Azərbaycan ədəbiyyatının

dünənindən bugününə

 

Son onilliklərdə Azərbaycan ədəbiyyat tarixçiliyinə ardıcıl müraciət edib, onun çeşidli tərəflərini tədqiqatlara cəlb edən məsuliyyətli və zəhmətkeş alimlərdən söhbət düşdükdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblinin adı daha çox "hallanmaq"dadır.

Bəri başdan bildirək ki, ilk növbədə İslam Qəribli öz araşdırma prioritetlərini həyatı təbəddülatlar və faciələrlə dolu Məhəmməd Hadinin yaradıcılığının tədqiqi aspektində aparmaqla "Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah", "Məhəmməd Hadi yaradıcılığının "Həyat" və "Füyuzat" mərhələsi", "Məhəmməd Hadi və mətbuat", "Məhəmməd Hadi: həyatı və yaradıcılığı" kimi monoqrafik araşdırmaların araya-ərsəyə gəlməsinə həsr etmişdir. İstiqlal, milli azadlıq carçısı, vətənpərvər şairimiz, Azərbaycan xalqının milli-mənəvi və ədəbi-poetik düşüncəsinə, həyat fəlsəfəsinə bütün varlığı ilə bağlı olan Məhəmməd  Hadi irsi, onun çeşidli və az öyrənilmiş tərəfləri fundamental təhlil obyekti kimi professor İslam Qəribli tərəfindən daha dərindən araşdırılmışdır. Əgər qeyd etdiyimiz nəşrlərə İslam müəllimin M.Hadi yaradıcılığı ilə bağlı namizədlik və doktorluq dissertasiyalarını, məqalə və məruzələrini də əlavə etsək, bu zaman tədqiqatçının Azərbaycan ədəbiyyat tarixçiliyində səriştəli qələm sahiblərindən biri olduğu qənaətinə gəlmək mümkündür. Rəngarəng və aktual ədəbiyyat tarixçiliyi mövzularına İslam Qəriblinin hər bir halda müraciətləri onun həm də "Ağçaydan başlanan yol", "Sönməyən ocaq", "Azərbaycan dili", "Geçikmiş görüş", "Mən bir kitab, hər vərəqim min kitabdır", "Ədəbiyyat sərhəd tanımır", "Sözün sehri", "Hüseynbala Mirələmov: tarix və müasirlik", "Xurşidbanu Natəvan: həyatı və yaradıcılığı" kimi çoxçalarlı məsələləri özündə əks etdirən mövzulara dair əsərlərindən də danışsaq, İslam Qəriblinin tədqiqatçılıq və alimlik səriştəsinə görə ondan bəhs etməyin zəruriliyi ortada dayanar.

Professor İslam Qəriblinin bizi özünə cəlb edən tədqiqatçı üçün başqa bir gərəkli keyfiyyəti - daim yazmaq və araşdırmaq istəyində olması, zəhmətkeş alim olaraq çalışmasıdır. O, nəinki Ədəbiyyat İnstitutunda şöbədə olduğu vaxtlarda, həm də burada olmadığı vaxtlarda da bir dəqiqə belə özünü yazı-pozudan kənarda hiss etmir. Eyni zamanda biz onun bütün düşüncə və təfəkkürünü yalnız araşdırmalar aparmağa həsr etdiyinin şahidiyik. Əslində onun ədəbiyyat məsələləri ilə belə yaxından məşğul olmasını, həm də bunu onun qəlbinin istəyindən irəli gəldiyini yəqin etmək mümkündür.

Hesab edirik ki, ədəbiyyat tarixçiliyimizin müxtəlif məsələlərini öyrənmək, həm də vətəndaş təəssübkeşliyi ilə bağlıdır. Bu təəssübkeşlik İslam Qəriblinin danılmaz keyfiyyəti kimi nəinki biz, həm də digərləri tərəfindən də nəzərə alınmaqdadır.

Ümumiyyətlə, İslam Qəriblidən daha ətraflı və dərindən bəhs etmək olar. Biz İslam müəllimin alimlik, tədqiqatçılıq, ədəbiyyat tarixçiliyinə məsuliyyətli münasibətini çoxdan izləyənlərdənik. Qürurvericisi isə odur ki, onu tanındığım ilk illərdən hansı qənaətlərdə olmuşamsa, fikirlərimdə, yanaşmalarımda yanılmadığımda israrlıyam. İslam müəllimin tədqiqatçılıq bacarığı, həm də onun iç dünyası ilə bir vəhdət, oxşarlıq təşkil etməkdədir. Eyni zamanda İslam Qəriblidə Ləyaqət, Vətəndaşlıq, Tədqiqatçılıq, Təəssübkeşlik, Türkçülük, Azərbaycançılıq məfkurəsi də güclüdür.

