Nobelçi İvan Bunindən lirik
bir hekayə və bir şeir
Məşhur rus nasiri, şairi və
tərcüməçisidir. 1933-cü il
üçün ədəbiyyat üzrə Nobel
mükafatı laureatı olub.
3 rubl
Hekayə
Həmin axşam kənddən çıxıb, qatarla
bizim qəza şəhərinə gəldiyim vaxt saat doqquza
yaxınlaşırdı. Hava bürkülü
idi, buludlar ucbatından göy üzü bozarmışdı,
leysan yağacaqdı. Mindiyim fayton tozanaq qopararaq məni
vağzaldan alıb, qaralan çöllərə doğru
apardığı anlarda qəfildən arxa tərəfdə
nəsə bir işartı yaranınca, önümüzdəki
yol bir göz qırpımındaca qızılı
rəngə boyandı, haradasa uzaqlarda çaxan
ildırımın ardınca yolboyu yüksələn,
ulduzlara bənzər toz zərrələrini yatırmaqla,
faytonu da döyəcləyən iri damcılı
yağış elə başlayan kimi də kəsdi. Bunun ardınca yumşaq torpaq yolu geridə buraxan
faytonumuz qurumuş çay üzərindən salınan
daş körpü boyu silkələnə-silkələnə
irəlilədi. Körpünün o biri başında isə
şəhər dəmirçixanalarının mənhus
qaraltıları və kəskin metal qoxusu gözləyirdi
bizi. Dağa qalxan yolun üstündə toz basmış bir
nöyüt lampası yanırdı...
Vorobyova məxsus olan və şəhərin fərli-başlı
mehmanxanası sayılan binada həmişəki kimi mənə
yataq qismi arakəsmə arxasında yerləşən həmin
otağı verdilər. Qoşa pəncərəsinə bəyaz
kolenkor (pambıqdan istehsal olunan bir parça növü -
A.Y.) pərdələr vurulan bu otağın havası, elə
sobanınkı qədər imisti idi. Xidmətçiyə
pəncərələri laybalay açmasını, samovar gətirməsini
tapşırandan sonra mən əlüstü pəncərənin
önünə keçdim, çünki otaqda nəfəs
almaq mümkün deyildi. Pəncərənin
o üzündə uzanan gözdeşən zülmətdə
aramsız şəkildə ildırımlar
çaxırdı, bu dəfə mavi rəngə çalan o
ildırımların gurultusu sanki dərə-təpələrlə
üzüaşağı şütüyürdü. O ara bunu düşündüyüm gəlir
xatirimə: bəyəm bu qədər vecəyaramaz və
xırda bir şəhər başının üstə bunca
misilsiz, mavi şimşəklərin çaxmasına dəyərdimi
ki?! Axı ətrafımı bürüyən
güclü gurultular gözəgörünməz, tutqun səmanı
əməlli-başlı inlədirdi.
Arakəsmənin
ardına keçib, pencəyimi soyundum, qalstukumu
açdım, o ara samovar qoyulmuş məcməyi
ilə xidmətçinin otağa girdiyini və onu divanın
qarşısındakı yuvarlaq masanın üstünə
taqqıltıyla qoyduğunu da eşitdim. Həmin
tərəfə boylanınca, gördüm ki, məcməyidə
samovarla yanaşı, yaxalama kasası, stəkan və bulkalar
yığılmış nimçə, bir dənə də
fincan var.
Soruşdum:
- O fincan
nəyə gərəkdir?
Gözlərini
bicliklə sağa-sola oynadan xidmətçi dedi:
- Boris
Petroviç, orada sizi bir xanım gözləyir axı.
- O
kimmiş elə?
Çiyinlərini
dartan xidmətçi eyhamla gülümsədi:
-
Aydındır da, kimdir. Çox dirəşdi ki, onu içəri
buraxım, dedi əgər yaxşı qazansam, sənə bir
rubl çaypulu da verəcəyəm. Sən demə, qadın
buraya hansı ehtişamla gəldiyinizə şahid
olubmuş...
- Belə
çıxır ki, o, küçə qadınıdır?
- Hər
halda. Əvvəllər belələri bizim məkana baş
çəkməzdilər: könlü cuvanəzən çəkən
müştərilər adətən biz nökərləri
Anna Matveyevnanın yanına göndərərdilər. İndi isə bu qadın öz xoşuyla durub gəlib.
Görkəmi də gözəgəlimlidir ha: deyəsən,
gimnaziya tələbəsidir.
Qarşıda
məni cansıxıcı bir axşamın gözlədiyini
xatırlayıb dilləndim:
- Hə,
bu, məzəli olar. Burax onu, gəlsin.
