Qarabağın poetik salnaməsi
Ələmdar
Quluzadə-70
Ələmdar
Quluzadə adı 1980-ci illərdə bu yana
səsləndiyindən assosiativ olaraq Qarabağı
müdhiş dərdləri ilə canlandırır. Yaşar Qarayevin dediyi kimi, son iki əsr yarımda,
"hər nəslin taleyinə bir dağılmış,
yanmış Şuşa düşüb, bir viran olmuş
Qarabağ daxil olub". Ələmdar
Quluzadə Qarabağın ən yaxın ağrılı
keçmişinin nəslindəndir. Böyüklüyünü,
kamilliyini, mənəvi ruhunu, milli-poetik təfəkkürünü
Allahın səxavətlə bəxş etdiyi zəngin təbiətdən,
mühitdən almış bir ulu xalqın oğludur Ələmdar
Quluzadə. Doğulub
böyüdüyü füsunkar torpağın, elin
olum-ölüm faciəsini yaşayıb - Xocalıda, Xankəndidə
baş verən bütün hadisələr onun gözləri
qarşısında olub. O hadisələrlə
bağlı yana-yana yazılmış poetik nümunələr
içində Ələmdar Quluzadənin yazdıqları həm
də cəsarətinə, siyasi mövqeyinə görə
seçilir. "İçimdəkiləri poetik dillə ifadə
etməyimdə məqsəd şairlik istəyimdən daha
çox, vətəndaşlıq borcumu yerinə yetirmək
olub" - deyən sair Qarabağ uğrunda sözlə
döyüşən ürəyindən yaralar alan
(infarkt olan) qəhrəman şair qazilərimizdəndir. Onun poeziyası vətənə, torpağa,
xalqına sevginin göstəricisi, Azərbaycan xalqının
40 ilə yaxın çəkdiklərinin,
yaşadıqlarının tarixidir.
1970-ci illərin
əvvəllərində "Kirovabad kommunisti",
"Sovetakan Karabax", "Azərbaycan gəncləri",
"Ədəbiyyat və incəsənət" qəzetlərində,
"Ulduz", "Qrakan Azerbaycan" jurnallarında
maraqlı yazıları dərc olunan Ələmdar Quluzadənin
"Dağların yaddaşı" adlı ilk kitabı
1976-cı ildə çap olunmuşdur.
"Ömür-gün
qabaqdadır" (Bakı, "Yazıçı", 1980),
"İsti ocaq" (Bakı, "Yazıçı",
1985), "Tumurcuqlar" (Bakı, "Gənclik", 1985),
"Beş qitənin uşaqları" (Bakı, "Gənclik",
1991), "Qarabağ oyunu" (Bakı, "Azərbaycan",
1993), "Şəhid şəhər" (Bakı,
"Ozan", 1998), "Alay komandiri" (Bakı,
"Ozan", 1999), "Mənə söz verin" (Bakı,
"Ozan", 2001), "Məhləmizin uşaqları"
(Bakı, "Şirvannəşr", 2004), "Məni
yoldan eləmə" (Bakı, "Ozan", 2005),"
"Qadan mənə, Qarabağ" (Bakı, "Ozan",
2006), "Boğça" (Bakı, "Ozan", 2007),
"Qürbətə düşən daş" (Bakı,
"Ozan", 2008), "Dilotu" (Bakı, "Ozan",
2009), "Ürəyindən keçəydim" (Bakı,
"Ozan", 2010), "614-cü Şəhid" (Bakı,
"Şuşa", 2012), "Novalça" (Bakı,
"Şuşa", 2012), "Bulaq suyu" (Bakı,
"Şuşa", 2013), "Kəpənəklər
oxumur" (Bakı, "Şuşa", 2013) kitabları ilə
Ələmdar Quluzadə müasir Azərbaycan poeziyası
tarixinə öz dəyərli töhfələrini
vermişdir. Həyata baxışı, zəngin
müşahidəsi, insana, insanlığa dəyəri, vətənə,
torpağa sevgisi, ulularımıza, tariximizə, əxlaqi dəyərlərimizə
bağlılığı, hörməti onun
yaradıcılığını səciyyələndirən
əsas məziyyətlərdir.
