Quyruqlu ulduzu
görənlər
Hekayə
Qapını açıb dəhlizə
keçdi. Gözü divar saatına
sataşdı. Bir anlıq
fikirləşdi ki, görən, zaman dayanıb, ya saat yorulub yatıb?
Bu evdə vaxtın
ayağından sanki daş asılmışdı;
günlər ağır
keçirdi. Qapıdan içəri
keçən kimi sanki sükut tunelinə girirdi, tunel də uzandıqca
uzanırdı. Bir Allah bəndəsi
rəhmə gəlib qapının zəngini basmırdı. Qocadan savayı.
Heç
cür hekayəmizin qəhrəmanına çevrilə
bilməyən bu qoca haqqında bir azdan danışacam.
Azca səbirli olun.
Mobil telefonu da gün boyu bağlı
olurdu. Telefon zəngləri, nədənsə,
onu diksindirirdi, səbəbsiz yerə həyəcanlanırdı. Baş verməmiş və çox güman ki, heç vaxt baş verməyəcək
şeylərə görə
aramsız narahatlıq
hissi keçirirdi.
Onu qarabaqara izləyən təlaş hissi dincliyini əlindən almışdı.
Psixoloq yanına getdi, doktor onu diqqətlə
dinlədikdən sonra
belə dedi:
- Sizi özünüzdən
başqa heç kəs xilas edə bilməz. Dərman yaza bilərəm, amma dərmanlar aldadıcıdır. Siz xəstə
deyilsiniz, dostum. Dərmanı xəstəyə yazırlar. Sadəcə,
beyninizdə bir az səliqə-sahman
yaratmalısınız.
Bu sözlər ona
qəribə göründü. Necə yəni
beyində səliqə-sahman
yaratmalısan?
- Doktor, bunun necə
edə bilərəm?
- deyə soruşdu.
Psixiatr gülümsədi:
- Çox sadə. Bütün pis düşüncələri
beyninizdən silib atırsınız. Keçmiş haqda düşünməyi
özünüzə qadağan
edirsiniz. Nəfəs gimnastikası
ilə mütləq məşğul olun, yəni nəfəs alıb-verməni tənzimləyin.
Səhərlər qaçın, qida
rejiminizi qaydasına salın, tez yatıb erkən oyanın. Zərərli vərdişləri bir kənara qoymalısınız. Bu da sizə pulsuz
müalicə.
Pəncərə qırağında dayanıb
küçəni seyr
edir. Təkəm-seyrək maşınlar gözə
dəyir. Bulvar adda-budda
dirəklərə asılmış
fanarların işığında
uzanıb gedir. Evdə tək olsa da
darıxmır. Neçə vaxtdır qoca haqqında hekayə yazmaq istəyir, lakin heç cür fikirlərini bir yerə toplaya
bilmir.
Çevrilib yatmış saata baxdı. Bu inamsızlıq əsrində yalnız vaxta inanmaq olardı.
Vaxt insanı heç vaxt aldatmır. Bu evdə isə
saat öz vəzifəsini unutmuşdu.
O, özünü bu evdə zamanın soyuducusunda hiss edirdi. Donmuş vaxt onu da
həyatdan geri qoymuşdu. Lakin vaxt onun sinəsində, ürəyinin
döyüntülərində əks-səda verirdi.
Qoca görünmürdü. Həmişə bu vaxtlar nərdtaxta
qoltuğunda qapının
zəngini oyadırdı.
Onun gəlişilə sükut
pərən-pərən düşürdü.
Ev yiyəsi siqaret çəkməsə də
qocanın külqabısı
həmişə masanın
üstündə olurdu.
Ağlına gəlməzdi ki,
qocadan hekayə yazmaq bu qədər
çətin olacaq.
Qoca da qəribə tip idi. Hərdən oyunun qızğın
vaxtında zərləri
ovcunda oynada-oynada gözlərini qıyıb
sağa-sola boylanaraq pıçıltıyla anlaşılmaz
sözlər deyirdi.
Sanki kənardan kiminsə onun dediklərini eşidəcəyindən
ehtiyat edirdi.
- Sən heç quyruqlu ulduz görmüsən?