Xidmətçi sevincək otaqdan çıxdı.
Mən
çay dəmləməyə heç macal tapmamış
qapım döyüldü, cavabın gəlməsini gözləmədən
iri ayaqlarında kətan və nimdaş çəkmələr,
əynində qəhvəyi rəngli gimnaziya paltarı olan,
başındakı həsir şlyapanın böyrünə
isə bir dəmət süni göyçiçək taxan,
boy-buxunlu bir qızın arxayın addımlarla içəri
girdiyini görüncə, düzü, təəccübləndim.
Üzünə
eyhamlı təbəssüm qonduran qız:
- Buradan
keçirdim, ocağınızda bir hovur isinmək istədim,
- deyərək, qara gözlərini yana
tutdu.
Bütün
bu xüsuslar mənim gözlədiyimlə əsla
üst-üstə düşmürdü deyə,
karıxdım və yersiz sevinc hissiylə qıza belə
cavab verdim:
- Xeyli məmnun
oldum. Şlyapanızı çıxarıb, əyləşin,
birlikdə çay içək.
Bu dəfə pəncərənin o üzündə, həm
də lap yaxınlıqda, bənövşəyi rəngdə,
həm də adamı hürküdəcək qədər
güclü bir ildırım çaxdı. Külək əlüstü
otağa dolduğu üçün, həm də
qapıldığım utancaqlığı qismən yenməkdən
ötrü tez yerimdən durub pəncərələri
qapadım. Geri qanrıldığım
zaman qız artıq şlyapasını çıxarıb
divanda əyləşmişdi, günəşdə qaralan
uzun əliylə özünün qısa kəsilmiş
saçlarını geriyə atmaqdaydı. Şabalıdı rəngli saçları gur,
almacıq sümükləri isə xeyli qabarıq idi,
üzünü çil basmışdı, dolğun
dodaqları yasəməni rəngə çalırdı,
tünd gözlərindən isə dərin bir qətiyyət
yağırdı. Pencəyimi soyunduğuma görə,
sırf məzə olsun deyə, üzrxahlıq eləməyə
hazırlaşırdım ki, qız məni quru-quru süzərək,
maraqlandı:
- Mənə
nə qədər pul ödəyəcəksiniz?
Yenə də
özündən arxayın biri kimi dilləndim:
- Bu barədə
bir razılığa gələrik! Gəlin, əvvəl
çayımızı içək.
Qız
ötkəm şəkildə bildirdi:
- Yox, mən
şərti şumda kəsmək istəyirəm. Üç
manatdan az götürmürəm.
Bayaqkı
arxayınlıqla cavab verdim:
-
Üç deyirsinizsə, üç olsun da.
Qız
tam ciddiyyətlə soruşdu:
- Zarafat
etmirsiniz ki?
-
Əsla, - deyib, qət elədim: "Bunu çaya qonaq edim,
üç rublunu ödədikdən sonra yola salım,
getsin".
Qız köks ötürdü, gözlərini
qapayıb, başını divanın arxalığına
söykədi.
Qanı qaçdığı üçün yasəməni
rəngə çalan dodaqlarına nəzər salanda mən
onun ac olduğu qənaətinə gəldim, əvvəl bir
fincan çayı və bulka qoyulan nimçəni qıza
uzatdım, sonra isə keçib divanda əyləşərək,
onun əlinə toxundum:
- Buyurub,
yeyin.
Gözlərini açan qız yeyib-içməyə
başladı.
Onun günəşdən qaralan əllərinə,
daima enik halda olan kirpiklərinə baxdıqca
düşünməyə başladım ki,
düşdüyüm bu durum getdikcə lap qəlizləşir.
Odir ki, soruşdum:
- Yerlilərdənsiniz?
Bulkadan
bir dişləm, çaydan isə bir qurtum alan qız
başını buladı:
- Yox,
uzaqlardan gəlmişəm...
Və təkrar susdu. Sonra dizinin üstündəki
qırıntıları çırpdı və mənə
tərəf baxmadan yerindən qalxdı:
- Gedib
soyunum.
Bu fikir məndən
ötrü daha gözlənilməz oldu: nə isə deməyə
cəhd göstərdiyim an qızın
hökmlü səsi sözümü ağzımda qoydu:
-
Qapını açarla kilidləyin, pəncərədəki
pərdələri isə aşağı salın. Mən arakəsmənin arxasına keçirəm.
