Çingiz Dağçı və "Yurdunu kayb edən adam"ın

Türküstan, istiqlal və milli kimlik sevdası

 

"Əsərləri hansı dilə tərcümə olunur-olunsun, Çingiz Dağçı xalq tərəfindən, özünəməxsus dili və mədəniyyəti olan insanlar tərəfindən seviləcək. İstər fransız və özbək, istər ingilis və tacik, istərsə alman və hindistanlı, istərsə də ispan və türkmənlər... Amma heç bir sistem, xüsusən də milli-şovinist sistem onu tanımayacaq və sevməyəcək. Yazıçının ana dilində danışan o sistem də onu xalqı sevdiyi üçün sevə bilməyəcək. Çünki o, Böyüklükdür! Çünki o, Çatırdağ qədər böyükdür. Çatırdağı hamı sevir, lakin onun zirvəsinə hamı qalxa bilmir, amma hər kəs onun iti daşlarına, vadidən keçən kimi getməyə mane olan sıldırım qayalarına fəlsəfi yanaşacaq. O, siyasətdən yuxarıdır, siyasətdən kənardır. Türkiyə türkləri onu özünəməxsus şəkildə sevir", əsərləri tədris proqramlarına salınır, romanları böyük tirajlarla nəşr olunur və geniş miqyasda təbliğ edilir. Çünki o, Türk dünyasının dev yazarı Çingiz Dağçıdır...

Adətən yazarlar yaşantılarını - könül ağrılarını, kədər və sevinclərini qələmə alır, öz duyğu və düşüncələrini, əslində özlərini, kimliklərini yazırlar. Beləliklə də onların əsərlərindən boyaboy içindəki "Mən" görünür... "Yurdunu kayb edən adam" romanının müəllifi Çingiz Dağçı da həmin əsərdə məhz özünün mükəmməl obrazını yaradıb və bu obrazla da milyonlarla oxucunun sevgisini qazanaraq könüllərdə taxt qurub. Romanın baş qəhrəmanı Sadık Turanın prototipidir Cingiz Dağçı... O, ədəbiyyatda ağrı obrazını yaradan, Krım, Krım tatarları, ümidsizlik, vətənə, doğma torpağa sevgi, haqq-ədalətə inam, tatar ruhunun ucalığı, gözəlliyi və s. kimi taleyüklü məsələləri əsərlərində əsas mövzu olaraq önə çıxaran və 200 ildən artıq bir zaman içərisində Krım tatarlarının başına gətirilən faciəli hadisələri tarixləşdirən, unudulmaqdan xilas edən bir Krım türkü, böyük yazardır... Milli özünüqoruma, özünüdərk və özünütanıma mövzusunu ürəyinin qanı ilə qələmə aldığı əsərlərdə Krım tatarlarının deqradasiyasının, onların rusdilli biokütləyə çevrilməsi prosesinin qarşısını almaq uğrunda mübarizə aparan, bütün ömrü boyu Krım tatarlarının milli mənlik şüurunun formalaşmasına çalışan bir Krım, ana torpaq, millət sevdalısıdır...

Bəs 1957-1966-cı illərdə bir-birinin ardınca qələmə aldığı "Yurdunu kayb edən adam", "Onlar da insandı", "Ölüm və qorxu günləri", "Mənim kimi biri", "Korkunc yıllar", "O topraklar bizimdi", "Yansılarım I-VI" və b. roman və xatirələrində oxucuya savaşın iç üzünü açan, insanın insana etdiyi zülmün vəhşətini anladan yazarın bütün əsərlərindən yansıyan zülm, ağrı obrazını yaradan nədənlər hansılardır?..

Bu sualın cavabını almaq üçün tarixə qısaca ekskurs edək. XIII və XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq çölünə doğru irəliləyən Tatar qəbilələri köçəri həyatlarını buraxaraq Krıma yerləşirlər. Qızıl Ordanın süqutundan sonra bu bölgədə başlayan hakimiyyətqurma yarışını dünyaca ünlü türk hökmdarı Çingiz Xanın oğlu Cucinin kiçik oğlu Toka Teymur soyundan gələn və tatarları idarə edən XV əsrin əvvəllərində Litvada doğulmuş I Giray  qazanır. I Giray böyüdükdən sonra, Həcc ziyarətinə gedərək Hacı titulunu da qazanır və XV əsrin əvvəllərində ""Şirin" qəbiləsinin köməyilə Krımda hakimiyyət qurur. 1441-ci ildə adına pul kəsdirir". Buna görə də "Krım xanlığının quruluş tarixi 1441-ci il olaraq qəbul edilir...".

