Modernist yazıçısı
Van Men
Çin ədəbiyyatı
Müasir Çin ədəbiyyatının
görkəmli yazıçısı
Van Men 1934-cü ildə Pekində,
ziyalı ailəsində
anadan olmuşdur. Valideynlərinin
hər ikisi pedaqoji fəaliyyətlə
məşğul olmuş
- atası bir müddət Pekin Universitetində, anası isə ibtidai məktəbdə müəllimlik
etmişdir. Yazıçının uşaqlıq illəri
1937-1945-ci illərdə Çinlə
Yaponiya arasında baş vermiş müharibə dövrünə
təsadüf etdiyindən
çətinlik və
ehtiyac içərisində
keçir.
Yazıçı gənc yaşlarından ədəbiyyata, xüsusilə
də nəsrə böyük maraq göstərir, 1955-ci ildən
etibarən əsərləri
mütəmadi qaydada ədəbi jurnallarda dərc olunmağa başlayır. Onun ilk romanı "Yaşasın gənclik"
1953-cü ildən uzun
müddət nəşr
olunmur, 1980-ci illərdə
kitab Şanxay Film Studiyası tərəfindən
eyniadlı filmə çəkilir.
Van Menin qısa hekayəsi "Kiçik Douer" 1955-ci ildə
"Xalq Ədəbiyyatı"
jurnalının noyabr
sayında dərc edilir. O, qohumunun casusu
olduğunu aşkar edən və xəbər verən gənc pionerin hekayəsini təsvir edir. 1956-cı ildə
qələmə aldığı
"Təşkilat şöbəsinə
yeni gələn gənclər" adlı
romanı ilə geniş ədəbi ictimaiyyətin diqqətini
cəlb edir, özünəməxsus təhkiyəsi
və dili ilə oxucuların rəğbətini qazanmağı
bacarır.
Van Men şəxsiyyəti təkcə
yazıçı olmaqla
məhdudlaşmır, ədəbi
fəaliyyətlə yanaşı,
ictimai-siyasi proseslərdə
aktiv iştirakı, fəal vətəndaş
mövqeyi ilə daima fərqlənir. Gərgin və davamlı əməyin sayəsində
ictimai-siyasi sferada böyük nüfuz sahibi olmuş, ölkə rəhbərliyinin
və eyni zamanda sadə xalq kütlələrinin etimadını qazanır.
Bu fəalliyyətlərin məntiqi
nəticəsi olaraq o, 1986-1989-cu illərdə
Çin Xalq Demokratik Respublikasının
mədəniyyət naziri
vəzifəsində çalışır.
Bu müddət ərzində dünya dövlətləri ilə
Çin arasında yeni ədəbi-mədəni
əlaqələrin qurulması
və inkişaf etdirilməsi, yerli müəlliflərin - istər
klassik, istərsə də müasir Çin yazıçılarının
- əsərlərinin əcnəbi
dillərə tərcümə
olunması, eyni zamanda xarici ədəbiyyat nümunələrinin
Çin dilinə çevrilməsi istiqamətində
xeyli işlər görür.
1979-1980-ci illərdə yazıçının əsərləri
davamlı olaraq ədəbi-mətbu orqanlarda
dərc edilir. "Şüur
axını" elementlərini
özündə ehtiva
edən "Bahar səsləri", "Dəniz
haqqında xəyallar",
"Gecə böyük
şəhərdə" hekayələrini,
"Komprivet", "Yaşasın
gənclik" (1979), "Fəaliyyət
insana çevrilir",
"Mövsümlərin seriyası",
"Eşq fəsli"
(1992), "Boşluq fəsli"
(1994), "Karnaval mövsümü",
"Yaşıl tülkü",
"Buradan mənzərə",
"Tərəddüd fəsli"
(1995) romanlarını, "Çalı", "Kəpənək"
(1980) povestlərini qələmə
alır. Bu əsərlər
yeni tərzdə yazılmış ədəbi
nümunələr olaraq
ədəbi ictimaiyyət
tərəfindən yüksək
qiymətləndirilsə də,
bəzən ənənədən
uzaqlaşma meyli kimi qınaqlara, sərt tənqidlərə
tuş gəlir.
