Çiçək
hekayəsi
İstirahət
mərkəzi böyük deyildi. Həyətinin bir tərəfində
qoyulmuş 6 taxta masanı elə taxtadan hazırlanmış
şəbəkələr bir-birindən ayırırdı.
Rəşid üçüncü dəfə idi bura gəlirdi. İlk dəfə
rayondakı məşhur istirahət məkanlarında yer
olmayanda buranı tapmışdı. Əyləncə,
ya gəzinti yeri yoxdu. Ancaq təmiz, səliqəli
otaqları vardı. İlk gəlişindən
səliqə-sahmanı, sakitliyi ürəyinə yatdı.
Taxta skamyada oturub görünən mənzərəyə
baxmağı sevərdi. Mənzərə gözçəkilməz
idi: Aşağıda yaşıllıqlar arasından sezilən,
günəşin şüalarında gizlənqaç oynayan
çayın səsi onsuz da xəyalpərvər olan Rəşiddə
qəribə duyğular oyadırdı. O bu səsi dinləyə-dinləyə
ağacların arasındakı evlərə baxır, orda
yaşayanları düşünürdü: Kimisə
çaydan su gətirərkən, kimisə sacda çörək
bişirərkən, kimini odun yaran, həyət-bacanı təmizləyən,
toyuq-cücəyə dən verən və s. kimi təsəvvür
edirdi. Rəşid şəhərdə
böyümüşdü. Vaxt tapanda,
özünün dediyi kimi, təbiətlə
görüşmək istəyirdi. Hə,
bir də rayonda baba yurdunda yaşayan dayısıgilə qonaq
gedərdi. Kəndlərdə olmağı
sevirdi. Ümumiyyətlə, qəribə
bir marağı, sevgisi vardı rayon, kənd həyatına,
orda yaşayanlara. Elə bil burdakı
insanlar fərqliydi, nəsə daha doğma, daha isti idilər.
Bir də gördün küçədə
tanımadığın biri səni saxlayır, səninlə
görüşür, hal-əhval tutur: "Sən Qurbanın
nəvəsisən? Babana oxşayırsan.
Kişi adam idi. Burda hamı
onu sevirdi. Sən necəsən? İşlərin avand olsun" kimi cümlələri
bir-birinin ardınca düzürdülər.
Həyətlərin
birində çəhrayı güllü ağ
don göründü. Ağacların
arasından çəhrayı güllər səsiylə Rəşidin
düşüncələrinə sığal çəkən
çay kimi arabir nəzərə çarpırdı. Diqqətini cəmlədi. Bu yerlər kimi
gözəl bir qıza bənzətdi don sahibini. Ağacların bir-birinə qovuşan yamyaşıl
budaqları arasından, çox da yaxın olmayan məsafədən
qızın üzünü seçmək mümkün deyildi.
Ora-bura gedən, gah əyilib-qalxan
varlığın yaşını da müəyyən etmək
olmazdı. Sadəcə çevik idi.
Rəşidə elə gəlirdi ki, orda
dolaşan dünyanın ən gözəl qızıdı.
- Bir
şey içmək istəyirsiniz?..
Çay, kofe, su...
Rəşidin eşitmədiyini görüb onun baxdığı
səmtə boylandı. Gülümsündü: - Çiçək.
Onun Çiçək olduğunu istirahət məkanında
işləyən Orxan bilirdi. "Bu oğlan niyə
belə diqqətlə baxır. Bəlkə
Çiçəyi tanıyır?" - maraqla
düşündü.
- Rəşid
bəy. Rəşid, - deyə bir az ucadan səsləndi.
Ona tərəf dönən Rəşid elə bil harda
olduğunu unutmuşdu.
- Orxan... Sənin samovarın qaynamadı? Yaxşı
bir samovar çayı içək.
- İndicə qaynadı. Mən də
soruşuram. Amma fikriniz çox məşğul
idi.
Gülümsündü:
- Bu mənzərəyə
baxmaqdan doymuram. Bu evlər mənə qəribə
təsir edir. Heç birinin hasarı yoxdu.
Deməli, həyət qapıları da yoxdu.