Lakin Krım xanlığı 1475-ci ildən 1774-cü ilədək, yəni Kiçik Qaynarca sazişinə qədər Osmanlı İmperiyasına bağlı qalır. Belə ki, I Hacı Giray xan dünyasını dəyişdikdən sonra onun oğulları Məngli ilə Nur Dövlət arasında taxt uğrunda döyüş baş verir. 1475-ci ildə bölgəni ələ keçirən Gədik Əhməd Paşanın vasitəsilə Osmanlılar vəziyyəti ələ alır və Məngli Gəray xan elan edilir. Düz 299 ildən sonra, Osmanlı-Rusiya müharibəsində Bessarabiya (1770), Krım yarımadası (1771) ruslar tərəfindən işğal edilir. Krım xanı Məngli Gəray bu hücumların qarşısını almağa  çalışsa da, uğur qazana bilmir. Sonucda "21 iyul 1774-cü il tarixli sazişi ilə Krım Osmanlı himayəsindən çıxır və tam müstəqil olur. Yalnız dini işlər üçün Osmanlı xəlifəsinin səlahiyyəti tanınır".

Tarixi faktların göstərdiyi kimi, XVIII yüzilliyin sonlarınadək Osmanlı imperiyasının dövlət sərhədi boyunda Krım xanlığı adlı məkan 1441-1783-cü illər arasında, nə az, nə çox, düz 342 il bu torpaqlarda hökm sürmüş Krım-Tatar dövlətinin tarixi ərazisi olub... Qızıl Ordanın yerini alan dörd xanlıq içərisində ən uzun ömürlü xanlıq...  Bu məkanın, uzunömürlü xanlığın sahibləri isə işğaldan sonra ayrılıqlar, ağrılar, əzablar yaşamağa məhkum edilmiş, soyqırğınları, sürgünlük görmüş, ancaq böyük bir kültür, gələnəklər yaratmış, tarix yazmış və Krım türkləri adı altında birləşmiş xəzərlər, kumanlar, qıpçaqlar, oğuz türkləri idi...

Nə yazıq ki, Rusiya ilə Türkiyə arasında alovlanan son savaş bu tarixi məkanı da uddu və adını birdəfəlik yer üzündən sildi. Krım türkləri ağlagəlməz acılarla, təhqir və haqsızlıqlarla üz-üzə qaldı. "Köçürülmə siyasəti onları doğma yurdlarından didərgin saldı. Krımdan Türkləri həbsxanalara, ölkənin yaşam şərtləri çətin olan yerlərinə sürgün etməklə kifayətlənməyən çar Rusiyası 1863-cü ildə onları böyük dəstələr halında Qara dənizin güneyinə, yəni bugünkü Türkiyəyə köçməyə məcbur etdi". 1918-1920-ci illərdə Rusiyada gedən daxili savaş və gərginlikdən, aclıq və səfalətdən qurtulmaq istəyən Krım türkləri də Türkiyəyə, ikinci vətənlərinə qaçaraq orada məskunlaşdılar. Kütləvi köçürülmənin, soyqırğınına məruzqalmanın sonucunda getdikcə sayı azalan Krım türklərinin fəlakəti bununla da bitmədi. Sovet xüsusi xidmət orqanlarının hazırladığı özəl, gizli bir plan əsasında 1944-cü il 18-21 may tarixində yüz minlərlə insan - Krım türkü heyvanları daşımaq üçün istifadə olunan yük vaqonlarına doldurularaq Urala, Türküstana, uzaq Sibir çöllərinə sürgün edildi. Minlərlə uşaq, qadın, qoca uzun və məşəqqətli yolun çətinliklərinə dözə bilməyib həlak oldu.

"II Dünya müharibəsindən sonra isə SSRİ rəhbəri Stalin Krım türklərinin müharibə dövründə almanlarla əməkdaşlıq etdiyini iddia edərək ("Vətənə xəyanət"də suçlandırılaraq) sürgünə göndərilmələrini əmr etdi. Əmr 18 May 1944-cü ildə Krım türklərinə çatdırıldı. İki saat içərisində evlərindən heç bir əşya almadan, olduqları kəndin, qəsəbənin, şəhərin meydanında toplanmaları əmr edildi. Evini tərk etmək istəməyənlər zorla aparıldı. Müqavimət göstərənlər qundaq zərbələri ilə dərhal elə orada öldürüldü. Qışqırıqlarla inləyən səmanın qaranlığını deşməyə çalışan günəş qana bələnmiş Krım torpaqlarına ilk işıqlarını göndərəndə 423,1 min nəfərdən ibarət olan Krım Türkləri heyvan daşınmasında istifadə edilən qatarlar vasitəsilə sürgünə göndərildilər. Vaqonlara doldurulanların 57 min nəfəri 0-5 yaş arası uşaq, 68 mini isə 60 yaşdan yuxarı yaşlı insanlar idi...".

