Sözün üzərində zamanın
tozu...
Səlim
Babullaoğlu – 50
"Qarışıq zamanın
şairi..."
Anar,
Xalq
yazıçısı
Fransa müharibələr aparırdı, bu zaman
bütün zamanların ən böyük rəssamlarından
olan Pol Sezan almalar çəkirdi və bəlkə onun
natürmortları o dövrü - hadisələri batal səhnələrlə
əks etdirən yüzlərlə rəsmdən daha dəqiq
göstərirdi. Bu fikirdə müəyyən
mübaliğə və şərtilik olsa da - mahiyyəti
etibarilə doğrudur. Səlim şeirlərində
günümüzlə bilavasitə bağlı olmayan mətləblərdən
söz açır - insan ömrünün mənasından,
insanın kədər və tənhalıq
duyğularından, yaradıcılıq
qayğılarından, körpələrin taleyindən
yazır, amma bu və buna bənzər əbədi temalarda
yazan daha qabaqkı dövrlərin şairlərindən fərqli
yanaşır bu məsələlərə - məhz əsrlərin,
minilliklərin ayrıcında - XX yüz ilin sonu, XXI yüz
ilin əvvəlində yaşayıb-yaradan bir şair kimi.
"Babullaoğlu bizim şeirdən
qeyri-səmimi
notasiyaları aradan qaldırdı..."
Cavanşir
Yusifli,
Filologiya
elmləri doktoru, professor
Səlim Babulloağlunun mətninin ənənəvi
şeirdən fərqi nədir? Babullaoğlu bizim
şeirdən ən müxtəlif ədaları, qeyri-səmimi
notasiyaları aradan qaldırdı (öz təcrübəsində).
Babullaoğlu bütün şeirlərində
şüar kimi hər yerdən, bütövlükdə isə
düşüncəmizdən asılan fikirlərə deyil,
bizə çox lazım olsa da, həyatımızdan kənarda
olan nöqtələrə diqqət yetirir və onlardan
yüksək keyfiyyətli poetik nümunələr düzəldir.
Babullaoğlunun şeirlərində dərdi, kədəri,
məşəqqəti... verməyin, ifadə eləməyin
yolu təsvirdən yox, işarə etməkdən keçir. Bu işarələrin
müxtəlif kombinasiyaları bədii mətndə elə
bir funksionallıqla gerçəkləşir ki, nəticədə
sətirlər, misralar arası cazibə qüvvəsi, maqnit
burulğanı mətnə çevrilir, onun diliylə sənə
müraciət edir. Sözlər və
misralar arasındakı münasibətlərin belə bir fərq
rakursunda düzülməsi əşyalara, dünyaya və
insana, dünyanın əbədi-əzəli işlərinə
münasibəti də kökündən dəyişmiş
kimi olur.
"Çağdaş Azərbaycan
şeiri"
Azər
Turan,
Ədəbiyyatşünas,
"Ədəbiyyat qəzeti"nin
baş redaktoru
Səlim Babullaoğlunun "İlk hərfi itmiş
cümlələr" kitabında dərc olunmuş
"Əvvəlinci ayın şeirləri" silsiləsində
yeni düşüncə dalğası Tanrını dərkə
yönəlib.
Müəllifin fraqmentlər
adlandırdığı bu şeir poeziyamızda Tanrı barədə
ən yeni düşüncə dalğasıdır. Şeirdə ruhsal axış baş verir və Səlim
Babullaoğlu Tanrı barədə sözlərlə deyil,
"sükutla danışır". Tənqidçi
Elnarə Akimova haqlıdır, Babullaoğlu "Əvvəlinci
ayın şeirləri"ni sükutun
dilində yazıb. Şeir başdan-başa
sükutla təlqindir. Sükut təsəvvüfdə
təslimiyyətdirsə, haldırsa, hal əhlinin sükutu da
Tanrını idrak etmənin tək yoludur. Səlim həmin sükutu yazır. Hal diliylə yazır. Şeir Tanrını dərk
etməyin həyati misallarını verir... Və qəribədir
ki, fraqmentlərdə Səlimin ənənəvi
intonasiyası dəyişmir və sükut pozulmur... Səlim Babullaoğlunun poetikası şeirin metafizik
qatını mübhəmləşdirmir. Babullaoğlu
fraqment deyir, amma bütöv bir insan ömrünü yazır
və təsəvvüf anlamlarının, ən
başlıcası da sükut metaforasının
çağdaş izahını verir. Burda həm
Berqmanın sükutu sayrışır, həm də
Mövlananın...
