Aqi Mişol 1947-ci ildə Macarıstanda dünyaya göz açıb. 1950-ci ildə ailəsi ilə birlikdə İsrailə köçüb. Tam ali təhsilini Yerusəlim İbrid Universitetinin Ədəbiyyat fakültəsində başa vurub.

İlk poeziya nümunələri 1972-ci ildə işıq üzü görüb. 2003-cü ildən bəri ondan çox şeir toplusu çap edilib. Şeirləri alman, ingilis, fransız, portuqal, ispan dillərinə tərcümə olunub. "Prime Minister Award", "Dulitzki Award", "Harry Hirshorn Award", "Amichai Poetry" ədəbi mükafatları qazanıb.

 

Sanır ki, möcüzədir

 

Bütün şeytani anti-qəhrəmanlar

beynində həbs olunsalar da,

hisslərinin tarlasında at oynadırlar.

Tənhalığına əl basıb and içsə belə,

yenə söz özündən düşəndə kəlmə kəsmir,

heç dərdini dilə gətirmir

bu ona möcüzə qədər mümkünsüz görünür.

Əli yaxşı gətirəndə gecə-gündüz baş sındırır,

əgər biz onun yerinə bircə saat düşünsək,

qənaətimiz o olacaq ki,

bu dünyada canımızdan özgə

heç nəyimiz yoxdu.

Özünə münasibəti belədi:

bədəni nəfəsi gedib-gələn ət yığınıdı.

Ona görə könülsüz qəbul edir:

həm telefonun kəşfinə səbəb olan düşüncəni,

həm həyatı var edən yaşam sirrini.

 

Qadının yatağında

 

Özünəvurğun "mənəm-mənəm" deyən

tovuzquşu kimi cilvələnib

şəstlə hünərini göstərəndən sonra

yataqda düşüncələrə dalanda,

Markusun məşhur deyimini xatırladan fikrim

səsə çevrilib titrəyəcək tavanda:

Qarşına ləziz bişirilmiş ətlər

min cür təamlar düzüləndə

bir anlıq gözünü yum təsəvvür elə:

boşqabındakı o balıq

sadəcə bişirilmiş balıq leşidir,

ət isə, Allah bilir, hansı tövlədə leşə dönmüş inəyin,

ya da donuzun cəmdəyidi.

Florensiya şərabı kimi

bəh-bəhlə gözə soxulan o içki isə

hayana fırlatsan da, üzüm suyudur.

Ecazkar yataq həzzi nədir ki guya:

iki bədənin gərgin titrəməsi

sonu axıntı ilə bitən sürtünməsi.

 

Qeybdən gələn səs

 

Sübh çağı

paltar ipindən sallanan

çəhrayı bir mələk gördüm.

bir qədər aşağıda

onun yellənən qolunu qamarlamaq

istəyən bir pişik balası...

 

Nişan qoyulmuş quş

 

Ayağına nişan qoyulan quş

nişan üzüyü barmağında

bütün günü dolanır ətrafımda.

Sanki kimsə dərinə gedib öyrənəcək

keçmişini, dünənini.

Əcdadlarının yuva qurub-qura

bilməmək fərasətini,

ən əsası bu vərdişin ona

ana südü ilə ötürülüb-ötürülmədiyini.

 

Təxəyyülün interyeri

 

Burada, - beynimin içində

ruhumu sakitləşdirən

yamac düzənliklər olduğunu xəyal edirəm.

Burada musiqi mərkəzi dinləyərək gəzmək gözəldi.

Gedirəm obaş-bubaşa...

Sürətlə gedərkən çubuq götürürəm

nar ağaclarının yanından keçəndə

birini parçalayıram...

Bunları düşünəndə

özümü quş kimi hiss edirəm.

Bu səhər yükümü yüngülləşdirən səbəblərin sırasına

Billi Holideyin nəğməsini əlavə etdim.

Gərək təxəyyülüm rəngarəng zəngin olsun.

Çünki yamanca tənhayam.

 

Günorta yuxusu

 

Günorta yuxumu almaq üçün uzanan kimi

gombul pişiyim gəlib qarnımın üstünə sərələnir.

Qarnını qarnıma o qədər sürtür ki,

hüceyrələrimiz bir-birinə qarışır.

Qarnım bu sürtünmədən elə qızışır ki,

başa düşmürəm səbəb

öz sürətlənən qan dövranımdır,

yoxsa onun damarda durmayan qanı?

Bütün bunlar bir yana,

bu yorğun vaxtımda

belə şeyləri düşünmək

həsrət qoyur məni yuxuya.

 

Aqi Mişol

 

Tərcümə etdi: Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.29.