Ələmdar Quluzadənin lirikasının müəyyən
hissəsini saf duyğuların - məhəbbətin həyalı
ifadəsi milli dəyərlərin məcrasında təqdim
olunan baməzə, xəfif yumorlu şeirləri təşkil
edir. Bu lirik
parçaların ifadə tərzi, duyğuların təqdimatında
sevgi hisslərinin ucalığı, toxunulmazlığı, səmimiliyi
ilə heyrət doğurur:
Görüş
təklif etməmişəm,
Yox
cavabı verməmisən,
Xəttimi
də tanımırsan,
Bacımı
da görməmisən,
Sevdiyimi nə bilirsən?
"Mənə
söz verin", "Məni yoldan eləmə",
"Ürəyindən keçəydim" adlı
kitablarındakı sevgi şeirləri Azərbaycan gözəllərinin
ləyaqətinə, ismətinə layiq məhəbbətin
sözlə dəyərləndirilməsi, saf gənclik
duyğularının kimsəyə bənzəməyən
sadə, həm də baməzə təqdimatıdır:
Ya
qızıl baxtın ola,
Ya qəlbi
taxtın ola,
Adamın
vaxtı ola,
Ölə bunun dərdindən.
Ələmdar
Quluzadənin "Eyvandan çəkilsənə",
"Amma anam bilməsin", "Hamısı qəşəngdir
bu ölmüşlərin", "Məni sevən
tapılmaz", "Qapımızdan düz keçən
qız", "Bu qız nə qəşəngdir
qırmızı donda", "Dəli özünsən",
"Qoy başına dolanım", "Zarafatı
yığışdır", "Məni necə
tapmısan", "Hara gözəlləşirsən",
"Ay zalım balası", "Şərə salmayın
məni", "Gözüm qorxub" və s. şeirləri
saf duyğuların tərcümanı olmaqla Azərbaycan
dilinin incəliklərini sözdə dəyərləndirmənin
heyrətamiz nümunələridir. Fikri aforizmləşdirib
misraya, bəzən hətta bəndlərə
sığışdırması,
bayatılarımızdakı informasiya tutumuna xas zənginlik,
sadə deyim, xalq ruhuna doğma, eyhamlı sözlərin səmimi
mənalandırılması onun lirikasının ən dəyərli
məziyyətlərindəndir.
Dinmə,
mənə
daş dəyibsə,
Səsim
sənə baş əyibsə,
Dil
başıma neyləyibsə,
Ağzımdakı
sözüm qorxub
və
ya
Yaz gələndən
qız gül açıb,
Əynindəki
don dil açıb,
Elə
bil ki, xarıbülbül
Xəlvət
yerdə könül açıb
Bu şeytanın ürəyinə.
"Gəl
şamı söndürüb dözək birtəhər, Gecənin
gözünə işıq düşməsin",
"Açın qapısını ürəyinizin,
Qızların ürəyi qapıda qalıb",
"Gözlərin üzünü yana tutanda, Gözlərim
üzündən öpdü bilmədin",
"Dodağıma söz də gəlmir, Söz də səndən
gileylidir". Yüzlərlə belə aforizmləşən
misralar şairin dilinin zənginliyi, xalq təfəkkürünün
dərin məna çalarlarını əks etdirən
frazeologizmlərinə yaxşı bələd olması ilə
əsaslanır.
Ələmdar Quluzadənin
yaradıcılığında uşaq ədəbiyyatı
mühüm yer tutur. Uzun illər Azərbaycan Dövlət Radiosunda Uşaq
verilişləri redaksiyasında baş redaktor kimi fəaliyyət
göstərən şair uşaqlar üçün
"Tumurcuqlar", "Beş qitənin uşaqları",
"Məhləmizin uşaqları",
"Boğça", "Qürbətə düşən
daş", "Dilotu", "Navalça", "Bulaq
suyu" kimi maraqlı kitablarını da nəşr etdirmişdir.
Bu kitablarda qələmə aldığı
şeirlər, poemalar, nağıllar həm dilinin sadəliyi,
həm də tərbiyəvi əhəmiyyəti ilə dəyərlidir.
Mövzusunu folklordan, kənd həyatından, təbiət
hadisələrindən aldığı kiçikhəcmli
lirik parçalarda şair uşaqlara vətəni sevməyi,
ata-anaya hörmət etməyi, təbiətə həssas
münasibət bəsləməyi, əməyə vərdişi
və s. aşılayır.