Evlərin həyəti harda qurtarır, harda
başlayır? Azaddılar. Bu hasarsız həyətlərdəki evlər
azadlığın özüdü. Rahatlıqdı.
Orxan da istirahət məkanından aşağıda
qalan evlərə baxdı. Kəndlərdə belə
evlər çoxdu. Amma elə bil o da bu evləri
indi görürdü. Sevindi
özlüyündə Orxan. Bir-birilə
qucaqlaşan adamlara bənzətdi evləri. Elə bil ağaclar əllər idi. Bir-birindən ayrılmayan, bir-birinə dayaq olan əllər.
Öz düşüncələrinin təsiriylə dedi, daha
doğrusu pıçıldadı: Elə bil həyətlər
qucaqlaşıblar doğma adamlar kimi.
- O da
Çiçəkdi. Həyətdə iş görür. Yəqin, oxumaqdan yorulub.
-
Tanıyırsan?
- Kəndçiyik.
Mən oxuduğum məktəbdə oxuyur.
Əlaçıdı. Bütün
günü kitablarla məşğuldu. Arada
yorulanda fasiləyə çıxır, həyəti təmizləyir,
ağaclara su verir, meyvə yığır, dükana gedir.
Hərdən mən də bazarlıq edirəm
onlara, özü deyəndə yəni.
Rəşid artıq tanımadığı
Çiçəyi sevirdi. Həyəcanlandı: - Yoxsa...
- Yox, ona
hədsiz hörmətim var, sevgim var, amma bacı, dost, insan
kimi. Həm də, səhv başa düşməyin,
dayaq olmaq istəyirəm. İstəyirəm mənə
güvənsin, həmişə yanında olacağıma
güvənsin... O da güvənir, məncə, təkcə
mənə yox, bizim ailəyə. Atam da
onları tək qoymur, tez-tez baş çəkir.
Rəşid
anlaşılmaz təəccüblə, maraqla oğlana
baxırdı:
- Nədən?
- Nədən...
Ehtiyacı var. Ehtiyacları var.
- Təkdi?
- Nənəsiylədi.
Başqa elə bir yaxını yoxdu.
Əslində qohumları var, yaxınlıq etmirlər...
-
Atası-anası bəs?
-
Çayımızı içək. Samovar
soyuyur, - deyə Orxan söhbəti dəyişdi. Rəşid onun Çiçəyin həyatını
danışmaq istəmədiyini anladı. Əslində bu, həqiqət idi. Orxan Çiçəkdən danışmaq istəmirdi.
"Bu şəhərli balası birdən-birə
niyə onunla maraqlanır? - düşündü
yenə. Hətta bir az əsəbiləşdi.
Rəşid
bunu hiss etdi. Söhbət kədərli olsa da o
sevincliydi. - Hə, çayımızı içək.
- Amma onun hekayəsini danışarsan, çox xahiş edirəm.
Orxan artıq masaya qənd, konfet, mürəbbə, Quba
paxlavası qoymuşdu. Samovarda yanan quru ağacların qoxusunu
içinə çəkən Rəşid özünə
çay süzmək istədi.
- Bu mənim
işimdi, siz zəhmət çəkməyin, - deyə Orxan
stəkanı ondan almağa cəhd etdi.
- Di bəsdir,
bu mənə zövq verir. Özün də
otur. Burda tək çay içməyəcəm
ki. Bu harda qaldı -dostunun dalınca gileylənməyi
də unutmadı. - Onsuz da kimsə yoxdu. Bu
vaxt qonşu otaqlardan birində qalan qızlar gəlib
çıxdı. Bir gözü Rəşiddə olan
solğunbənizli, çox zərif üzlü qız nəşəylə
səsləndi:
- Ay nə
gözəl, yanıram, elə samovar çayı keçirdi
ürəyimdən.
- Buyurun.
- Rəşid qalxıb qonşu masaya keçən qızlara
çay süzdü. Orxan qızların
masasına çay dəstgahı düzür və
gözaltı Rəşidə baxırdı. - Buna nə
oldu görən birdən-birə?
