Böyük ziyalı

  

Xalid Əlimirzəyev-90

 

Hər bir xalqın mənəvi simasını, mütərəqqi ideya və əməllər uğrunda mübarizəsini ilk növbədə onun ziyalıları müəyyən edir. Azərbaycan tarixini vərəqlədikcə bir daha əmin oluruq ki, dövrün qabaqcıl ictimai-siyasi, elmi, əxlaqi təsisatını müəyyən dərəcədə şüurlara, qəlblərə çatdırmaq, millətin tərəqqisi, intibahı uğrunda fəaliyyət göstərmək missiyası daha çox zıyalıların üzərinə düşür. Xalqımızın yetirdiyi görkəmli tarixi şəxsiyyətlər, elm və incəsənət xadimləri, sözün əsl mənasında böyük ziyalılar bütün dövrlərd bu məsuliyyəti dərindən dərk etmiş, millətin işıqlı gələcəyi naminə əllərindən gələni əsirgəməmiş, ona təmənnasız xidmət göstərmişlər.

XX yüzilliyin ortalarından başlayaraq Azərbaycanın böyük ziyalı ordusunda öz vətəndaş mövqeyi, cəsarəti ilə seçilən qələm sahiblərindən biri də Xalid Əlimirzəyevdir. O, vətənini, xalqını, onun ədəbiyyatını, tarixini, mədəniyyətini, ürəkdən sevən, vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən əsl ziyalı idi.

Xalid Əlimirzəyev xalqına xidmət üçün, onun mənəvi varlığına, ruhuna daha yaxından bələd olmaq üçün ədəbiyyat sahəsini seçmişdi. Amerika yazıçısı Uilyam Folknerin dediyi kimi: "Hər insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşən yaddaşı isə yalnız ədəbiyyatdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı və milləti yaradır". Belə bir həqiqəti hələ gənc yaşlarından dərk  edən Xalid Əlimirzəyev 83 illik ömür payının böyük hissəsini ədəbiyyat vasitəsilə xalqına, onun tərəqqisinə, istiqlalına xidmət kimi ağır, məsuliyyətli və şərəfli bir işə sərf etmişdir.

O, 1932-ci ilin soyuq dekabrında Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Başı buludlara söykənən, sinəsi ilin bütün fəsillərində örpəyə bürünən qocaman Şahdağın ətəyində yerləşir Qəmərvan kəndi. Füsunkar təbiəti ilə dillər əzbəri olan bu ucqar dağ kəndi həm də özünün yetirdiyi əmək adamları, alimləri, ziyalıları ilə tanınmışdır. Belə ziyalılardan üçü kənddə sayılıb-seçilən, hörmət sahibi olan Əlimirzəyevlər nəslinin nümayəndələri idi. Bir ocağın övladları: bacarıqlı təsərrüfat rəhbəri, elin, obanın ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı Əşrəf Əlimirzəyev, dəyərli monoqrafiyaları, dərslik və kitabları, elmi məqalələri ilə tarixşünaslığımızın inkişafına mühüm töhfələr vermiş tarix elmləri doktoru, professor Xəlil Əlimirzəyev və elmi-bədii, ictimai fikrimizin formalaşmasında əvəzsiz xidmətləri ilə tanınmış ədəbiyyatşünas alim, tənqidçi, yazıçı, filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev. Bu ailənin yaşca ən kiçiyi olan Xalid Əlimirzəyev ilk təhsilini doğma kəndində almışdır. 1947-ci ildə yeddiillik Mirzəbəyli kənd məktəbini bitirib Bakıya gəlmiş, həmin il Dəmiryol Texnikumuna daxil olmuşdur. Texnikumda oxuduğu illərdə daim mütaliə etmiş, tez-tez teatr tamaşalarına getmiş, ədəbiyyat sahəsindəki yenilikləri, ədəbi prosesi maraqla izləmişdir. Artıq sonuncu kursda ali təhsil alacağına, ədəbiyyatçı olacağına qərar vermişdir.

Bakı Dəmiryol Texnikumunu müvəffəqiyyətlə bitirdikdən sonra o, 1951-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə vermişdir. Beş illik tələbəlik illərindən başlayaraq onun uzun ömür yolu bu müqəddəs tədris ocağı ilə bağlı olmuşdur.

