Türkün tarixinə işıq salan pyeslər  

 

Yunus Oğuzun pyesləri haqqında

 

Tarixi romanlar müəllifi Yunus Oğuzun yaradıcılığında dramaturji xətt də önəmli mövqeyə malikdir. Onun tarixi mövzuda qələmə aldığı "Attila", "Altun dəftər", "Nadir şah" pyesləri yazıçının yalnız tarixi roman janrında deyil, dramaturgiyada da öz dəst-xətti ilə seçildiyinin bariz sübutudur. Türkün tarixində işıqlandırılmayan, qaranlıq qalan, zaman-zaman gizlədilən bir sıra məqamlar mövcuddur. Yunus Oğuzun tarixi romanları və pyesləri məhz bu məqamlara işıq salır.

"Attila" pyesi. Yunus Oğuzun 2008-ci ildə çap olunan "Attila" pyesinin ideoloji əsasını müəllifin 2007-ci ildə işıq üzü görən "Türkün tarixinə yeni baxış" adlı elmi tədqiqatı təşkil edir. Yazıçının daha sonralar yaradıcılığından qırmızı xətt kimi keçəcək ideoloji məqamlar "Attila" əsərində rüşeym halında öz əksini tapıb. Yunus Oğuzun tarixi mövzuda ilk əsəri olan "Attila" milli kimlik və türkün tarixi, tarixin türkə münasibəti kimi məsələlərin həlli baxımından uğurlu debüt idi. "Attila" pyesində böyük Hun sərkərdəsi Attilanın Qərbə yürüşləri fonunda türk tarixinin şanlı səhifələri işıqlandırılır. Hun sərkərdəsi Attilanın qarşısına qoyduğu əsas məqsəd əcdadları iskitlərin şanlı tarixini yenidən yazmaq, Xəzərdən sonuncu dənizə qədər əraziləri hun hakimiyyəti altında idarə etməkdir. Qərbdə "tanrının qırmancı" adlandırılan Attila şaman Atakamın onu imperator olacağı ilə bağlı kəhanətini reallaşdırır və Böyük Hun İmperatorluğunun əsasını qoyur. Attila sözün böyük mənasında TÜRK-dür. O, yaxşı başa düşür ki, türkün var olması və tarixdə hökmran kimi qalması üçün onun kökünü, keçmişini bilməsi və bu bilgini nəsillərdən keçirib gələcəyə daşıması vacibdir. Aesiy türklərin qədim kökləri haqqında topladığı məlumatı Attilaya təqdim edir. Bu iki sərkərdə arasında baş tutan dialoq türkün gizli tarixinə işıq salır, oxucunu dərindən düşünməyə və tarixi sorğulamağa vadar edir:

"Aesiy (müdrikcəsinə): - Sizin kökünüz çox uzaqlara və qədimlərə gedib çıxır. Siz özünüzü iskitlərin nəvəsi hesab edirsiniz, amma kökünüz daha dərindir… Sizin qədim tayfalar Xəzər, Aralıq və Qara dənizlərinin bütün sahilində məskunlaşmışdılar. Onları gah turuklar, gah kimmerlər, gah iskitlər adlandırıblar. Bunları mənə verilən mənbələrdə oxudum.

Attila fikrə dalır:

- Ulu babam Oktar deyərmiş ki, bir zamanlar sən adlarını çəkdiyin ərazilər Turan adlanırmış, düzdürmü bu?

Aesiy: - Düzdür. Bax, bir zamanlar Troyanı idarə edən kralın tayfası Turşa adlanırdı. Elə Troya kralının oğlu, Axillə vuruşanı deyirəm, GOKTAR adlanırdı.

Attila: - Necə də ulu babamın adına oxşardır: Oktar - GOKTAR.

Aesiy: - Elədir, hunların xaqanı. Bunlar bir kökdəndirlər. Sonradan - Troya dağıldıqdan sonra Turşa tayfası indiki Roma ərazisinə getdi və Romanın əsasını qoydu. Onlar özlərinə etrusk, biz isə onlara tirsenlər deyərdik.

Attila: - Bəs bunlar niyə gizlədilir?

Aesiy gülə-gülə: - Onsuz da zaman-zaman öz yerlərinizə qayıdırsınız, daha nə istəyirsiniz?".

Pyesdə müəllif Roma sərkərdəsi Aesiy ilə Attilanın dostluğu fonunda dövrün reallıqları və insanın seçim qarşısında düzgün qərar vermək qabiliyyəti önə çəkilir. Attila və Aesiy bir-birlərinə nə qədər sadiq olsalar da son nəticədə hər biri öz vətənini seçir.

Yunus Oğuz bu pyesdə də öz ənənəsinə sadiq qalaraq Azərbaycanın Turanın ayrılmaz bir hissəsi olduğunu vurğulayır. Pyesdə Attilanın imperator Feodosiyə Qarabağ atı bağışlaması səhnəsi məhz bu məqsəddən doğur:

"II Feodosiy (Edikaya): - Yeri gəlmişkən, hunların xaqanı bu at cinsini hardan tapıb?