"Ədəbi
yuxular"ın aydınlığı
Seyfəddin
Hüseynli,
Ədəbiyyatşünas,
tərcüməçi, "Dünya
ədəbiyyatı" dərgisinin baş redaktoru
Səlim Babullaoğlunun "Ədəbi
yuxular"ı, sözün həm lüğəvi, həm
istilahi, həm də məcazi mənasında, aydın
yuxulardır.
Yuxularını oxuduqca, ədəbiyyata - bədii söz sənətinə,
bu sənətdəki (istər zaman, istərsə də məkanca
yaxınlı-uzaqlı, sələfli-xələfli: Xaqani,
Nizami, Borxes, Hikmət, Şimborska, Brodski, Pamuk, Qismət...)
parlaq imzalara yuxularındakı o dürüst, həssas
münasibətini, onlarla əlaqəli
duyğu-düşüncələrini gördükcə (!),
göz önündə Səlim Babullaoğlunun öz
işıqlı, istedadlı şair siması, imanlı, təqvalı
insan obrazı daha da canlanıb aydınlanır.
"Müstəqillik dövrü Azərbaycan
poeziyasını onsuz təsəvvür etmirəm..."
Qismət,
Şair
"Zövqlü adamdır, işinin peşəkarıdır,
onu həmişə ədalətli görmüşəm, bircə
istedadlı cümləsi, misrası olan müəllifin belə
haqqını verib. Müstəqillik dövrü Azərbaycan
poeziyasını onsuz təsəvvür etmirəm. Onunla poeziyamıza əvvəllər ədəbiyyatımızda
nüsxəsi olmayan yeni formalar daxil olub; məsələn,
dinamik, yaxud hərəki misralarla yazılan şeirlər.
O, təkcə intertekstuallıq üstündə qurulmuş,
mahiyyətləri adlarında özünü göstərən
ədəbiyyat inciləri vasitəsilə bütün həyatın
mətn olduğunu bizə xatırladan "Polkovnikə
heç kim yazmır" şeirinin yox,
eyni zamanda, çağdaş dünya poeziyasında geniş
vüsət alsa da, bizdə nadir örnəklərinə rast
gəldiyimiz intersemiotizm (iki fərqli sahənin, məsələn,
ədəbiyyatın rəsmlə açıq, yaxud
örtülü əlaqəsi) üstündə də
şeirlər yazıb.
Səlim
Babullaoğlu mənə görə bu gün bizim ədəbiyyatımızın
ən yaxşı jurnalı olan "Dünya ədəbiyyatı"
jurnalının təsisçisidir...".
"O, stereotip çərçivədən
kənardakı şeirdən
kənardakı şeirləri göstərməyə
çalışıb..."
