Uşaqlıq xatirələrim

 

Qəribə uşaqlıq yaşamışıq biz,

vaxt dindirsələr onda dinərdik.

Çətin, həm maraqlı keçib dövrümüz,

Böyük danışanda biz dinləyərdik.

 

Gedərdik buz tutmuş çay qırağına,

Qar dizə vurardı, ağrı qarına.

Qoşulub məhəllə oğlanlarına,

Hamımız buz üstə dövrə dönərdik.

 

Qışda odun-ocaq bəs etməyəndə,

Donan əl-ayağı hiss etməyəndə,

Soba evimizi isitməyəndə,

Canımız yanardı... biz isinərdik.

 

Günəş yandırardı yanağımızı,

Cızdağı çıxardı ayağımızın.

Bilməzdik itirib dayağımızı,

Bir gün o çağlardan belə enərdik.

 

Çıxardıq yüz illik tut ağacına,

Yuvalar qurardıq boz sığırçına

Bulaşıb toz basmış künc-bucağına, -

Koğuşa gizlənər, kola sinərdik.

 

Əlçatmaz gələrdi üfüqlər bizə,

Nağıl uydurardıq bir-birimizə,

Çapardıq şəhərə - parka, dənizə, -

Xəyal atımızı tez-tez minərdik.

 

Məni bağışla

 

Musa Yaqubun "Niyə gəlmisən"

şeirinə cavab

 

Enişi var, yoxuşu var hər yolun,

Elə san ki, enişinə düşmüşəm.

Qorxuram ki, səni bir görməyəm,

Son mənzilin təşvişinə düşmüşəm.

 

Elə bilmə səni atan mən oldum,

Düyünləndi adın qaldı dilimdə.

Solub gedən çiçəklərə tən oldum.

Olmadı bir ixtiyarım əlimdə.

 

Sevgi ölmür axı, yaşayır hər vaxt, -

Şirin xatirənin izlərindədir.

Səni unutmadım, gözlərimə bax, -

Sevgi bir qadının gözlərindədir.

 

Ağlayanda sevgi dərinə enər,

Güldükcə üzə çıxar istəyi.

Qadınlar bir bitməz nağıl kimidir,

Hər gecə oxunmaq olar diləyi.

 

Bir yadın yanında üşüməkdənsə,

Doğma xatirənə isindim mən .

Nağıl uydururdum səninlə, - təkcə -

Ruhumuz qovuşsun eyni bədəndə.

 

Daha kara gəlməz bəxtdən gileyim,

Düşündüm buludla, dindim yağışla.

Belə gətirmişdi mənim taleyim,

Günahsız olsam da, məni bağışla.

 

Həyat indi hardadı

 

Mənim bir səsim vardı,

görən indi hardadı?

torağay nəğməsində,

ya bulaq səsindədi?

meşə uğultusunda,

yarpaq xışıltısında?

 

Mənim bir arzum vardı,

görən indi hardadı?

bəlkə bir uşağın

top-top oyunundadı.

Ya bir qızın toyunda,

oğulun boyundadı...

 

Mənim bir qəlbim vardı,

görən indi hardadı?

bəlkə xatirələrdə,

saralan vərəqlərdə,

bir sevginin yasında,

həsrət sarısındadı...

Mənim həyatım vardı,

görən indi hardadı?

Bəlkə çox uzaqlarda,

bəlkə lap yaxındadı.

 

Mənim ümidim vardı,

görən indi hardadı?

Sən qırdın, sən itirdin?

Düzəlt, axtar, taparsan.

...Sevgini göndər gəlib

məni burdan aparsın.

 

Vətən

 

Göy dənizin dalğası bürüyür məni səs-səs,

Doğulur ürəyimdə gündə yeni bir həvəs.

 

Vətənimin eşqilə coşur, çağlayır könül,

Bir ilham qaynağına dönür hər çiçək, hər gül.

 

İllərin daş yaddaşı Qobustan qayaları,

Vəsf etməklə doyulmaz vüqarlı qalaları...

 

Dünyanın özü kimi əbədidir, əbədi,

Atəşgahım - ruhumun alov dilli məbədi.

 

Əshabi-Kəhf tarixin sirr dolu bir ayəsi,

Üç yüz illik ölümsüz bir yuxu hekayəsi...

 

gözəldir bunları duyub dilə gətirmək,

gözəldir vətəni olduğu kimi sevmək...

 

Beşbarmaq, Bazardüzü, Göyəzən, Tufan, Şahdağ,

Hər tərəfdən düşmənin gözlərinə çəkir dağ...

 

Xəzərin sahilində nazlı mələkdir Bakı,

Əsrin qızıl qanıdır coşan buruqlardakı.

 

Xeyirli, bərəkətli, verimlidir torpağı,

Bir doyulmaz nəğmədir hər gülü, hər yarpağı...

 

Fəsillər dəyişdikcə gözəl havalar gəlir,

Gözlərimin lentinə düzlər, obalar gəlir...

 

Çayları gur-gur axır, dağlarıysa qəlbidir,

Bulaqları dumduru, gözəli su qəlblidir...

 

Tükənməyən sərvəti, tükənməyən varı var,

Arpaçayı, Arazı, Kürü var, Qarqarı var...

 

Mənə cənnət vəd edib qoymasınlar minnəti,

Batabata, Göygölə vermərəm yüz cənnəti...

 

Hələ can Qarabağın tərifinə söz hanı?!

Hansı diyar yetirib Üzeyiri, Natəvanı...

 

Cıdır düzü hər kəsin görə bilmə arsuzu,

Xudafərin körpüsü, Azıx, Çətir şəlalə,

Ağdam Cümə Məscidi, Kəlbəcərdə İstisu...

 

Od burda, hava burda, torpaq burda, su burda,

Tanrının yolu düşüb bizdən öncə bu yurda...

 

Qurban dedim bu canı, ona sevgim əzəldir,

Mənim olduğu üçün Azərbaycan gözəldir.

 

Əsgər məktubu

 

Payız gəlib, açıb dağın boz-bozalaq gülləri,

Verib Vətən borcumu mən, dönəcəyəm, anacan,

Budur gəlir buludların leysanları, selləri,

Yığ gözünə, mən gəlincə gözlət, saxla yolları.

 

Gözaltım var, qismət olsa sevdiyimə çataram,

Mən bir ev-eşik qurar, başlara baş qataram,

Subaylığın daşını ta birdəfəlik ataram,

Gün sayıram, dua ilə keçirirəm illəri.

 

Savaş çıxdı, göz yummadıq, gecə oldu, dan keçdi,

Vaxt oldu ki, neçə saat sanki bircə an keçdi,

Kimisindən mənim kimi, güllə gəlib yan keçdi,

Kimisinin qaldı yerdə yetimləri, dulları.

 

Hərdən axan bulaqlara qoşuluram, axıram,

Qoşa uçan qumrulara həsrət ilə baxıram,

Xudafərin körpüsünə bir addımlıq yaxınam,

Ey Savalan küləkləri, sovur artıq külləri...

 

Azad oldu yad əllərdən Qarabağın yaxası,

Ocaq yanır, kömək gözlər Səhənd dağın arxası,

El qovuşar, yenə gələr toy-düyünün dalğası,

Naxışlanar gül qızların o xınalı əlləri...

Yığ gözünə, mən gəlincə saxla, ana, yolları.

 

Adilə NƏZƏR

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.16.