Sərgərdan
Hekayə
Şəhərin ən kənar məhəlləsində,
qaranlıq bir küçədə yavaş addım səsləri
durmadan küçəni döyəcləyirdi. Bu anda
küçədə it-pişik səsləri də duyulmaqda
idi. Zibil bu yerlərdə sanki küçənin
hər tərəfinə səpələnmişdi. İt-pişiklərsə zibil qutularını
eşələyir, özlərinə yem axtarır, nəyisə
bölə bilməyəndə isə insanlar kimi
dalaşmağa başlayırdılar. Onların
hürüşməsi, arabir boğuşması
yavaş-yavaş addımlayan adamı heç narahat etmirdi.
Ara məhəllələrdən isə ətrafa
pis tüstü hər axşam olduğu kimi yenə də
yayılmışdı. Nədənsə, bu şəhərdə
hər kəs gün batandan sonra pis işlərini aradan
qaldırırmışcasına onları yandırıb
göyə sovurmağa can atırdılar. Pis
qoxu isə bütün bu eybəcərliklərin ən dəhşətlisi
kimi bu yerlərdə yaşayanların alın yazısı
olmuşdu.
Addım
səsləri şəhərin bu iraq məhəlləsindəki
ən son qapının ağzına gəlib bir anlıq
dayanmış kimi oldu. Qaranlıqdan üzü görünməyən
bu kimliyi naməlum adam nə qədər
qapını döyəclədi, açan olmadı. Heç bilmək də çətin idi ki, içəridə
kimsə var, ya yox. Adam da bir neçə dəqiqə
beləcə cəhd etdikdən sonra bir şey əldə etməyib
yenidən üfunət dolu küçənin qoynuna
atıldı. Bu andan sonra nəinki bu məhəlləni,
bütünlüklə şəhəri kəskin soyuq da
çulğamışdı. Dəhşətli
dərəcədə hava sərt idi. Bu dəfə
havanın sərtliyi insanların bu günlərdəki sərtliyi
kimi kəskin və amansız idi. Bu
havanın soyuqluğu necə olurdu ki, daha da sərtləşirdi,
amansızlıq qazanırdı?! Belə
bir sual da insanların düşüncəsini heç məşğul
etmirdi. Soyuq anlayışının əsl
mahiyyətini düşünmədən onu yaşamağa adətkərdə
olmuşuq, amma həqiqi mənada bilmirdik ki, soyuq əsl həqiqətdə
nə olan şeydi.
Soyuq üşümək deyil, soyuq donmaq da deyil. Soyuq
üşüdüyün, şaxtanın ən iti bucaqtək
səni isidəcək olan bir evinin, isti yuvanın
olmadığı zaman duyduğun hissdir. Onu
da yalnız belə havalarda qapılar üzünə
bağlı olan bu kimi adamlar duya bilərlər. İsti yuvasında oturub, isti çayını
içənlər bilməz, onlarca evi boş olan, sadəcə,
birində yaşayan və digərləri qapısı
qıfıllı qalan o insan deyilən varlıq isə
heç anlamaz, anlamaq da istəməz. Bax
belə bir soyuq, şaxtalı bir gün idi. Elə bir gün ki, dediyimiz insanlar onun dəhşətini
anlamaqdan məhrum idilər, onlar isti evlərində oturub isti çaylarını
ləzzətlə udumlayırdılar, hətta küçələrin,
xiyabanların bəyaz qarına baxıb ləzzət də
alırdılar. Belə bir gündə
çöldə, doğrudan da, elə güclü külək
əsirdi və dağlardan insan dərisini kəsən soyuq
qar gəlirdi ki, sanki qəzəbi tutmuşdu. Bu qədər
güclü bir soyuqda, qarlı-şaxtalı havada şəhərin
küçəsində tək-tənha bir adamsa yoluna ara vermədən davam edirdi. Bu şəhərin
ara-bərə məhəllələrində bir o idi, bir də
olsa-olsa ins-cins...
