Türkiyə məşhurlarının
sevdiyi
Əziz Nesin hekayələri
Dekabrın 20-si əsl adı Mehmet
Nüsrət olan tanınmış türkiyəli yazar,
publisist və dramaturq Əziz Nesinin doğumunun 107-ci ili idi. Bu gün də,
yaşadığı dövrdə olduğu kimi onu sevənlərin
sayı sevməyənlərin sayından dəfələrlə
çoxdur. Ömür boyu mühakimə
olunan yazar bir müddət məhkumluq həyatı da
yaşayıb. Təkcə yazdığı əsərlərlə
deyil, səsləndirdiyi qalmaqallı siyasi fikirlərlə də
həmişə müzakirə mövzusu olan yazarın
ölkəmizdə də kifayət qədər oxucusu var. Bir
neçə türkiyəli məşhur ədəbiyyat, sənət
adamı Əziz Nesindən sevimli hekayələrini seçib
doğum günü münasibətilə oxuculara təqdim
ediblər. Yazarın azərbaycanlı
oxucularına xitabən həmin yazını dilimizdə təqdim
edirik.
Şair və yazar Ahmet Ümitin
seçimi: "Mu Ni"?
Heç gözünüzün qabağında bir
adamın necə dəli olduğunu
görmüsünüzmü? Mən
görmüşəm.
Ev sahiblərinin uşağını gətirdilər. Dörd-beş yaşlı
top kimi oğlan uşağı. Gözləri
par-par parıldayır. Uşaq diliylə
"Bu nədir?"i "Mu ni?" kimi deyirdi. Uşaq
dayanmadan nəyisə göstərib soruşurdu:
- Mu ni?
Fikri bəy
cavab verdi:
- Gəmi.
Uşaq
yenə soruşdu:
- Mu ni?
Fikri bəy
yenə cavab verdi:
-
Qayıq, bax, nə gözəl qayıqdır... Uşaqlar bu yaşda həmişə belə olur,
dayanmadan sual verirlər. Yorulmadan, bezmədən
onların suallarına cavab verməlisən.
Uşaq
yenə soruşdu:
- Mu ni?
- Saat...
- Mu ni?
- Bunu
deyirsən? Bu burundur.
- Mu ni?
- Burun.
Bu-run... Bu-run... Başa düşdün?
- Mu ni?
- Burundur,
oğlum, burundur, balam.
- Mu ni?
- Burundur,
ay bala, burundur da, əməlli-başlı burun.
- Mu ni?
- Burun,
burun, burun, burun...
Fikri bəyin
hirsindən çənə əzələləri titrəməyə
başladı:
- Aaaa, bu
qədər kifayətdir... Burun...
Birdən yenə özünü ələ aldı. Yumşaq, şirin səslə
"Burun" dedi.
- Mu ni?
Nə oldusa o vaxt oldu. Fikri bəy qəfildən
otağın ortasında "Mu ni, mu ni, mu
ni..." deyə-deyə gəzməyə başladı.
Uşaq
qırıq-qırıq gülərək yenə soruşdu:
- Mu ni?
Fikri bəy
bağırmağa başladı:
-
Ananın toxmağı! Başa
düşdün indi?
Sonra qəfil
dayanıb özü uşaqdan soruşdu:
- Mu ni?
O vaxta qədər
"Mu ni?"dən başqa heç bir
şey deməyən uşaq qəfil "Ananın
toxmağı" deyib susdu. Salona soyuq sükut
çökdü.
("Gözünə
gözlük" kitabından)
Köşə yazarı Pərihan
Mağdenin seçimi: "Tatlı Betüş"
Gərgin bir gündə Avropanın Aralıq dənizi
limanlarından gələn kruiz gəmisində külli
miqdarda qaçaqmal tapıldığı barədə məlumat
aldıq.
Baş müdir bizi yanına çağırıb dedi ki, sərnişinlər
arasında olan Betül xanıma xidməti avtomobilin onu
gözlədiyini xəbər verin. Bir az sonra
gəmi limana yaxınlaşdı. Allah sahibinə
bağışlasın, belə qadın dünyaya qırx ildə
bir gəlir, xidməti avtomobilin limanda gözləməyinə
dəyərdi. Yayın ortasında kürk
qadına başqa özəllik verir və onun Avropa səfərindən
qayıtdığı dərhal aydın olur. Avtomobilə
minəndə gömrük vergisini ödəməmək
üçün yayın istisində üst-üstə
geyindiyi iki xəzi çıxarıb çamadanlarını
avtomobilin içərisinə, sürücünün
yanındakı oturacağa və yük yerinə yerləşdirdikdən
sonra dedi:
-
"Qalan əşyalarımı gömrükdə
yaxşı saxla, sonra bir adam göndərib
götüzdürərəm".
