Düşüncə, mətn və semantika:

mifopoetikadan mifolinqvistikaya

 

Kamal Abdullanın Azərbaycan elmi-filoloji düşüncəsindəki yerini və rolunu, onun hər onillik keçdikcə daha da artan "impakt faktoru"nu şərtləndirən amil məhz mədəni fakt və hadisələrə, mətnlərə yeni nəzəri-metodoloji yanaşması olmuşdur.

Bəs Kamal Abdullanın yeni nəzəri-metodoloji yanaşmasının özünəməxsusluğunu, daxili elmi mahiyyətini necə formulə etmək olar? Kamal Abdulla "elmi universumu"nun izahı bu suala verilən cavabdan bilavasitə asılıdır. Bizcə, bu nəzəri-metodoloji yanaşma özəlliyi iki mühüm keyfiyyəti ilə diqqəti cəlb edir:

1. Emosional olaraq mövcud elmi prinsiplərə qarşı çıxaraq elmi təhlilə böyük bir cəsarətlə gətirilən azad və romantik ruh (normativin inkarı və elmi inprovizənin normativləşdirilməsi cəhdi və əzmi);

2. İntellektual olaraq dilçilik və ədəbiyyatşünaslığın nəzəri-kateqorial aparatını yeni keyfiyyətdə birləşdirməklə multidisiplinar yanaşma işığında mədəniyyət faktlarına fərqli baxış.

Kamal Abdullanın elmi-filoloji araşdırmalarında dilçiliyin riyazi məntiqi ilə ədəbiyyatşünaslığın "art" məzmunu xüsusi keyfiyyət halında birləşmişdir. Belə qovuşuq sayəsində onun elmi yaradıcılığı timsalında ədəbiyyatşünaslıq, folklor araşdırmaları riyazi səviyyədə məntiqi modellərə meyillənir, dilçilik görüşləri quru statiklikdən çıxaraq daha da emosionallaşır.

Türk xalqlarının qədim eposu, möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud" abidəsinin tədqiqi Kamal Abdulla elmi yaradıcılığının əsas ana xəttini təşkil edir. Məlumdur ki, Kamal Abdulla qorqudşünaslığa dair "Gizli Dədə Qorqud" (Azərbaycan dilində 1991, türk dilində 1995, rus dilində 2006), "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud-2" (1999), "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" (Azərbaycan dilində 2009, türk dilində 2013), "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş" (Azərbaycan dilində 2017, rus dilində 2018) adlı sanballı araşdırmaların və onlarca elmi məqalənin müəllifidir. Bu qeyd olunan təmayül Kamal Abdullanın bütün yaradıcılığından qırmızı xətt olaraq keçir, son fundamental araşdırması olan "Kitabi-Dədə Qorqud" poetikasına giriş. "Dansökülən variant" kitabında özünün yeni keyfiyyət mərhələsinə çatır. Müəllifin bu əsərindən sonra hesab etmək olardı ki, o, artıq "Kitabi-Dədə Qorqud"la bağlı filoloji, fəlsəfi, kulturoloji ümumiləşdirmələrinə yekun vurmuşdur. Lakin müəllifin "Kitabi-Dədə Qorqud" sevgisi bu əsərlə də yekunlaşmadı. Cəmi bir neçə ildən sonra müəllif özünün ""Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" kitabı işıq üzü gördü.

Hesab edirik ki, akademik Kamal Abdullanın bu əsəri qorqudşünaslıqda bir sıra ənənəvi problemlərə yeni baxış sərgiləməsi, həmçinin bir sıra yeni elmi problemlər müəyyənləşdirməsi baxımından milli humanitar elmi düşüncəmizdə yeni bir istiqamətin əsasını qoyacaqdır.

Kamal Abdullanın ""Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" kitabı ensiklopedik üslubda qələmə alınmışdır. Lakin belə ensiklopediklik klassik ensiklopediyaçılıqdan bir neçə mühüm cəhəti etibarilə fərqlənir. İlk növbədə bu "ensiklopediya"nın sözlüyü bilavasitə müəllifin mətnə elmi-filoloji, bədii-estetik, kulturiloji münasibəti ilə şərtlənir. Yəni o anlayışlar sərlövhə statusuna çıxarılır ki, onu bəlkə də klassik ensiklopediyaçılıq tələb etməzdi. Məsələn, "Aruzun arzusu", "Banuçiçəyin istəkliləri", "Gizli opponent", "Görünən söz", "Semantik sayrışmalar" və s. bilavasitə müəllifin fərdi Qorqudşünaslıq baxışlarının spesifikasından irəli gələrək fokuslaşmışdır.

