“Casus” tamaşası Rus Dram

Teatrında nümayiş olunub

 

Dekabrın 15-də Akademik Rus Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Lənkəran Dövlət Dram Teatrının repertuarında olan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.

Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca) və Səyyad Əliyev (Beyrək) çıxış edib.

“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir?

Nümayişi böyük uğurla keçirilən tamaşanı bir sıra tanınmış elm və mədəniyyət xadimləri izləyib.

Qeyd edək ki, tamaşanın premyerası oktyabrın 29-da Lənkəran Dövlət Dram Teatrında keçirilib.

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.21.