Xalid Əlimirzəyev universitetdə təhsil aldığı dövrdə Azərbaycan ziyalılığının modeli olan, elmin sirlərini dərindən öyrədən kamil şəxsiyyət, yüksək intellekt, saf mənəviyyat sahibi olan Mikayıl Rəfili, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Məmməd  Arif kimi görkəmli müəllimlərdən dərs almışdır. Ustad müəllimlərindən Mir Cəlal Paşayevin isə onun həyatında, tədqiqatçı alim kimi yetişməsində müstəsna rolu və xidmətləri olmuşdur. Alicənablığı, xeyirxahlığı, müdrikliyi, sadəliyi ilə tələbələrin rəğbətini qazanmış Mir Cəlal Paşayev daxil olduğu ilk gündən Xalid Əlimirzəyevin mənəvi dayağı, xeyirxah məsləhətçisi, atalıq qayğısını əsirgəməyən himayəçisi olmuşdur. O, bu barədə xatirələrində yazırdı: "Universitetə daxil olduğum gündən hiss edirdim ki, Mir Cəlal müəllimin mənə xüsusi rəğbəti var. Şükürlər olsun ki, bu rəğbət illər keçdikcə daha da böyüdü, əsl dostluğa, ata-oğul münasibətinə çevrildi və mənim üçün gələcək həyat yollarımda böyük mənəvi dayaq, arxa oldu. Mən sonralar başa düşdüm ki, Tanrı məni yaradanda taleyimə Mir Cəlal müəllim adlı xilaskar bir insanın adını yazıb" ("Mənəvi borc").

Mir Cəlal müəllim sevimli tələbəsinin gələcəkdə istedadlı tədqiqatçı alim, ədəbiyyat cəbhəsinin fəal mücahidi olacağına inanmış, bu yolda hər zaman ona bələdçilik etmişdir. Diplom və elmi işlərinin (namizədlik və doktorluq) rəhbəri olmuşdur.

Xalid Əlimirzəyevin ilk tədqiqatı 1956-cı ildə "C.Məmmədquluzadənin bədii nəsrində qadın azadlığı problemi" mövzusunda yazdığı diplom işi olmuşdur. Bu mövzunu ona Mir Cəlal Paşayev tövsiyə etmiş, özünün də diplom işinin rəhbəri olacağını bildirmişdir. Mövzunun adını eşidəndə bir qədər tərəddüd edən tələbəsinə ürək-dirək verərək demişdir: "Mirzə Cəlili başa düşmək siz yaşda gənclər üçün bir qədər çətindir. Sən onun yaradıcılığını yenidən oxu. Həm də düşünə-düşünə oxu. Qoyulmuş mətləblərin mahiyyətini, yazıçının adi əhvalatlar, sadə insanların həyatı fonunda nə demək istədiyini dərk etməyə çalış. Mirzə Cəlil dünyası çox geniş bir aləmdir. Sən gələcəkdə tədqiqatçı olmaq istəyirsənsə, bu böyük sənətkarın ətəyindən yapış. O özü ilə bərabər səni də yüksəldəcək, qarşında böyük yaradıcılıq imkanları açacaq. Buna əmin olmasam, sənə bu mövzunu vermərəm". Müəlliminin dərin elmi təhlilə əsaslanan hər sözünü, tövsiyəsini həmişəlik beyninə həkk edən gənc tələbə bu mövzu üzərində həvəslə işləmişdir. Mir Cəlal müəllim diplom işindən razı qalmış, hətta müdafiədən sonra onu mükafata layiq görmüşdür.

Universiteti bitirdikdən sonra Xalid Əlimirzəyev neçə il doğulub boya-başa çatdığı Qəbələ rayonunda orta məktəbdə müəllim, dərs hissə müdiri vəzifəsində çalışmışdır. Bu illər ərzində o, universitetlə əlaqəni kəsməmiş, müəllimlərinin, xüsusilə diplom rəhbəri Mir Cəlalın tövsiyəsi ilə Bakıya qayıtmış, aspiranturaya daxil olmuşdur. Elə Mir Cəlal müəllimin təklifi ilə "Mirzə Cəlilin ədəbi-tənqidi görüşləri" adlı elmi iş üzərində çalışmışdır. Namizədlik  dissertasiyasını vaxtından bir il əvvəl bitirib "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasına təhvil vermişdir. Gənc dissertantın maddi vəziyyətinin çətinliyini öyrənən Mir Cəlal müəllim onu hələ müdafiə etməmiş işə götürmüş, hazırlıq və qiyabi şöbələrdə saathesabı dərs vermişdir.