İkincisi isə ensiklopedik sözlüyün məzmunu məsələsidir. Müəllif müəyyənləşdirdiyi sözlüyü "semantik sayrışmalar" olaraq bədii-filoloji adlandırdığı baxış bucağından dəyərləndirir. "Semantik sayrışmalar" filoloq Kamal Abdullanın yazıçı Kamal Abdullanın bədii təxəyyülü gücünə müəyyənləşdirdiyi olduqca maraqlı tapıntılardan biridir.

Bu anlayış müəllifin "Kitabi-Dədə Qorqud" mətninə münasibətini olduqca dəqiq müəyyən edir. Belə ki, Kamal Abdullaya görə, "semantik sayrışma" eynən ulduzların sayrışmasında olan kimi iki hissədən ibarətdir. Onun bir hissəsi (tərəfi) mətnin aydın, işıqlı, digər hissəsi (yaxud tərəfi) mətnin qaranlıq, gizli görüntüsündən ibarətdir. İşıq və qaranlıq hissələri bir-birini sürətlə əvəz edir".

Müəllif başqa bir yerdə, "Gizli Dədə Qorqud" hissəsində qeyd edir ki, "Semantik sayrışmalardan metodik vasitə kimi istifadə edilə bilməsinin özü Dastanın görünməyən, gizli tərəflərinin onun daha dolğun qəbul edilməsi üçün nə qədər əhəmiyyətli olmasından xəbər verir.

Gizli, görünməyən Dədə Qorqud aləminə görünən Dədə Qorqud aləmindən yer-yer pilləkənlər aparır. Üzdəki, görünən tərəfdəki məntiqsiz, izahsız tərəflər qaranlıqda gizlənmiş məqamların işığa salınması nəticəsində bizim üçün yeni bir semantikada bərq vurur".

Kamal Abdullanın epos mətninə belə yanaşması klassik poeziyada mətnin ikipilləli strukturunu yada salır. Məlumdur ki, klassik poeziyanın bədii mükəmməllik yüksək zirvəyə qalxan nümayəndələrinin yaradıcılığında, məsələn, ərəb poeziyasında İbn Əl Fəridin, fars poeziyasında Hafizin, türk poeziyasında Füzulinin yaradıcılığında poeziya sufi ideyanın ifadəsi statusunda ikipilləli məzmun kəsb edir:

Zahiri poetik struktur;

*daxili metafizik struktur.

Məhz buna görə də bu şeirlərdə obrazlar eyni vaxtda sanki iki müxtəlif məzmun strukturda mövcud ola bilirlər:

* Ümumanlaşıqlı səviyyəyə məxsus poetik məzmun strukturu;

* Mistik yaşantını əks etdirən fəlsəfi məzmun strukturu.

Bu strukturlar arasında əlaqələndirici həlqə rolunda isə simvol çıxış edir. Sufi şeirində simvolun qüdrəti mistik yaşantıdan alınan təəssürat barədə maksimum təsəvvür oyatmaq səciyyəsində ifadə olunur. Mənanın simvollar vasitəsilə daxili planda gizlədilməsi ilə sufi şeirinin özü kainatın simvolik modelinə çevrilir.

Kamal Abdulla isə Dədə Qorqud mətnində ikili planları mifoloji və tarixi dünyagörüşlər arasında müəyyənləşdirir.