Edika: - Qarabağdan gətizdirib, hökmdar! Bu atlara Qarabağ cinsi deyirlər.

II Feodosiy: - Bu Qarabağ deyilən yer hardadır? Heç zaman Qarabağ cinsi haqqında eşitmədim.

Edika: - Qarabağ Xəzərin qərb sahilində yerləşən Alban ölkəsində albanların tacının zümrüdüdür. Tarixən albanlarla əqrəba sayılırıq. Dilimiz və inancımız birdir, hökmdar".

Pyesdə Bizans imperatoru Valentinin dilindən verilən sözlər hunların tarixi portretini bütün cizgiləri ilə əks etdirir. Yunus Oğuz Attilanı yalnız sərkərdə və hökmdar kimi yox, həm də müdrik, uzaqgörən siyasətçi kimi təsvir etmişdir. O, hunlar arasında baş verə biləcək ixtilafları öncədən hesablayır, Roma və Bizans imperiyasının hərbi və siyasi gedişlərini qabaqlayaraq xalqının qələbəsini təmin etməyə nail olur.

Pyesdəki Attilanın son çıxışı bütün türk milləti üçün əsrlərdən qopub gələn və hun oxu kimi gələcəyə tuşlanan bir vəsiyyətdir: "Ehe… e… e… y! Ulusum! (sərkərdələr toplaşırlar). Babalarımızın bizə miras qoyduqları torpaqları birləşdirib qurtardım. Mən Attila Muncuq oğlu pərən-pərən salınmış tayfaları, insanları bir yerə topladım, imkan verdim onlar özlərini göstərsinlər. Göstərdilər də. İndi sizlər ulus olaraq bir orduya çevrilmisiniz. Mənim üçün bir məsələ daha da aydın oldu ki, babalarımızın dediyi kimi, gücümüz birlikdədir. Nə qədər ki, birik, o zaman gücümüzdən hər kəs qorxacaq, bizə hörmət edəcəklər. Yox, elə ki, bölündük, bizi məhv etmək üçün üstümüzə yeriyəcəklər, özününküləşdirəcəklər. Ulusu məhv edə bilməyən düşmən içimizdən satlıq adamlar axtaracaq, onu ələ almaq istəyəcək, ulusu bölməyə çalışacaqlar… … Ulusum, bütöv ol, vahid ol! Fikrində, əməlində, sözündə bir ol! Necə ki, Göy Tanrımız bütövdür. Mən sizi bütövləşdirdim, vahid bir ulus etdim. İndi qarşımıza çıxa biləcək bir qüvvə yoxdur. İndi Romanın qapıları bizim üçün açıqdır…".

Yunus Oğuz bu pyesdə yalnız tarixi hadisələrin bədii əks-sədasını əks etdirməklə kifayətlənmir, həmin dövrün siyasi panoramını da təqdim edir.

"Altun dəftər" pyesi. Tarixin ən böyük sərkərdələrindən biri olan Çingiz xanla bağlı mifik bir ehtimalın əsasında qələmə alınan "Altun dəftər" pyesinin əsas qayəsi türkün tarixinə zaman-zaman uzanan yad əllərin və onların törədə biləcəyi əməllərin ifşasıdır. Pyesin ilk səhnəsi XX əsrdə cərəyan edir. Monqolustanın qədim paytaxtında arxeoloqlar qazıntı ilə məşğuldurlar. Yunus Oğuz arxeoloqların tədqiqat səhnəsində maraqlı bir epizod təqdim edir:

"II arxeoloq: Hə. Orası elədir. Bu xəritə çox qədim bir arxivdən alınıb. (Astadan) Görürsənmi bizə nəzarət edənləri? Biri amerikalıdır, o birisi yapon, digəri isə rusdur. Səncə, bunları birləşdirən nədir?

I arxeoloq: (çiyinlərini çəkir): Bilmirəm. Səncə, nədir?

II arxeoloq: Mən də dərinliklərinə qədər bilmirəm. Amma onu bilirəm ki, xəritəni alan amerikalı, ekspedisiyanı maliyyələşdirən yapon, qazıntıya icazə verən isə ruslardır".

Çingiz xanın qəbrini axtaran arxeoloqların söhbətindən millətlərin əsl tarixini və "Ölümsüzlüyün sirri"ni özündə ehtiva edən "Altun dəftər"in varlığı ilə bağlı ehtimal ortaya çıxır. Hər üç nəzarətçinin bu ehtimala münasibəti onların əsl niyyətini ortaya çıxarır:

"Yapon nəzarətçi (sevincək halda üzünü yana tutur və öz-özünə deyir): Bu lap yaxşı oldu. Bütün dünyanın turistlərini bura cəlb edib, təkcə Çingiz xanın qəbrini deyil, həm də "Altun dəftər"i göstərmək olar. Buradan nə qədər qazanmaq olar...