 

Mir Cəlal Paşayev keçən əsrin 60-70-ci illərində istedad və tədqiqatçılıq bacarığına dərindən bələd olduğu, inandığı Xalid Əlimirzəyev kimi gəncləri -tələbələrini: Firudin Hüseynovu, İnayət  Bektaşini, Təhsin Mütəllimovu, Cəlal Abdullayevi, Abdulla Abbasovu, Qara Namazovu, İfrat Əliyevanı və başqalarını 1963-cü ildən rəhbərlik etdiyi "Azərbaycan ədəbiyyat tarixi" kafedrasına cəlb etmişdir. Onlar Mir Cəlal müəllimlə artıq tələbə-müəllim deyil, həmçinin yaxın dost kimi çiyin-çiyinə işləmək, birlikdə elmin sirlərini fəth etmək şərəfinə nail olmuşdular. Mir Cəlal müəllimin ətrafına toplanmış bu gənc alimlər tezliklə onun etimadını doğrultdular. Nəinki universitetdə, hətta respublika miqyasında, onun hüdudlarından kənarda  belə öz ixtisasını yaxşı bilən peşəkar müəllim, istedadlı, müasir düşüncəli alim kimi tanındılar. Əsl ziyalı kimi xalq arasında böyük nüfuz və hörmət qazandılar. Azərbaycan ədəbiyyatının, ədəbi-bədii, tarixi-nəzəri proseslərini araşdırma sahəsində böyük uğurları olan Mir Cəlal elmi-nəzəri məktəbinin görkəmli nümayəndəsi, öz müəllimlərinin layiqli davamçıları oldular. Hər zaman Mir Cəlal müəllimə sonsuz minnətdarlıq, hörmət və sevgi ilə onun adını və qoyduğu ənənələri yaşatdılar. İllər sonra  Xalid Əlimirzəyevin qələmə aldığı "Mənəvi borc"  əsəri də  belə bir ehtiramın, ustad qarşısındakı mənəvi borcun yerinə yetirilməsinin ifadəsi idi.  2006-cı ildə çap olunmuş, memuar janrında yazılmış "Mənəvi borc" kitabında görkəmli alim, yazıçı, böyük şəxsiyyət, vətəndaş, ali və yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan əsl Azərbaycan ziyalısının - Mir Cəlal Paşayevin portreti canlandırılmışdır. Bu kitab elmi ictimaiyyət tərəfindən Mir Cəlal müəllimin xatirəsini əbədiləşdirən ən dəyərli əsərlərdən biri kimi qiymətləndirilir.

1963-cü ildən Filologiya fakültəsində pedaqoji fəaliyyətə başlayan Xalid Əlimirzəyev yarım əsrdən artıq Azərbaycan ədəbiyyatı tarixindən, ədəbiyyatşünaslığın əsaslarından, ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxumuşdur. O öz ziyasını, zəngin biliyini əsirgəmədən tələbələrinə elmin sirlərini öyrətmiş, müəllimlik peşəsi ilə həmişə qürur duymuşdur.

Xalid müəllimin mühazirələri hər zaman yüksək elmi-nəzəri səviyyəsi, dərin ictimai-tərbiyəvi məzmunu ilə seçilmişdir. Əzəmətli görünüşü, alicənab davranışı, hər kəlməsinə, hər cümləsinə dilimizin incəlik və gözəllikləri hopmuş, insanı özünə cəlb edən qeyri-adi nitqi, maraqlı söhbətləri həmişə tələbələrin diqqətini cəlb etmiş, yaddaşlarına həkk olunmuşdur. Xalid müəllim öz tələbələrinin yaddaşında həm də xalqını, onun mədəniyyətini, ədəbiyyatını, tarixini, dilini sevdiyi qədər sevdirməyi bacaran, təbliğ edən, "Kitabi-Dədə Qorqud" dastanından, Nizami dühasından danışarkən, M.F.Axundzadə, Mirzə Cəlil, Sabir həqiqətlərini anladarkən Azərbaycanın müstəqilliyinə, işıqlı gələcəyinə dərin inam yaradan böyük ziyalı kimi əbədiləşmişdir. "Hələ XII əsrdə dünyaya Nizami kimi nəhəng bir şəxsiyyət, dahi söz ustadı bəxş etmiş xalqımızın keçmişindən və bugünündən gileylənməyə, əsarətə və cəhalətə boyun əyməyə haqqı, hüququ yoxdur. O, həmişə, hər yerdə, tarixin ən çətin, ziddiyyətli mərhələlərində belə başını uca tutmalı, qürurla, inamla yaşamalıdır". Belə müdrik tövsiyələri dinləyən tələbələrdən hər biri Xalid Əlimirzəyevi böyük pedaqoq, gənc nəslin azad düşüncəli, vətənini, dövlətçiliyini sevən, cəsarətli, mübariz, əsl vətəndaş, əsl insan kimi yetişməsində əvəzsiz xidmətləri olan unudulmaz müəllim kimi xatırlayır.