Kamal Abdullanın Dədə Qorqud araşdırmalarına nəzər salmadan öncə yaxşı olardı ki, hər şeydən əvvəl müəllifin abidə ilə heç də sadə olmayan münasibət səviyyəsinə toxunaq. Məlum olduğu kimi, o abidəni rasional idrakın qavrama texnologiyaları ilə araşdırmaqla yanaşı, həm də yazıçı kimi, abidəni emosional məntiq daxilində yenidən canlandırır. Başqa sözlə, onun rasional kontekstdə yanaşması "KDQ"-ni sabit, donuq abidə kimi qavramağa imkan verirsə, bədii yaradıcılığı abidəni konkret çərçivədən çıxarıb bu günümüzün bir hissəsinə çevirməyə şərait yaradır. Tədqiqatçıların da diqqəti yönəldiyi kimi, Kamal Abdullanın Dədə Qorqud abidəsinə elmi və bədii kontekstdə yanaşması üzvü əlaqəli hadisədir. Kamal Abdullanın semantik araşdırmaları "KDQ"-nin mətnin altında başqa bir dünyanın mövcudluğunu anlamağa və yaradıcılıq üçün yeni bir dünyanı kəşf etməyə imkan verirmişsə, bədii fantaziyası da öz növbəsində müəllifə düşüncəsini formal filoloji biliklərin yeknəsəq bozluqlarından xilas etməyə şərait yaratmışdır. Kamal Abdullanın bədii və elmi yaradıcılığının qarşılıqlı münasibət kontekstində öyrənilməsi onun semiosferasının daha mükəmməl şəkildə qavranılmasına şərait yarada bilər və sözsüz ki, bu səpkidə araşdırma ciddi nəzəri tədqiqatın mövzusudur.

Bu müstəvidə yanaşdıqda Kamal Abdullanın ""Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" adlı tədqiqatının mahiyyətini daha aydın şəkildə anlamaq olar. Müəllifin bir ömür boyu apardığı tədqiqatlar və gəldiyi qənaətlər, yuxarıda da qeyd etdiyimiz kimi, burada ensiklopedik tərtibat prinsipi ilə təqdim olunur. Lakin bu əsər, sadəcə, "Dədə Qorqud" ensiklopediyası deyildir. Müəllifin çoxplanlı Dədə Qorqud araşdırmalarına nəzər yetirdikdə aydın olur ki, bu kitab müəllifin uzun illik semantik analizlərinin nəticəsində gəldiyi qənaətlərin daha konkret və aydın şəkildə ifadəsini əsas məqsəd kimi müəyyənləşdirir.

Kamal Abdullanın Dədə Qorqud barədə elmi kontekstdə təqdim etdiyi yeni semantik mənzərə oxucunu abidənin daha nəhəng mahiyyətini qavramağa şərait yaradır. Onun tədqiqatlarında aşkarlanan semantik məzmun abidəyə baxış bucağından qaynaqlanır. Kamal Abdullanın "KDQ"-ni onun sərhədləri ilə məhdudlaşmayan dilin, dildən daha böyük yarus olan mədəniyyətin, mədəniyyəti isə düşüncənin bir hissəsi kimi qavraması abidənin çoxqatlı məna çalarlarını aşkarlamağa şərait yaratmışdır.

Kamal Abdullanın tədqiqatları Azərbaycan oxucularını formal buxovlarından sıyrılaraq Dədə Qorqud eposunda təsvirlər arxasındakı semantik mənzərəyə nəzər salmağa imkan verməklə yanaşı, alimlər üçün də yeni təhlil perspektivləri müəyyənləşdirmişdir. Onun Dədə Qorqud araşdırmaları Azərbaycan filoloji və folklorşünaslıq elminin Dədə Qorquda "baxış üçün dayandıqları nöqtəni" ciddi mənada dəyişə bildi. Obrazlı desək, alimləri öz cəbhəxanalarını söküb abidəyə daha yaxın bir yerdə qurmağa sövq etdi. Bu araşdırmalar abidəni sadə təsvir və formal müqayisələr kontekstindən ayırıb dünya epos ənənəsinin tədqiq olunduğu nəzəri terminoloji müstəviyə daxil etdi. "KDQ" Edip kompleksi, arxetiplər, stereotiplər və s. kimi nəzəri müstəvilərdə analiz olunmağa başladı.

Kamal Abdullanın Dədə Qorqud araşdırmalarının möhtəşəmliyi və onlara yaşam enerjisi qazandıran ən başlıca faktorlardan biri onun qoyduğu suallardır. O sual qoyur ki, "Nə üçün bütün dastan boyu müsbət qəhrəmanlar sırasından məhz Beyrək ölür? Bu ölüm ibrətamiz xarakter daşıyırsa, onda nə üçün ibrətamizlik obyekti kimi bir başqa qəhrəman yox, məhz Beyrək seçilir? Bu hansı qanunauyğunluğun nəticəsidir?.. Sual budur: niyə dastandakı bədheybət məxluqun - Təpəgözün bir gözü var?.. Və yaxud belə bir növbəti sual: nə üçün Beyrək sırça barmağının qanını sürtməklə kor olmuş atasının gözlərini aça bilir və Baybura bəy yenidən dünya işığını görür?".

