Ölməmək üçün gülənlər
1
Roman
"bumu" yaşanarkən, az qala hər kəs roman yazmaq,
roman müəllifi olmaq fikri ilə məşğul ikən
kiçik janrlar, məhz hekayə yaddan
çıxırmı? Əsla. Ancaq bunu da nəzərə alaq ki, janr duyğusu,
hansı janrda əsər qələmə almaq məsələsi
də ötəri həvəslə bağlı deyildir.
İstisnasız olaraq bütün janrlar təzə
nəfəs istəyir, bunun elə bir tərəfi var ki,
müəllifdən bütün nəfəsini bədii mətnə
verməyi və çevirməyi istəyir, bu tələbin,
bu çağırışın hansı hissəsi
gerçəkləşir, bu artıq müəllifdən
asılı məsələ deyildir. Bir sənətkarın
yazı prosesində yuxarıda vurğuladığımız
yaradıcı nəfəsi bir dəfə ("bir dəfəlik")
təzələnir, yanrla ünsiyyətdə qələmə
alınan bədii mətnin hər cümləsi, hər nida və
passajı sanki və məhz bu dəfə
"sıfırdan" başlayır. Gi
de Mopassanın 6 romanıyla müqayisədə
yazdığı novellalar, şübhəsiz ki, başqa bir
aləm, fərqli bir nəfəsdir. İrəlidə
sanki bunu bilirmiş kimi A.P.Çexov da həyatını,
içindəki enerjini kiçik janrda möcüzələr
yaratmağa, janr cəbhəsində yeni səhifələr
açmağa sərf etdi. Haqverdiyevin faciələri ilə
bir yerdə hər biri ayrıca söhbətin, ciddi tədqiqatların
mövzusu ola biləcək hekayələrini
götürün, amma müqayisə etməyin. Siz bu hekayələri, məsələn, Mirzə Cəlilin
hekayələri ilə yanaşı qoya bilərsiniz.
Mirzə Cəlil əşyalar aləmini, "əşya
artefaktını" bədii mətndə canlandırmaq
istiqamətində yeni yol açdı, onun hekayələrindəki
hər bir əşya (məsələn, alma...)
hansı məqamdasa güzgüyə çevrilir və bu
çevrilmə onun bədii mətnlərində ifadə
planında əsas dönüş nöqtəsinə
çevrilir. Haqverdiyev və Yusif Vəzirdə bu əşyalar
sadəcə "görünmür", sözlərin
içinə "batırlar", amma
mövcudluqlarını sürdürürlər. Bu isə Azərbaycan hekayəsinin bədii aləmində
yeni naxışların vizuallaşmasına, yeni izlərin
salınmasına şərait yaradır. Yusif
Vəzirin hekayələrində həm də təsvirlə əşya
arasındakı məsafənin poetik sistemi fərqli
olmasına şərait yaratması məsələsi var.
Fikrimizcə,
"İki alma" hekayəsində bu hal
- oxucunun fikrini məşğul etmək üçün
"sual-cavab ritorikası"ndan istifadə edilir. "Axşam vaxtları gəzməyə
çıxanda, hərdənbir balaca oğlumu da yanımca
aparıram. Bu dəfə də apardım.
Və həmin balaca oğlum ilə gəzməyə
gedəndə, hərdənbir ittifaq düşür ki, ona yeməli
şey də alıram ki, məndən razı qalsın.
Bu dəfə də balaca oğlum dükanlarda
düzülmüş nazü-neməti görəndə məndən
yeməli bir şey istədi. Mən o əqidədə
deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə
ona bir şey almaq lazımdır və lakin bunu da demirəm
ki, heç bir vaxt almaq lazım deyil". İlk
baxışdan təhkiyə axarında bu vasitə, yəni bu
tipli sualların verilməsi və onların eyni tonda
cavablandırılması ilk baxışdan doğrudan
bezdiricidir (bu "yeknəsəqlik Əli Zərbəlinin
"Qəhqəhə" hekayəsində də
müşahidə edilir"...), ancaq əbəs deyil,
yuxarıda dediyimiz bədii formanın birdən, bütün
enerjisi ilə duyulması məqamında hekayənin yenidən
"yazılmasına", həmin o güclü enerji seli ilə
fəhm edilməsinə şərait yaradan bir poetik
üsuldur, bu da sonda bədii formanın (arixtektonika və
kompozisiyanın) içinin bütün dərinliyi ilə
açılmasına güclü təkan verir. Təkan
estetikası...