Xalid Əlimirzəyevin filologiya elmi sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, gənc alimlərin yetişdirilməsində də böyük əməyi olmuşdur. "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının aspirant və doktorantı olmuş onlarca gənc tədqiqatçının elmi rəhbəri, rəsmi opponenti, məsləhətçisi kimi onlara yol göstərmiş, kömək etmiş, ən mürəkkəb, mübahisəli məqamlarda arxa-dayaq olmuşdur. Ömrünü təhsilə, onun problemlərinin həllinə həsr etmiş pedaqoq kimi tanınan Xalid Əlimirzəyev, təsadüfi deyil ki, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır.

Xalid Əlimirzəyev ədəbiyyat tarixçisi və nəzəriyyəçi, tənqidçi kimi zəngin və çoxcəhədli yaradıcılığa malik olan, filologiya elminin inkişafına töhfələr vermiş alimlərimizdən biridir. Güclü elmi təfəkkürü, müstəqil mövqeyi, özünəməxsus üslubu, geniş mövzu dairəsi ilə seçilən alim klassik və müasir Azərbaycan ədəbiyyatının ədəbi-nəzəri problemlərinə, mədəni irsimizin tədqiqinə, ədəbiyyatşünaslığın və incəsənətin müxtəlif məsələlərinə dair 300-dən artıq elmi məqalənin, 350-dən çox publisistik yazının, 20-yə yaxın genişhəcmli monoqrafiya, kitab, dərslik və dərs vəsaitinin müəllifidir. Onun ilk kitabı "Ədəbi qeydlər" adlanır. 1975-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüş kitabda 60-cı illərdə dövri mətbuatda dərc olunmuş, əksəriyyəti daha çox nəzəri, problematiq xarakter daşıyan, ədəbiyyatşünaslığın, XX əsr ədəbi-estetik fikrimizin mərhələləri izlənilən məqalələr toplanmışdır. Müxtəlif illərdə çap olunmuş "Problemlər    xarakterlər dramaturgiyası", "Bədii həqiqət uğrunda", "Dramaturgiyamızda ideal və qəhrəman", "Cəlil Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri", "Kitabi-Dədə Qorqud dastanında şəxsiyyət və cəmiyyət problemi", "Nizami Gəncəvinin insan konsepsiyası", "Dramaturgiya, teatr və səhnə sənəti", "Siyasət və əxlaq", "Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları", "Mənəvi borc", "M.F.Axundzadənin ideal və sənət dünyası", "Klassiklərimizin ideal və poetik sənət dünyası" (2 cild), "Dahi sənətkar, böyük vətəndaş", "Ədəbi-tənqidi məqalələr" və s. monoqrafiya və kitablar Xalid Əlimirzəyevin ciddi elmi axtarışlarının, gərgin zəhmətinin məhsuludur. Eyni zamanda yetkin bir qələm sahibinin ədəbiyyat tarixçisi və nəzəriyyəçisi, tənqidçi kimi gördüyü işlərin, elmi yaradıcılığının nə qədər zəngin və əhatəli olduğunu göstərir. Azərbaycan ədəbiyyatına, incəsənətinə dərindən bələd olmaq, ədəbi nümunələrin mövzu, ideya və sənətkarlıq problemlərinə düzgün qiymət vermək, elmi-nəzəri cəhətdən obyektiv nəticələrə gəlmək, yeni, orijinal fikir və mülahizələr irəli sürmək bu kitabları səciyyələndirən əsas xüsusiyyətlərdir. Xalid Əlimirzəyevin elmi yaradıcılığı onun alim və şəxsiyyət məsuliyyəti, özünə, irəli sürdüyü mühakimə və hökmlərə inamı, fəal vətəndaşlıq mövqeyi, mənsub olduğu xalqa, Vətəninə sonsuz məhəbbətidir, həqiqət və ideal axtarışlarıdır.