Ələmdar
Quluzadənin "Uşaqlıq daşı",
"Gözünə necə baxım", "Məhləmizin
uşaqları", "Yuvalar", "Xeyirli meyvələr",
"Uşaq sarayına dəvət", "Tar dərsi, bar
dərsi", "Müəllim", "Külək tozla
oynayır" və s. şeirləri uşaqların saf, təmiz
dünyasını əks etdirməklə bərabər,
onlara müəyyən qədər həyat bilgiləri də
verir.
Uşaqlar
üçün yazılarında milli dəyərlərimizi,
əxlaq və mədəniyyətimizi, ana dilimizi kiçik
yaşlardan mənimsəyib sevməyi öyrədir, onlar
üçün sirli-sehrli həyat həqiqətlərini sadə
dillə izah etməyə çalışır və onlara təlqin
etdiyi hər cür bilgilər və sevgilər vətəndən,
onun zəfər yolundan keçir:
Sinəmizə
sıxmışıq,
Kitab
adlı yarağı,
Başımızın
üstündə
Azərbaycan bayrağı.
Şairin uşaq dünyasını əks etdirən
yazıları da onun Qarabağnaməsinin bir hissəsidir. Vətəni
sevmək onu körpəlikdən tanımaqdan başlayır.
Qarabağı görməyən, onun faciələrini
böyüklərdən eşidən gənc nəslin
yaddaşlarına hopdurmaqdan başlayır vətən eşqi:
Atam ilə
anamın
Söhbəti
Qarabağdı.
Deyirlər
ki, o torpaq
Qolubağlı dustaqdı.
Meşəsindən,
dağından,
Gülündən danışırlar.
Uçulan
sarayından,
Külündən danışırlar.
2007-ci ildə
çap olunmuş "Boğça" adlı şeirlər
kitabından götürülmüş bu nümunə
şairin vətən sevgisi, vətən həsrəti
uşaq dünyasında, körpə yaddaşında sadəlövhlüklə
ifadə şəkli kimi görünsə də, "Atam
deyir, o dağlar bir haray qoparacaq, Yollar Azərbaycanı
Şuşaya aparacaq" - inamını heç vaxt itirməyən
bir nəslin böyüməsində bir çox şairlərimiz
kimi Ələmdar Quluzadənin də rolu olduğunu göstərir.
Düz 30
il bu inamla yazan, bu inamla yaşayan şairin
uzaqgörənliyinə, cəsarətinə, qətiyyətinə
heyrət etməmək mümkün deyil. Onun "Qürbətə
düşən daş" (2008) nağıllar kitabına
"Nağıl həqiqəti" adlı ön söz yazan
mərhum Bəhlul Abdulla şairin
yaradıcılığını bütövlükdə
nağıla bənzədir: "Düzü, Ələmdarla
görüşəndə, telefonla danışanda, Azərbaycan
radiosunda söhbətlərini dinləyəndə halbahal
oluram. Düşüncəmdə, göz
önümdə sanki Xocalının dərd heykəli durur.
Onun yazdıqlarını da elə bu hisslə,
bu həyəcanla oxuyuram. Və oxuyuram ki,
"Dağların yaddaşı"ndan pay alan
Ələmdar "Ömür-gün qabaqdadır" deyə-deyə
"Beş qitənin uşaqları"nı "İsti
ocaq" çevrəsinə toplayıb onlara "Qarabağ
oyunu"ndakı "Şəhid şəhər"dən,
"Qadan mənə, Qarabağ"dan,
"Boğça" dolu nağıl-həqiqət
danışır. Elə bir həqiqət ki, nə
sözə sığır, nə yazıya. Bəli, bu elə nağıldır. Həm də işıq ucu görünməyən
qara qaranlıq nağıl". Bəhlul müəllim onu da qeyd
edir ki, Ələmdar bu işığı "Alay
komandiri"nin "Qürbətə düşən
daş"da başına topladığı sonuncu olmayan
magikanların - Ərxanın, Eldostun, Hünərin, Dəmirçioğlunun,
Baxışın, Elcanın gücündə, hünərində
görür. O vaxtlar yalnız Bəhlul müəllim deyil,
çoxları bu işığı görmürdülər.
Amma Ələmdar Quluzadə görürdü,
hətta "O gün gələcək, vallah gələcək,
Xocalı haqqı gələcək, biz Xocalıya dönəcəyik"
deyə and da içmişdi. Şair
inamının sarsılmazlığı heyrət doğurur.