Elə zənn edirik ki, professor İslam Qəriblinin "Azərbaycan ədəbiyyatı: dünən və bu gün" kitabının araya-ərsəyə gəlməsi də məhz müəllifin içindəki sadaladığımız keyfiyyətlərin ortada olması ilə mümkün olmuşdur. İ.Qəriblinn oxuculara və tənqidçilərə, ali məktəb tələbələrinə, magistrlərə, doktorantlara, tədqiqatçılara və digər çoxsaylı ictimai-ədəbi düşüncə sahiblərinə təqdim etdiyi bu kitabında XIX əsr Azərbaycan ədəbiyyatı nümayəndələri Abbasqulu ağa Bakıxanovdan tutmuş, Mirzə Fətəli Axundzadə, Mirzə İsmayıl Qasir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Mirzə Məhəmmədtağı Qumrinin yaradıcılığı ilə yanaşı, həm də Azərbaycanda fəaliyyət göstərən ədəbi məclislərin ümumi vəziyyəti işıqlandırılır. Eyni zamanda kitabda bu məclislərdə iştirak edib, müzakirələrin fəal üzvü olub, ədəbiyyatımızın inkişafına xidmət göstərənlərin rolu və yeri incələnməklə yanaşı, XIX əsr Azərbaycan ədəbiyyatının formalaşmasına pozitiv təsir göstərmək iqtidarında olmuş Mirzə Mehdi Şükuhi, Hacı Rza Sərraf, Məhəmmədbağır Xalxali kimi bədii-poetik fikir lokomotivlərinin yaradıcılığının ümumi təhlili verilmişdir. Onun XX əsrin əvvəllərində Azərbaycan mətbuatının ümumi mənzərəsinə nəzər salıb, Məhəmməd Hadi, İbrahim Tahir Musayev, Əbdülxalıq Cənnəti yaradıcılığını həzm-rabedən keçirdikdən sonra həmin dövrdə Cənubi Azərbaycanda ədəbi mühitin ümumi halını, vəziyyətini oxucuların gözü qarşısında canlandırması da yerinə düşəndir. Cənubi Azərbaycandan olan şairlərimiz Səid Səlmasi, Məhəmməd Biriya, Əlirza Nabdil Oxtayla bərabər, həm də bu taylı bədii düşüncə daşıyıcılarımızdan olan Məhəmmədhüseyn Əliyev, Hüseynbala Mirələmov, Novruz Nəcəfoğlu və bir də yaradıcılığı son illərdə yetərincə kükrəyən istedadlı şair Ağacəfər Həsənlinin əsərlərini bir küll halında araşdırması da təqdirəlayiqdir. Professor İslam Qəriblinin bəhs etdiyimiz tədqiqat əsərinin mühüm cəhəti, fikrimizcə, ondan ibarətdir ki, o, Azərbaycan türklərinin ikiyə bölünməsini qəbul etmədiyi kimi, onun ədəbi-mədəni düşüncə tərzini də bir-birindən təcrid edilmiş halda yox, bir bütöv kimi araşdırmağı zəruri hesab etmişdir. Çünki Azərbaycan mədəniyyəti və ədəbiyyatı nəinki siam əkizləri, həm də ondan qat-qat bütöv vahid və bölünməz bir orqanizmdir. Onun bir beyni, bir başı, bir qəlbi, bir Vahid düşüncəsi var. Son günlərdə Azərbaycan Prezidenti İlham Əliyev məsələnin məğzinin bu tərəfini müxtəlif media platformalarında bütün vacibliyi ilə aktuallaşdırmaqdadır.

Məlum olduğu kimi, çağdaş mərhələ türk dövlətləri başçıları türk etnosunun, xalqlarının və millətinin qalxındığı, etnik kimliyi, türkçülüyü, turançılığı şüarçılıq naminə yox, sözün həqiqi mənasında işlədib, ona yeni pərvaz, yeni ucalıq gətirmək əzmindədirlər. Bu da məlumdur ki, bu gün İranın istilası altında Cənubi Azərbaycanın, mövcud vəziyyətinin dözülməzliyi onun prioritetlərində Şimali Azərbaycana qovuşmasını özünün ən vacib danılmaz konsepsiyası hesab etməkdədir. Eyni zamanda azərbaycanlılar bu yaxınlaşmada yetərincə aktiv rol oynamaqda özlərini, hər şeydən öncə, türk olaraq dərk etməkdədirlər. Bunu deməkdə məqsədimiz nəinki siyasətçi və ictimai şüur daşıyıcılarının, həm də ədəbiyyat tarixçilərimizin bu inteqrasiyaya yönəlik fəaliyyətnin təsirini ortaya qoymağa ehtiyac vardır. Odur ki, İslam Qəribli də XIX və XX əsrlər ədəbiyyatımızın problemlərinin bir bütöv, tam olaraq paralel müstəvilərdə araşdırılmasını bütün vacibliyi ilə gündəmə gətirməkdədir.