Ondan sonra Avropa ekspedisiyasından qayıdan bərə sərnişinləri
arasında Betül xanımı tez-tez görürdüm. Lakin sonra o,
siyasi himayədən məhrum oldu. Yenə
belə bir Avropa səfərindən qayıdırdı.
Bizə xüsusi göstəriş verilmişdi
ki, onun paltarlarını və çamadanlarını diqqətlə
araşdıraq. Betül xanım əvvəlcə
etiraz etdi, vəziyyətin ciddiliyini anlayanda çox təəccübləndi.
- Allah,
Allah... Hakimiyyət dəyişib, bu nə deməkdir?
Nə baş verir?
- Vəziyyət
dəyişib, bu qədər, axtaracağıq... - dedim.
Betül xanımın qoynundan, demək ayıb
olmasın, başqa yerlərindən, bir zərgər
dükanını dolduracaq qədər zinət əşyası
çıxdı. Gizli yerlərindən daş-qaşlar çıxanda
Betül xanım da heyrətlənib deyirdi:
-
Çox təəccübləndim, bunların heç biri mənim
deyil... İlahi, görəsən, hansı əxlaqsız
alçaq bunları mənim xəbərim olmadan ora-bura soxub?
Orxan Pamukun seçimi: Toros
Canavarı
Deyinə-deyinə polis idarəsinə gəldi.
Kapitanın otağına girdi. Otaqda yalnız bir zabit
növbətçi vardı. Zabit
yuxulu-yuxulu gözlərini ovuşdurdu. Gözlərini
qırparaq Nuri Pakürəyə baxdı. Nuri Pakürəyin burununun dibində oturaraq, sezdirmədən
üzünü incələyirdi. Sonra birdən
masasına tərəf cumdu. Masanın
gözündən bir fotoşəkil çıxartdı.
Bir fotoya, bir Nuri Pakürəyin üzünə
baxdı.
Növbətçi telefonu götürüb rəqəmləri
tez-tez fırladıb kiməsə zəng vurdu. Sonra danışmağa
başladı:
- Alo...
Alo... Haradır? Bəli... Bəli,
cənab. Toros Canavarını ələ
keçirdik, cənab. Toros Canavarı, cənab...
Özüdür... Yəqin ki, sənədlərini
oğurlamağa gəlib. Polis idarəsinə basqın
etmək niyyətiylə... Şəxsən özüm
tutmuşam... İyirmi nəfər göndərsəniz
bəsdir, cənab. Çox sağ
olun. Minnətdaram... Qəti narahat olmayın,
imkan vermərəm ki, aradan çıxsın.
Nuri Pakürək səkkiz ay həbsdə qaldı. Həbsxanada ən
amansız qatillər belə ondan qorxub çəkinirdilər,
ona hörmət edirdilər.
Səkkiz ay sonra azadlığa buraxıldı.
Niyə?
Çünki
Toros Canavarı son cinayətini iki il əvvəl
etmişdi. Keçən il də Amnistiyaya
düşmüşdü.
Nuri Pakürək evinə getdi. Evdə hamı onu
hörmətlə qarşıladı. Bu
hörmət sevgidən çox, qorxudan idi.
Həyat
yoldaşı:
"Ahh, ərim!"... deyib irəli
atıldı, amma bu qədər... Sonra yenə
geri çəkildi, yanına yaxınlaşa bilmədi.
Onları
evindən çıxarmaq istəyən ev
sahibi:
- Amaaan,
qurbanın olum Nuri bəy, kira-mira istəmirəm, canım. Aramızda belə şeyin söhbəti olar?!
Elə bil ki, öz evindir", - deyib, az
qala yalvarırdı.
Bir səhər qəzetlər yazmağa başladı
ki, Toros Canavarı ikinci dəfə tutulub. Bu ikincisi əsl
Toros Canavarı idi. Məhkəməsində belə
deyib:
- Hələ
tutulmazdım, amma öz istəyimlə tutuldum... Gördüm ki, bir əclafı Toros Canavarı deyə
üzə çıxardınız. Əclaf
mənim adımdan istifadə edir. Buna
dözə bilmədim artıq.
Bu
söhbəti eşidəndən sonra Mehparə xanım belə
deyib:
- Mən
o təlxəyin bunları edə bilməyəcəyini bilirdim.
