Üzbəüz evin anası

 

Avropanın seçdiyi ən yaxşı türk şeiri

 

Türkiyənin İzmit şəhərində doğulub böyüyən yazar, şair Dəniz İnanın "Üzbəüz evin anası" ("Karşı evin annesi") adlı şeiri 2019-cu ildə Avropada ən yaxşı Türk Şeiri mükafatına layiq görülüb.

İngilis dilinə "The Mother Across The Street" adı altında şair Sevim Devrim tərəfindən tərcümə edilərək Rumıniyada təşkil edilən Beynəlxalq Ədəbiyyat Festivalına təqdim olunan şeir 2018-ci ildə Türkiyədə "İsmət Kamal Qaradayı Şeir Şərəf Mükafatı"nı da qazanıb.

Gənc yazar Dəniz İnan "Eşqin halı", "Qırxyama", "Bənövşəyi zirzəmi" adlı kitabların müəllifidir.

Şeirin dilimizə uyğunlaşdırılmış variantını təqdim edirik.

  

Sən iki tərs, bir düz incikliklər toxuyarkən beş nömrəli milçəylə

Yumşaq kakaolu kekslər bişirərdi üzbəüz evin anası.

Qısqanardım.

Mətbəxində olmayan qidalardan xəbərsiz

Dişlərimin arasına hirslərimi yığıb sıxardım.

 

Bilməzdim, ana

Üzbəüz evin atasındaymış məsələ,

Bunu görməzdim.

 

Həmişə başın ağrardı,

Başın ağrardı həmişə.

Sırf buna görə bəzən

Səni sevməzdim.

 

Balacaydım, ana

Bilsəydim evində su pulu ödənməyib

Əlüzyuyandan axmayan suya

Üsyan etməzdim.

 

Sən iki vur ikinin dörd etdiyini çörək hesabından bilərkən

Ətir qoxan paltarlar sərərdi ipə üzbəüz evin anası

Qibtə edirdim.

Əllərindəki yuyucu toz qoxusundan narahat

Uşaqca inciklik qatardım gecələrimə

Halbuki əllərin saçlarımdan ruhuma axarmış

Titrəyən barmaqların həyatımı incələrmiş.

Bilməzdim, ana

Böyümək deyilən xəstəlik qapımı döyənədək

Əllərinin möhtəşəm olduğunu bilməzdim.

 

Balacaydım, ana

Yoxsa

İki gündən bir partlayan sarı lampanı

Şamla yamayacaq qədər böyük ürəyini

əzəcək qədər əzilməzdim.

 

Sən koldan süpürgəylə süpürərkən qapının ağzını

Təzəcə boyanmış saçlarını yelləyərək gəzərdi üzbəüz evin anası

Ayağında dikdabanlı üsyanla

İndi fikirləşirəm ki,

O dikdabanlar üstündə sən dursaydın necə olardı?

Sənin çatlamış dabanların vardı, ana.

Hacı Şakir qoxardın ən ağından

Namnazik şalınla gizlədərdin

Öləndə hər teli bir ilana çevriləcək sandığın qızılı saçlarını.

Təzəliklə başa düşmüşəm, ana

Ağaran hər saç telindən üstümə düşən payımı.

 

Uşaqdım, ana

Bir velosipedim olsa, bütün xoşbəxtliklər mənim olardı.

Atam evə sərxoş gəlib, gec gəlib

Səhər mən evdən çıxanda hər şey yaddan çıxardı.

 

Bilməzdim, ana

Üzbəüz evdən artıq qalan çanta-çanta paltarlar

Üstümüzə biçilmiş kimi olarkən

Ruhuna əzab olub axarmış

Bilməzdim, mənim anam göz yaşlarıyla

Hər bayram ərəfəsində

Vitrinlərə baxarmış.

 

Sən mənim məktəbə hazırlıq dərslərimi

            qardaşımla heca-heca oxuyarkən

Telefonu kəşf etmişdi, üzbəüz evin anası

Bilsən, necə cahil, görməmişdin gözümdə

Yandır desələr yandırardım o dəqiqə dünyanı

Yıx desələr

bu köhnə divan qalardı,

çiçəkli pərdələr.

 

İndiki ağlımla, ah soruşsalar bircə dəfə məndən

Desəm,

O tərtəmiz günlərim

Hanı, indi hardadılar?

 

Mən ay sonuna necə çatdıracağam?

Hesablamalar apararkən bir gün

Oğlum təngnəfəs içəri girdi

Yumşaq kakaolu kekslər bişirib, dedi, üzəbüz evin anası.

 

Çox gec anlayır insan, ana

Öz anasını belə,

Öz anasını belə.

 

Dəniz İnan

Hazırladı: Nilufər Hacılı

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.6.