İtirilmiş kəndin elegiyası
Azərbaycan
ədəbiyyatında öz səsi, sözü və izi olan
Əlabbasın "Köçəri quşların nəğməsi"
adlı kitabında (Ankara, "Bengü" nəşriyyatı,
2022) toplanmış əsərlər indi tarixə
çevrilmiş təzadlarla dolu bir dövrün rəngarəng
insan mənzərələrini bir araya gətirir.
Əlabbasın
zəmanəyə qiyam qaldırdığı 1980-ci illərin
əvvəli, əslində, tariximizin böyük bir
epoxasının sonunun başlanğıcı idi. Artıq
Sovet cəmiyyətinin həm siyasi və iqtisadi, həm də
mənəvi süqutu yetişmişdi. Həmin illər elə
ədəbiyyatın özündə də yeni bir keyfiyyət
mərhələsinə keçid dövrünün ərəfəsi
idi.
Ədəbiyyatın
və oxucunun üzərində böyük təsiri olan
"altmışıncılar" deyilən ədəbi nəslin
yaradıcılığında dərin tərəddüdlər
müşahidə olunurdu. Nəsrdəki lirizmlə tarixin ləngərli
gedişatı arasındakı ahəng pozulmağa doğru
gedirdi. Bir qədər sonra İsa Hüseynov
"altmışıncılar" üçün manifest səciyyəsi
daşıyan "Yanar ürək"dən imtina edəcək,
ortaya "İdeal"ı qoyacaqdı. O, bununla təkcə
bir romandan deyil, "altmışıncılar"ın
kredosundan, poetik sistemindən, düşüncə tərzindən,
hətta öz yazıçı kimliyindən də imtina edəcəkdi:
yazıçı missiyasını və idealını
Muğanna təxəllüsü ilə axtaracaqdı.
Bütöv
bir epoxanın "Qiyamət"inin (Çingiz Aytmatov)
qopmasına, "Qətl günü"nün (Yusif Səmədoğlu)
gəlməsinə, "Ölüm hökmü"nün
(Elçin) verilməsinə az qalırdı.
Ancaq hələ
1970-ci illərin qurtaracağı idi. Universitet məzunu,
öz doğma yurdunda ana dili və ədəbiyyat müəllimi
işləyən Əlabbas kənddəki dəyişmələri,
cəmiyyətdəki ictimai-əxlaqi metamorfozları, ən əsası
da həyatla ideal arasındakı təzadları birbaşa
"hadisə yerində" müşahidə edir və
onları bədiiləşdirməyə
çalışırdı.
Nəsrimizin
"Köhnə kişi"si belə yarandı.
Bu povestdə
Əlabbasın yazıçılıq fərdiliyi zamanın
hekayəsini yaratmaq, qaldırdığı ictimai və əxlaqi
problemləri bədii düşüncə ipinə düzə
bilmək və mətnlə oxucunun ünsiyyətini qurmaq
bacarığında idi. Təcrübəsiz Əlabbas ədəbiyyata,
bəlkə, özü də tam fərqində olmadan usta təhkiyəçi
kimi gəlmişdi. "Köhnə kişi"də, eləcə
də bu kitabdakı digər əsərlərdə oxucunun diqqətini
insan xarakterləri qədər müəllifin, sözün
yaxşı mənasında, "uydurduğu" sərgüzəştlər,
xarakterlərin təbiətindən gələn əhvalatlar cəlb
edir.
Oxucuya təqdim
olunan əhvalatlar ictimai həyatda gedən proseslərin məntiqi
kontekstindən doğduğuna görə müəllif sanki mətni
və mətndə baş verənləri kənardan
müşahidə edir, oxucu mətni öz mülahizəsinə
uyğun qavrayır və yenidən "yaradır".
Yaşı altmışı haqlamış Muradın
mühafizəkar kənd mühitində ərə təzə
getmiş qadınla - Qaratellə sevgi macərası bu povestin
mətnindən kənarda inandırıcı görünməyə
bilər. Lakin mətnin təqdimatı bu nataraz münasibətə
bəraət verir, natarazlığın yaratdığı
faciə əsaslandırılır. İflas etmiş ictimai
münasibətlər, mahiyyətini itirmiş əxlaqi dəyərlər
faciənin səbəbi kimi qavranılır. Mərdi qova-qova
namərdə çevirən zamanın içində
Muradı oxucu şəraitin qurbanı kimi tanıyır.
Əslində, Muradın hərəkəti, xüsusilə ailəsinə,
fədakar həyat yoldaşına, övladlarına xəyanət
edib, qızı yaşında qadına uyması mahiyyətcə
ikrah doğuran hadisədir. Lakin müəllif bu hadisənin
üzərində əvvəldən sonadək maraqla izlənilən
təhkiyə qurur, oxucu ilə təhkiyə və təhkiyəni
şərtləndirən həyat, ictimai münasibətlər
arasında mütənasib ünsiyyət yaranır.