Günortadan xeyli ötmüşdü. Məhəccərə
dirsəklənmiş Rəşid çaya baxdı. Daha günəşin altındakı güzgü
parçaları kimi işığı qaytarmırdı.
Hava tutulmuşdu.
-
Yağış yağacaq indicə.
Elə bil buludlar Orxanın sözünə bənd idilər. Bir anda
göydə qəribə şəkillər yaratmağa
başladılar. İkisi də
gözünü buludlara zilləmişdi. İkisi
də buludlarla danışırdı. Öz
aralarında pıçıltıyla
danışıb-gülən qonşu masadakı qızlar
onları eşitmirdi. Hərə öz həmsöhbətiylə
idi. Yağış başladı. Oğlanlar ləzzətlə çay içir, ətrafa
boylanırdılar.
***
Bahar İlhamla bir sinifdə oxumuşdu. Məktəb
illərindən sevmişdilər bir-birini. Onlar məktəbi qurtaranda SSRİ
dağıldı. Ermənilər
Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı yenə
də ərazi iddiasına qalxdılar, iğtişaşlar
törətdilər. 1988-ci ildə Sovetləşmə
dönəmində Rusiyanın Ermənistana verdiyi qədim Azərbaycan
torpaqlarından - Zəngəzur mahalından yerli əhalinin
qovulması başladı. "Ermənistanı
türklərdən təmizləyək" şüarı
ilə İrəvan, Vedi, Göyçə, Dərələyəzdə
yaşayanlar da öz dədə-baba torpaqlarından qovuldu.
SSRİ rəhbərliyi də buna şərait
yaratdı.
Rusiyanın dəstəyi ilə "təmizləmə"
əməliyyatını uğurla başa vuran Ermənistan
Qarabağ müharibəsinə başladı. Yerli əhali
ağlasığmaz çətinliklərlə üz-üzə
qaldı. Vəziyyət ağır idi.
İllərlə, əsrlərlə Azərbaycan
torpaqlarında yaşayan, qədim İrəvan şəhərimizi
özünə paytaxt edən ermənilər havalandılar
yenə. Vətənin belə ağır günündə
İlham oxumaqdan vaz keçdi: Əsgər gedəcəm, - deyə
inad etdi. Ürək
çatışmazlığından əziyyət çəkən
ata yeganə övladının xasiyyətini bilirdi. Susdu. "Getmə" deyə
bilmədi. Ana göz yaşı
axıtdı. Baharsa, öz
ağrılı taleyindən xəbərsizdi hələ, sadəcə
qürur duydu. İlham döyüşlərə
gedəndə qız Tibb Texnikumunda təhsil alırdı.
İlham iki il döyüşdü. Sonra yaralandı. Müalicə
üçün Bakıya hərbi hospitala yerləşdirdilər.
Tam sağalmasa da yenidən "Qarabağa gedəcəm"
dedi. Bu dəfə Bahar da "Birlikdə gedəcəyik.
Qızlar da döyüşür. Mən də tibb bacısıyam" - deyə inad
etdi.
Aylar ötdü.
Və bir gün Bahar qayıtdı. Şən,
söhbətcil Bahar lal-dinməz olmuşdu. Müharibənin
acılarının içində olan adam
danışıb gülə bilmir. Bəzən
yaşadıqlarını kimsəylə bölüşə
də bilmir Bahar kimi. Bir-neçə aydan
sonra hamı Baharın qayıtmağının səbəbini
bildi. Hamiləydi. Hər
ağızdan bir avaz eşidildi. Onun
susqunluğunu yozmağa səbəb tapdılar. Gündə onlarca yaralı, şəhid görən
Baharı -müharibəni unutdular.
Bahar sakitcə İlhamı gözləyirdi. İlhamsa
qayıtmadı. Nə öldüsü, nə dirisi məlum
olmadı... Bir gün qardaşı Bahara "bəlkə
Bakıya, ya qonşu kəndə gedəsən. Bir müddət qohumların evində qalarsan.
Ya da rayonda ev tutaq. Mən də tez-tez sənə
baş çəkərəm" dedi. Bahar
qardaşının narahat səsinə sakitcə qulaq
asdı.
