Təbriz cəngisi

 

Təbriz oğlu, Təbriz qızı,

Yadlar yedi haqqınızı!

 

...Çağır döyüşlərə öz sevgilini,

Öz ana qəlbini, ana dilini

O düşmən əllərdən özünə qaytar!

Səməd Vurğun

 

Bəsdi danışdığın özgə dilində,

Bəsdi danışdığın kölə dilində,

Yaradan dilində danış, Təbrizim!

Sən Vətən dilində, ölkə dilində,

Savalan dilində danış, Təbrizim!

 

Fars dili farsındı, türk oğlu türkə

Kim deyir ki, dəri dili yaraşır

Dilin Xiyabani dilidir sənin,

Sənə Pişəvəri dili yaraşır!

 

Aç, ana dilində məktəblər yarat,

Qoru, qoru, hər an, hər gün dilini!

Dilinə qurban kəs Bəzz qalasının,

Yaşat "El gölü"nün, Ərkin dilini!

 

Dilin mənim dilim, dilimə qurban,

Dilim sənin dilin, dilinə qurban!

Danış, "Heydərbaba" dilində danış,

Şəhriyarlı oba-elinə qurban!

 

Öz ana dilidi dili torpağın,

Daşı öz dilində danışsın gərək!

Dönmə mərdliyindən, kişiliyindən,

Kişi öz dilində danışsın gərək!

 

Yenə də layla çal, bayatı çağır,

Qaytar, şirinliyi sözünə qaytar!

"Öz ana qəlbini, ana dilini

O düşmən əllərdən özünə qaytar!".

 

Şair Səhəndinin dayağı nəydi?                     

Doğma dildə şeiri, miyana dili.

Nəydi, Səttarxanın bayrağı, nəydi?

Nəydi ölməz edən Bağır xanları?

Öz ana kəlməsi, öz ana dili!

 

İçəndə Urmiya, Sulduz hər andı,

Öldü, bağrım döndü qana, deməkdən.

Araz çay olsa da, susundan yandı

"Ana!" çağırmaqdan, "Ana!" deməkdən!

 

Başqaları kimi torpaq gəzmirəm,

Beşikdi, məzardı torpağım mənin!

Yaranıb taxılsın dağ zirvəsinə,

Öz ana dilimdi bayrağım mənim!

 

"Vaxtdır, vaxtdır, - deyir, - "Ayağa qalxın",

Qəm gəlib çağırır ana dilində.

O taylı, bu taylı ey Vətən oğlu,

Səni , məni bütöv Vətənin.

Səngəri çağırır ana dilində!

 

...Bizi aldatmasın yol yola verib,

Qoyma hay-harayın, səsin səngisin!

Oynasın dilimiz qol-qola verib,

Bir daha başlasın Təbriz yallısı,

Bir daha susmasın Təbriz cəngisi!

 

Barat Vüsal

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.10.