Qızlığı,
qadınlığı, insanlığı, taleyi doğma
qardaşı tərəfindən alverə qoyulan Qaratelin
özündən qırx yaş böyük Murada
sığınması onun öz mühitinə etirazı,
qiyamı idi. Vaxtilə kolxozun sədri işləmiş, lakin
Qaratelin qardaşı Səfi başda olmaqla namərd dəstəsinin
əli ilə "vurulmuş" Murad da bu yöndəmsiz
addımı atanda - Səfinin bacısına meyil eləyəndə
qarşısındakı namərd dəstəsindən intiqam
alacağını düşünmüşdü.
Ancaq qiyam
mənəvi dəyərləri iflas etmiş cəmiyyətin
qurbanları olan Muradın və ailəsinin, eləcə də
Qaratelin faciəsinə çevrilir. Qardaşının təzyiqi
ilə zorla prokurorun qohumuna ərə verilən, lakin tezliklə
özünün satlığa qoyulduğunu dərk eləyən
Qaratel qardaşının dözülməz fiziki işgəncələrinə
məruz qalır, Murad isə səbəbi oxucuya da,
özünə də bəlli olmayan bəhanə ilə həbs
edilir.
Muradın
ailəsi, sözün həqiqi mənasında, ortada qalır.
Bir yandan mühitin tənələri, bir yandan da daxili vicdan əzabı
Qarateli faciəvi qəhrəmana çevirir. Beş qızla
bir damın altında qalmış Gülab - Muradın
arvadı doğuş zamanı öləndən sonra
Muradın kimsəsiz qalmış övladlarına Qaratel
sahiblik edir. Beləliklə, "namus təəssübkeşi"
olan cəmiyyətin gözdən saldığı Qaratel, həmin
cəmiyyətin itirməkdə olduğu "köhnə
kişi" dəyərlərinin daşıyıcısı
kimi diqqəti çəkir. İkili standartlarla yaşayan, Səfiyə
və prokurora baxanda şərəfsizliyə göz yuman,
Qaratelə və vəzifədən uzaqlaşdırılmış
Murada baxanda "namus damarı tutan" cəmiyyətdə ərinə
xəyanət eləyən Qaratelin hərəkəti əxlaq
meyarı səviyyəsinə yüksəlir.
"Gümüşü
gecələr" povestinin də əsas "tədqiqat"
obyekti, problematikası kəndin mənəvi iflasa
düçar olmasıdır. Görünür, bu, fərdlərdən
asılı olmadan tarixin yetişdirdiyi bir gerçəklikdir,
tarazlığın pozulmasından irəli gəlir.
İlk
ciddi qələm təcrübəsində Əlabbasın
qaldırdığı əsas ictimai problemlərdən biri də
kəndin şəhərləşmə qarşısında
çarəsiz vəziyyətə düşməsi, kəndin
əsrlərdən bəri mühafizə etdiyi dəyərlərinin
silkələnməsi, yerindən qopması idi. Kənd öz
müvazinətini itirməyə məhkum edilmişdi. Bu,
zamanın verdiyi rəhmsiz hökm idi. Əlabbas buna
qarşı qiyam qaldırmış və
yaradıcılığının ilk dövründə
"Qiyamçı" adlı nəsr əsərini
yazmışdı.
"Qiyamçı"da
təqdim olunan hadisələrin baş verdiyi tarixin özü
mürəkkəb və qarışıq olduğu kimi, təhkiyə
də yumaqdan sökülən ip kimi qarışıq
düşür, obrazların xarakterləri, düşüncələri,
hiss və duyğuları qrafik rəsm əsərində
olduğu kimi dolaşıq salınmış cizgilərin
labirinti içində verilirdi.
"Köhnə
kişi"də də qrafik rəsm elementlərindən
yerində və ustalıqla istifadə olunub. Həbsxanadan
qayıdan Muradın əhatəsindəki "çəpər
elə bil baş bitirmişdi, gətirdiyi bar sifət
idi...". "Muradın dönməyini görcək, nədənsə,
o adamlar bir nəfər kimi tez-tələsik çəpərdən
gödək oldular...". Tək-tək sifətlərin deyil,
sifətləri tanınmayan baş(lar)ın da təqdimatı
- zamanın ümumiləşdirilmiş mənzərəsini
yaratmağa xidmət edir. Fərdlər deyil, kütlə,
çoxluq zamana qarışıb itir...
"Gözmüncuğu"
povestində kəndin qəmli nəğməsi iki yeniyetmənin
sevgisi işığında canlandırılır. Kənd
insanlarının təbiətindən doğan lirizmlə
yumorun bir-birinə qaynayıb-qarışdığı,
gülüşlə hüznün bir-birini üzvi şəkildə
tamamladığı bu povestdə də kəndin
başının üstünü almış məhkumluğa
daxili müqavimət, dilə gətirilməyən etiraz
duyulmaqdadır. Kənddən şəhərə gedib kəndə
şəhərli kimi qayıdanlar kəndin içində nə
qədər yad və əhəmiyyətsiz görünsələr,
lağlağı hədəfi olsalar belə, kənd
başını onların arxasınca çevirmək, onlar
gedən tərəfə boylanmaq zorundadır. Artıq ilmələr
sökülmək ərəfəsindədir. Şəhərdən
gələn açıq-mixəyi rəngli "Volqa" - o
dövrün ən dəbdəbəli minik avtomobili kəndin
gözmuncuğunu, Turacı və onun anasını kənddən
köçürüb şəhərə aparır...
