Təhlükəli

 

"Tanrılogiya" romanından

 

Arzu (cupiditas) insanın mahiyyətidir, insanın öz varlığını qoruyub saxlamaq səyidir (Spinoza).

Azərlə danışanda Qaia bilmirdi ki, bütün bu söhbətlərin nəticəsində belə bir kitab yaranacaq. Arada, həyatda baş verən hadisələrdən danışırdılar, ədəbiyyat məsələləri əsasən üstünlük təşkil edirdi. Ancaq həyatlarında baş verənlər, yaxud gözləmədikləri bəzi psixoloji məqamlar sanki mübarizə güclərini azaldırdı. Bunu daima bir-birlərinin səsindən hiss edirdilər. Bu həm empatiya idi. Qarşındakı susduqca sənin onu daha yaxşı duymağındır.

Budəfəki müzakirələri tutqu üzərinə idi. Yəni ehtiras... Bizi bizdən alan təhlükəli bağlılıqlarımız.

Qaia dedi: Mənə görə tutqu iki cür olur... Hansı ki, hər iki növ tutqunun da mərkəzində fatehlik ideyası dayanır.

Ordularını dayanmadan yer üzündə yarışdıran hökmdarları düşün... Fəth etdikcə, fəth etmək ehtirasını hiss etməyə çalış. Öz canlarını riskə atmaqlarını, körpələrini əlləri ilə doğramaqlarını, övladlarını əbədi zülmətə qərq etmələrini...

Bir tutqu uğruna...

Qanın şərab kimi badələrə dolduğunu, yudumladığınızı, dodaqlarınızı zövqlə yaladığınızı hiss edin.

Tutqu budur, insanı kor edir. Bütün səhvləri gözəlləşdirir. İnsanı valeh edir. Güclü edir, qalib fateh edir.

Eşqdə ən təhlükəli zafiyyətlər tutqu ilə gerçəkləşir.

Qul, kölə olmaq kimidir bu. Könüllü olmaqdır bütün ağrılara, əzablara. Fridavari sevməkdir...

- Qaia, yəni elə bir təhlükəli hissdir ki, sənin daim yanında olan, səni mənəvi olaraq çiyinləyən, arxanca sürünüb hər məhv olduğunda səni təmir edən insanların sanki içalatını sökə-sökə sevirsən digərini...

- Həm elə sevirsən ki, öz ciyərlərini söküb tökürsən. Doğruluq nəzəriyyələrinə gülürsən. Bütün kodeksləri məhv edir arzuların. Sən bütün nəzəriyyələri tərk edirsən. Ən gözəl yollar açılmışkən göy üzünə, ulduzlara...

Sən cəhənnəmi könüllü seçirsən...

- Qaia, bir yerdə oxumuşdum ki, "Yaxşılıq, şər ya günah yalnız düşüncə tərzidir, onlar, şübhəsiz ki, əşyalara ya mövcud olanlara uyğun gəlmir"...

- Vəhşi hissdir, səni vəhşiləşdirir. Təhlükəyə susayırsan. Onunla var olursan, nəfəs alırsan, yaşadığını hiss edirsən. Onun olduğu yerlər yamyaşıl meşəlik təsiri bağışlayır. Ciyərlərinə dolur oksigen, nəfəs alırsan...

- Çünki var olmaq üçün səyimizi artıran şey bizə fayda verən şeylərdir. Faydalı olan şeylər ruhun gücünü qidalandırır.

Gedişlər başlayanda isə... ölmək başlayır. Sən hamı kimi bircə dəfə ölmürsən. Öldükcə ölürsən...

- Əslində hər daim bilirsən ki, dəlicəsinə valeh olduğun səni yarımçıq sevir. Onun hər daim öncəlikləri bəhanələrlə dolu gündəliyi var.

Sevməkdən başqa heç etmədiyin səni elə gözəl öldürür ki, ağzını açıb danışmağa heyin qalmır. Susduqca susursan...

Sanki sən onu sevdikcə onun sənə aqressiyası çoxalır.

- Qorxursan bu hissdən. Özünü tanımırsan, çünki ən yaxşı tanıdığın sanki odur. Bu münasibətdə çox şeyə haqqın olmadığını qavrayırsan. Bu haqqı ilk öncə qarşındakı alır əlindən.

Getdikcə yox olan duyğudur bu. Fatehləri belə məğlub edən.

Müzakirədən sonra yaranan bomboz boşluq onu udmamış özünü yenə kitabxanaya atmışdı, Qaia. Ona görə ki, qəlbindəki ağrını heç bir varlıq dərk edə bilmirdi. Danışıldıqca çoxalan, susdurulduqca bağıran hiss idi.