Amerikalı nəzarətçi (üzünü yana tutur): Bu yaxşı oldu. Əgər onun dediyi kimi olarsa, yəni bu kitab mistik bir kitabdırsa, o zaman dövlətimiz daha güclü ola bilər. Hər halda bu kitabı axtarmaq lazımdır.

Rus nəzarətçi (üzünü yana tutur): Bu "Altun dəftər" tapılsa, Rusiyanın tarixi alt-üst olacaq".

Lakin türkün tarixini qıfıllı qapılar ardında həbs etsələr də, gizlətməyə çalışsalar, təhrif etsələr də TÜRK hər zaman tarixdə öz yerini tapır. Çünki o, "Tanrının döyüşən ordusudur", savaşdan, sönməz ruhdan və zəngin mənəviyyatdan yoğrulub. Onun ölümsüzlük dərmanı hansısa qəribə, möcüzəvi iksir deyil, onun mahiyyəti, özüdür, məhz türk olması, bu türklüyü qoruyub saxlamağı bacarmasıdır. Buna görə Çingiz xanın Batıya ünvanladığı vəsiyyət-namədə yazılır: "Sevimli nəvəm Batı xan! Əgər sən bu vəsiyyəti oxuyursansa, deməli, sənin atlarının ayaqlarını "Sonuncu dəniz"in suları yuyur. Deməli, sən dünyanın cahangirisən. "Sonuncu dəniz"ə çatmaqla sən mənə də, özünə də "ölümsüzlük" qazandırdın. "Ölümsüzlük" belə olur".

"Nadir şah" pyesi. "Nadir şah" pyesi səhnəyə qoyulduğu vaxtdan etibarən tamaşaçıların rəğbətini qazanmışdır. Yunus Oğuz zaman-zaman bədii əsərlərdə təhrifə uğramış Nadir şah obrazını tarixi faktlar əsasında yenidən, yeni baxış və yeni kontekstlə yaratmışdır. Əsərdə böyük türk sərkərdəsi və siyasi xadimi kimi təqdim olunan Nadir şahla Nizamül-Mülkün dialoqunda Yunus Oğuz çox vacib bir məqama toxunur:

"Nadir şah: - Xoş gəldin, Nizamül-Mülk bəy!

Nizamül-Mülk: - Şahım, ömrün uzun olsun!

Nadir şah: - Çox sağ olun! Turan ideyasından hələ əl çəkməmisiniz ki? Sizin dediyiniz Turanı yaratmaq istəyirəm.

Nizamül-Mülk: (gülümsəyir) - Şahım, Turan ideyası əvvəl başlarda, yəni beyinlərdə həll olunur, sonra qılınclarda.

Nadir şah: - Mən heç nə anlamadım, Turanı quran qüvvə ki, qılıncdır.

Nizamül-Mülk: - Şahım, sənin əsgərlərindən neçə nəfər Turan uğrunda vuruşur?

Nadir şah: - Mənim əsgərlərim mənim uğrumda vuruşur.

Nizamül-Mülk: - Bax, məsələ də elə bundadır. Nə qədər ki, beyinlərdə dəyişikliklər etməmişik, belə də olacaq. Məfkurədə dəyişiklik etmək lazımdır, şahım. Allah eləməsin, sizə bir şey olsa, başınızdakı məfkurə ilə yerdə torpağa gömüləcəksiniz. Hər şey insanların yadından çıxacaq".

Yunus Oğuzun bu pyes vasitəsilə çatdırmaq istədiyi əsas ideya da məhz budur: Türkçülüyün lokallıqdan qurtulub Böyük Turanın yaradılmasına xidmət etməsi üçün ideologiyanı inkişaf etdirmək, beyinlərə hökm etmək lazımdır.

Yunus Oğuzun pyeslərinə nəzər saldıqda ilk diqqəti cəlb edən onun qəhrəman seçimidir. Yunus Oğuz tarixi dövrü, qəhrəmanı elə-belə seçmir, yazıçı bu seçimi xüsusi konsepsiya əsasında həyata keçirir. Məqsəd türkün minillik tarixini müasir nəsr aynasında oxucuya təqdim etməkdir. Yunus Oğuzun pyeslərində düşünülmüş, nizamlı, möhkəm struktur mövcuddur. Bu tarixi pyeslərdə yüksək bədiilik, obrazların incə bədii səciyyəsi var, müəyyən magik-mistik elementlər var, amma Yunus Oğuzun qələmindən çıxan istənilən əsər möhkəm struktura malikdir, onun təqdim etdiyi bədii mətndə hər şey konkretdir, hər sözün, hər cümlənin, hər hadisənin strukturda müəyyən, özəl yeri var. Mətnin hər bir elementi öncədən düşüncə süzgəcindən keçirilərək həmin tarixi dövrün enerjisinin ötürülməsinə xidmət edir.

 

Elnarə QARAGÖZOVA

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.19.