İlqar
Fəhmi,
Şair,
yazıçı, AYB-nin katibi
"Müasir dövrün modernist düşüncə
tərzinin böyük təbliğatçılarından Səlim
Babullaoğlu artıq 90-cı illərdən Azərbaycan ədəbi
mühitində öz sözünü demiş
simalardandır. Səlimin şeirləri həmişə
insanın şeirə olan münasibətini dəyişə
biləcək gücə malik olub. Biz uzun illər
şeir deyərkən nəyi başa
düşmüşüksə, Səlimin şeirlərini
oxuyanda insanda belə bir hiss yaranır ki, yox, şeir dediyim
şey, varlıqmı deyək, məfhummu deyək, tək mənim
beynimdə tutduğum çərçivədəki deyil. Ondan kənarda da şeir var. Və Səlim bizim
üçün o stereotip çərçivədən kənardakı
şeirdən kənardakı şeirləri göstərməyə
çalışıb. Və bu yolda həmişə
uğur qazanıb, sevilib. Yəni şeir
düşüncəsinin çərçivəsini
genişləndirdiyinə görə oxucular tərəfindən,
ələlxüsus da gənc nəsil tərəfindən
sevilən şairlərimizdən olub...".
"Şeirin hardan
qaynaqlandığını çox gözəl bilir."
Ataol Bəhramoğlu,
Şair,
Türkiyə
Səlim Babullaoğlu şeirin hardan
qaynaqlandığını çox gözəl bilir. Bu, nə
sözlərlə, şəkilçilərlə oynamaq, nə
böyük-böyük danışmaq marağı, nə
hazırcavablıq, nə aldadıcı bənzətmələr
sərgiləmək həvəsidir. Başqa
sözlə, onun şeiri ritorikadan deyil, hər gün təkrarlanan
həyatın saflığından, təbiiliyindən,
toxunulmazlığından doğur. Çünki
gündəlik həyat olduğu kimi sıralandıqca bir
möcüzədir. Şair sözlərlə,
bu möcüzəni pozmadan ortaya çıxarmağa
çalışır. Və bu mənada Kavafislə səsləşir...
"Ömür harda
yaşansa..."
Elnarə
Akimova,
Filologiya
elmləri doktoru
Adətən rasional düşüncə tərzi ilə
seçilən şair Səlim Babullaoğlunun bu şeiri mənim
üçün ilk növbədə, həmin qatı ilə
maraqlı oldu.
Burda rasional düşüncəyə diqqət
çəkərək sözümü geri
götürmürəm, nədən ki, heç bu şeir də
emosional ovqatın təzahürü deyil. Səlim
poeziyanın adı ilə az qala sinonim kimi
səsləşən emosiya sözünün
özünü bu şeirdə fənaya uğradır. Ən dərin, ən çılğın hissləri
belə sakit, təmkinli bir əda ilə şeirə gətirməyin
mümkünlüyünü, onların daxili səsə
uyğun səslənişini meydana qoyur.
"Sən təksən"
Kənan
Hacı,
Şair,
yazıçı
Onun şeirlərində özündən asılı
olmayaraq metaforaların süjetə çevrilməsi hadisəsi
baş verir.
Təkliyin içimizdə zəbt etdiyi yeri bu mətn bizə
nişan verir. Gərgin
psixoloji ovqatla yüklənmiş misralarda qəribə bir
çəkisizlik var - sanki sözlər qanadlanır və
fikrin səmasında səfə düzülür. Səlim şeir yazmır, nə vaxtsa yaşayıb
unutduğumuz günləri yaddaş adlı vətənə
qaytarır. Səlim şeir yazmır,
ovqatın şəklini çəkir və oxucunu artıq
yükdən azad edir. Təbiət öz
sözünü zəlzələləri,
daşqınları, vulkanları ilə dediyi kimi, şair də
öz nəfəsi ilə Sözün üzərindən
zamanın tozunu alır. Səlim kimi.