Bir-neçə gündən sonra qardaşına
heç nə demədən evdən çıxdı. Hər gün
"gedək bizdə qal" deyən uşaqlıq rəfiqəsi
Süsənə də bir söz demədi. Bakıya getməyə qərar vermişdi. Əvvəlcə çayın kənarına getdi.
İlhamgilin evindən çaya bir cıgır
yol alırdı. Çaya doğru
ağacların sıxlığı azalırdı. Yalnız evləri qoruyurmuş kimi sıralanan
ağaclar birdən-birə yoxa çıxırdı
çay kənarında. Onlar da bir az
kənardan çayın gözəlliyinə
baxırdılar, elə bil bu gözəlliyi gizləmək
istəmirdilər. Bahar bu cığırla
qalxdı, doğma ağacı tapdı. Altında
oturdu. Balaca boğçasını
başının altına qoyub ordaca yuxuladı. Ağrıları ürəyini, beynini əldən
salmışdı. Oyananda səhər
açılırdı. Gecənin rəngi
hələ ətrafdan tamam silinməmişdi. Gözünü ağacların arasından güclə
görünən evə zilləmişdi. Günəşin
nə vaxt gecəyə tam qələbə
çaldığını, budaqların arasından gizlicə
yol taparaq əllərini, üzünü
oxşadığını hiss eləmirdi. Arada düz
göz bəbəklərinə toxunan şüalara nəhayət
ki, salam verdi. Bədənində bir istilik
hiss elədi. Qeyri-ixtiyari axşamdan kürəyinə
saldığı şalını götürdü, sinəsinə
sıxdı. Və... Və qəfildən
günəşin əllərindən duyduğu
doğmalıqdan, istilikdən kövrəldi. Üzünü şalında gizləyərək
hönkürdü. İçin-için ağladı,
ağladı, ağladı... Dizlərini
azacıq yığmışdı. Ağrı-acıdan
ağırlaşan başını dizlərinə söykəmişdi.
Əlləriylə qarnını
qucaqlamışdı. Bahar onunçün
hamıdan, hər şeydən dəyərli olan
varlığı, onun evini qorumaq istəyirdi. Onunçün bütün sözlər,
bütün gözlər mənasızdı. O, bu
cığırın kənarındakı ağaca söykənmişdi.
O, yalnız bu ağacla danışa, dərdləşə
bilərdi. Çünki o ağac çox
şey bilirdi. Onun sevincini, xoşbəxt günlərini,
ağrı-acısını, xəyala dönən, ölən
arzularını,... çox şeyi. O
ağac tək sığınacağı, tək
dayağı, tək sirdaşı, tək həqiqəti idi. Nə qədər bu ağacla
danışdığını, nə qədər onu dinlədiyini
bilmədi. Başının üstünə
qalxan günəşin yavaş-yavaş "sabaha qədər"
deməyini eşitmədi.
Saçlarında, üzündə hiss elədiyi
sığaldan, vücudunda duyduğu tərpənişdən
gözlərini açmağa çalışdı. Milyon tonluq
kirpiklərini azca tərpədə bildi. Əlinə
düşən damcıları hiss etdi. Yağış
yağırdı. Ağrı, acı,
sevgi yağışı yağırdı. Bu ağrı, acı yağışı selə
dönüb onu ora-bura çırpır, boğur, gah da sevgiyə
dönüb boğulmağa qoymurdu. "Qızım,
qızım..." tanış, doğma,
bu dünyada ona dayaq ola biləcək, ən çox ehtiyac
duyduğu səsin başqa nəsə deməyə
gücü yetmirdi. Güllü ana dizi üstə
çöküb Baharın üzünə, gözünə,
saçlarına sığal çəkir, başqa söz
tapmır, əsim-əsim əsir, gözlərindən sel
tökürdü. Qızı özünə
sıxırdı, ya ona sığınırdı var
gücüylə, anlamaq olmurdu. Baharsa
susur, bu əllərin toxunuşunda ölmədiyini hiss edirdi.