Sabahısı gün Arabat bölgəsindəki bir kənddə 150 Türkün unudulduğu aydın olur. Xəbər Stalinə çatdırılanda, türkün qanına susamış tiran əmr verir: "Bunların işini 24 saat içərisində bitirin!". Əmr yerinə yetirilir: körpə, qoca və gənc demədən bütün kənd xalqı kiçik bir gəmiyə dolduruldu. Gəmi sahildən bir neçə mil açılandan sonra dərhal batırıldı...".

Krımda beləcə amansızlıqla soyqırğınına uğradılan, sürgünə göndərilən, insan haqları tapdalanan, xüsusi qəddarlıqla yaşam sevinci hüznə, qəmə çevrilən türklərdən biri idi Çingiz Dağçı... Sürgünlər içərisində yaxınları, qohum-əqrəbası olsa da, özü olmayan, lakin bu ağrını bütün həyatı boyunca yaşayan, Krım üçün, ana yurd-Akmeçid, Qruzuf və Qızıldaş üçün bir ömür boyu öləsiyə həsrət çəkən bir türk!..

Ürəyində min bir arzu tumurcuqlayan gəncəcik Çingizi Krım Pedaqoji Universitetinin tarix fakültəsinin II kursunda oxuyarkən, 1940-cı ilin dekabrın 22-də təhsildən ayıraraq məcburi surətdə əsgəri xidmətə aparmış, qısa müddət hərbi kursda oxutduqdan sonra leytenant hərbi rütbəsi verərək motoatıcı bölüyə komandir təyin etmişdilər.

Beləliklə, Çingiz Dağçı sonsuz ağrı və acılarla dolu yeni həyatına qədəm qoyur II Dünya savaşı zamanında... Bu ağrıların qoynunda o, yenidən doğulur... Nəhayət, II Dünya savaşından çox sonralar, təxminən 1960-cı illərdə bu doğuluşdan Türkiyə və dünya ədəbiyyatına orijinal töhfələr verən yeni bir ad-romançı Çingiz Dağçı ismi də doğulur və bu romanlardan boy verən Sadık Turan obrazının yaşantıları təsəvvürlərdə fırtınalar qoparır.

O, soykökünə, Krıma, Türküstana və türklüyə bağlı bir insan-vətəndaş-böyük TÜRK idi... Türklüyə öləsiyə bağlılığı, sevgisi yaradıcılığından da boy verirdi. Rus və ingilis dillərini, Krım tatarcasını ən yüksək səviyyədə bilməsinə rəğmən əsərlərini, onu dünyaca məşhur edən romanlarını məhz Türkiyə türkcəsində yazdı. Türk xalqlarının, bütün dünyada kök salmış soydaşlarının da oxuyub əsərlərindən yararlanması üçün Londonun göbəyində oturub Türkiyə türkçəsində yazmağı, içini, ideya və amacını, nifrət və sevgisini, acı xatirələrini, savaşın gerçəklərini, insan adlı varlığın iblis və mələk üzünü bu dildə yansıtmaq yolunu seçdi. Əslində bu yolla ümumtürk ədəbiyyatına, kültürünə misilsiz xidmət etmiş oldu C.Dağçı və dünyaca ünlü romançıya çevrildi.