"İntermedial fenomen: vizual
poeziya"
Mətanət
Vahid,
Ədəbiyyatşünas,
filologiya üzrə fəlsəfə doktoru
Qarşıma
Səlim Babullaoğlunun "Qrafik şeirlər və esselər:
vizual poeziya sərgisi" keçirilməsi haqqında xəbər
çıxmışdı. "Rəqs edən ispan
qızı" şeirini oxuyub-izləyərkən
qulaqlığımda təsadüfən Yasmin Levinin
"Una-noce-mas" mahnısı səslənirdi və qəribə
bir uyumluluq yaranırdı: ispan ladlarında musiqi, bu sədalara
"rəqs edən" ispan qızı və onun alovlu rəqsini
təsvir edən mətn. Ehtirasla rəqs edən
qarasaçlı, gözəl təbəssümlü ispan
qızının zərif əllərini havada necə
oynatdığını, qara krujeva ilə bəzədilmiş
qırmızı donunun ətəklərini əsdirərək
incə bədənini necə
qıvırdığını və onu heyranlıq və
sevgiylə, arzu və ehtirasla izləyən
baxışları görürdüm. Söz, rəsm və
musiqinin yaratdığı harmoniya, sənətin insan ruhunu
qanadlandırdığı qeyri-adi məqamlardan biri idi...
"Yeni yaşam
ağrılarını qarşılamaq..."
Səid Muğanlı,
Şair,
naşir, İran
Çağdaş qüney şeirimiz öz nəhənglərinin
çiynində dünya ilə ayaqlaşmaqda, yürüməkdədir.Yeni
yaşam ağrılarını qarşılamaq, daha
gerçəkçi olmaq və kültür sinirlərini
aşmaq üçün modern yazı texnikası və
anlatım yöntəmləri, çağdaşlaşmaq,
yeniləşmək Səlim bəyin günümüz ədəbiyyatına
verdiyi ən önəmli şeylərdir.
"Onun daxili dərinliyi mətnlərinə
də sirayət edir..."
Mustafa Məstur,
Yazıçı,
İran
Səlim Babullaoğlu şərafətli insandır. Onun daxili dərinliyi
mətnlərinə də sirayət edir. Mən onun
şeirlərində özümə yaxınlıq hiss etdim. Əgər onun yazdıqları şeirləri mən
də yazmaq məcburiyyətində olsaydım, elə onun qədər
yazardım. Mən yazıçıyam.
Sözləri mum kimi qəliblərə, şəkillərə
salmaqdır mən işim. Amma Səlim
haqqında danışan zaman sözü şəkilləndirmək
bir müşkülə çevrilir. Ona
görə də susmaq istəyirəm. Qoy sükut mənim
yerimə hər şeyi desin...
"Bu
şeirlər miqyaslı poeziyadır"
Əhməd
Puri,
Ədəbiyyatşünas,
İran
Sovetin özəl siyası şəraitinə görə
ədəbiyyat bir o qədər də dünyəvilik statusu
qazana bilmirdi, çünki öz əllərində deyildi bu.
Açıq dünyadan fərqli olaraq azərbaycanlı
şairlər dünyadakı yeni ədəbiyyat proseslərindən
uzaq idilər.
Sonrası məlumdur, 80-ci illərin sonu, Sovetin
dağılması... sonralar Azərbaycan ədəbiyyatına
elə simalar gəldi ki, heç bir qatqı olmadan dünyəvi
məzmunlara qulluq etdilər, o simalardan və ən
tanınmışlarından biri cənab Səlim
Babullaoğludur. Azərbaycan ədəbiyyatının
ən yaxşı və dünyəvi nümunələrindən
biridir onun şeirləri. Bu şeirlər miqyaslı
poeziyadır, dünya şeirləri nümunələridir.
"Oxucunun xəyallarını, təsəvvürünü
yerindən oynadır..."
Urşula
Kozel,
Şairə,
Polşa
Səlim Babullaoğlunun şeirləri hansısa
keçmiş həyəcanları yaddaşımızın
dərinliyindən çıxarır, onları yeni təcrübələrlə
zənginləşdirir, dildə olan sözlərin
imkanlarını bacarıqla istifadə edən şairin
ironiya hissi, təəccübləndirici müşahidələri
və orijinal obrazlılığı şair nitqi ilə
dialoq axtaran oxucunun xəyallarını, təsəvvürünü
yerindən oynadır.
"...Vərdiş edilməyəni
adlandırmaq..."