Ana qızı ayağa qaldırdı, az
qala qucağında evə apardı. Əl-üzünü
yudu. Qonşu otaqdakı boş yatağa
baxdı, səksəndi. Qapını
örtüb divanda yataq hazırladı. Baharı
rahatlayıb ona isti mürəbbəli çay, çörək
gətirdi. Bahar heykəl gözləriylə
baxırdı. Ana onun yanında oturub
çay içirdi, qızın rəngi dəyişdi
azacıq.
Birdən vücudunda yenə tərpəniş duydu. Bahar
qeyri-ixtiyari əlini qarnına apardı. Ayıldı.
İri gözəl gözlərini Anaya zillədi.
Ana da heç vaxt belə baxmamışdı.
"Mən ona qıya bilmədim. Mən
İl... - sözləri qırıldı.
Gözlərini anadan çəkmədi: "onun yadigarına
qiya bilməzdim. Mən ona xəyanət edə
bilməzdim. Mən...". Bir an susdu. "Bu, ikimizindi".
Ana onun yanında oturtdu. Dünyanın
yeddi möcüzəsini heçə çıxaran səkkizinci
möcüzə görürmüş kimi qıza baxdı,
baxdı: - "Bilirəm" dedi. Siz mənə
inanırsız?
Ana sakitcə
- "Balamın nişanəsidi" - dedi.
"Mənə bu bəs edər. Kimsəyə
izah vermək, kiçik düşmək istəmirəm.
Neyniyə billəm başqa?". Qız için-için ağladı, ananın
qucağına sığındı, əllərindən
öpdü. Göz yaşları qarışdı, dərdləşdi,
sevindi bir az da bu gecə... Bir suala
özü də cavab tapmırdı: Bütün kəndin
bizim sevgimizdən xəbəri vardı. Mən
cəbhəyə gedəndə "mərd
qızımız" deyənlər də vardı. İndi nə oldu?
Bahar beləcə Güllü anayla qaldı.
Ana ona yeni doğulan körpə kimi baxdı. "Gəlinim"
deyib əzizlədi. Tək oğlu üçün
saxladığı zinət əşyalarını Bahara verdi. Barmağına nişan
üzüyü taxdı.
Bahar kəndə qayıdanda İlhamın ölüm xəbəri
kəndə yayılmışdı. Bu xəbərdən
bir-neçə gün sonra ata dünyasını dəyişdi.
Kimsə dərd içində qıvrılan
anaya Baharın hamilə olduğunu demədi. O, kənd
arasına da çıxmırdı. Güllü
ana Baharı tapanda öyrəndi həqiqəti. Və bu, həyatda qalma səbəbi oldu. Körpə böyüdükcə Baharın vəziyyəti
ağırlaşdı. Soyuqda nəm yerdə yatmaqdan
böyrəkləri az qala sıradan
çıxmışdı. Həkimlər
doğuma icazə vermirdilər, qız inad etdi. Ağrılarla savaşa-savaşa körpəsini
böyütdü. Amma doqquz ay gözləmək
olmazdı. Çiçək 8 ay tamam
olmamış dünyaya gəldi. Bahar
müalicə oluna bilmədi. Qızının
ilk addımlarını belə görə bilmədi. Pulumu çatmadı, ya müalicə eləmək
mümkün olmadı - kimsə bu haqda danışmadı.
Ölümü hamını sarsıtdı.
Var olma xoşbəxtlikdi. Ölüm yoxluqdur -
qeybə çəkilməkdir.
***
Ertəsi gün Orxan bu hadisəni Rəşidə danışdı.
"Çiçək beləcə dünyaya gəlib"
- deyib susdu. -
Güllü ana onunla yenidən doğuldu elə bil.
Əslində Orxan bunların heç birinin şahidi
olmamışdı. Bu hadisələr baş verəndə o,
çox kiçik idi. Sadəcə
eşitmişdi, ən çox da atasından, anasından.
Böyüdükcə ata-anasını
Güllü ananın yanında görmüşdü.
Orxan susdu. Sonra içdən nəfəs aldı.