II Dünya savaşından sonra Türkiyədə, oradan da sızaraq yer üzünün digər ölkələrində Krım Türklərinin fəci taleyinin, acı qədərinin gündəmə gəlməsində, əsrlər boyu bir xanlıq-xanədanlıq kimi hökm sürən, öz yurdu, dili, dini və kültürü olan bir xalqın dünyada yenidən tanınıb təbliğ olunmasında Çingiz Dağçı əsərləri ilə misilsiz rol oynadı. Çünki bu əsərlərin baş mövzusu rusların, Sovet imperiyasının zulmü altında əzilən, çəkdiyi acılara rəğmən, daxili vüqarını, əzmkarlığını, ləyaqət və mənliyini itirməyən Krım türklərinin uğradığı faciələr, öz başına gətirilən müsibətlər, xalqının və digər soydaşlarının acılı-şirinli yaşantıları idi. Çünki bu əsərlərdə o, öz xalqının ən parlaq cizgilərlə obrazını yaratmış, "dünyagörüşünü, estetik dünyadərkini bəşər sivilizasiyasının prizmasından göstərmiş, bəşəriyyət tarixindəki ayrılmaz yerini bəlli etmişdi. Krım tatarlarının faciə və əzablarını göstərərək böyük bir qüdrətlə qədim xalqın mətanət, əzmkarlıq kimi daxili gözəlliklərini təsdiqləmişdir. Onun bütün əsərləri bu düşüncələrə əsaslanır. Bütövlükdə götürsək, 20-dən çox kitabı, romanı ilə yanaşı, xatirələrində küldən yüksələn Feniks quşu kimi döyüşkən krım-tatar xalqına yazılan himni də mövcuddur. O xalqa ki, tarix və qaranlığa meydan oxumuşdur...

Çingiz Dağcı ustad bir romançı kimi, əsərlərində sadəcə Krım tatarlarından, ata-baba yurdu Krımdan, rusların ekspansionist siyasətindən, xalqının soyqırğınıından danışır və bütün bu bədii mətnlər eyni zamanda bir xəbərdarlıq kimi səslənir, həyəcan təbili funksiyasını yerinə yetirir... Əsl vətənpərvər, xalqının ər oğlu olan Ç.Dağçı müharibədən sonrakı dövrlərdə əvvəlcə rus və Krım-tatar dillərində yazmağa çalışsa da, ölməz əsərlərinin dili olaraq türk dilini seçir, bu dili hər bir türkdən daha çox ucaldır, qarşısında baş əyir, İstanbul, Türkiyə sevdası ilə yaşayır, bu özləm romanlarına da sirayət edir...

O, "Kırımın kiçik Qruzuf kəndində anadan olsa da,  əsərlərində Avropa, Asiya, Afrika, Amerika qitələrindəki hadisələri sanki görmüş və o yerləri yaxşı tanıyırmış kimi təsvir edir. Bir insan doğulduğu, böyüdüyü, yaşadığı kəndi necə tanıyırsa, Çingiz Dağçı da dünyanı elə tanımaqdadır. Bu səbəbdən dünyada baş verənləri Qızıldaşda şahidi olduğu olaylar qədər səmimi və inandırıcı bir üslubla oxucusuna çatdırır. Onun təsvir etdiyi coğrafiya geniş olduğu qədər əsərlərindəki millətlərin sayı da çoxdur. Bu insanların hər birinin şəxsi xüsusiyyətlərini və milli xarakterini oxucuya çatdırmaq üçün Çingiz Dağçı sözün gücündən bacarıqla istifadə etmişdir...".

Yazarın qürbətdə qələmə aldığı silsilə romanları, epik və lirik əsərləri içərisində seçilən vətən sevgili, yurda eşq toxunuşlu "Krım, məni anaysınmı?" şeirini həyəcansız oxumaq, oxuduqdan sonra dönüb öz doğulub böyüdüyün yurda baxmamaq, onun haqqında düşünməmək mümkünsüzdür. "Krımı, Qruzufu, Məmişin bayını, Adaları, Ayu dağını, Gəlin qayasını xatırlamadığım heç bir günüm, sabahım olmayıb ("Yansılarım")", - deyən C.Dağçının dəryalardan dərin yurd sevdasına qətiyyən şübhə etməyən oxucunu da bu sevda büyüləyir, duyğularını etkiləyir, könlündəki Vətən sevgisini daha da dərinləşdirir. Onun Qara dənizin ən dadlı, kiçicik Hamsı balığını tərifini, vəsfini oxuyanın ürəyində Tanrının lütfkarlıq edib məhz türklərə bəxş elədiyi bu gözəl nemətə sevgi boy verir, içində onu dadmağa güclü maraq oyanır. Uzun illər yad ölkələrdə yaşamaq zorunda qalan ürəyi dağlı yazarın ata-baba yurduna - Krıma, Qruzufa, Ağməçidə sevgisi, özləmi deməklə, yazmaqla bitmir ki bitmir:

 

 

Mən də dərdli gecələrinin bir sırdaşı,

Əski Çatır sırrın açar, həp arzı ettim.