İxtiyarsız
bir üzüyolalıqla, tələm-tələsik pərdələri
endirdim, onların ardında durmadan çaxan ildırımlar
da sanki o ara otağa boylanmağa can
atdılar - onlar daha betər şəkildə guruldamaqla
yeri-göyü inildətdilər. Sonra giriş
qapısına taxılan açarı burdum, bütün
bunları niyə etdiyimi hələlik bilməsəm də,
hazırlaşırdım ki, indicə arakəsmənin
arxasına keçib, zorakı bir təbəssümlə hər
şeyin zarafat olduğunu ona deyim, ya da başımın hədsiz
ağrıdığını bəhanə gətirim.
Ancaq qız arakəsmənin digər üzündən uca səslə
dedi:
- Gələ
bilərsiniz...
Bu dəfə də ixtiyarsız olaraq deyilənə əməl
eləməklə, arakəsmənin arxasına keçdim. Artıq
yataqda uzanan qız yorğanı ta çənəsinə qədər
çəkərək, qara gözlərindəki
çılğın baxışlarla məni
süzürdü və taqqıldayan dişlərini bir-birinə
sıxmışdı.
Çaşqınlıqdan
özümü xatırlamadığım və artıq
ehtirasa qapıldığım üçün yorğanı
onun əllərindən çəkib, dartdığım an qızın qısa və nimdaş gecə
köynəyinə bürünən bədəni gözlərim
önündə açıldı. Çılpaq qolunu irəli
uzatmaqla, çarpayının baş ucundakı taxta kürəciyi
dartması ilə onun işığı söndürməsi
bir oldu...
Sonra mən
qaranlıqda və açıq pəncərə
qarşısında dayanıb, çılğınca siqaret
tüstülətdim, leysan yağışın
şırıltısına qulaq verdim; yaxın məsafədə
bənövşəyi rəngli,
gözqamaşdırıcı və qəfil şimşəklərlə,
habelə uzaqda çaxan ildırımlarla müşayiət
olunan yağış zülmətə qərq olan ölü
şəhərin üstünə bir sel misalı
yağır, tökülürdü. Mən
durmadan düşünür, şəhərin son bir gün ərzində
qalıb, ağırlaşan havasını öz təravətiylə
yüngülləşdirən yağışın rayihəsini
öz ciyərlərimə çəkirdim. Həqiqətən
də, bu - anlaşılmaz bir qarışım idi:
zavallı, ucqar bir bölgənin havası ilə göylərin
bizlərə rəva bildiyi, gurultulu və gözləri kor edəcək
qədər güclü parıltılar fonunda leysan
yağırdı...
Hər
şeyə rəğmən, mən hələ də bir məqamı
anlaya bilmir və dəhşətə qapılırdım:
axı nə səbəbdən bu qadına ürcah oldum və
o, nə üçün öz bəkarətini vur-tut
üç rubla satmaq qərarına gəlmişdi axı?! Hə,
hə, məhz bəkarətini!
Həmin
dəm o, mənə səsləndi:
- Pəncərəni
örtün, baş-qulağım getdi, sonra isə yanıma gəlin.
Qaranlıq
otaqda arakəsmənin ardına keçib, yataqda əyləşdikdən
sonra onun əlini tapıb öpdüm və dedim:
-
Bağışlayın məni, bağışlayın...
Qadın
soyuqqanlı tərzdə soruşdu:
- Yəqin,
siz düşünmüşdünüz ki, mən əsl
küçə qadını olmaqla yanaşı, həm də
hədsiz düşük və ya yelbeyin biriyəm, eləmi?
Tələsik
cavab verdim:
- Yox, yox,
mən sizi yelbeyin yox,
təcrübəsiz biri sanmışdım. Hərçənd bəzi işrətxanalarda cavan
qızların məhz gimnaziya formasında öz müştərilərinin
qarşısına çıxdığından agah
olduğunuzu da düşünmüşdüm.
- Niyə
ki?
- Bu sayədə
onlar guya daha məsum və cazibədar görünürlər.
- Yox, mən
bunu bilmirdim. Heç başqa paltarım da
yoxdur. Mən gimnaziyanı bu yaz bitirmişəm.
Bunun ardınca qəflətən atam vəfat elədi,
anam isə çoxdan dünyadan köçmüşdü.
Əslən mən Novoçerkasskdanam, bir
tanışımızın vasitəçiliyi ilə iş
tapmaqdan ötrü durub buralara gəlmişdim. Onun evində məskunlaşdım,
ancaq sonradan namusuma sataşmaq istədiyini görüncə,
ona əl qaldırdım və şəhər
parkındakı skamyalarda gecələməyi daha üstün
tutdum... Bu gün sizin evə üz tutarkən də
xəcalətdən öləcəyimi
düşünürdüm. İçəri
girəndən sonra isə məni başdan etmək istədiyinizi
anladım.
