«Qobustan» Sənət Toplusunun

 Qış sayı işıq üzü gördü

 

21 dekabr 2022-ci il tarixdə «Qobustan» sənət toplusunun Qış sayı çapdan çıxıb.

Tam rəngli formatda oxuculara təqdim edilən dərgi uşaqlara həsr olunub. Sənətin müxtəlif növlərində balacaların yeri, uşaq mövzusu bu özəl sayın əsas konsepsiyasını təşkil edir.

Dərgidə Xalq yazıçısı Anar, tanınmış şair Rafiq Yusifoğlu, məşhur animasiya rejissoru Firəngiz Qurbanova, AYB Gənclər şurasının sədri Fərid Hüseyn, «Qobustan» əməkdaşları, peşəkar müəlliflər Esmira Nəzərli, Narıngül Nadir, Aydan Salahzadə kimi imzalar mətbuatda ilk dəfə yazıları yayımlanan gənclərlə eyni mövzunu paylaşırlar. Qeyd edək ki, məhz bu sayda «Söz gənclər» layihəsində on yeni imza «Uşaqlar ədəbiyyat», «Kino uşaqlar» mövzuları ətrafında fikirlərini bölüşürlər. 

Dərginin «Son söz əvəzi» adlanan bölümündə «Qobustan»ın baş redaktoru Pərvin bu yanaşmanı belə açıqlayır: «Yeni il ərəfəsində azacıq da olsa bu mövzuya toxunmaq, münasibətimizi bildirmək, yazılanları, çəkilənləri, yarananları yada salmaq, onlar haqqında düşünmək oxucunu da bu barədə fikirləşməyə sövq etmək istədik. Həmçinin əsas niyyətimiz Xalq yazıçısı Anar, sevilən şair Rafiq Yusifoğlu, məşhur Animasiya rejissoru Firənqiz Qurbanova kimi öz sözünü deyən sənətkarların fikirləri, bu sahədə ilk addımlarını atan gənc müəlliflərin kövrək, hətta bir az da ibtidai düşüncələri ilə yanaşı görünsün. Çünki uşaqlar haqqında hər kəs düşünməlidir

Qeyd edək ki, dərginin qapaq rəsmi kimi Xalq rəssamı Tahir Salahovun  «Aydan» əsəri seçilib. Həmçinin müxtəlif yazılar Azərbaycan dünya rəssamların əsərləri ilə daha estetik, rəngarəng şəkildə təqdim edilib.

 

 Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.32.