Xalid Əlimirzəyevin elmi yaradıcılığının əsas mərhələsini dahi sənətkar Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi, tədqiq və təhlili təşkil etmişdir. Hələ tələbə ikən ustadı Mir Cəlalın bələdçiliyi ilə "böyük idrak və tərbiyə məktəbi olan Mirzə Cəlil dünyasına" (X.Ə.) yaranan maraq və sevgi Xalid Əlimirzəyevi bu sahədə yeni-yeni zirvələr fəth etməyə sövq etmişdir. O, 1964-cü ildə "Cəlil Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Cəlil Məmmədquluzadənin dramaturgiyası'' mövzusunda doktorluq işi müdafiə etmişdir. Mir Cəlal müəllimin vaxtilə müdrikcəsinə tövsiyə etdiyi kimi, tədqiqatçıların qarşısında böyük yaradıcılıq imkanları açan C. Məmmədquluzadə irsinin mükəmməl tədqiqi, sanballı elmi nəticələrin əldə edilməsi Xalid Əlimirzəyevi bir ədəbiyyatşünas alim kimi yüksəltmiş, ona elmi mühitdə nüfuz və hörmət qazandırmışdır.

Cəlil Məmmədquluzadə irsi bütün dövrlərdə geniş maraq doğurmuşdur. F.Köçərlidən başlamış bir neçə nəslə mənsub alim və ədəbiyyatşünaslar Mirzə Cəlil haqqında bir-birindən qiymətli fikirlər söyləmiş, onun bədii yaradıcılığı, ayrı-ayrı əsərləri, publisistikasına dair dəyərli məqalə və monoqrafiyalar yazmışlar. Bununla belə Xalid Əlimirzəyev Mirzə Cəlil yaradıcılığına dönə-dönə müraciət etmiş, hesab etmişdir ki, "onun milli və bəşəri keyfiyyətlərə, humanist, vətənpərvər məzmununa görə həmişə müasir, həmişə aktual olan ədəbi irsi zaman keçdikcə özünün yeni-yeni tədqiqat və təhlilini gözləyir. İctimai-ədəbi fikrimizin parlaq səhifələrindən olan C.Məmmədquluzadə yaradıcılığının öyrənilməsini müstəqillik dövrümüzün elmi-nəzəri tələbləri əsasında davam etdirmək, görülən işlərin miqyasını və idrakı mahiyyətini daha da dərinləşdirmək, müəyyən təhrif və ziddiyyətlərdən təmizləmək bugünkü ədəbiyyatşünaslığın qarşısında duran aktual vəzifələrdən biridir"(X.Ə.).  2010-cu ildə çap olunmuş 682 səhifəlik "Dahi sənətkar, böyük vətəndaş" adlı monoqrafiyada alim belə bir vəzifəni yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur. O, C.Məmmədquluzadə irsində tədqiq olunmamış problemləri, bəzi mübahisəli, qeyri-obyektiv, birtərəfli mülahizələri yenidən saf-çürük etmiş, dəqiq elmi faktlara söykənərək fundamental bir monoqrafiya yaratmışdır. Beş fəsildən ibarət monoqrafiyada Mirzə Cəlilin həyatı, ədəbi-mədəni mühiti, dramaturgiyası, bədii nəsri, "Molla Nəsrəddin" satirik jurnalı, ədibin publisistik fəaliyyəti, ədəbi-tənqidi görüşləri, yaradıcılığının sənətkarlıq məziyyətləri, bütövlükdə ictimai-bədii fikrimizin böyük bir dövrü milli və bəşəri aspektlərdən tədqiq və  təhlil olunur. Bu baxımdan "Dahi sənətkar, böyük vətəndaş" kitabı C.Məmmədquluzadə irsini daha dərindən və ətraflı öyrənmək üçün qiymətli elmi mənbədir.

