Bax arxamca
"Gəl" deməklə səsləmədin bir kərə,
İndi məni baxışınla
yola sal.
Səndən ötrü hazır
idim nələrə,
Bax arxamca, yana-yana baxıb qal.
Kəlməm, sözüm tuş
gəlirdi lağına,
Hədyan sayıb yelləyirdin əlini.
Bu səbəbdi ürəyimin
dağına,
Axıtmağa göz yaşımın selini.
Gerçəyimi bürümüşdü sis, duman,
Xəyallarda arayırdım əlacı.
Onlardan da çarə gəlmir hər zaman,
Kədər, qüssə yaradırdı
çox acı.
Həzz
duyurdun bu halımdan elə bil,
Saf sevgimi çevirmişdin oyuna.
Soyuyurdum,
çəkdiklərim neçə
il
Yavaş-yavaş "biçilirdi boyuna".
Rolumuzu dəyişdirdi Tanrı, bax,
Yaşayırsan yaşatdığın həsrəti.
Nə mənası, ürəyimi
odla, yax,
Cavab şəksiz
olmayacaq bil qəti.
"Gəl" deməklə səsləmədin bir kərə,
İndi məni baxışınla
yola sal.
Səndən ötrü hazır
idim nələrə,
Bax arxamca, yana-yana baxıb qal.
Qayğılarım
Qayğılarım azalmır ki, artır hey,
Hər birinin bambaşqa da çözümü.
O qədərdir, çaş
qalıram olub key,
Tapmıram da vaxt, açmağa
gözümü.
Növbə tutmur, yürüyürlər
üstümə,
Yoruluram eşitməkdən "mən,
mən"i.
Bax başımdan göyə
qalxan tüstümə,
Ürəyimdə bu əhvalın sis, çəni.
Dəli
təki yapışanı
yaxamdan,
Arsızlıqla kürəyimə minən
var.
Hara qaçım, de, başıma
çıxandan,
Lağla baxan, qeyzlənən, dinən var.
Fənalığım bax, bundandır şübhəsiz,
Eləcə də diqqət çəkir görkəmim.
Özüm üçün lap olmuşam
dəyərsiz,
Düşüncəmə hakimlikdən çox kəmim.
Əhvalımı soran da yox bircə kəs,
Sirdaş biləm, onla ülfət bağlayam.
Sinəsinə baş dayayıb,
heç ün, səs
Çıxarmadan için-için ağlayam.
Qayğılarım azalmır ki, artır hey,
Hər birinin bambaşqa da çözümü.
O qədərdir, çaş
qalıram olub key,
Tapmıram da vaxt, açmağa
gözümü.
Kişi sözü
Dediyini eyləyərdi şəkk-şübhəsiz,
Reklamla yox, hay-haraysız, küysüz, səssiz,
İş görməzdi elə-belə,
yox, ürəksiz.
Əməlinə cəmlənərdi dürüst,
düzü,
Bir dənəydi babalarda kişi sözü.
Gətirməzdi boş bəhanə
olsa nəsə,
Bildiyini
söyləyərdi qısa,
kəsə,
Göstərərdi öz yerini tərsə, nəhsə.
Dəyişməzdi öz fikrini sıxsa yüzü,
Bir dənəydi babalarda kişi sözü.
Haqq dilində, göstərərdi
haqqa inad,
Düşünməzdi bax belədə heç qohum, yad,
Bəsdir, mənə - söyləyərdi
pak, təmiz ad.
Varlığında ədalətə
odu, közü,
Bir dənəydi babalarda kişi sözü.
Bambaşqaydı yaxınlıqda, etibarda,
Yetərdilər bircə himdən
anda, dada,
Ummazdılar əvəz nəsə
hər mənada,
Xəcil
qalmaz, qızarmazdı
bərkdə üzü,
Bir dənəydi babalarda kişi sözü.
Belələri indi də var, amma tək-tək,
İnanmaqla söykəyəsən ona kürək,
Çox-çoxları şeytan qəlbli, üzdə mələk,
Yalan anda, əllərində
"Quran", cüzü,
Bir dənəydi babalarda kişi sözü.
Bir az düzəm
Bir az düzəm,
günahım bu,
Gəlmirəm çoxun xoşuna.
Yox, demirəm qanun, tabu,
Danışmıram da boşuna.
Az deyil də dodaq büzən
İşimə, dediyim sözə.
Rişxəndiylə, lağla süzən,
Səbəb köksümdəki közə.
Düşüncəmə gülən də çox,
Tutduğum dürüst yola da.
Olmağımdan göz, nəfsi
tox,
Vurmamaqdan sağ-sola da.