Bu hardan çıxdı? Ev yiyəsi
duruxdu.
- Yoox, nədi ki?
- Onu görmək adama ancaq bir
dəfə nəsib olur. Xoşbəxtlik də quyruqlu
ulduz kimidir, insanın həyatında ancaq bir dəfə
gözə görünür.
Qocanın atdığı zər şeş-qoşa düşdü.
- Bəxtin gətirdi, qonşu, - ev
yiyəsi əlini oyundan üzdü.
Qoca dünyada bütün işlərini görüb
qurtarmış adam kimi dərindən köks ötürdü və kürəyini stula söykədi. Ev yiyəsi fikirləşdi
ki, görəsən,
qoca özü quyruqlu ulduzu görüb? Qonşusu onun
sualını gözlərindən
oxudu.
- Həri, görmüşəm.
Onda mənim beş-altı yaşım olardı.
Bacım
evə qaçıb anamı çağırdı
ki, ay mama, tez gəl, göydə quyruqlu ulduz gördüm. Anam da, mən də tələsik dama dırmaşdıq. Göyün üzündə
əcaib bir ulduz parlayırdı.
Onda mən ulduzun nə olduğunu bilmirdim. Anam heyrətlə göyə
baxıb dedi:
- Bir gör necə
quyruğu var? Oğlum, sən də onu görürsən?
- Hə, görürəm, -
dedim.
Quyruqlu ulduzu görənlər çox
yaşayır, deyirlər. Amma noolsun,
çox yaşamaq da bir şey
deyil e. Budey, bu da mənim
axırım.
Qoca dişsiz
ağzını marçıldadıb
doluxsundu. Gözlərində sanki quyruqlu
ulduz parlayıb tez də söndü.
Qocanı yola salandan sonra
pəncərədən çölə,
yağan qara baxmaq həvəsi də canından çəkildi. Hekayəni hardan, necə
başlamağı bilmirdi,
bu da onun
rahatlığını əlindən
alırdı. Yazmaq - özünü
depressiyadan bu yolla çıxarmağa çalışırdı. Tərslikdən, qoca hekayəyə
yaxın düşmürdü.
Yerinə uzandı, yuxusu ərşə çəkilmişdi. Maşın təkərlərinin
tükürpədici xırçıltısına
və küt tappıltı səsinə
yerindən dik atıldı. Küçədə kimisə maşın vurmuşdu. Həmişə yağış, qar yağanda bu küçədə maşın qəzası baş verirdi. Yəqin, yenə kimlərsə bədbəxt oldu.
Bayaqdan kimsəsiz
görünən küçədə
qəfil hardansa peyda olan adamlar
qarışqa kimi qaynaşırdı. Ona elə gəldi
ki, yerdə uzanan bədənsiz kölgədir. Yuxarıdan bu
qaraltı qətiyyən
adama oxşamırdı.
Gözlərini yumub dodaqaltı mızıldandı:
- Yazıq...
Qar dənəcikləri "kölgə"nin üstünə düşürdü. Çevrilib
masanın üstünə
qoyduğu ağ
vərəqləri xışmaladı,
cırıb tikə-tikə
etdi. Kağız qırıntıları ağ göyərçintək
göydən yerə enirdi. Fənərlərin
işığında bir
dəstə qara qarğa yerə yapışmış "kölgə"nin başı üstündə fır-fır
fırlanırdı. Gecənin heç
bir rəngə bənzəməyən boyası
bütün cizgiləri
örtməyə çalışırdı.
"Kölgə" hələ də yerində bozara-bozara qalmışdı.
Gözü yenə saata sataşdı. Saat işləyirdi. Mat-məəttəl qaldı.
Qapının zəngi özünü yeyib-tökürdü. Özünü dəhlizə atdı.
Mühafizəçi oğlan
rəngi ağarmış
halda dilləndi:
- Əmi, qocanı
maşın vurdu. Siqaret almağa
çıxıbmış. Yolu keçəndə...
Heç
bilmədi ki, ağzından bu sözlər nə vaxt çıxdı:
- Sən heç ömründə quyruqlu ulduz görmüsən?..
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2022.-
17 dekabr.- S.13.