Anna
Auqustınyak,
Şairə,
Polşa
Səlim Babullaoğlunun şeirləri gündəlik həyatdan
və yalnız fərdi təcrübə deyil, həm də
bütün nəsillər üçün baş verən
hadisələrin "qəlbimizdə" buraxdığı
izlərdən doğulur. Şəxsi təcrübə
müxtəlif fərqli vətənlərə bölünərək
genişlənir, lakin mahiyyət eyni qalır - azad olmaq.
Tozdan azad olmaq, sel və yaxud vulkan təhlükəsindən
azad olmaq, insanlar üzərində başqa insanların
gücündən azad olmaq və s. O, vərdiş edilməyəni
adlandırmaq, vərdiş edilmişə toxunmaq və icində
olub azad ola bilmədiyimiz şeylərə
qarşı çıxmaq cəsarəti tapır.
İçindən azad ola bilmədiyimiz
şeylər isə nəsillər və əsirlər boyu
içimizdə böyüyən ağrı, tikanlı məftiltək
bizi bağlayan qorxudur. Təəssüf, sonadək
oxunub bitmir "hərb və sülh", çünki əməllər
unudulsa da, sözlər tükənmir. Azərbaycan
şairinin poetik fikirləri və dünyası ilk
baxışdan bizlərə (Polşadan Qafqaza az
məsafə deyil) uzaq gəlsə də, nəticədə
bizim də paylaşdığımız təcrübənin
bir hissəsidir - hər iki tərəfin insanlarının
arzuları və istəkləri eynidir, çünki
"heç kim sabahı yaşadığı kimi gözləmir".
"Şair müasir Azərbaycan
poeziyasının
səsinə adilik qataraq ona ton verir"
Kinqa
Mlınarska,
Ədəbiyyatşünas,
Polşa
Səlim Babullaoğlu çox ağıllı şəkildə
bugünkü Avropaya da, gözəl libaslarla bəzədilən
yalanlar və sözlərdən ibarət (yalançı) dəyərlərə
də lağ edir. Babullaoğlunun
yaradıcılığında azadlıq yalnız
mövzularda və refleksiyalarda təsvir olunmur, eləcə də
həmin mövzuların və refleksiyaların təsvirində
təqdim olunur - sxemlərdən, lazımsız bəzədilmələrdən
və indiyədək qəbul olunmuş konvensiyalardan
uzaqlaşaraq. Şair müasir Azərbaycan
poeziyasının səsinə adilik, sadəlik, səmimilik
qataraq ona ton verir, dərəcə qazandırır.
"Onun bütün
yaradıcılığı dünya
kodları ilə danışmaqdır"
Dmitro
Stus,
Ədəbiyyatşünas,
Ukrayna
Səlim Babullaoğlunun poetik dünyası o qədər
dolğundur ki, ondan sonra istənilən poetik səs artıq və
hədd hissini itirmiş görünür. Onun
bütün yaradıcılığı dünya kodları
ilə danışmaqdır, Azərbaycan mədəniyyətini
dünya mədəniyyətinin hissəsi kimi görmək,
milli motivləri düyanın çoxsəsli palitrasına
çevirmək işidir.
"Müqəddəs Azərbaycan
adiliyinin müqəllidi"
Dmitro
Drozdovski,
Ədəbiyyatşünas,
filologiya elmləri doktoru
Səlim Babullaoğlunun poetik səsi həqiqət
axtarır, bu isə adamı təkrarolunmaz və olduqca insani
edir. Səlim insanini, ruhini uzatmağa
çalışır. Səlim
Babullaoğlu intellektualdır. Ən adi
situasiya onun şeirində kosmik, universal bir şeyə
çevrilə bilir. Ən yaxın
adamları ilə dialoq absurd poetikasına ilk addım olan
fantastik oyuna dönür.