Van Menin əsərləri
təkcə ölkə
daxilində deyil, xaricdə də oxucular tərəfindən
böyük rəğbətlə
qarşılanır, əsərləri
Fransa, Yaponiya, Almaniya, İtaliya, ABŞ,
Rusiya və b. ölkələrdə dəfələrlə
nəşr edilir.
Ən yaxşı hekayə nominasiyası üzrə dəfələrlə
ciddi ədəbi müsabiqələrin qalibi
olaraq, mükafatlara layiq görülür.
Van Men müasir Çin ədəbiyyatına ən
çox təsir edən yazıçılardan
hesab edilir. Təsadüfi deyil ki,
2002-ci ildə Çində
Van Menin yaradıcılığının
öyrənilməsi məqsədilə
ayrıca İnstitut yaradılır.
Yazıçının "Ədəbi
yaradıcılığın xüsusiyyətləri ilə
bağlı diskussiyalarda bəzi ideoloji qeydlər",
"Bizim borc",
"Mədəni güclərin
qloballaşma və inşaat dalğası",
"Mən nə axtarıram?", "Hekayə
sənəti haqqında",
"Bəzi ədəbi
anlayışlar haqqında
müzakirələr" kimi
məqalələri XX əsrin
sonu XXI əsrin əvvəlləri Çin
ədəbi tənqidi,
ədəbiyyat nəzəriyyəsi,
ümumiyyətlə ədəbiyyat
sahəsində təzahür
edən yeni tendensiyalar haqqında geniş məlumatları özündə əks etdirir.
Van Menin əsərlərinin əsas mövzusunu ziyalılar və partiya işçiləri,
şüurun doqmalardan
uzaqlaşaraq yeni ideyalara yol açması,
şəxsiyyətin inkişafı
və s. təşkil
edir. Bundan əlavə, sosial
mövzular, sadə insanın qayğıları,
ağrı-acıları, çəkdiyi
mənəvi iztirablar
da Van Men nəsrinin əsas mövzularındandır.
Açıq didaktiklik və
sxematiklik onun hekayələrinin əsas
cəhətlərindəndir. Onun əsərlərində qəhrəman
özünü cəmiyyətin
ayrılmaz tərkib hissəsi sayır və cəmiyyət tərəfindən müəyyən
edilən qayda-qanunlar çərçivəsində düşünüb hərəkət
edir. Van Men yersiz
və süni təsvirçiliyə meyil
etmir. O, başqalarının
adi bildiyi həyat hadisələrinə,
üzərindən ötüb
keçdiyi incə məqamlara işıq tutmaqla obrazlarının xarakterini, daxili dünyasını açıb
göstərir.
Bəzən adi bir epizodla Çin cəmiyyətinə xas dərin sosial problemi qabardaraq oxucunun diqqətinə çatdırmağı bacarır.
Çünki yazıçı öz xalqının milli mentallığının
spesifik cəhətlərini,
onun problemlərini dərindən bilir.
Çin
ədəbi tənqidçiləri
yazıçını "yazıçı-modernist", "novator", "eksprimentçi"
və s. bu kimi adlarla adlandırırlar.
Onlar hamısı yekdilliklə
təsdiq edirlər ki, Van Men Çin ədəbiyyatında ilk olaraq
yeni modernist estetikayla yeni ədəbi stil yaradıb. Onun əsərlərində modernist texnika şüur axını, assosiativlilik,
obrazların psixoloji çoxplanlılığı vasitəsilə yaradılır.
Yazıçıya görə ədəbiyyat
insanları düşündürməli,
tərbiyələndirməli, onların estetik zövqünü inkişaf
etdirməli, düşüncə
tərzini formalaşdırmalı,
hər zaman cəmiyyətin əxlaqi səviyyəsini yüksəltmək
amalına xidmət etməlidir. İnsanın bioloji varlıqdan
sosial varlığa, fərddən şəxsiyyətə
çevrilməsində, ictimai
mühitin, tərbiyənin
rolu zəruridir.
