Mirzə İbrahimovun
“Pərvanə” romanındakı türk
Xatırlayıram, 80-ci illərin sonunda "Azərbaycan"
jurnalında bir yazı dərc olunmuşdu. Xalq
yazıçısı Mirzə İbrahimovun 50-ci illərdə
Azərbaycan dilinin yaşaması, inkişafı uğrunda
mübarizəsi həmin yazıda geniş şəkildə
öz əksini tapmışdı. Elə
bir dövr idi ki, sovet imperiyasının dayaqları
sarsılmışdı və qadağan olunmuş mövzular
mətbuata gətirilirdi. İnsanlar tarixin
açılmamış səhifələrini acgözlüklə
oxuyur, bir-birinə ötürürdülər. Bizim də yeniyetməliyimiz bu dövrə təsadüf
etdi. Bu yazıları oxuduqca içimizdə vətənpərvərlik
hissi cuşa gəlirdi və bu hiss bizi xalqımızın
azadlığı, istiqlalı uğrunda mübarizənin
episentrinə - meydanlara çıxartdı.
1956-cı ildə Mirzə İbrahimov Azərbaycan
Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri idi.
Həmin ilin avqustunda Azərbaycan SSR Ali Sovetinin
üçüncü sessiyasında "Azərbaycan SSR-in
dövlət dili haqqında Azərbaycan SSR Konstitusiyasına
(Əsas qanununa) maddə əlavə edilməsi haqqında
qanun" qəbul edilir. Bu qanunun qəbul edilməsi
üçün yazıçı illər boyu mübarizə
aparmışdı. Azərbaycan dilinin
milli varlığımızın ayrılmaz bir
parçası olması haqqında saysız məqalələr
yazmışdı. "Azərbaycan dili
dövlət idarələrində" məqaləsi isə
geniş müzakirələrə səbəb oldu. Yüksək səviyyəli iclaslarda
yazıçı dəfələrlə antimilli qüvvələr
tərəfindən hücuma məruz qaldı. Azərbaycan
KP MK-nın 1959-cu il iyun ayının
16-17-də keçirilmiş səkkizinci plenumunda bütün
çıxışlar yazıçının əleyhinə
idi. Mirzə İbrahimov yazıçıya xas
təmkin və səbrlə onu millətçilikdə ittiham
edən əleyhdarlarını susdururdu. Bu,
həmin dövrdə yüksək intellekt və böyük
hünər tələb edirdi. Bunlardan da
artıq mənsub olduğu xalqın dilinə sonsuz sevgi və
məhəbbət. Əslində onun
mübarizəsi sadəcə, bir yazıçının
etirazı deyildi, mənsub olduğu xalqın milli
varlığının yaşaması uğrunda
apardığı müqəddəs bir cihad idi. "Azərbaycan"
jurnalında həmin plenumun stenoqramı dərc edilmişdi.
Yadıma gəlir, həmin stenoqramı necə
böyük həyəcan hissilə oxumuşdum.
Sonralar
"Gələcək gün" romanını oxuyarkən
bu tükənməz sevginin, vətən aşiqliyinin bəlirtilərini
onun az qala, hər cümləsində hiss
elədim. Bəzən sovet dövründə
yaşayıb-yaratmış
yazıçılarımızın
yaradıcılığına ideoloji yarlıqlar
yapışdırıb onların əhəmiyyətini
azaltmağa çalışırlar. Lakin
unudulur ki, dilimiz məhz onların yaratdığı əsərlər
sayəsində yaşadı. Bu gün gənclər
Əli Vəliyevin, Süleyman Rəhimovun, Mir Cəlalın,
Hüseyn Abbaszadənin, Mirzə İbrahimovun əsərlərini
oxuduqca dilimizin ifadə imkanlarının zənginliyinə
heyran qalırlar. Yazıçı olmaq istəyən
gənclərə həmişə onların əsərlərini
oxumağı tövsiyə edirəm. Və
bu gün sovet dövründə yaşayıb-yaratmış ədiblərimizin
əsərlərinin müstəqil nəşriyyatlar tərəfindən
təkrar-təkrar nəşr olunması məni sevindirir.