Küçədə
tək-tənha hərəkət edən adam
olduqca fikirli-fikirli və özü də heç bilmədən
hara gedirmişcəsinə bir döngəyə gəlib
çıxdı. Küləyin
vıyıltısı da, hansısa yaxın-uzaq
dağların başından gətirdiyi dondurucu qar da sanki ona
qənim kəsilmişdi. Adam aradabir
öz-özünə "Sən nə istəyirsən bizdən,
bizimki bizə bəs etmirmi?!" kimi cümlələrlə
deyinirdi. Budur, o, döngəni dönəndə
küncdə, zibil qutusunu özünə daldalanacaq etmiş
bir əyyaşla da qarşılaşdı.
Bəs
şəhərdə tez-tez rastlaşdığımız bu əyyaş
kim idi, bilirsinizmi?! Yox, onu
tanımazsınız yəqin. Bilmirsiniz, bəlkə,
bəziləriniz görübsünüz, amma onu ötəri
tanıyırsınız, bilirsiniz. Axı
siz hər zaman bir əyyaşa ötəri
baxmısınız, ona heç diqqət yetirməmisiniz.
İcazə verin biz deyək: Əyyaş insanın ən
aşağı nöqtəsidir. Bir insan özünə nə
qədər rəhimsiz ola bilər, bax o, o
zaman əyyaşa çevrilər. Bu gəzən
adamın qarşısında da belə bir insan, daha
doğrusu, insanın ən aşağı nöqtəsində
bərqərar olmuş bir varlıq dayanmışdı.
Adam-sərgərdan və Əyyaş. Necə
də ağır bir qarşılaşma!
Adam ona
yaxınlaşdı və xeyli səssiz-səmirsiz
baxdıqdan sonra soruşdu:
- Adın
nədir?
Əyyaş
isə başını qaldırmadan cavab verdi,
dedi ki, adım Vəhşi, Xortdan, Atılmış... Heç özüm də bilmirəm adımı.
Bu həyatdan küsmüş, özünə nifrət
edən adamın cavabı adamı narahat etdi, axı onun da bu
gün gəldiyi vəziyyət beləcə əyyaşlıqla
başlamışdı. Əyyaş cavan oğlan idi, amma
düşdüyü bu çirkab onu sanki ahıl bir insana
çevirmişdi. Üzünə diqqətlə
baxanda bir zamanlar onun necə də gözəl olduğu, gənc
xanımların diqqətini necə çəkə biləcəyi
sezilirdi. Amma indi o günlərdən əsər-əlamət
qalmamışdı.
- De
görüm, neçə yaşın var?
- Yaş?
Məni ələ salırsan. Nə yaş? - Əyyaş güldü: - Mən
yaşayırammı ki, yaşım da olsun. Rədd ol burdan! Nifrət edirəm insanlara.
Əyyaş bir insan belə görmək, səsini duymaq
istəmirdi.
O, əlindəki butulkadan son qurtumu da çəkib bədəninə
adama doğru fırladır:
- Rədd
ol, dedim sənə!..
Adam tək-tənha yoluna davam etməyə
başladı.
Soyuq yenə güclü idi, təbiətə
hakim kəsilmişdi. Səhər də
yavaş-yavaş açılmaq üzrədir, insanlar daha isti
çaylarını içib küçələrə
axışmağa başlamışdılar. Bir azdan küçələrdə uşaqlar da
gözə dəyir, onlar qartopu oynayırdılar, səslər,
şən gülüşlər isə ətrafa
yayılmışdı. Artıq
günortaya doğru yeməkxanalardan isti hava, gözəl
qoxular da yayılırdı küçələrə.
Adam arabir dayanır, istinin və yeməyin
qoxusunu içinə çəkirdi. Bəs yolda tək-tənha
gəzən bu adam kimi idi? Nə vaxtsa bir nəfərə
içini açıb tökmüşdü:
- Mən
bir sərgərdanam, dilənirəm, həm də
evsiz-eşiksizəm. Döşəyim
oturacaqlar, beton döşəmələr, ən
yaxşısı yaşıl örtüklərdi. Yastığım yoldan tapdığım bir plastik
su butulkası. Yorğanım yayda olmur,
payızda səxavətli ağacların yarpağı,
qışda buludlar və illər öncə itirdiyim
qızımın bəyaz libasıtək ağappaq olan qar
olur. Dostum yoxdu, hamı mənə xor
baxır. Düşmənim isə bir vəfasız
dünyadı. Birinə
yığıb-yığışdıra bilməyəcəyi
qədər verib, digərini lüt-üryan buraxıb. Birinin onlarca içi boş qalan ev-eşiyi, imarəti,
digərinin gecələməyə bir daxması da yox.