Bu mühitin formalaşmasında
isə ədəbiyyat
əhəmiyyətli rola
malikdir.
Yazıçı müasir Çin ədəbiyyatı və
mədəniyyətinin inkişafı
üçün ədəbiyyatın
ideologiya və siyasət deyil, məhz ədəbiyyat olması tezisini dəstəkləyir. O, cəmiyyətdə
sabitliyin, stabilliyin qorunması istiqamətində
siyasət, hüquq və əxlaqla müqayisədə mədəniyyət
və ədəbiyyatın
rolunu daha yüksək qiymətləndirir,
onların məqamını
bir pillə üstün tutur. Yazıçı bildirir ki, ədəbi yaradıcılıq
fərdi xarakter daşımamalıdır, o yalnız
ictimai həyatda mövcud olduqda həqiqi dəyər ifadə edir, ondan kənarda ədəbiyyat reallıqdan
kənarda qalır və sosiuma mənəvi-estetik cəhətdən
təsir göstərə
bilmir.
Van Men öz ədəbi-bədii
yaradıcılığı ilə həm də öz ictimai-ideoloji konsepsiyasını
yaradır ki, bu da dolayısıyla
aid olduğu cəmiyyətin
şüuruna təsir
edir, ictimai fikrin tərkib hissəsini təşkil edir. Yazıçıya görə ədəbi
yaradıcılıq özündə
sosial və individual elementləri ehtiva edən bir mürəkkəb
fenomendir. Özünəməxsus
ədəbi yaradıcılıq
konsepsiyasına malik yazıçı bədii
təxəyyülün gücünə
arxalanır, onun geniş imkanlarına müraciət edir, lakin bu müraciət
həqiqətdən uzaqlaşmaq,
xəyallar, illüziyalar
aləminə qapılmaq
üçün deyil,
əksinə, reallığı
daha yaxşı duymaq, onu həqiqi
gerçəklik müstəvisində
təqdim etmək üçündür.
Van Menin nəzərində
ədəbi yaradıcılıq
bütövlükdə cəmiyyətin
xeyrinə yönələn
bir fəaliyyət kimi qiymətləndirilir. Yazıçı bu yanaşmasını quru fikir kimi
səsləndirmir, bu mövqe həm rasional təfəkkürdən
qaynaqlanır, həm də insan şüurunun
irrasional qatında öz təsdiqini tapır. Burada cəmiyyətlə Van Menin həyat həqiqətləri üst-üstə
düşür, bu uyğunluq ideal harmonik dünyanin iki ayrılmaz tərkib hissəsini təşkil edir və bu
məqamda bədiiliklə
gerçəkliyin vəhdəti
baş verir ki, bu da
yazıçının əsərlərində
öz ifadəsini tapır.
Yazıçıya görə əsl sənətkar gerçəkliyə
yaxın olmalı, öz dünyasının
hüdudları ilə
gerçəklik arasında
sədd çəkməməlidir. Bədii yaradıcılıq
yazıçı "mən"i
ilə ətraf aləmin qarşılıqlı
münasibətindən yaranır
və bu münasibət həmişə
ortaq məxrəcə
gəlmə, vəhdət
anlayışları ilə
assosiasiya olunmur.
Bəzən bu əlaqə
yazıçı dünyası
ilə cəmiyyət,
təbiət arasında
ziddiyyət yaradır,
gərgin toqquşmalarla
müşayiət olunur.
Ən böyük
"savaş" isə
yazıçının özü
ilə olan münasibətindən doğur.
Böyük əsərlər də məhz bu mübarizənin nəticəsi olaraq meydana çıxır.
Nərgiz Kərimova
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu
Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsi
Ədəbiyyat qəzeti.- 2022.- 17
dekabr.- S.32.