Məlum məsələdir ki, sovet ideologiyası
yazıçı və şairlərimizə öz əsərlərində
türk sözünü işlətməyi qadağan
etmişdi. Amma sən demə, özündə cəsarət
tapıb bizim türk olduğumuzu açıq-aşkar
romanlarında yazan tək-tük ədiblərimiz olub. Onlardan biri də Mirzə İbrahimovdur. Bu günlərdə yazıçının "Pərvanə"
romanını oxuyurdum. Bilənlər
bilir, əsər ictimai-siyasi xadim, yazıçı, həkim
Nəriman Nərimanovun həyat yolundan bəhs edir. Eyni zamanda romanda XIX əsrin ortalarından
üzübəri böyük bir epoxanı əhatə edən
epik lövhələr yaradılıb. Miqyası
etibarilə epopeya səciyyəsi daşıyan bu əsərdə
böyük maarifçi Mirzə Fətəli Axundzadənin də
obrazı yaradılıb. O, Nərimanın müəllimi
olmuş Sahibin həyatında həlledici rol oynayan şəxsiyyət
kimi təsvir edilib.
Diqqətimi cəlb edən bir məqam. Mirzə
İbrahimov 1965-1970-ci illərdə yazdığı "Pərvanə"
romanında qeyd edir ki, "türkdilli xalqlar içərisində
Azərbaycan dili Qafqazda beynəlxalq dil idi. Qafqaz Avropadan gələnlər üçün
ekzotik məkan olaraq son dərəcə cəlbedici idi. Fransadan və digər Avropa ölkələrindən
gələn səyyahlar mütləq Qafqaza, İpək yolunun
üstündə yerləşən Azərbaycana da səyahət
edirdilər".
Əsərin bir neçə yerində
xalqımızın türklüyünü isbat edən
açıq və cəsarətli fikirlər öz əksini
tapıb. Demək,
Sahibin anası Hürü feodal-patriarxal zülmündən
qaçıb Tiflisə sığınır, orada Peterburq
Universitetinin Şərq şöbəsində təhsil alan Nataşa adlı inqilabçı qızla
tanış olur və oradan da Peterburqa köçürlər.
Yazıçı yazır:
"Nataşanın türkdilli xalqlar tarixinə, ədəbiyyatı
və folkloruna xüsusi maraq göstərməsi təbii idi. Bu sahədə
o, yaxşı mütəxəssis olmaq istəyirdi. Bu istək gələcək universitetdə türk ədəbiyyatları
üzrə müəllim olmaqdan ibarət idi. Nataşa ağıllı və düşüncəli
qız idi. Türk dillərini yalnız
kitablardan öyrənməklə kifayətlənmək istəmirdi.
Bu dillərdə danışan xalqların həyatı və
adətləri ilə yaxından tanış olmağın,
gündəlik yaşayışda və məişətdə
onların
danışığına qulaq asmağın nə
qədər vacib və faydalı olduğunu başa
düşürdü".
Qafqaza
olan marağı onu Tiflisə gətirib
çıxarmışdı və burada Hürü ilə tanış olmuşdu. Hürü
ilə dostluğu ona türk dilini və adət-ənənələrini
yaxından öyrənməyə kömək edirdi. Nataşa Hürüdən türk dilini, Hürü
isə ondan rus dilini öyrənirdi. Nataşanın
Tiflisə gəlişiylə bağlı yazıçı
yazır:
"Bu ölkədə (Tiflis nəzərdə tutulur-
müəllif) türkdilli bir xalqın - azərbaycanlıların
yaşadığını, Lermontovun yazdığına görə,
bu dilin Qafqazda fransız dili kimi beynəlxalq bir dil olduğunu
bilən Nataşa mütləq Qafqaza getməyi qərara
aldı".
Mirzə İbrahimovun "Pərvanə" romanı
1971-ci ildə Azərnəşr tərəfindən kitab
şəklində çap olunub. Daha sonra, 1984-cü ildə
"Yazıçı" nəşriyyatı əsəri
yenidən nəşr edib. Düşündürücüdür,
bu fikirlər o zaman senzuradan necə keçib? Həmin illərdə yaşayanlar yaxşı bilir,
"Qlavlit"in gözündən bircə eyham belə
yayına bilməzdi. Mirzə İbrahimov
bütün bunları bilə-bilə vətəndaş qeyrəti,
ziyalı mövqeyi nümayiş etdirir, öz xalqının
kimliyini qorxmadan, çəkinmədən dilə gətirir.