Ürəyimdə ana yurdun toprağı, daşı...

Günəşimin doğmasını çox istədim.

Gün doğmadı Kırımımın səmasında,

Ağlaysınmı, kədərlənib, yanaysınmı?

Kırım, Kırım! Böylə soyuq gecələrdə

Sən də məni yaxşı söznən anaysınmı?

 

 

Bu şeir parçası "Memleket ne doğduğun, ne de doyduğun yerdir", memleket çocukluğunun geçtiği, çocukluk yıllarının bahtiyarlığını doya-doya yaşayıp tadını çıkardığın yer, doğal mekandır aksiyomunu düşündükçe düşündürüyor" qənaətini xatırladır. Əslində C.S.Tarancının "Memleket isterim, Ne başta dert, ne gönülde hasret olsun!" diləyini Sadık Turan bütün yaşamı boyunca ürəyində daşıyıb... Türk Dünyasının bir bütün olduğunu düşünüb və bunu bir gerçək sanıb, məhz gerçək sandığı nəsnələrə də inanıb: "Bize Tatar diyorlar. Çerkez. Türkmen, Kazak, Azeri, Karakalpak, Çeçen, Uygur, Kabudi, Başkırt, Kırgız diyorlar. Bunlar hep yalan. Deniz parçalanamaz. Biz Türk Tatarız. Bunu senin kalbin bildiği gibi her Başkırt, her Kırgız, her Kazak bilir. Kalbinin hisleriyle hareket et. Dünyanın boş hırslarına kapılma" inancıyla bu birliyə karşı çıxanlarla mücadilə etdi.

"Yurdunu kayb edən adam" romanında bu mücadilə qırmızı xətt kimi keçir. Romanıın baş qəhrəmanı Sadık Turan-C.Dağcı II Dünya savaşında, 1941-ci ilin payızında Ukrayna Cəbhəsində tank teğmeni (leytenant) olarak savaşırkən, almanlara əsir düşür. Bir müddət sonra "Almanlar tarafından, Sovyetler Birliğine karşı savaşmak üzere kurulan "Türkistan Lejyonu"na katılarak, Ruslara karşı savaşır", sonadək Türküstanın kurulacağına ve Krım tatarlarının da əsarətdən qurtulacağına ümid edir.

Alman uniforması geyinərək onların tərəfində ruslara qarşı vuruşan və Krımın, Türküstanın bağımsızlığına qovuşacağı günün xəyalını quran baş qəhrəman - soyadında Türk cümhuriyyətlərinin birliyini ifadə edən Turan mahlasını kullanan Sadık Turan sevgilisinden, ailesi ve doğulduğu topraklardan - ana yurdundan son dəfə ayrılarkən dərk edir ki, insanı insan edən, onu yaşadan bu nəsnələr qutsaldır, həyat bağlarıdır: "Ayrılık acı, çok acıydı. Bütün benliğimin bu toprakta kök salmış olduğunu, yalnız bu toprakta yaşaya bileceyimi yalnız şimdi, belki de ilk defa olarak anlıyor, içimin neden koptuğunu, geride neyimin kaldığını şimdi öğreniyordum...".

Tüm II Dünya savaşı boyu azad olacağı günün gələcəyini xəyal edən Sadık Turanın son monoloqu tükürpədicidir. Eyni zamanda köklü bir xalqa bunca zülmü yaşadanlara, doğma torpaqlarından sürgün etdirənlərə bir sillədir. İnsanlara, soydaşlarına: "Doğulduğunuz, böyüdüyünüz yurda, ana Vətənə sarılın, amandır, kayb etməyin!" - çağırışıdır. Vətənsiz, yurdsuz insan yuvasız quşdur və yaşamının anlamı yoxdur hayqırışıdır: "Bitti. Esirlik yılları bitti artık. Ömrümdə ilk defa hür hiss ediyorum kendimi. Hür insanların yaşadığı topraklardayım. Ölüm korkusu, işgence korkusu bıraktı yakamı. Yıllarca peşinde koştuğum hürriyete kavuştum. Amma içim neden kapalı? Kendimi bildiğim anda kayb ettiğim yaşama sevincine neden kavuşamadım yeniden? Yurdunu kayb eden adam için hürriyyetin bile bir manası kalmadığını şimdi anlıyorum. İçində doğulduğun, gülüp oynadığın yerlerde benim dilim konuşulmuyor artık. Bir zamanlar o topraklarda dilimi konuşan insanların ne olduklarını da bilmiyorum. Son fırtına ağacı devirdi. Bizler, fırtınanın uçurduğu bir kaç yaprak, boşlukta yolunu şaşırmış, ümitsiz ve şaşkın, mechul geleceğe doğru yalpa vurup duruyoruz...". Böyük yazarın bu ismarışları bir dərsdir və son dərəcə düşündürücüdür.