- Çiçək çox yaxşı oxuyur. Filoloq olmaq istəyir. İstədi
"Hekayə, şeir yazır" - deyə əlavə
etsin, amma demədi. Bu, Çiçəyin
sirri idi. Təkcə bacısı bilirdi.
Bilirdi ki, Çiçək yazıçı
olmaq istəyir. Orxan da bilirdi. Bilirdi ki, o, yazıçı olacaq.
Rəşid
Qarabağ müharibəsində ölümlərin
hamısını gözləriylə görmüş kimi
hiss elədi özünü. Amma gözlərinin
dərinliyində bir sevinc işıldayırdı. Çiçəyi tapmasının sevinci
qızın həyatının kədəri qədər
böyükdü. Rəşid olanlara kədərlənməkdən
başqa heç nə edə bilməzdi. Amma ola biləcəklərin sevincini yaşaya bilərdi.
Həyat geriyə qayıdış deyil, irəliyə
getməkdi. Yaşamaq dünənə deyil, sabaha pəncərə
açmaqdı.
Səhəri gün Rəşid şəhərə
qayıtdı.
Elə bil nağıldan gəldi. İkinci həftə yenə Qubaya getdi. Yenə bütün günü sürahiyə
söykənib Çiçəkgilin evinə baxdı. Mavi donu arabir gördü.
Səhər yeməyindən sonra çaya tərəf
düşdü. Həmin o cığırı, həmin
ağacı tapdı. Rəşid kədərlə
Baharın həmin gecə pənah gətirdiyi ağacı
oxşadı.
Ağacın altında yerini rahatladı. Gözlərini
qaldırıb başının üstündəki
yamyaşıl budaqlara baxdı. İlk dəfə
ağacların şahənə
görünüşünün fərqinə vardı. Baxışlarını çevirdi,
cığırla üzüyuxarı boylandı. Beləcə nə qədər oturduğunu bilmədi.
Səsə gözlərini açdı. Yuxulamışdı. Qarşısındakı
qızı görəndə gözəlliyin nə
olduğunu anladı. Yaxası açıq, sinəsinin
altından azacıq büzməli, üstündə çox
xırda ağ xalları olan mavi don
qızın vücudunun zərifliyini gizlədə bilmirdi. İri gözlərinin çəhrayıya
çalan bəbəkləri oğlana zillənmişdi.
Bir-neçə dəqiqə bir-birinə
baxdılar. Nəhayət, yarpaqların səsini pozdu:
- Salam. Mən deyəsən, yuxulamışam, qorxutdum sizi
elə bil.
- Yox, niyə
qorxum. Mən buralarda qorxmuram. Burda tanımadığım birini görmək
gözlənilməz oldu.
- Mən
Rəşidəm. Bakıdan gəlmişəm.
Yuxarıdakı istirahət evində qalıram.
Ordan bura elə gözəl görünür ki.
Nəsə bura düşmək, çayın
sahilinə enmək istədim. Bir az gəzindim
buralarda.
Cığırla
kiminsə gəldiyi hiss olunurdu.
-
Çiçək - qızı səslədilər. Yəqin, nənə idi.
- Gəldim,
ana.
Güllü ana göründü. Rəşid
özünü itirsə də sevinclə salamladı nənəni.
- Salam... Mən sizin kənddə dincəlirəm.
Adım Rəşiddi.
- Nə
olar. Xoş gördük. Gəl
qonağımız ol, çayımızı iç.
- Sizə
əziyyət verməyim.
- Nə əziyyət,
ay bala. Biz də bir az meyvə
yığmaq istədik.
- Mən
yığım bu gün meyvəni.
- Nə
olar - nənə gülümsədi. - Bir az
gilənar, bir az gilas yığ.
-
Özüm yığaram. Bəlkə
qonağın işi var - nəhayət, Çiçək
dilləndi.
- Yox,
başqa işim yoxdu. Kənddə meyvə yığmaqdan
gözəl nə ola bilər?
Rəşid həvəslə Çiçəklə
birgə meyvə yığdı. Arabir diqqət çəkmədən
qızın təmkinli davranışına nəzər
yetirirdi.
- Ta bəsdi,
gedək. Sən də gəl, ay oğul bala.
Bir tikə kəs bizimlə.