Bu tənhalıq, bu nəhəng ağrı idi belə. İdarəolunmaz şeylər yaşamışdı. Yaşadıqları onun gücünü, məntiqini əlindən alırdı az qala. Dünyalar arasında gedib gəlirdi. Ancaq sonra Sol gəlirdi ağlına...

Bu sanki göy üzündən işıq sürətilə yerə çırpılmaq kimi idi. Kitabları acgözlüklə vərəqləməyə başladı. Bəzən ona elə gəlirdi ki, əslində o, bütün bunları uydurur. İç-içə keçmiş dünyaların hamısı, əslində elə Sol da onun xəyal gücüdür buna da səbəb bu kitablardır. Acı o niyə köhnədə qalan şeyləri arzulayırdı ki? axtarırdı bu kitablarda, niyə axtarmalı idi. Heç kimi maraqlandırmayan bu eksponatların dərinliyinə qərq olduqca dəliliyi çoxalırdı Qaianın. O da arzulayırdı bütün insani duyğuları.

Günbəgün böyüyən ehtirasların əlində oyuncağamı çevrilirdi?

Bəlkə fəzilət idi gerçək olan. Fəzilətə görə hər gözəl həzz qurban edilməli idi...

Ancaq Kierkeqaarda görə ehtirasın itirilməsi müsbət bir şey deyildi; əksinə, hiss etmək var olmaq, inkişaf inanmaq, beləliklə, "insan olmaq" gücünü itirmək deməkdir. Belə olan halda ağıl, elm maraq münasibətlərinin dar qəlibləri arasında ilişib qalan insan azadlıq əbədiyyət hissini itirir; sonlu məhdud bir varlığa çevrilir.

Bir dəfə ona Mi demişdi ki, "Hormon beynin normal işləmə qaydasını pozur. Alimlər çoxumuzun müqəddəs saydığı bu hissi bir-iki cümlə ilə izah edərkən, sosioloqlar hamımızı eşqin ən təhlükəli növü sayılan ehtiraslı sevgidən xəbərdar edir. Onların fikrincə, ehtiraslı sevgi həm sevgiliyə, həm sevilənə fəlakət gətirə bilər".

Süni-intellekt bilirdi hormon nədir.

Onun robot zəkası ilə verdiyi informasiyanı o vaxtlar ciddiyə almamışdı Qaia. İndi isə vücudunda baş verənlər onu dəli edirdi. Bu, toxunmaq, toxunulmaq deyildi. Bu, sadəcə Sola toxunmaq toxunulmaq arzusu idi.

Kitablardan mədət umurdu. Biri mütləq bunun yanlış olduğunu deməli idi. Ancaq bu kitab cəmiyyəti kuklaya çevirən müqəddəs adlandırılan kitablar seriyasına aid olmamalı idi.

Saralmış vərəqləri olan kitabda Spinoza adlı bir nəfər iddia edirdi ki, biz təbiətdəki xeyirlə şərin ekvivalentinə baxmalıyıq, əsas veriləcək sual isə budur: insana xeyirdir, hansı əxlaqlı davranışdır? Yalnız buna cavab axtarsaq, ehtirasın mahiyyətini, bundan çəkinməməli olduğumuzu anlayacağıq...

Bəs insan beyni üçün daima əksini iddia edir. Yaşadığımız cəmiyyət demək ki, bizi robot kimi yetişdirir. Kodlaşdırır. Səhv düz düymələrimiz hər daim açıq olur. Bu düymələrin idarəsi isə çox vaxt cəmiyyətin əlində olur.

Ancaq beyin düşünür düşünsün ürək hər daim əksini iddia edir.

Bütün duyğulardan zirvədə, fikrimcə, tutqu, aludəçilik durur. Bu hiss nəyə qarşı olur-olsun, insanı öldürür. Ehtiras güclü davamlı emosiyadır, insanın şüurlu davranışlarını idarə edir.

Qapını örtüb küçəyə çıxdı. Yağışı qar əvəzləmişdi. Başını qarın üfürüldüyü nəhəng boruvari göy üzünə çevirdi. Ulduzlar qarın soyuqluğuna təslim olmuşdu. Qarın günəşi üşütməsi fəzilət idimi?

Faydalı olan budur deyəcəkdilər - soruşsaydı cəmiyyətdən... Ümid işartıları azalırdı. Ancaq bədəni , ruhu da hələ onu dəli kimi arzulayırdı.

Hiss edirdi ki, ona da faydalı olan əslində elə bu zərərli hissdir.

 

NARGİS

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.15.