Ç.Dağçı soydaşlarına daha bir dərs də verir, öyrədir ki, kişinin yurdu, yuvası həm də onun sevdiyi qadın, çocuklarının anasıdır!.. Yanında səni duyan, anlayan, dərdlərini bölüşə bildiyin biri, güclü qadın varsa, yaşamın zorluqları asanlaşır. Bu qeyri-adi - olağanüstü güc səni həyata sıkıca sarılmağa sövq edir. Mariya adlı polyak qadın onu savaş boyunca həyata bağlayan həmin güclü bağ olur. Lakin rus şovinizmi, alman supermənliyi və iki millitarist dövlətin açdığı savaş onu da əlindən alıb doğma yurdu Krım, ideallarının məkanı Türküstan kimi udduğunda cansız bədənə çevrilir: "Üniformam yoktu, Marya yoktu, Türküstanım, Kafkasyam, İdil-Uralım, Kırımım artık benim için yoktu. Uğrunda yaşadığım, yıllarca savaştığım, kan dökdüyüm herşey benden ayrılıyordu. İçim bomboş kalıyordu...".

II Dünya savaşı Krımın və Krım türklərinin son fırtınası oldu, 1441-ci ildən bəri ayrıca bir yurd, Vətən olaraq yaşayan tarixi bir məkanı uçurumdan dərəyə yuvarladılar və üstünü basdırdılar. Krımın gələcəyi hələ də məchulluğa qarışmış kimi görünməkdədir... Ç.Dağçı bu gerçəyi etkiləyici bir dillə, ağrı ilə anladır: "Kırım halkı bir uçurumun kenarındaydı. Yüz yetmiş yıldır göğüs gerdiyi fırtınalar artık sona eriyordu. Bu, artık son fırtına olacaktı. Yorğun, perişan milletim bu son fırtınaya dayanamayacaktı artık. Milletim yaralıydı, çok kan kaybetmişti. Amma son damla kanına kadar düşmanıyla çarpışacak, uzun zamandır susadığı istiklale kavuşamadan can verecek her Tatarın son sözü: "İstiklal!" olacaktı. Milletim Vatanına karşı bu vazifesini yerine yetirdi..."  O, təkcə döyüşçü kimi deyil, həm də bir yazar olaraq bu vəzifəni onurla yerinə yetirdi və gözəl romanlar, xatirələr yazaraq millətinin, xalqının başından keçənləri bütün dünyaya hayqırdı. Sözün sınırsız meydanında Krım və Krım Türklərini yüksəklərə qaldırdı, layiq olduğu dəyəri verdi...

Prof. Əli Şamilin "Çingiz Dağçının "Korkunç yıllar" romanında azərbaycanlı obrazı" məqaləsində əsərdən gətirdiyi örnək-ölüm ayağında olan ağır yaralı bir Kazan tatarının Sadıq Turana son nəfəsində etdiyi vəsiyyət fikrimizin ən bariz təsdiqidir: "Harp etme, bu zalim millet uğrunda kan dökme gardaş... Kazanda okudum, doktor oldum... 1935'te beni, canımdan çox sevdiğim çocuklarımdan ve karımdan ayırıp götürdüler... Hapse attılar... Niçin? Bilmiyorum. Altı yıl G.P.U. zindanlarında çürüdüm. İki ay önce hapishaneden alıp buraya getirdiler. İki Alman kurşunu karnımı deldi... Biliyorum, doktor fayda etmez gardaş, Dinle beni!.. Sen harp etme..."

O, "Korkunç yıllar", "Badam budağına asılı gəlinciklər", "O torpaqlar bizimdi", "Onlar da insandı" romanlarında olduğu kimi, "Yurdunu kayb edən adam"da da savaşa, hırsa, insanları bir-birinin qanını axıtmağa, qan tökməyə gətirib çıxaran, üz-üzə qoyan hər cür düşmənçilik nədənlərinə nifrət aşılayır, dünyada ən gözəl hissin, ən ali duyğunun doğma yurdunda azad yaşamaq olduğunu anladırdı...

 

Esmira FUAD

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.20-21.