Kamal Abdullanın sualları formal və ənənəvi filoloji düşüncə kontekstində hər nə qədər sadə görünsə də, Levi-Straus, Alan Dundes, Yuri Lotman kimi struktur və semiotik tədqiqatların ab-havası ilə ahəng təşkil edir. Kamal Abdullanın qoyduğu sualların verdiyi ən ümumi fəlsəfi mesaj ondan ibarətdir ki, bu hadisələr təbiətin təbii halı ilə əlaqəli deyildir. Onu yaradan insan düşüncəsidir və bütün hallarda müəyyən bir səbəbə dayanır. Kamal Abdullanın tədqiqatlarının üzərində bərqərar olduğu ən böyük platforma semyotiklərin sübut etdikləri "mədəniyyətdə məna kəsb etməyən heç bir elementin olmaması ilə bağlı" yanaşmaya əsaslanır. Belə ki, o, qoyduğu suallara müvafiq məna axtarışının da yolunu aydın şəkildə göstərmişdir: "Suallar çoxdur və onlar indicə qeyd edilən kimi, bəlkə, ilk baxışda qəribə səslənsələr də, əslində daha dərin bir qanunauyğunluqdan doğurlar. Elə buna görə də dastanın üzdə olan, görünən hissəsində ilk baxışda onların cavabı yoxdur. Bu cavablar həm boylararası münasibətlərdə, həm də boydaxili münasibətlərdə gizlənmişdir. Hər bir halda dastanda ilk baxışda mənasız, əsası olmayan, məntiqdən məhrum məqamlar incə bir dəqiqliklə öz əsl səbəblərinin işığında üzə çıxa bilirlər. "Səbəb isə açıldımı, onun nəticəsini daha dəqiq və daha məntiqi şəkildə müəyyənləşdirmək artıq asanlaşır".

Müəllifin uzun illər apardığı tədqiqatlarının davamı kimi ortaya çıxan bu araşdırmasına nəzər saldıqda belə məlum olur ki, o, sadəcə epik təsvirlər üzərində dayanmır, təsvirləri ortaya çıxaran gizli səbəbləri müəyyənləşdirməyə can atır. Bu səpkidə aparılmış tədqiqat nəticəsində abidənin semantik zənginliyi ortaya çıxır. Əslində, ""Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" adlı yeni işıq üzü görən kitabı müəllifin araşdırmalarına yön verən nəzəri aparaturanın aydın təsvirini verməklə yanaşı, onun zaman-zaman diqqət yönəltdiyi semantik tutumlu məsələləri də aydın şəkildə konseptləşdirir. Burada ritual, alliterasiya, anaxaqanlıq, nəzm, nəsr, variant və s. kimi nəzəri konseptlərin "KDQ"-yə tətbiqinin yaratdığı mənzərə ilə yanaşı, oğuz cəmiyyətinin gizlin tərəflərinə nəzər salan çoxsaylı konseptlərlə tanış oluruq. Kamal Abdullanın "KDQ" əsasında müəyyənləşdirdiyi konseptlər mahiyyətcə Oğuzun düşüncəsi, ünsiyyət modelləri, sakral dünyası, davranış stereotipləri və s. kimi məsələlərin müəyyənləşdirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Müəllifin tədqiqatı nəticəsində oxucular gördüklərindən dəfələrlə böyük bir epik dünya, onun şərt və şərtilikləriylə qarşılaşırlar.