Ev sahibi də xəbər tutub o vaxta qədər
yığılan kirayə haqqını istəməyə gəlibmiş. Pakürək ailəsi və
ev sahibi sevinc içində Nuri bəyin
otağına qaçırlar. Mehparə xanım qucaq
açıb həyat yoldaşının üstünə
qaçır:
- Ahh, ərim!.. Sən deyilmişsən... Sən canavar
deyilmişsən!..
Bu vaxt Nuri Pakürək divar güzgüsündə
üzünə baxaraq qəribə səslər
çıxarırmış. O an qapını
açanların üstünə cumur. Hamısı
qorxu içində qaçır. O gündən sonra
heç kim Nuri Pakürəyi Toros
Canavarı olmaqdan xilas edə bilmir. Canavarlıq
çox xoşuna gəlmişdi, yoxsa həqiqətən də
canavardı, burasını anlamaq mümkün deyildi.
(Toros Canavarı kitabından)
Elif Şəfəqin sevimli hekayəsi:
Çox ağıllı adam
- Mütləq
səninlə görüşmək istəyirlər. Evlərinə çağırıblar.
- Bu nə
münasibət?! Mən onları tanımıram heç...
- Bəli,
amma biz səni onlara dahi kimi tərifləyib şanını
göylərə qaldırmışıq...
Nəhayət, uzaqdan mənim yüksək intellektimə
heyran olanların mənzilinə getdik. Heç məlumatı
olmadığı fəndən imtahan verən tənbəl,
nadinc tələbə vəziyyətindəyəm. Evin xanımı yeməyə dəvət edir.
Az qalır ağzımın yerini də
tapa bilməyim.
"Əlinizə
sağlıq, çox ləzzətli olub", - deyəcəyim
yerdə, evin mehriban xanımına, "Əbəsdi... Çox duzlu olub!" deyirəm.
Üzümü
evin mehriban sahibinə çevirib:
-
Qızınız, qız oğlan qızdır?
Bu yersiz
sualıma kişi utana-utana "hələ
evlənməyib" cavabını verdi...
- Bu
uşaqlar sizə heç bənzəmir...
Yüksək intellektimə heyran olanların üzünə
baxdım. Onların heç biri heç bir reaksiya vermir.
Ayağa qalxdım, bağıra-bağıra
"Mən axmağam!" deyə qışqırdım.
- Əstəğfürullah...
Bu nə sözdür? Biz sizin böyük
zəkanızı...
- Mən
axmağın yekəsiyəm!
Öz
aralarında danışmağa başladılar:
- Necə
müthiş zəkası var!
- Simvolik
danışır. Özünü qabağa verib bəşəriyyətin
halını satirik dillə nümayiş etdirir! - deyə pıçıldaşırdılar.
("Damda dəli var"
kitabından)
Sezen Aksu xatirəsini
bölüşür:
Əziz
Nesin kimi bir dəyərin doğulmasından 100 ildən
çox vaxt keçməsi nə qəribədir... Bir
çağ... Zamanı necə qabaqlayırdı;
hamımızın həyatında hələ də necə
yenidir...
Xoşbəxtlikdən
sağ ikən bir çox özəl anları paylaşa
bilmişik. Sevindirici haldır ki, bunların bəziləri
məhz Əziz Nesinin ad günündə baş verib.
Müjdat Gezen məni illər əvvəl 20 dekabr
axşamı Əziz Nesinin evinə aparmışdı. Qəribə təsadüfdür
ki, onların ad günü Onno (Onno Tunç - bəstəkar
və musiqiçi - tərc.) ilə eyni gündədir...
Dərhal qarşısına çıxmadım, gizləndim. Müjdatı görüb
çox sevindi, amma bunu göstərməmək
üçün zarafatla belə dedi:
- Yahu,
harada qaldın, bu saatdan sonra doğum günü olar?
- Amma əliboş
gəlməmişəm.
- Nə gətirmisən?
- Nə
yox, kim olduğunu soruşarlar.
Həmin vaxt anladım ki, mənim səhnəm gəlir
və oxumağa başladım. Təbii ki, çox
sevinirdi, uşaq kimi sevinirdi. Biz bunu
sonrakı illərdə də təkrarladıq. Həqiqətən unudulmaz idi. İndi
onun dəyərini daha yaxşı başa düşürəm.
Ona görə də onun anadan olmasını
onun cümlələriylə deyil, özü ilə
xatırlamaq istədim. Çünki mənim
yaddaşımda onun özü ayrıca bir cümlədir...
Son dərəcə cəsarətli, həssas,
ağıllı və heç vaxt yeri dolmayan, başqası
ilə əvəzlənməyən bir cümlə...
Əziz Nesin
Hazırladı: Nilufər
Hacılı
Ədəbiyyat qəzeti.- 2022.- 24
dekabr.- S.31.