
Millət
- Vətənində Vətən
istəyir,
İranda
deyirlər:
Vətənsiz
yaşa!
Nümayişə çıxıb Araz
sahili,
millət - öz
dilində yazmaq istəyir,
oxumaq istəyir,
özgə nə deyir?
İranda
deyirlər:
yalnız fars dili!
Sevincim,
kədərim, hissim, həyatım,
ya ana çağırmaq, adicə
"ana!".
Mənim
Azərbaycan mənəviyyatım
orda,
yasaq olub Azərbaycana.
Nailə
Bəhriyə deməyin
bunu, -
O Tayın qızıdı,
Bu Tayda sınar.
Vurdular atanın körpə oğlunu,
maşında,
uşağa atəş
açdılar!
İran,
millətinə günmü
ağlayır?
Nə vaxtdı gizlədir bu bəd xəbəri,
-
erməni - məsciddə
donuz saxlayır,
öpür Paşinyanı
islam rəhbəri!
Üçrəngli bayrağı qaldırıb bir əl,
Qalib Sərkərdənin
baxır şəklinə. -
Böyük Azərbaycan əl
eləyir, əl,
Arazın
o biri tayından mənə.
V
Məhəbbət Gəncədə çıxdı
qarşıma,
məhəbbət - ali bir şah kürsüsüymüş!
Dedilər, sevinmə, sən
çox danışma,
gözə gələcəksən,
demə, düzüymüş.
Dünyaya gələndə hamı
tək gəlir,
ayrıca taleyi, ağlı, həyatı.
Çalışır, vuruşur, enir, yüksəlir,
sonda da
haqqında
bir bənd bayatı!
O da qismət ola, olmaya,
cəhddi,
həyat - bir ömürlük məsuliyyətdi.
Onu da, nə deyim,
yəqin sonradan,
bir az ayılanda dərk edir insan.
Sonra nəfəsdən də, gözdən də qorxdum,
susdum ki, düşməsin dilə-ağıza.
"Titanik" haqqında bir də oxudum,
gözün bəlasıymış,
o da, nə isə!
Sirlidi taleyi, məncə, hər kəsin,
mənası başqadı
hər taleyin də.
Sənin
məhəbbətin gözə
gəlməsin,
sənin,
haqdan gəlir şairliyin də.
VI
Bilmirəm, Gəncədə Gəncə
dururmu,
qədim babaların
bu şah əsəri?
Bizim şerimizi
heç oxuyurmu,
bizim institut tələbələri?
Zarafat gəlməsin, Sərvaz, həyatdı,
demə səni sayan, məni duyan var.
Axı,
filankəs də
laureatdı,
nə bir maraqlanan, nə oxuyan var.
Unuda bilmirəm, düzü, hələ də,
elə bil qəfildən ayılır
insan.
Ağsaçlı bir alim, əsa əlində,
qalxırdı,
yüyürüb keçdim
yanından.
Bəlkə də ilahi bir qəlbə dəydim,
kaş onda olaydı bu ağıl, bu baş.
Gedib o kişidən üzr istəyəydim,
o da indiyəcən
yaşayaydı kaş.
VII
Gəncə çinarları canlı
mirasdı,
yaraşır özünə
o şah vüqarı.
Yayın
istisinə bir etirazdı
yaşıl yarpaqların
pıçıltıları.
Gəncəli bir gənc də, qaynar yaşında
"Muraoğlu" yazıb
çinarın üstə.
İstəyib, çinartək ucalsın
o da,
salsın kölgəsini,
yollasın üstə.
Deyirəm, dünyanın işinə
bax ki,
bizi heyran qoyur adi bir
ovsun:
Arzuyla yatanda,
məqsədlə qalx
ki,
həyatda sənin
də həyatın olsun.
Gəncədə böyüyüb o çinar,
bu qız,
bizim Vüsalə də -
lobarantımız.
Cədvəldən yapışıb, zənglərə
baxmır,
o, sinədəftərdi, dəftərə
baxmır.
VIII
Bağlı qovluqları açırdı,
Sərvaz, -
Gəncə, Gəncəlilər, "Gəncə üsyünı...",
Gəncəli Nəsib bəy
qaçırtdı, Sərvaz,
Metix qalasından,
Nuru Paşanı!
Nə deyim, deməyə sözüm də çoxdu,
necə? Bizmi deyək hər
sözü gərək?
Hələ Cavad xanın heykəli yoxdu,
bir xan,
Sisyanovla tək
vuruşdu, tək.
Sərvaz,
maraqlıdır insan həyatı,
nə qədər gizləsən, sir qalmır,
inan.
Yerin - qulağı var,
sözün - qanadı,
biri eşidəndi,
o biri uçan.
Xanın
köməyinə gəlmədi
xanlar,
çarın pişvazına
xəlvət çıxanlar!
Göydəmi, yerdəmi çaxdı o şimşək?
nə susmaq mümkündü, nə açıq demək.
Sonsöz əvəzi
Məndən inciməsin Şəmistan[3] qağa,
bir az ərkim çatır belə yazmağa.
Onun filan qədər tədqiqatı var,
həyatda maraqlı
bir həyatı var.
Alimin sözünə hörmət,
ehtiram,
Peyğəmbər buyurub -
Əleyhissalam.
O xanlar mənimdi, millət də mənim,
içimdə çəkdiyim
xiffət də mənim.
Məni
danışdıran bax,
budur əlbət, -
tarixə -
tarixi bir münasibət!
Biri qayıdaydı kaş o illərin,
dünyada mən deyən bir gün olaydı.
Borcundan
çıxaydım Gəncəlilərin,
mümkün olmayanlar
mümkün olaydı.
Noyabr, 2022
[1] Nizami Cəfərov - Akademik
[2] Qədim Roma filosofu
[3] Şəmistan Nəzirli -
tədqiqatçı alim
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 10
dekabr.- S.18-19.