Kamal Abdullanın ""Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" kitabında çoxsaylı rakurs və yanaşmalar vardır. Onlardan birinin üzərində xüsusi olaraq dayanmaq istərdik. Bu, Dədə Qorqud sirrinin daha cazibədar şəkildə əks olunduğu emosiemlərin araşdırılması istiqamətidir. Bu, Aruzun arzusu, cəza, günah, hiylə, sevinc və kədər, sədaqət və s. kimi konseptlərdir. Müəllifin araşdırmalarında bu istiqamətdəki yanaşmalar, əslində, tədqiqatın digər hissəsindəki aşkarlamalar üçün baza rolunu oynamışdır. Məsələyə bu rakursdan baxanda belə qənaət hasil olur ki, "KDQ"-nin müxtəlif tipli münasibət səviyyələri məhz emosional-psixoloji reallıqdan güc almışdır. Bu mənada müəllifin bütün yaradıcılığı, o cümlədən də "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" kitabı üçün xarakterik olan Təpəgöz obrazının tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Müəllif "günah", "Təpəgöz" maddələrində Təpəgözün intihar arzusu ilə bağlı məsələlərə ayrıca aydınlıq gətirmişdir. Məlum olduğu kimi, "KDQ"-də təpəgözün intihar arzusu özünəməxsus şəkildə əks olunmuşdur. Müəllif Təpəgözün ibtihar arzusundan bəhs edərkən yazır ki, "Təpəgözü ədəbiyyat tariximizdə günah hissini daşıyan ilk qəhrəman kimi tanımamız lazımdır". "Kitabi-Dədə Qorqud"da günah və cəza münasibətini sistemli təhlil edən Kamal Abdulla müvafiq məsələni Beyrəyə də aid edir. Belə ki, "KDQ"-də yeganə müsbət qəhrəman olan Beyrəyin ölümünü də onun kafər qızına verdiyi sözə əməl etməməsi ilə əlaqələndirir.

Müəllifin Təpəgözün intihar arzusu ilə bağlı qoyduğu ciddi sualı onun Oğuza olan münasibəti kontekstində izah edir. Onun Oğuzun günahsız insanlarını yeməsinə adekvat olaraq cəzalandırılma arzusu daşıdığını bildirir. Psixoanalitik kontekstdəki araşdırmalar "günah və cəza" adekvatlığını psixoloji reallığın ən əsas faktoru hesab edirlər. Təbiidir ki, "günah və cəza" modeli əsasında qurulan yaradıcılıq nümunələri bu münasibətlərin səbəbi kimi ixtiyari hadisələri təqdim etmir. İnfantil mənşəyə aid olan və həzz semantikası daşıyan davranışlar bu cəzanın aktuallaşmasının əsas şərti kimi çıxış edir. "Yemək" və "Edipvari arzu" cəzalandırılmanın əsas şərti kimi özünü göstərir. Kamal Abdulla Dirsə Xan oğlu Buğacın da Edip kompleksi kontekstində cəzalandırılmasına ayrıca diqqət yönəltmişdir. Bu kontekstdə yanaşdıqda Təpəgözün infantil həzzin ödənilməsinə yönələn "yemə cinayəti"nin intihar arzusu doğurması psixoanalizin səbəb-nəticə əlaqəsi kontekstində çox ciddi tapıntı kimi dəyərləndirilə bilər. Xatırladaq ki, Kamal Abdullanın semantik sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı qoyduğu suallar yalnız özünün cavab axtardığı elmi dəyər fakturası kimi dəyərləndirilə bilməz. O, bütövlükdə antropoloji və filoloji elmlərin yeni elmi perspektivlərinin müəyyənləşməsində həlledici səviyyədə rol oynamaqdadır. Bu mənada bu məqalənin müəlliflərindən birinin tədqiqatında Kamal Abdullanın Təpəgözün intihar arzusu ilə bağlı qoyduğu sual geniş təhlil olunmuşdur. Anası pəri qızının cəmiyyətdən qovulan Təpəgözün bədəninə ox batmaması, qılınc kəsməməsi məqsədi ilə üzük taxması motivi nəzərə alınaraq belə bir qənaət irəli sürülmüşdür ki, "Psixoanalitik kontekstdə ... Təpəgöz anası ilə nişanlı qəhrəman olaraq, həm də insest yasağını pozan obrazdır. Bu mənada insest yasağını pozmanın işarəsi olan üzüyə Basat və Təpəgözün münasibəti biri-birindən fərqlidir. Təpəgöz bu üzüyü barmağına taxıb insest yasağını pozub ata mühiti ilə konfliktə girdiyi halda, Basat bu üzükdən imtina edir" Başqa sözlə "Təpəgözün özünəqəsd arzusu onun insest yasağını pozan qəhrəman olmasından qaynaqlanır". (Qarayev S. Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: metaforik düşüncə və simvolik məna. Bakı: "Elm", 2022, s.226, s. 233).