Turacla bir
həyətdə, eyni məhəllədə böyüyən
Tale qızın arxasınca stansiyaya gedən yola
düşür. Əhvalatın dramatik tərəfi isə
budur ki, sevdiyi insanın qarasına düşüb şəhərə
yola çıxan Taleyi "doğma diyarın bənzərsiz
mənzərələri, yasəməni rəngə
çalan qayalıqları, dərə və düzənləri"
daha "öz qoynuna səsləmir"...
Zamanın
gətirdiyi ictimai gərilmələr təkcə
insanların həyatını dəyişmir, həm də təbiətin
tarazlığını, təbiət-cəmiyyət
münasibətlərini laxladır, yerindən oynadır,
insanlar kimi təbiətin də faciəsinə yol
açır. Bunun bədii ifadəsini "Təpəl"
povestində görürük. Kənd həyatına, kəndli
məişətinə, kəndin yaddaşında yaşayan qədim
adət-ənənələrə, söz və ifadələrə
dərindən bələd olan Əlabbas bu əsərdə
etnoqrafik etüdlər yaratmağa aludə olmadan sözü nəsr
təhkiyəsinə düzməyə üstünlük verir
və bununla da həm əsər, həm yazıçı, həm
də oxucu qazanır. "Təpəl"də təhkiyə
iki baxış bucağından təqdim olunur. Mətn bir tərəfdən
müəllifin təqdimatında Təpəl buğanın
"tərcümeyi-halına" - doğulduğu gündən
ölməyə gəldiyi günəcən yaşadıqlarına
işıq tutur. "Mətn içində mətn" kimi
verilən digər hekayə isə kolxoz naxırının
qaydalarına alışa bilməyən buğanın
naxırdan uzaqlaşıb, yenidən öz doğulduğu həyətə
qayıtmağını, yol boyunca başına gələn
dramatik macəraları əks etdirir.
"Mən
deyirdim axı, buğa bura ölməyə gəlib, -
qocalıb əldən düşmüş Nurməmməd
kişi doğmaca adamını itirənlər kimi pencəyinin
qolunu gözünə basıb, səs-küyə həyətə
yığılan qonum-qonşuya başa salırdı, -
deyirdim axı mən...".
Povest bu
cümlələrlə bitir. Əslində isə mətnin
poetik enerjisi ilə oxucu təması buradan başlayır. Bu
povestdə kolxoz naxırında özünə yer tapa bilməyən
buğa metafora kimi qavranılır. Sahibinin qapısına
ölməyə gələn Təpəl təbiətlə cəmiyyət
arasında paralel gedən prosesləri əyaniləşdirən
bir obraz kimi maraq doğurur. Mətnin alt qatında Təpəlin
ölümü ilə "köhnə kişi" dəyərləri
arasında genetik bir bağlılıq olduğu
düşüncəsi də yer alır...
Dəyərlərinə
arxa çevirən kəndin yetirmələri şəhərdə
də özünə yer tapa bilmir. Artıq XXI əsrin bədii
faktı olan "İkinci oğul" povestində kənddən
şəhərə gələn gəncin başına gətirilənlər
qələmə alınıb. Müəmmalarından gec
baş açdığı şəhər Məzlumu -
şəhərdəki dostlarının bu adla
tanıdıqları saf kəndli oğlanı namussuz bir
ömür yaşamağa məhkum eləyir. Halbuki həmin
oğlanın atası vaxtilə namus üstündə
azadlığından keçib.
Əlabbasın
kəndli obrazı şəhərdə qoltuq altında
sıxılsa da, içində "Məni binamus elədiyiniz
bəs deyil, indi də qeyrətimlə, kişiliyimlə alver
eləyirsiniz?!" qiyamı baş qaldırsa da, zamanın və
öz vicdanının məhkumluğundan azad ola bilmir...
***
Bu gün
nə Əlabbasın dəyərlərini özünə
qaytarmaq istədiyi, uğrunda qiyam qaldırdığı o kənd
var, nə də o insanlar. Əlabbasın povestləri isə
itirilmiş kəndin ağrı dolu elegiyaları kimi səslənir.
Həmin kəndin də, həmin insanların da hekayəsi ona
görə böyük maraq və qüssə doğurur ki,
müəllif o zamanın tarixini bədii sözə
çevirib, sözün yaddaşına həkk eləyib. Bədii
sözün sehri də elə bundadır.
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 17
dekabr.- S.17.