Bu, uzaqgörənlikdirmi, vəhdirmi, doğrudan da, lap
nağıldır.
"Qoca dilənçi" nağılı da
özü nağıl kimi həqiqətə döndü
(2022-ci ildə), yazılanda (2009) nağıl idi. Belə ki, fəlakət
nəticəsində viran qalan (Xocalı faciəsini
xatırladan) kənddə səksən yaşını
ötmüş bir qocanı intihardan bir cavan oğlan xilas
edir. Didərgin düşən qoca dilənçilik
edir. Bir ildən sonra yadına
düşür ki, onu xilas edən gənc bir ilə
qayıtmasını tapşırmışdı. Qoca qayıdır. Xarabalığın
yerində təzə, gözəl kənd görür.
Qoca oğlandan soruşur ki, bu gözəl evlərdə kim yaşayır, oğlan cavab verir ki, öz
camaatımız yaşayır.
Bəhlul
müəllim yazırdı: "Sual olunur: Ələmdarın
bir ilə istədiyi bəs nə üçün illərdi
başa gəlmir? Oğulsan, cavab ver!".
Kaş Bəhlul müəllim bir ilə başa
gələn gözəl Ağalı kəndinə
köçən öz camaatımızı görəydi.
Yəqin, deyərdi ki, Ələmdar Quluzadənin
nağılı həqiqət olub.
Şairin
"Qarabağ oyunu", "Şəhid şəhər",
"Alay komandiri", "Mənə söz verin",
"Qadan mənə Qarabağ", "614-cü şəhid"
kitablarında toplanmış şeir və poemaları
özünün poetik dillə ifadə etdiyi kimi qanıyla
yazılan Qarabağnaməsidir. Qarabağ hadisələri,
Xocalı faciəsi, didərgin düşən ellərimiz,
xalqımız, şəhid olan qəhrəman
oğullarımız, dağıdılan yurd yerlərimiz -
Qarabağ faciəsi haqda poetik salnamədir.
"Qarabağ oyunu" 1980-ci illərin sonu, 1990-cı
illərin əvvəli Azərbaycan xalqının ictimai
ovqatının cəsarətli ifadəsidir. Zaman-zaman bölünən,
parcalanıb hissə-hissə qonşulara pay verilən vətən
torpaqları, doğma elindən, bütövlüyündən
ayrı düşən xalq yenidən Qarabağ fəlakətləri
ilə qarşılaşmışdı. Bunun
da can verməkdə olan rus imperiyasının "oyunu"
olduğunu, xalqın azadlıq istəyini boğmaq
üçün erməni xəyanətindən istifadə
etdiyini bilə-bilə dünya bu xalqa hay vermədi.
Ələmdar Quluzadə "Qarabağ oyunu"
adlandırdığı poemasında yaşadığı məqamın,
zamanın ovqatı ilə özünə, xalqa, dosta,
düşmənə - dünyaya dedi deyəcəyini.
Ələmdar Quluzadə ilk didərginlərin, yer
üzünə gələn "təzə yetim"lərin
faciəsini Qarabağ oyununun bir gedişi kimi də səciyyələndirir. Müharibənin
özülünü, bütün sonrakı faciələrin
başlanğıcı olan, ən ağrılı, mənəvi
və əxlaqi gerçəkliyi əks etdirən didərginliyi
bu poemada xalqın faciəsi səviyyəsində ümumiləşdirən
şair həm də bu müsibətləri yana-yana
yaşamış, dilləndirə bildiyi
sızıltılarla ifadə etmişdir.
Azərbaycanda
milli-mənəvi istiqlalın, müstəqil respublika qurmaq, o
taylı, bu taylı yurddaşlarımızın
qovuşması ideyalarının coşduğu bir zaman yenidən
özlərini "əzilən" yazıq millət kimi qələmə
verib yeni bir cinayət "oyununa" başlayan ermənilər
bu dəfə Qarabağı qoparmaq üçün hər
cür alçaqlığa əl atdılar. Azərbaycanın
beynəlxalq nüfuzuna zərbə vurmaq üçün
"Sumqayıt faciəsini" törədərək özlərinə
havadarlar toplayan cəlladların əməllərini gizli
kameralarla çəkib xarici radio-televizor dalğalarında
vermələrini Ələmdar Quluzadə poemada düzgün,
qətiyyətli bir şərhlə tarixiləşdirir və
cəlladları sevilən "bu arxalı köpəklərin"
"arxalarına" çox cəsarətlə nəyin nə
olduğunu qandırır:
Bağırır
siyasət fahişələri,
"Zavallı
millətin" istedadı var,
Onlar sızlamaqda ustalaşıblar.