Ötən yazılarımdan birində
yazmışdım, 80-ci illərdə Xəlil Rzanın
kitabı çap olunanda şeirlərin altında
"Türkan" sözü yazılmışdı. Şair
Türkanda, bağ evində yazdığı şeirlərin
altında yazıldığı yeri qeyd edirdi. Hətta "Türkan" sözündən belə
qorxurdular, şairi məcbur etmişdilər ki, bu sözü
çıxartsın.
Xalq yazıçısı Anar 70-ci illərdə
"Qobustan" toplusunu nəşr etdirəndə orada
çap olunan yazılardakı bir neçə türk
sözünə görə başı nə qədər bəlalar
çəkmişdi. Mərkəzi Komitədə toplunun
sayları müzakirə olunmuşdu. Hətta
"Qobustan"da çalışan rəssamın
adının Elturan olması da onların kürkünə birə
salmışdı.
Anar
"Sizsiz" əsərində yazır:
"...Elturan
bilirsiniz də nə deməkdir: yəni Turan eli
- pantürkistlərin xülyası...
D.Quliyev məzəmmətlə başını
bulayır, mənə baxır.
- Axı,
mən bu adama necə deyim ki, adını dəyişsin? - deyirəm.
On il sonra, 1982-ci ildə H.Ə.Əliyev
yoldaşla birlikdə Şuşada Vaqifin məqbərəsinin
açılışına gedənlər arasında mən
də vardım. Qonaqları şəhərin mədəniyyət
abidələriylə tanış edirdilər.
Qədim qala divarları üzərində Pənah
xanın şəkli çəkilmişdi.
"Qobustan"ın on il əvvəl
verdiyi təklif həyata keçmişdi, düzdür,
başqa janrda, heykəl yox, şəkil (əfsus ki,
bayağı və zövqsüz şəkil) janrında. Onu da deyim ki, qonaqlara izahat verən həmin o memar
Elturan Avalov idi - adını dəyişib eləməmişdi.
Onu da deyim ki, D.P.Quliyev çoxdandı ki, katib deyildi...".
Bütün bunları ona görə sitat gətirirəm
ki, belə bir zamanda (70-ci illərdə) türk
sözünü öz romanında geninə-boluna işlətməyin
nə demək olduğu haqda aydın təsəvvür
yaransın. Mirzə İbrahimov "Pərvanə"
romanında bu cəsarəti nümayiş etdirmişdi. Təbii ki, bu roman həmin illərdə milyonlarla
oxucu tərəfindən oxunmuşdu və insanların ürəyinə
həqiqət toxumları səpmişdi. Bizi Milli
Azadlıq Hərəkatına aparan yollar həm də "Gələcək
gün"dən, "Pərvanə"dən,
"Gülüstan"dan, "Qızılgül
olmayaydı"dan, "Yaxşı padşahın
nağılı"ndan keçirdi.
Ötən həftə, 17 dekabrda Mirzə müəllimin
anım günü idi. Həmin gün dünyasını dəyişib.
Yoxluğundan bizi iyirmi doqquz illik zaman
ayırır. Hər dəfə hörmət
və ehtiram hissilə xatırlanır. Nə
yaxşı ki, belə böyük kişilər olub. Bu günümüzün mənəvi-ideoloji təməllərini
hələ o zaman öz əsərləriylə, fikirləriylə
qurublar.
Bir də
çox istərdim ki, "Pərvanə" romanı latın qrafikasıyla yenidən nəşr
olunsun. Yeni nəsillərin bu romandan öyrənəcəyi
çox şeylər var. Xalqımızın yenilməz ruhu,
istibdada qarşı mübarizəsi, keçdiyi ağır, əzablı
yollar səhifə-səhifə gözlərimiz önündən
keçir. Bu yollarda canını fəda
etmiş işıqlı insanların parlaq obrazları
yaddaşımızda silinməz izlər buraxır.
Monarxist rejimin mütərəqqi fikirli insanları təqib
etməsi, xurafatın, fanatizmin basqısı, elmsiz, təhsilsiz,
hüquqsuz insanların çarəsizliyi və buna rəğmən
zorakılığa qarşı yekdil, əlbir olması nəticəsində
cəhalətdən xilas olub qaranlıqdan
işıqlığa çıxan xalqın möhtəşəm
qələbəsi yazıçının qüdrətli qələmi
vasitəsilə milli yaddaşımıza hopur.
Mirzə
müəllimin ruhu şad olsun!
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 24
dekabr.- S.26.