Əmir Or Təl-Əvivdə dünyaya göz açıb. Şair-tərcüməçi kimi tanınan Ə.Or Yerusəlim İbrid Universitetində Fəlsəfə müqayisəli din fakültəsinnin məzunu olub. Yeddi şeir toplusunun müəllifidir. Şeirləri 30-dan çox dilə tərcümə edilib, Polşa, Rumıniya, Fransa, İrlandiya Makedoniyada şeir topluları işıq üzü görüb. Əmir Or eyni zamanda poeziya, klassik sənət sahələri, din elmləri üzrə bir çox məqalələrin müəllifidir. Özünün təsis etdiyi "Sha'ar İnternational Poetry Festival"ın icraçı katibi, "Helicon" Poeziya məktəbinin direktoru BMT tərəfindən maliyyələşdirilən "Poets for Peace" mükafatının regional koordinatorudur.

 

Xülasə

 

Həmləyə hazır pələng kimisən,

bəzənib-düzənmisən

zinaya "gəl-gəl" deyən əyin-başını.

Morfin kapsulları ilə dolu

yaralarının dərinliklərinə baş vursam,

səninlə insana dözülməz ağrılar çəkdirən

vəba da gözəl təsir bağışlayardı.

Haçansa qopsa yaralarının qaysağı

sıçrayan qanın çərçivələrə dəyib alovlanardı

göyün bütün qatlarını aşardı,

sonuncu yağış kimi ələnərdi yer üzünə.

İndi isə ruhumun dumanlı beyninə

nəhayətsiz bir alov yayılır.

Ki, onunla bütün səmanı bələmək olar.

Hətta çərçivəni qırıb xatirələri sahmana salmaqçün

yeri gəlsə, bədəl ödəmək olar.

Həmləyə hazır pələng kimi

bircə cəhdlə soyundururam

zinaya "gəl-gəl" deyən

gözqamaşdıran pal-paltarını...

 

Ölümsüz

 

Üç aşpaz özünə əl qatdılar:

içi çıxarılan ilbizləri,

göbələkləri doldurdular.

On iki yumurtanın sarısı ağından ayrıldı,

masaya bir şüşə ispan şərabı qoyuldu.

Yeməyə on iki diş sarımsaq,

duz, istiot, qurudulmuş otlar qatıldı,

dadlı olsun deyə, bir kilo da kərə yağı vuruldu.

Qarşılarında dəqiq yemək resepti olsa da,

öz bacardıqları qədər ağıllarını

yeniliklərini əlavə etdilər.

Üç saata hazır olacaq yemək

axır ki, bişməyə qoyuldu.

süfrə salınmış masaya qırmızı şamlar,

göyərti salatı şampan düzüldü.

Mən deyə bilərəm?

Boğazdan yuxarı danışmamaq şərtiylə

dilinə ürək sözlərini deməyə ixtiyar verdi.

Necə ki, gündəlik həyatında da

ağzından daşmazdı mədhiyyələr.

Aşpazın işinin tərkibi

ətdən, qandan, sümükdən ibarətdi:

Cansız, dadlı ürəklərə yol tapan...

 

Bir parç pivə

 

"Mükəmməl cinayətin səbəbə ehtiyacı yoxdur.

Mükəmməl cinayət üçün qüsursuz hədəf lazımdır.

Əlbəttə, Auşçits düşərgəsində

yaşanan hadisələri söylədiklərimlə bir tutmuram" - dedi.

Sonra isə gözlərini qurtumladığı

pivənin köpüyünə zilləyərək sözünə davam elədi:

"Mükəmməl cinayət eşqdir.

mükəmməl cinayət mükəmməlik arzusunda deyil,

o, sadəcə eşq kimi əlindən gələni əsirgəməməyə çalışır.

Bir insanı boğazlayıb bütün gücünlə kələyini kəsməkçün

əlləşdiyinin saniyələr əbədiyyət kimi nəhayətsizdi.

Yaşamaq həmin anda belə əbədiyyətin bir parçasıdı.

Əllərimə yapışan əllərin qiyamı,

soyuq bədəndən süzülən tər,

yavaş-yavaş çabalamağı kəsən

çəkmələrin titrəyişləri necə zərifdir.

Bu da başqa bir nəhayətsizlikdi...

"Hələ çıxmayan" can belə əbədiyyətdir.

Mükəmməl cinayət

qurbanının azadlığının bir damlasını belə

hədər getməyə qoymur -

ac körpənin dodaqları kimi hamısını sovurur.

Necə ki, indi mən illər sonra daddığım bu pivənin

köpüyünün hər damcısını gözümə təpirəm.

Necə ki, sən bir qatilin etiraflarındakı dəhşəti

acgözlüklə, ən xırda detalınacan qeyd edirsən.

 

Əmir OR

 

Tərcümə etdi: Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.29.