Mirzə Cəlildə süjetin təkanlarla
açılması xüsusi olaraq incələnməli
mövzulardandır. Məhz həmin məqamda oxu, yaxud hekayənin
səni apardığı aləm yeni fazaya keçir, daha
doğrusu, sən həmin aləmi eyni zamanda həm içində
olduğun gerçəklikdə, həm də ondan ayrı
formada görə bilirsən.
Vaxtilə
bu barədə yazmışdıq ki, Yusif Vəzir Çəmənzəminlinin
"Cənnətin qəbzi" hekayəsində təsvirdə
görünən, ancaq hər an təsvirdən
sürüşüb qeyb olan, diqqət mərkəzində
saxlanılmayan şeylərin sırası
sıxlaşdıqca sıxlaşır, diqqət edin, usta
Ağabalanın cənnət sevdası onun ağlını
başından almaq dərəcəsində cazibəlidir, o dərəcədə
güclü və sehrlidir ki, ətrafdakı hər şeyi, rəzilliyi
və naqisliyi ilə az qala adamın gözünün
içinə girən şeyləri soldurur, gizlədir,
müdhiş və mistik bir güclə kənarlaşdırır,
bu "kənarlaşdırma effekti" hekayədə təhkiyənin
əsas hərəkətverici qüvvəsini təşkil
edir. Ədəbiyyatşünaslıqdan məlum olan "təhkiyə
massivi" anlayışı Yusif Vəzirdə özünəməxsus
şəkildə formalaşır, onun yaranma və hərəkət
trayektoriyası hekayənin daxildən qurulması, mənanın,
nəql edilən əhvalatların, hadisə və
nüansların ən zəif hərəkətini belə
öz reyestrində qeydə alır. Bu "massiv" diqqət
edilərsə, yarandığı anda dağılır, yəni
bir əhvalat nəql edilən kimi yenisi onun
dağıldığı yerdə qurulur, özündən əvvəlkinin
"qırıntılarını" canına çəkib
dolğunlaşır, bu hərəkət ümumilikdə təhkiyə
strategiyasındakı özümlü cəhətlərin
varlığı ilə izah edilməlidir.
Bu vəziyyət
(yaxud vəziyyətlər: hər üç müəllifdə
- !) suallar yaradır. Əsas məsələ də
budur, müəllif həmin təsvir və əşyalarla
bağlı, yaxud onların qarşılıqlı münasibətləri
müstəvisində hansı sualları verə bilir. Bu
intəhasız aləm, daha dəqiqi, bu sualların
yarandığı və verildiyi məqam müəllifin
"çəkilib getdiyi" məqamdır, ondan sonra oxucu
sanki müəllifin diktə etmədiyi fəqli rəng və
səsləri görür, eşidir, verilən sualları
özününkü hesab edir, ömür bu mərzdən
başlayır, həyat bu aralıqda bitir...
2
Gənc Əli Zərbəlinin "Qəhqəhə"
hekayəsi, zənnimizcə, təzə nəfəs məhsuludur. Onun mövzuya - mətləbə
yanaşması, süjet boyunca maraqlı gedişlərə cəhdləri
və s. bu kimi hərəkətləri maraq doğurur, ən
önəmlisi ildırım sürətiylə ötüb
keçən detalların gücünə süjet, təhkiyə
dinamikasını yaxşı idarə etməsi bu hekayənin
müəllifinin istedadından xəbər verir.
Hekayənin
məndə oyatdığı təəssürat belədir:
hadisələr sanki qaranlıq bir məkanda baş verir, arada
kadr "kəsilir", yəni tutaq ki, həyətə təcili
yardım maşını girdikdə faraların
işığı o qaranlığı aydınladır,
balaca Nihad qapını açdıqda işıq yanmasa da
qaranlıq öləziyir (bu hal Nihad yaşa dolduqca zaman-zaman təkrarlanır
da-!) və bu ortam kəndin yeknəsəq və
cansıxıcı həyatı ilə təndir.
Dünyada ölümə, yoxluğa ən çox
yaxın olan elə gülüşdür, ancaq insanlar bunu
bilmirlər, çünki mistik şeylər canda
daşınır, dövr edir, yaddaş ərazisinə
keçə bilmir, ona görə də gülüşdən,
qəhqəhə çəkib ölməyi kimsə beyninə
yeridə bilmir. Dünyanın sonunu ən dəqiq nişan verən də
gülüşdür, o gülüşdən
vaxtaşırı danışıb güldüyümüz
lətifələrin içində də var, Bəhlul Danəndə,
Molla Nəsrəddin lətifələrində və sair bu
kimi mətnlərdə gülüşün o tayı dərin
faciələrdir, və sair...