Güllü nənə Rəşidə duyduğu
doğmalığın səbəbini özü də bilmədi. Rəşid
qıza baxdı. Çiçək
gülümsündü...
***
Rəşid qəribə hisslərlə qayıtdı. Rəşid
xoşbəxt qayıtdı. Rəşid
arzuladığı qızı tapdığına əminliklə
qayıtdı. Taxta masanın
arxasındakı yerinə keçdi.
Orxan Rəşidin gəldiyini görsə də, mətbəxdə
özünü məşğul kimi göstərdi. Əslindəsə həyəcanlı,
bir az da əsəbi idi. Bu qədər
zamanda nə etdiyini öyrənmək arzusu onu narahat edirdi.
Rəşid səbirsizləndi birdən.
- Orxan,
hardasan? İşin çoxdu?
- Burdayam,
- deyə mətbəxdən çıxdı.
Rəşid
onun gərginliyini hiss etdi.
- Yox, elə
bir işim yoxdu. Elə çox
qonağımız da yox.
Niyəsə
tələsik izahat verdi.
Orxan Rəşidlə üzbəüz oturdu.
-
Günün necə keçdi? - Susdu, cavabı tez eşitmək
istəyirdi. - Xeyli vaxt yoxdun.
- Bilmirəm,
vaxtı unutdum...Yəqin, xoşbəxt günüm idi.
Orxan hər şeyi anlamışdı. O, Rəşidin çaya
doğru düşdüyünü görmüşdü.
- O
çox xəyalpərvərdi. Başqa
dünyası var. Adi qız deyil. Yaralıdı
həm də. Ana-atasının
yaşadıqlarını biləndən sonra səssiz oldu.
Heç kimlə danışmır az qala.
Hamıdan küsüb elə bil kənddə.
Dayısı indiyə kimi onun könlünü
almağa çalışır. Yüz dəfə
üzr istəyib, cavab verməyib Çiçək. Polad dayı peşman olmuşdu bacısına etdiyi
haqsızlıqdan. Neçə dəfə
Baharın dalınca getsə də, Bahar onunla qayıtmayıb,
Güllü anayla qalmışdı. Atam
İlham əmiylə birlikdə getmişdi cəbhəyə.
Onu kiçik qardaşı kimi sevirdi.
Bahardan bir il sonra gəldi. Yaralanmışdı,
bir ayağı dizdən aşağı yoxdu. Qayıdanda hamı görüşünə gəlirdi.
Bir-iki gün başı qarışdı.
Sonra Baharı soruşdu. Yanında
qonum-qonşu vardı. Hamı susdu. Anam nələrsə danışdı. Uşaq idim, sadəcə nələrinsə düz
olmadığını anlayırdım. Qonşumuz Mərdan
"müharibədə olmuşdu, birdən elə vəziyyətdə
qayıtdı. İlham da...". Sözü ağzında qaldı. Atam necə hirsləndisə, sağ əlini havada
görməyimlə Mərdanın aşması bir oldu. Hamını söydü, qovdu. Güllü
anagilə getdi. Əsayla gəzirdi. Onu da unutdu, yaralı ayağını da. Mən əl ağacını da götürüb
ardınca qaçdım. Atamı görəndə
Bahar xala quruyub qaldı elə bil. Sonra ona
sarıldı. İkisi də ağlayırdı.
Atam arada ona "qurban olum, ağlama" desə
də, özü göz yaşlarını saxlaya bilmirdi.
Güllü anayla mən sakitcə dayanıb
onlara baxırdıq. Hələ də o səhnə
yadımdadı. O gündən atam onları tək
qoymadı. Baharı həkimlərə də
apardı, xeyri olmadı. Bahar öləndə
bütün sağ qalan döyüş yoldaşları gəlmişdi.
Onu qəhrəman kimi dəfn elədilər.
Arada Güllü anaya da baş çəkirlər.
Atam onları tək qoymadı, Çiçəyə
atalıq elədi. Yəni Çiçək tək
deyil, mən varam, atam var...
Bunları deyib susdu yenə Orxan. Baxışları
uzaqlara getdi.