Ürəyimdən keçənləri
Gətirirəm dilimə tək.
Yox onda kin, nifrət yeri,
Qərar vermir zənn, şübhə, şəkk.
Ummuram kimsədən nəsə,
Yetər, Tanrım ayırıb nə.
Qaneyəm də aza, bəsə,
Öz şükrümlə
dönə-dönə.
Bir az düzəm,
günahım bu,
Gəlmirəm çoxun xoşuna.
Yox, demirəm qanun, tabu.
Danışmıram da boşuna.
İş görmə gümanla,
zənlə
Qərarlar verirsən zənlə,
gümanla,
Seçib ayırmadan düzü, yalanı.
Yox ki, səbr adına ruhunda damla,
Olmazı deyirsən qoyub olanı.
Düşünsən azacıq, peşmanlığından
Başını soxmağa yer arayarsan.
Xəcalət təriylə edib
and-aman,
Sıxar, dönə-dönə qapazlayarsan.
Nə olar, eşitdiyin sözü, kəlməni
Ağlın, dərrakənlə eylə
çək-çevir.
Almasan nəticə, çox çətin yəni
Aqildən, müdrikdən sor nəsə tədbir.
Girmə
bir kimsəylə havayı bəhsə,
"Dediyim olmalı"
- bu səhv düşüncə.
Doğrunu, dürüstü düşmənin
desə,
Uğur, bax, ordadır səbəb sevincə.
Yox, yox, qərar vermə gümanla, zənlə,
Başlama işə də yox, tez-tələsik.
Çatdırsan da sona min dürlü fəndlə,
Olar bir tərəfi, bil, salxaq, əskik.
Dayaq olacağam
Düşünmə barəmdə bəd niyyətdəyəm,
Məqam arayıram, yıxmaq fürsəti.
Ağlını başına yığıb
eylə cəm,
Eynimdən keçməyib bu fikir qəti.
Hər sözdən, kəlmədən
ötrü yerindən
Oynamaq, anla ki, mənə xas deyil.
Etdiyin pisliyə cavabım nədən
Eyni cür olmadı? - Bu əsas deyil.
Sənin
tam əksinəm, gözləmə
yox, yox
Xoşluqdan savayı heç nə, heç zaman.
Qəlbimdə hamıya sevgi yetər, çox,
Bəlkə əsirgərəm, etmə
zənn, güman.
Saysız
nümunələr göstərəm
gərək,
Dəyişəm yönünü özüm
tərəfə.
Barı,
bax bu işdə
azca et kömək,
Yol ala varlığın
üzü şərəfə.
İndilik çəkinmə, bu
xoş məramı
Qəbul
et, inan ki,
bir addımlayaq.
Şəksiz yaxşı gələr
işin davamı,
Axı, olacağam
sənə mən dayaq.
Düşünmə barəmdə - bəd niyyətdəyəm,
Məqam arayıram, yıxmaq fürsəti.
Ağlını başına yığıb
eylə cəm,
Eynimdən keçməyib bu fikir qəti.
Sənə baxmayım?
Acıqlanıb deyirsən: "Nə
baxırsan həsrətlə?"
Gülüm, yaxılım, yanım,
həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu
hansı niyyətlə,
Təsirsiz and-amanım,
həm də sənə baxmayım?
Nakam eşqə cavabı özüm özümdən
alım,
Verməyir həyat heç nə, xəyallarla dolanım.
Deyirsən bu halımla səni insaflı sanım,
Ətrafında dolanım, həm də sənə baxmayım?
İstəyirəm qəlbini baxışın
desin dilsiz,
Ruhlarımız görüşsün özümüzdən
xəbərsiz.
Yolunda canı qurban mən demişəm əvəzsiz,
Qurbanlıq olsun canım,
həm də sənə baxmayım?
Xiffətindən köksümü çalın-çarpaz
dağlayım,
Sevinc, fərəh görməyim,
qəm-qüssədən ağlayım.
Görüşünə ümidi təsadüfə bağlayım,
Ötsün belə hər anım,
həm də sənə baxmayım?
Vurğunluğum səbəbdir bu
bəlalı halıma,
Qərarlısan, ümidsiz, belə naçar qalım a.
Bax, dönmüsən insafsız,
hökmün verən
zalıma,
Qurula dərd, divanım,
həm də sənə baxmayım?
Acıqlanıb deyirsən: "Nə
baxırsan həsrətlə?".
Gülüm, yaxılım, yanım,
həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu
hansı niyyətlə,
Təsirsiz and-amanım,
həm də sənə baxmayım?
Nəcməddin MÜRVƏTOV
Ədəbiyyat qəzeti.- 2022.- 17
dekabr.- S.22.