Xalid Əlimirzəyev hələ gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olmuşdur. O, dərin həyati müşahidələrin məhsulu olan povest, hekayə və dram əsərlərinin müəllifidir. "Peşmançılıq" adlı ilk hekayəsi 1955-ci ildə yazılsa da, onun bədii yaradıcılıq nümunələri uzun illər sonra 2008-ci ildə kitab halında nəşr olunaraq oxuculara təqdim olunmuşdur. "Bələdçi" adlanan kitabda müxtəlif illərdə qələmə alınmış "Peşmançılıq", "Məhəbbət sorağında", "İztirabın sonu", "Qoşa məzar" kimi lirik-psixoloji və satirik üslubda yazılmış "Qərib adam", "Şöhrətovun yuxusu", "Gərək biləydin", "Ehtiyatzadə" hekayələri, mövzusu müasir gəncliyin həyatından götürülmüş, bitkin obrazlar silsiləsi yaradılmış "Bələdçi" povesti toplanmışdır. Kitabda həmçinin "Böhtan", "Zümrüd", "Yalan ayaq tutar, yeriməz", "Səadət sorağında", "Daşa dönmüş ürəklər" adlı dram əsərləri də çap edilmişdir. Bu dram əsərlərindən "Səadət sorağında" Azərbaycan Dövlət Akademik Dram Teatrının, "Daşa dönmüş ürəklər" isə Bakı Bələdiyyə Teatrının repertuarında səhnəyə qoyulmuş, böyük tamaşaçı marağı qazanmışdır.

Xalid Əlimirzəyevin müxtəlif mövzularda qələmə aldığı əsərləri onun bir yazıçı kimi tipik, yaddaqalan obrazlar yaratmaq, insanın daxili aləminə nüfuz etmək bacarığının, sadə, şirin təsvir üsulunun, cəmiyyətin problemlərinə yanaşmada vətəndaş mövqeyinin ifadəsidir. Onun bədii əsərlərindən ibarət irihəcmli ikinci kitabı - "Qarabağ harayı və ruhların üsyanı" 2015-ci ildə nəşr olunmuşdur. "Qarabağ harayı və ruhların üsyanı", "Ümid çırağı", "Kimdir müqəssir", "Ax, namərd dünya", "Babamın nəsihətləri" və b. əsərlər də forma və məzmun, dil, üslub baxımından seçilən nümunələrdir. "Qarabağ harayı və ruhların üsyanı" əsərində xalqımızın Vətən sevgisi, torpaq həsrəti, doğma yurdu mənfur düşməndən azad etmək arzusu əks olunmuşdur.

2010-cu ildə yazılmış əsərdə yazıçının xalqımızın qətiyyət, milli birlik və həmrəylik göstərərək gec-tez öz əzəli torpaqlarına qovuşacağına, haqq işində qələbə qazanacağına olan inamı Azərbaycanın igid oğullarının, qəhrəman ruhların qeybdən gələn harayına, nidasına çevrilir: "Gözün aydın, Vətən baba! Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçib. Qarabağın əsarətdə olan kəndləri, şəhərləri bir-bir azad olunur". On il sonra bu inam, bu arzu tarixi gerçəkliyə çevrildi. Bu gün qalib xalq, dövlət olaraq cəsarətlə "Qarabağ Azərbaycandır" deyirik, böyük fəxr və qürurla qələbə sevincini yaşayırıq. Düşməndən azad olunmuş torpaqlarımızın hər qarışını yenidən dirçəldirik! Əminik ki, Xalid Əlimirzəyevin, Qarabağ həsrəti ilə dünyasını dəyişmiş ziyalılarımızın, Vətən övladlarımızın ruhu şaddır.

Xalid Əlimirzəyev Azərbaycanın milli istiqlal, azadlıq və demokratiya uğrunda mübarizə tarixindəki xidmətləri ilə tanınmış qabaqcıl ziyalılardandır. O, xalq hərəkatının öncüllərindən olmuş, bir müddət "Amal" ziyalı hərəkatına rəhbərlik etmişdir. Vətənə, xalqa təmənnasız xidməti özünün həyat amalına çevirən Xalid Əlimirzəyev bir ziyalı kimi bu yolda vətəndaş mövqeyini dəyişməmiş,  öz əqidəsinə, məsləyinə sadiq qalmışdır.

Qədirbilən Azərbaycan xalqı yetirdiyi böyük ziyalısının - Xalid Əlimirzəyev adını, Vətən və millət naminə gördüyü işləri, fikirlərini, fəaliyyətini hər zaman yaşadacaq!

 

Bakı, 2022-ci il

 

Rəfayət Əlimirzəyeva

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.14-15