Ağladı
kürsülər, ağladı zallar,
Bizlərə tanışdır bu ərzi-hallar.
Azərbaycanı
bürüyən xaosun içində "Qarabağ
kartı"nı
aydınlaşdırmağa çalışanlardan biri olan
Ələmdar Quluzadənin poetik dillə ifadə etdiyi ictimai
ovqatı zamanın durumu haqda çox şey deyir.
Siyasət məngənəsinə düşən Azərbaycanın,
onun bir parçası olan Qarabağın
"olum-ölüm" taleyinin bu cinayət oyununa
sürükləndiyi o zamanlar bütün hadisələr
şairin yaşadığı Xankəndidə baş
vermişdi. Onun zamanın ovqatı ilə qələmə
aldığı "Qarabağ oyunu"ndan daha sonralar
Qarabağda neçə-neçə dəhşətli hadisələr
törədiləcəkdi. Bu poemada demək
olar ki, Qarabağ müharibəsinə qədər olan
dövrün bütün siyasi oyunları içərisindəki
prosesləri mərhələ-mərhələ izlənmiş,
müharibəyə doğru aparan siyasi səbəbləri dərin
vətəndaşlıq hissi ilə, ürək
ağrısı ilə ümumiləşdirilmişdir. "Qarabağ oyunu" Azərbaycanın müstəqilliyinə
gedən yolda keçdiyi faciəli dönəmlərin ilk mərhələsinin
poetik-tarixi bir xronikası, xalqın didərginlik adlı
müsibətinin şeirləşmiş kadrları və ən
nəhayət, bir türk oğlunun Azərbaycan adlı can
yanğılarıdır.
"Şəhid
şəhər" poemasını şair qeyd etdiyi kimi
1992-ci il fevral ayının 26-na keçən gecə erməni
və keçmiş Sovet İttifaqı hərbi birləşmələrinin
bəşər tarixində misli görünməmiş cinayətinə,
şərəfsizlərin xəyanətinə qurban gedən
Xocalı şəhidlərinə, bütün Xocalı
zavallılarına, eləcə də həmin gecə 88
yaşında qətlə yetirilən atasına həsr
etmişdir. "Şəhid şəhər"
poeması ədəbi hadisədir. Şəhid
olmuş şəhərin bu şəhid fəryadı
yurd-yuvaya, el-obaya sonsuz sədaqət hissi ilə dolu övlad məhəbbəti,
əsrimizin bütün bir mərhələsidir" - deyə
yazan Xalq şairi Nəriman Həsənzadə əsəri Azərbaycan
haqqında epopeya kimi dəyərləndirmişdir.
"614-cü
şəhid" kitabında da Xocalı
soyqırımını dünyaya hayqıran, zamana
sözünü eşitdirmək üçün bəşər
övladlarına üz tutan şair bu həqiqəti etiraf etməyə
çağırır:
Dağdan
ağır bir ağrının
Çəkisi
yox, ölçüsü yox,
Bu
dünyanın
min
oyunu, min düyünü,
Görməzliyə
vurur hələ
qara
dünya gördüyünü.
...Aman
Allah
Bu nə
məşəl
bu nə
məhşər,
nə bəşərdi?
"Dağlar,
məni bağışla", "Güllələr, qəbirlər",
"Tüfəngsiz gəl, bu dağlara", "Dayan
dünya", "Ağlamaq öyrənən millət",
"Salam, Xocalı dərdim", "Qalib gəlməyi də
öyrənəcəyik", "Mənə söz
verin" və s. yüzlərlə şeiri otuz ildən bəri
Qarabağ hadisələri ilə bağlı
yazılmış mükəmməl sənətkarlıq
nümunələridir.
Ələmdar Quluzadənin yaradıcılığı
bütövlükdə poetik Qarabağnamə kimi Azərbaycan
ədəbiyyatı tarixində ağrılı bir mərhələnin
bədii salnaməsidir. Onun poeziyası Azərbaycanın həm mənəvi,
həm sosial, həm siyasi durumunun nəzmə çəkilmiş
tarixidir.
Hicran Nəsibova
Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.24-25.