Dedim:
- Hə,
mən çaşqın bir vəziyyətə
düşmüşdüm. Sırf darıxdığıma
görə içəri girmənizə razılıq
vermişdim: axı mən küçə qadınlarından
adətən uzaq dururam. Düşündüm ki, indicə
otağıma məlum küçə qızlarından biri
girəcək, çaya qonaq edib, söhbətləşməklə,
onunla məzələnəcəyəm, sonra isə
dilxoşluq üçün cibinə iki-üç rubl
basacağam və o da çıxıb gedəcək...
- Ancaq
onun əvəzinə qarşınıza mən
çıxdım və ta sonuncu dəqiqəyə qədər
o üç rubla yiyələnmək fikrini ağlımdan
heç cür çıxara bilmədim. Ancaq nəticə
heç gözləmədiyim bir şəkil aldı və mən
bunun niyə belə olduğunu heç özüm də
anlamıram...
Elə mən
də bundan heçcə nə anlamırdım; pəncərələri
ardında leysan yağış şırıldayan bu
qaranlıq otaqdakı yataqda, böyrümdə hələ də
adını bilmədiyim, Novoçerkassk şəhərindən
gəlmiş gimnaziya tələbəsi uzanmışdı...
və ona bəslədiyim hisslər anbaan, həm də
izaholunmaz bir şəkildə artır, güclənirdi...
Çətinliklə
də olsa, dilləndim:
- Nəyi
anlamırsınız axı?
O, cavab vermədi.
Qəfil işığı yandırdığım an onun
yaşla dolu, qapqara gözləri parladı gözlərim
önündə... Titrəyərək yerində
dikələn qız alt dodağını dişlədi və
üzünü çiynimə söykədi.
Başını geri atmaqla, onun göz yaşlarından
islanan, iztirabdan əyilmiş dodaqlarından bir busə
aldım, çiyinlərindən sürüşüb
düşməyə hazırlaşan nimdaş gecə
köynəyinə bürünmüş iri şaqqalı əndamını
qucdum; o ara qızın toza bulaşan o əsmər
pəncələrini də sonsuz zərafət və mərhəmət
hissiylə süzdüm...
Sonra otağımız səhər günəşinin
qapalı pərdələrdən süzülən
şüalarına qərq oldu və biz birlikdə dəyirmi
masanın yanındakı divanda əyləşib söhbətləşdik. Qız necə
acmışdısa, dünən axşamdan süfrədə
qalan soyuq çayı içdi, öz yarımçıq
kökəsini bitirdi: o ara biz bir-birimizin əllərini
öpməyə hələ də davam edirdik.
Qız həmin mehmanxanada qaldı, mən isə kəndə
baş çəkib, geri döndüm və birisigün
birlikdə Mineralnıye Vodı bölgəsinə
yollandıq.
Payızı
Moskvada qalmaq istəsək də, nəinki payızı, hələ
qışı da Yaltada keçirməli olduq: o, hərarətdən
alışıb-yanır və öskürürdü deyə,
otaqlarımız kreozotun (ağacdan və ya daş
kömürdən əldə edilən, kəskin qoxulu və
yağlı mayenin - A.Y.) qoxusuna qərq olurdu...
Yazda isə mən onu qara torpağa tapşırdım.
Yaltadakı o qəbiristanlıq yüksək bir təpədə
yerləşir. Oradan əngin dənizə geniş bir mənzərə
açılır, şəhərə doğru isə
xaçlar və məzarüstü abidələr uzanır.
Onların arasında, əlbəttə ki, mənim
könlümə əziz sayılan o insanın məzarı
üstə də ağ mərmərdən
bir xaç ucalır. O xaçı nə vaxtsa görmək
fürsətim daha qalmayıb, çünki mərhəmətli
Tanrı məni bu iztirabdan tamamən xilas edibdir.
"Axşam təsadüfən
rastlaşdıq tində..."
Axşam təsadüfən rastlaşdıq tində.
Mən
yeyin gedirdim, qadın o ara
Qara
kirpiklərin süzdürmək ilə
Meydan oxuyurdu qaranlıqlara.
Əynində
xəfif bir don vardı onun,
Yaz mehi o donu oynatdı qəfil.
Ardınca
üzündə, yanan gözündə
Keçmiş işvələri sezdim elə bil.
Şux tərzdə
mənə baş tərpətdiyi an
Rüzgardan
üzünü yana tutmuşdu.
Sonra
gözdən itdi... Bahardı artıq...
Məni bağışlamış və unutmuşdu.
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 17
dekabr.- S.30-31