Dünya budu...
Adam düşüb şəhərin küçələrinə,
insan yığını çox olan yollara. Dilənir:
- Allah xətrinə
məni geri çevirməyin. Acam, istəyirəm...
Biri heç baxmırdı üzünə. Belələrindən
o incimirdi heç, digəri söyür, təhqir edirdi.
"İtil cəhənnəmə"... "Rədd ol
burdan"... "Əclaf"... Bir kimsə də pul verirdi,
on qəpik, iyirmi qəpik... Bir manat... çox
zaman da itə atan kimi.
Adam dəmir, bəzən də kağız pullar
alırdı.
Amma o, əslində, bu pulları heç istəmirdi,
istəmirdi bunu insanlardan. "Axı, mən pul
üçün dilənmirəm", - deyirdi.
Bəs bu sərgərdan və o əyyaş nə istəyirdi?! Ah, onları bir anlaya bilsək,
dünya qurtuluşa varacaq. Onlar, təbiətin
bütün insanlar kimi onların da payına verdiyi ruzidən,
bərəkətdən istəyirdilər. İstəyirdilər ki, onları da anlaya bilək.
Onlar birdən-birə belə bir insana
çevrilməyiblər ki, bu vəziyyətlə bizlərin
heçmi günahı yoxdur? İnsan
yaradılmışların ən əşrəfi deyilmi?!
Yaradılmışların ən əşrəfi
olan insan beləmi hörmətə, rəftara layiq
görülməlidir? Heyhat! Heyhat ki, heyhat!
...Adam bax
belə bir dünyada, belə bir soyuq, qarlı-şaxtalı
gündə etinasızlıqdan payını
almışdı, ona əzab verən, bəlkə də,
havanın soyuqluğundan çox, insanların biganəliyi,
soyuq münasibəti idi. Belə bir vəziyyətdə
o, ağır-ağır yolunda davam edirdi, çox
düşüncəli idi, sanki hər kəsdən, hər
şeydən ümidini kəsmişdi. Siz heç hər
kəsdən, hər şeydən ümidini kəsən adam görmüsünüzmü?
Hava isə getdikcə soyumaqda davam edirdi. Təbiəti
isidən Günəş bu nəhs gündə qəribəlikdən
heç doğmadı da. İnsanlar isti
evlərindən çıxdılar, işə gedənlər
qayıtdılar, yollar, küçələr, xiyabanlar
dolub-daşdı və artıq gün başa çatmaq
üzrə idi. Budur, şəhərə
qaranlıq da çökməyə başlayıb. Hər kəs isti yuvasına tələsir. Şaxtalı hava kimi onlar da necə sərt və
soyuqdurlar, ilahi. Adam isə yenə
küçələrdə tək-tənha. O,
özünə sığınıb üşüyür,
yox, daha üşümək mərhələsini də
çoxdan adlayıb, o donurdu. Addımları da
yavaşıyıb, artıq ayaqları addımlamır, onun
sözünə baxmır, sürütlənirdi. Bir
azdan adam yerə yıxılır, o,
artıq ölümün pəncəsində idi. Yetmiş
yaşına lövbər vurmuş bu kişi
indi yıxılıb yerə. Qar da
amansızcasına yağmaqda davam edirdi.
İnanmayacaqsınız, adam ölüm
ayağında gözlənilmədən istini hiss edir, bədəninə
bir istilik hopmağa başlayıb, bədən artıq
donmurdu. Bu anda onun gözündən yaş
axdı. Sən demə, bu həyatın
ona son zərbəsi imiş. Bu, əcəl
təri imiş onu basıb. Və
ölüm, bir gün hamını haqlayacaq o əcəl
gerçəkləşdi. Siz necə,
düşünmüşdünüzmü ki, ölüm
qurtuluşdur?! Adam beləcə qurtuldu ona əzab
verən həyatdan. Amma yenə tək-tənha
idi. Yanında onu sevən, onun
üçün ağlayan, ah-nalə qoparan yox idi. Bəlkə də, beləsi daha yaxşı idi.
...İndi qar daha güclü yağırdı. Budur, bir azdan o, adamın
üstünü sanki ağ kəfən
kimi örtmüşdü.
Naxçıvan
Anar QASIMOV
Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.30.