Araşdırmada şərh və analizlərin hansı səpkidə olmasından asılı olmayaraq mənamüəyyənləşdirici məntiqi məhz Kamal Abdulla müəyyənləşdirir. Sözsüz ki, Kamal Abdullanın bu səpkidəki çoxsaylı yanaşmaları yeni bir tədqiqatçılar nəslinin formalaşmasına hələ uzun müddət öz töhfəsini verəcəkdir.

Kamal Abdullanın ""Kitabi-Dədə Qorqud"da semantik qayırışmalar" kitabı digər onlarca yeni analiz nümunələri və semantik konseptlər təqdim edir ki, sosial-antopoloji kontekstdəki tədqiqatlar genişləndikcə o yeni məna arayışındakı mayaq rolunu daha qabarıq şəkildə oynayacaqdır.

Akademik Kamal Abdullanın ""Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" və "Mifolonqvistika" monoqrafiyasının ikinci hissəsi mif və dil, mifin "dili", dilin mifoloji mahiyyəti, mifologiya və dilçiliyin kəsişməsində olan problemləri əhatə edir. Alimin burada elmi iddiası mifologiya və dilçiliyi vahid konsept çərçivəsində birləşdirərək mifolinqvistika adlanan elmi istiqaməti sistemli şəkildə təqdim etməkdir. Şübhəsiz ki, Kamal Abdulla üçün bu anlayış "göydəndüşmə" deyil, uzun illər nüvəsində "Kitabi-Dədə Qorqud" eposu dayanmaqla mifoloji düşüncə və dil məsələlərinə həsr olunmuş axtarışların sistemli və elmi-nəzəri baxımdan yetkin təqdimatıdır. Çünki Kamal Abdullanın yaradıcılığının bütün dövrlərində, daha doğrusu, alimin elmi (hətta bədii) rakursunda gerçəkliyin ikili planda, alt və üst qatda dərki, mətnə dünyagörüşlərin toqquşması, konflikti aspektindən baxış hakimdir. Onun üçün mətn donub qalmış əlyazma deyil, dil təkcə düşüncənin ifadəsi üçün vasitə deyil, əksinə, mətn öz içərisində çoxsaylı ziddiyyətləri, oppozisiya və dilemmaları ehtiva edən, canlı, dinamik prosesin təzahürüdür. Bu mənada alimin mifolinqvistika adlandırdığı elmi istiqamət, əslində, invariant (etalon) və variantlardan (kənara çıxmalar) ibarət olan qarşıdurma tərəfləri üzərində qurulmuşdur.

Alimin yanaşmasına görə, "mifolinqvistikanın əsas bünövrəsini, bazasını, ondan çıxış şərtlərini öyrənmək istəsək, biz hökmən gərək tarixi müstəviyə qədəm qoyaq. Çünki mifolinqvistik hadisələr (toqquşmalar) tarixilik fonunda aydın şəkildə izah edilə bilər". Kamal Abdulla üçün tarixi müstəvi dilin sadəlikdən, primitivlikdən, autentiklikdən və mütsəqimlikdən metaforikliyə, mifolojiliyə doğru istiqamətlənməsidir. Alimə görə, əgər birinci qatda dil primitiv olaraq gerçəkliyi dərk və ifadə edirsə, ikinci qatda o, artıq seçim imkanına malikdir. Elə məhz bu imkan variantları ortaya çıxarır. Variantlar isə "mifoloji təsəvvürlər, mifoloji dünyagörüşü və dilin mifoloji mahiyyəti üçün əlverişli və münbit zəmin (şərait) yaradır" (s. 178).

Beləliklə, Kamal Abdulla mifolinqvistika adlandırdığı elmi istiqaməti, əsasən, belə şərh edir: tarixi müstəvidə dilin gerçəkliyi dərk və ifadəsi üçün keçdiyi proses primitivlikdən metaforikliyə, mifolojiliyə doğru istiqamətlənmişdir və bu gerçəklik qatlar arasındakı qarşıdurmalar şəklində özünü göstərir. Həmin qarşıdurmalar isə bütün linqvistik səviyyələrdə (fonologiya-fonetika, leksika, orfologiya, sintaksis) vahid prinsip kimi izlənilə və tətbiq edilə bilər. Ümumi olaraq isə bu mifoloji dilçiliyin əsas konsepti kimi götürülə biləcək "invariantdan varianta" universal prinsipini doğurur.