"Fəxrlə deyirəm,
çünki o mənim doğma
Qafqaz adlı evimin sakinidir"
Givi
Alxazişvili,
Şair,
Gürcüstan
Müasir dünya poeziyasının zirvələrinə
baxanda, fikrimcə, aydın olur ki, Səlim Babullaoğlu ən
yaxşı şairlərdən biridir və hamının
oxuduğu qərbli şairlərdən heç də geridə
qalmır. Mən bunu fəxrlə deyirəm, çünki o mənim
qonşum, həmkarım, doğma Qafqaz adlı evimin sakinidir.
"Oğul və atanın söhbətini
yaza
bilər və poeziya olar"
Şota
İataşvili,
Şair,
Gürcüstan
O
şeirdə yalnız binanın fasadını təsvir edə
bilər və bununla da insan münasibətlərinin sosial-mədəni
aspektlərini göstərə bilər. Kimsəsiz
çimərlikdən kadr arxasında qalmış fotoqraf
vasitəsilə söz aça bilər ki, bu Təsvir
fenomeninin anlayışına, formuluna çevrilə bilər.
Riyaziyyat və başqa dəqiq elmlərdən
şeirdə istifadə edə bilər ki, insanın ən
subyektiv emosiyalarının sirrini açsın. Vizual obrazlar onun şeirlərində bəzən
sürrealistik səciyyə alır, amma yenə də düz
insanın ürəyinə toxunur, həmişəlik yadda
qalır. Stul və kitab latın hərflərinə
çevrilir, rəfdəki köndələn boşqablar
kiminsə dişini ağartmasına oxşayır. O, sadəcə
oğul və atanın söhbətini yaza bilər və
poeziya olar. Lüğətdəki iki sözlə
abstrakt olmayan konkret poeziya nümunəsi yarada bilər - insan
taleyi barədə. Nə haqda, hansı
mövzuda yazmağından asılı olmayaraq o həmişə
bir şey haqqında yazır, insan barədə, özü də
bu insan iradi və qeyri-iradi şəkildə həqiqətə
və Allaha doğru gedir.
"O, həqiqəti yazır"
Zviad
Ratiani,
Şair,
Gürcüstan
O, nə
haqda yazır yazsın - istər tüstülü gecə
barının küncündəki qız, istər
Floridadakı fırtına, istərsə də İraq
müharibəsi, yaxud pəncərəyə qonmuş
quşcığaz olsun - obrazların quruluşu, nitqin emosional
yükü və ən başlıcası, hətta tərcümədən
oxuyanda itməyən intonasiyanın imtimliyi elə təəssürat
yaradır ki, sanki o özü haqqında olduqca şəxsi
şeylər danışır, uşaqlığını
xatırlayır, dünənki yuxusunu bölüşür,
dostundan ötrü darıxır. Mən Səlim
Babullaoğlunun bir neçə şeirini gürcü dilinə
çevirmişəm, etiraf edirəm ki, bu o qədər də
asan məsələ deyil. Onun şeirlərinin
strukturu tərcüməçi tərəfindən avtomatik
yanaşmanı istisna edir. O öz işinə çox
vicdanla yanaşır, istedadından sui-istifadə eləmir, qəlbini
və dilini dinləyərək yazır - yəni o, həqiqəti
yazır...
"Müdriklik energetikası ilə
dolu çaydır"
Dalmira
Tilepbergenova,
Şairə,
kinorejissor, Qırğızıstan
Onun poeziyası Avropa və Asiya arasından axan,
toxunduğunda adamı ayıldan, silkələyən və
adi şeylər haqqında sərt həqiqəti anladan
müdriklik energetikası ilə dolu çaydır. O, novator şairdir, onun
poeziyasını müasir Qafqazda təsadüf saymaq olmaz...
"İşarə və məna
arasında əbədi yol"
Marqareta
Kurtesku,
Filologiya
elmləri doktoru, professor,
Moldova
Səlim
Babullaoğlunun lirikası diskursivdir, analitikdir, geniş nəfəsə
malikdir, hikmət ənginliklərinə baş vurur, diqqəti
detallarda cəmləşdirir və bir qayda olaraq böyük
poetik formalar şəklini alır ki, hissələr dərin, əhatəli
ağıl və sirayətedici hissiyyatla birləşir,
refleksiyaya bariz meyilli koqnitiv impulslarla cilalanır.