Hekayənin
ən maraqlı və kontrastlı yeri, fikrimizcə, adam qəşş edib öldükdən və
ölüm səbəbi ilə bağlı kənddə
müxtəlif versiyalar yayıldıqdan sonra camaatın
qapıya gəlib, həyətə girib Saleh kişidən həmin
anekdotu dinləmək istəyidir. Fikrimizcə,
bu səhnə daha yaxşı işlənə bilərdi,
çünki hekayənin necə deyək, "taleyini həll
edən" məqamlardan biridir. Amma nə
qədər ciddi-cəhdlə dinləsələr də,
gülüşə köklənə bilmirlər,
çünki ölüm yadlarından çıxıb.
Mətndə baş vermiş hadisənin səbəbi
ilə bağlı ən müxtəlif versiyaların
yaranması da elə ölümdən, səs-küydən
yeknəsəq həyata qayıtmaq (ora qaçmaq-!) cəhdidir.
Ən
uğurlu cəhətlərdən biri budur ki, müəllif
baş verən hadisəni əhvalatlıqdan
çıxarır, onu bir proses kimi verməyə
çalışır. (Diqqət edin, ilk cümlə: Sənubər
can sıxıntısının çarəsini məşğuliyyətdə
gördüyü axşamların birində, xalçanın
üstündə bardaş qurub tikiş tikərkən
qonşu otaqdan Abbasın hırıltısını
eşitdi...). Nəqletmə dinamikası da nəzərə
alınmalıdır. Bu dinamika təsvir olunan aləmlə
bağlı yaranan kontrastı gücləndirmir, əksinə
yavaşıdır, yəni sonda hər şey öz təbii
axarına qayıdır, qəhqəhə heç kəsin
gözləmədiyi bir hadisədir, sovuşub keçməlidir,
ildırım çaxanda göydən görünən ani və
güclü parıltı bir anlıq hər şeyi
aydınlatdığı kimi, bu qəhqəhə də sadəcə
işarədir, ən çətin və qəliz suallar adətən
ən sakit və "ölüvay" mühitlərdə səslənir,
insanların o lətifəni dinləmək həvəsi bir an
o ölü mühitə qayıtmaqla bağlıdır, belə
mühitlərdə nəyisə anlamaq yox, ondan uzaqlaşmaq,
onu unutmaq daha önəmlidir. "...Yeknəsəq,
bürkülü yay axşamlarından biri idi. Qaş
çoxdan qaralmışdı. Kişilər
ya naxırdan, örüşdən evə qayıdıb
televizorun qabağında həvəssiz-həvəssiz
uzanıb dincəlir, ya çayxanada nərd taxtası
arxasında qızğın siyasət söhbətlərinin
içində itib-batır, ya da boğanaq axşamdan meh umaraq
həyətlərinin həndəvərində veyillənirdilər.
Gəlinlər yavaş-yavaş uşaqları
yatmağa hazırlaşdırır, növbəti gün
üçün biş-düş edir, ya da xiffətli qəlblərini
türk serialları ilə sərinlədir, xam xəyallara
dalırdılar.
Sənubər isə içini çəkib səssiz-səssiz
ağlayır, gözyaşları yanaqlarından sel kimi
axırdı.
Gözlərini silə-silə otaqdan
çıxdı, gəlib dəhlizin girişindəki diskli
telefon aparatının böyründə oturdu.
Hönkürtü ilə ağlamamaq, Nihadı yuxudan
oyadıb qorxutmamaq üçün özünü zorla
sıxıb saxlamışdı...".
Sonra bütün kənd susur. Hamı hər şeyi
unudur. Sənubərsə...
"İllər keçmiş, qara torpaq Abbası da,
onun qəribə ölümünü də qara
bağrında unutdurmuşdu. Sənubərin bu qəddar
dünyadakı yeganə təsəllisi - hər söhbət
düşəndə "kopya atasıdır!" deyib
qürrələndiyi Nihad da böyüyüb yekə
oğlan olmuşdu. Hər keçən
gün atasına daha çox oxşayırdı. Atası kimi yeriyir, atası kimi
danışırdı. O, hər dəfə qəşş
edib güləndə isə az qala Sənubərin ürəyi
düşürdü".
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.7.