İlk baxışdan alimin irəli sürdüyü mifolinqvistika elmi istiqaməti dilçilik tarixinin keçdiyi inkişaf mərhələlərində meydana çıxan interdissiplinar və multidissiplinar yanaşmaları yada salır və haqlı olaraq belə bir sual yaradır ki, məgər bugünə qədər həmin hibrid yanaşmalarda mifoloji düşüncə paradiqması kənarda qalmışdımı? Maraqlısı odur ki, akademik Kamal Abdulla özü də bu sualı qaldırır və buna belə cavab verir: "Dilçilikdə mifologiyanı elmi məkanın içinə salmaq lazımdır". Bu fikirlə müəllif onu demək istəyir ki, əlbəttə, dilçilikdə mifoloji düşüncənin elementlərinin öyrənilməsinə müəyyən qədər rast gəlmək olar, amma bunun sistemli şəkildə, ələlxüsus müəyyən bir prinsip əsasında (qarşıdurma qatları; primitivlik-metaforiklik/mifolojilik) araşdırılması təcrübəsi yoxdur.

Akademik Kamal Abdullanın mifolinqvistikası, elmi baxımdan aşağıdakı imkanların ortaya çıxara biləcəyinə vəd verir:

- dilmizdə mövcud olan deyim, ifadə, xüsusən də, mənasını bilmədən işlətdiyimiz sözlərə (bunlar söyüş, qarğış və ya alqış ola bilər: məsələn, "keçi başına od yağsın" (Zəngilan rayonunda işlədilən deyim)) yeni "gözlə" baxa bilərik və mənasını anlamaqla bərabər, dil-təfəkkür müstəvisində dilimizin və şüurumuzun keçdiyi yolu anlaya, "dil elementlərinin mifoloji quruculuğunda iştirak dərəcəsini və rolunu öyrənə bilərik";

- dilin ruhuna hopmuş, nitqin dərin qatlarında daşlaşmış mifologizmləri aşkarlamaq baxımından bu tədqiqatların xüsusi rolu vardır;

Nəhayət, dilçilik, xüsusən ədəbi dil tarixinin öyrənilməsi baxımından əhəmiyyətli ola bilən yanaşma irəli sürülə bilər: "ədəbi dil tarixini əsl dil tarixindən - mifologizmlərə əsaslanaraq müəyyənləşdirilən dil tarixindən ciddi şəkildə ayıra biləcəyik".        

Akademik Kamal Abdulla irəli sürdüyü mifolinqvistik yanaşmanı nəzəri-metodoloji kontekstdə əsasən 4 istiqamətdə ümumiləşdirir. Bunlardan birincisi, dildəki təfəkkür qatları və müstəqimlik məsələsi, ikincisi, dildən istifadə mifoloji münasibətlər məsələsi, üçüncüsü, üslubi qat və variantlar məsələsi, dördüncüsü, universal prinsip - invariant və variant məsələsi.

Bu istiqamətlərin hər birinin ayrı-ayrılıqda şərhi onu deməyə əsas verir ki, akademik Kamal Abdulla üçün mifolinqvistikanın hazırkı mərhələ üçün problem sərhədləri artıq müəyyənləşdirilib və sistemə salınıb. Təbii ki, bu istiqamətin yeni olduğunu nəzərə alsaq, istər müəllifin özü, istərsə də digər tədqiqatçılar üçün geniş imkanların olduğunu deyə bilərik.

Akademik Kamal Abdullanın mifolinqvistikası mətni yalnız nəzəri-metodoloji planda deyil, konkret müşahidə və faktlar əsasında şərh edir. Xüsusən də, alimin dilin müxtəlif səviyyələri - "fonetik-fonoloji səviyyədə mifoloji təsəvvürlər", "leksik səviyyədə mifoloji təsəvvürlər", "sintaksisin dərinliklərində mifoloji təsəvvürlər", "morfologiyada mifoloji təsəvvürlər", "məna-məzmun səviyyəsində mifoloji təsəvvürlər", "maddi cisim bildirən adların personə edilməsi (adlar mifolinqvistikanın obyekti kimi)", "hilezoistik ifadələr və onların qat mənsubiyyəti" üzrə təhlilləri kifayət qədər dərin və sərrastdır.