Görünənləri
diqqətlə fiksə edərək təhlilə məruz
qoyan enerjili baxışlar, adini, ordinar olanı, banalı dəf
edərək əşyaların mahiyyətinə varır və
beləliklə, poeziya hermenevtik poetik akta, görünənlə
görünənə rəğmən əslində,
mövcud olan arasında mübahisəyə çevrilir,
varlığı, gündəlik adi həyatı "gözlərindən
oxuyur".
"Portret üçün
ştrix"
Oksana
Bulanova,
Yazıçı,
jurnalist, Rusiya
Səlim Babullaoğlunu cəsarətlə müasir Azərbaycanın
ən qeyri-adi şairi saymaq olar. Qələm qardaşları
arasında belə bir zarafat var: "Bizdə şeiri
yalnız tənbəllər yazmır". Səlim
düşüncə adamlarının o nadir növünə
aiddir ki, şeir yazmır - şeirlə(də)
düşünür, onunla yaşayır. Səlimin şeirlərinin
yaranması alıb verdiyi nəfəs, çəkdiyi iztirab,
həqiqi məhəbbət qədər təbii doğulur...
uşağa, qadına, torpağa, insanlara məhəbbət...
Onunla bir dəfə ünsiyyət bəs edər
ki, öz primitivliyini anlamağa başlayasan, çünki sən
ətrafı onun kimi poetikcə zərif, özgəsinin
ağrısını, sevinicini, əhval-ruhiyyəsini onun qədər
həssaslıqla hiss edə bilmirsən. Səlim
Babullaoğlu daha çox Azərbaycanca yazır. Rus dili onun üçün doğma deyil, amma onun
rusca yazdığı şeirlər yad dili dərkinin dərinliyi
ilə, təfəkkürünün dərinliyi və zənginliyi
ilə adamı heyrətləndirir. Bəzən
o öz orijinal şeirlərini tərcümə edir, bu, sətri
tərcümələr deyil, orijinalın mənasını
bütünlüklə saxlayan müstəqil əsərlərə
çevrilir. O, rusca verdiyi müsahibənin birində
deyir ki, poeziya bir udum su kimi zamanında oxucunun
yanğısını yatırmalıdı, əks təqdirdə,
o, söz fırıldağına çevrilir. Portret
üçün ştrix: bir dəfə
tanışlarından biri ona dedi (mən də ordaydım) ki,
sənin danışığından, tələffüzündən
- söhbət Azərbaycan dilindən gedir, əslən
haralı olduğunu heç cürə müəyyənləşdirə
bilməmişəm. Səlim cavabında - mən
uşaqlıqdan kitab oxuyuram. Kitablar isə ləhcəyə
öyrətmir - dedi. Mənə elə gəlir
ki, bu cavabda Səlimin həm şair, həm də insan kimi
bütün mahiyyəti açılır. Əlbəttə, böyük hərfli şair kimi.
"Babullaoğlunun şeirləri həm
də
yaradıcı proses barədə olur"
Attila
Balaş,
Şair, Macarıstan
Babullaoğlunun
şeirləri həm də yaradıcı proses barədə
olur, şairin mətnə münasibətini faş edir. Şeir həm də ehtimal olunan həyatdır.
Uşaq əvvəl danışır, sonra
yazır deyə, yaradıcılıq nitqdən plagiat
sayıla bilər. Şair Səlim
Babullaoğlu üçün yaradıcılıq - həyatı
mənalandırmaq, suallar, axtarış və
tapılmış cavablar, kədərdə sanki duza
qoyulmuş sevincdir.
Ədəbiyyat qəzeti.-
2022.- 10 dekabr.- S.12-13.