-
Universitetə hazırlaşır Çiçək... Bacımla rəfiqədi. Bir
oğlan sevirdi onu, söz yayıldı ki, anası razı
olmayıb. Atam bunu eşidib kəndin
ortasında oğlanın atasının qabağını kəsib
- "Sizə qız verərəm mən? Sənin o bisavad oğluna qız verərəm?
Mənim qızım oxuyacaq hələ. O
savadsız oğluna de, qızımın adını bir də
tutmasın, dilini kəsərəm yoxsa" - dedi. Çiçək bacımla rəfiqədi. Deyib "mən bu kənddən kimsəni sevmərəm.
Universitetə qəbul olacam. Oxuyacam. Sonra dalımca yasəmənlə
bəzənmiş maşında gələcək oğlan".
Al yelkənlər filmindəki kimi. Aleksandr Qrinin "Al yelkənlər"ini deyirəm.
O filmi çox sevir. Kitabı da oxuyub. Xəyal
qurub... Kaş onun xəyalı gerçəkləşəydi.
O qədər
ürəkdən dedi ki, Rəşid "necə böyük
ürəyi var bu oğlanın" - deyə
düşündü. "Onun xəyalı gerçəkləşəcək"
- dedi.
- Onun qəlbini
qırsan... - cümləsini bitirə bilmədi Orxan.
- Nə
danışırsan? Belə igid ata-ananın
yadigarının? Çiçək kimi
qızın? - Rəşid kövrəldi. - Ona
bütün acılarını unutduraram əgər istəsə...
***
Çiçək
imtahanları uğurla verdi, yüksək
bal topladı, Filologiya fakültəsinə daxil oldu. Rəşid Bakıda bir-neçə dəfə onu
gözlədi universitetin qarşısında. Hər dəfə təsadüfən rastlaşan
kimi apardı özünü. Guya
universitetdə işi var. Əslində o, Azərbaycan Dövlət
Neft Akademiyasının doktoranturasında oxuyur, həm də
işləyirdi. Dövlət universitetinə
Çiçəyi görməyə gedirdi. Hərdən metroda rastlaşırdılar.
Nəhayət, bir gün ürəyini açdı
qıza. Çiçək gülümsədi. Rəşidə elə gəldi ki, dünyanın ən
gözəl güllərinin ətri var bu təbəssümdə.
***
Çiçək artıq üçüncü kursda
idi. Güllü ana çox darıxdığından
arada həftə sonları kəndə gedirdi. Mayın ilk həftəsində də nənəsini
görməyə gəlmişdi.
Səhəri gün kənd yolunda hər tərəfi
yasəmənə bürünmüş "CİP" irəliləyirdi. Hərdən
kiçik daşlar təkərlərin altından
sıçrayıb kənara atılırdı. Rəşid ürək döyüntüsündən
irili-xırdalı daşların səsini eşitmirdi. Çay kənarına doğru irəliləyən
"yasəmən" maşını çoxları
görmüşdü. Arada kəsik-kəsik
siqnal səsi çayın səsinə
qarışırdı. Adamlar həyətlərdən
boylanır, maraqla maşına baxırdılar..
Maşın dayananda daşların sevincli səsi
eşidildi. Sürücü maşında
düşüb - Çiçək, ay Çiçək -
deyə səsləndi. Həyətlərdən
boylananların sayı artdı. -
ÇİÇƏKKK.... - səs sulara, dağa-daşa dəyib
qayıdırdı elə bil. Hər yerdən Çiçək
sədası gəlirdi. Hər yer
Çiçəklədi elə bil. Qız
həyətə yüyürdü, yola boylandı. İri yasəmən kolunu xatırladan maşına
baxdı. Rəşidi gördü.
Rəşid
qollarını yana açdı:
- Mən
gəldim, Çiçək, gəldim. Gəldim,
Çiçək - deyə təkrarladı.
Güllü
ananın səsi eşidildi: - Kimdi, ay bala. Kimdi
bu hay-küy salan?
- Odu,
Güllü ana, O gəlib. Rəşiddi.
Kamalə Abiyevanın
Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.28-29.