Hesab edirik ki, bir sıra aspektlərdən mifolinqvistik tədqiqatların aparılması hazırkı çağda zəruridir:

Birincisi, multidissiplinar elmi yanaşma kimi mifolinqvistika ən azı iki fənn sahəsinin qovuşmasıdır ki, bu da mütləq şəkildə yeni elmi qənaət və nəticələrə üfüq açır. Məsələyə bu prizmadan yanaşan akademik Nizami Cəfərov akademik Kamal Abdullanın "mifolinqvistika"sını "multidissiplinar dilçilikdə yeni paradiqma" ("Ədəbiyyat qəzeti" 30 noyabr 2022-ci il) adlandıraraq alimin olduqca kəsərli üslubda suallar qoyduğunu, özünəməxsus polemik ovqat, mühit yaratmaqla cavablar verdiyini, hər bir yeni anlayışın məzmun-mündərəcəsini mümkün qədər dəqiqləşdirdiyini qeyd edir.

İkincisi, kitabın redaktorlarından biri, "Mifolinqvistika" hissəsinə ön söz yazan professor Qorxmaz Quliyevin də toxunduğu kimi, müasir dövrdə dilçilik elminin yeni nəzəri-metodoloji yanaşmalar istehsal etməkdə yaşadığı "qıtlığın" aradan qaldırılması və dilçiliyi mifologiya ilə "mayalandırmaqla" (ifadə Amerika folklorşünası Simon Bronnerə məxsusdur. O Alan Dundesin folklorla kompüteri "mayalandırdığını" deyirdi) yeni mənalandırma paradiqmasının yaradılması. Akademik Kamal Abdulla mifolinqvistika vasitəsilə mifologiya və dilçiliyin ortaq nöqtələrini, kəsişmə və toqquşma "zona"larını irəli sürməklə, həm mifoloqlar, geniş mənada folklorşünaslar, həm də dilçilər üçün yeni mənalandırma platforması yaradır. 

İkincisi, ədəbi dilimizdə və yaxud dialekt və şivələrimizdə müəyyən emosional situasiyaya bağlı olaraq yaşayan, məqamı gəldikdə aktuallaşan ifadələrin mənalarının izahı, buna əsasən isə, Kamal Abdullanın da dediyi kimi, "mifolojidən məlum olan bir sıra işarələrin dil müstəvisində hansı qədim bucağa aid olduğu aşkar edilə bilər".

Üçüncüsü isə dil-təfəkkür, dil-şüur əlaqəsinin, dilin mifoloji mahiyyətinin, dilimizin və nitqimizin keçdiyi yolun yeni bir rakursdan - primitivlik və autentiklikdən metaforiklik və mifolojiliyə doğru istiqamətlənən xətt üzrə izlənilməsi.

Akademik Kamal Abdullanın "mifolinqvistika"sını "multidissiplinar dilçilikdə yeni paradiqma" ("Ədəbiyyat qəzeti" 30 noyabr 2022-ci il) adlandıran akademik Nizami Cəfərov yazır ki, "Multidissiplinar dilçilikdə yeni paradiqma müəllifinin üslubu da olduqca kəsərlidir: suallar qoyulur, cavablar verilir, özünəməxsus polemik ovqat, mühit yaradılmaqla hər bir yeni anlayışın məzmun-mündərəcəsi mümkün qədər dəqiqləşdirilir".

Kamal Abdullanın ""Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar. Mifolinqvistika" kitabı müasir Azərbaycan humanitar elmi düşüncəsinin bir neçə istiqaməti üzrə, xüsusən də folklorşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik, mifologiya, ən ümumi mənada sosial-antropologiya üzrə qorqudşünaslıq araşdırmalarının tamamilə yeni mərhələyə qədəm qoymasına əhəmiyyətli dərəcədə təsir edəcəyi, bu istiqamətdə yeni araşdırmaların yaranmasına təkan verəcəyi şübhəsizdir.

 

Sərxan Abbasoğlu,

Səfa Pənahoğlu,

Hikmət Valehoğlu

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.8-10.