İslam Qəribli portret oçerklər janrında qələmə aldığı şairlərin yaradıcılığını, onların əsərlərini təhlil edərkən, bu incələmələrə daha ətraflı müstəvidə yanaşır. Bu və ya digər təfəkkür sahiblərinin ədəbiyyat tariximizdə necə dəyərləndirilməsini digər yazıçıların onunla bağlı dilə gətirdiyi fikirlərlə sübut etməyə çalışır. Məsələn, A.Bakıxanov yaradıcılığının dəyərini müəyyənləşdirərkən müəllif böyük Azərbaycan yazıçısı, tarixi romanlar ustası Y.V.Çəmənzəminlidən lakonik bir iqtibas etməklə "Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az-çox Qərb elmlərinə vaqif adam varsa, o da Qüdsidir" (Çəmənzəminli Y.V. Əsərləri. Üçüncü cild. Bakı, "Elm" nəşriyyatı, 1977, s. 100) deməsini oçerkə daxil etməklə, əslində bu böyük maarifçi yazıçının, Azərbaycan realizminin ilk nümayəndələrindən olan A.Bakıxanovun milli mədəniyyətimizdə mövqeyini müəyyənlərdirmək istədiyini görmək mümkün olur. Yaxud Mirzə Fətəli Axundzadənin məşhur "A.S.Puşkinin ölümünə Şərq poeması"nın nəinki rus, həm də digər xalqların mütərcimlərinin adını kitabda verib, geniş ədəbi dövriyyəyə buraxması da, burada yetərincə gərəkli hesab edilməlidir. Bu məşhur poemanın Ukrayna dilinə İ.Qonçarenkonun, Belarus İ.Simonovun, Azərbaycanəsilli özbək şairi M.Şeyxzadənin, türkmən M.Seyidovun, tacik K.Ayninin, qazax K.Murzaliyevin, qırğız S.Cusuyevin, gürcü İ.Qrişaşvilinin, erməni A.Qraşinin, litvalı A.Yukayskasın, latış Y.Vanaqın, eston H.Udamın, moldovan İ.Stavskayanın, uyğur X.Xamrayevin, başqırd N.Gündüklünün, tatar Z.Nurinin, udmurt A.Kalbukovun, mari H.Kazakovun, qaraçay M.Bayçorovun, inquş Ə.Vedziyevin, yaqut-saxa S.Danilovun, osetin P.Qrusun tərcümə etdiklərindən bəhs edərək nəinki A.S.Puşkinin bir şair kimi şöhrətini, həm də M.F.Axundzadə yaradıcılığı ilə digər xalqların ədəbiyyat nümayəndələrinin maraqlandığını ortaya qoymağa müvəffəq olduğu görünməkdədir.

İslam Qəriblinin adını çəkdiyimiz kitabında "Ədəbi məclislər" başlığı altında verilmiş materiallar da öz gərəkliliyi ilə fərqlənməkdədir. Burada təkcə Şimali Azərbaycanda yox, həm də Arazın o tayında olan soydaşlarımızın müxtəlif şeir və poetik məclislər təşkil edib, ədəbiyyatımızın inkişafına öz töhfələrini verdikləri oxuculara təqdim edilir. Mədrəsələrin nəzdindəki şeir məclisləri,  "Məcməüş-şüara", "Məclisi-üns", "Məclisi-fəramuşan", "Divani-hikmət", "Gülüstan", "Əncümənüş-şüara", "Fövcül-Füsəha", "Beytüs-səfa" və başqaları ilə bağlı İ.Qəriblinin verdiyi informasiya və həmin məclislərdə fəal iştirak edən, yaradıcılığı daha çox diqqəti cəlb edən sənətkarlarla əlaqədar maraqlı məqamlar öz əksini tapmışdır. Əslində bu məclislərin, heç şübhəsiz ki, Azərbaycan xalqının maariflənməsində, ədəbi-bədii zövqə yiyələnməsində, Azərbaycan ədəbiyyatına xidmətində, yeni Azərbaycan şairlərinin ədəbi-bədii şüurunun yüksəlməsində və formalaşmasında rolunu və yerini danmaq da mümkün deyildir. Bəzilərinin fikrincə, ədəbi məclislərdə müzakirə edilən əsərlərin poetik dəst-xətti klassik ənənələr həddindən kənara çıxmadığından onların geniş şəkildə araşdırılması ədəbiyyat tariximizə və tarixçiliyimizə o qədər də zəruri dəyərli şey verməmişdir. Lakin biz belə bir mövqe ilə razılaşmırıq. Çünki nəzərə  almaq lazımdır ki, milli ədəbiyyatın inkişafını onun hansı tarixi-ictimai və mədəni-siyasi mühitdə irəliləyişinin tarixi mərhələdən təcrid edilmiş şəkildə öyrənilməsi heç vaxt səmərə verə bilmədiyini də anlamağa ehtiyac vardır.

Ümumiyyətlə, nəinki Azərbaycan, həm də digər xalqların mədəniyyət və ədəbiyyatının inkişafında ədəbi dərnək, birlik, məclis və salonların rolu böyük olmuşdur. Heç uzağa getməyək. Rus ədəbiyyatında hələ XVIII əsrin ortalarından ədəbi dərnək və zalların təşkil olunması yetərincə aktual idi. Bu dövrdə moskvalı şair M.M.Xeraskov Moskva Universitetinin tələbələri üçün ədəbi dərnək təşkil edib "Səmərəli şənlənmə" və "Asudə saat" adlı jurnallarda dərnəkdə müzakirə olunmuş əsərlərdən nümunələr nəşr etdirirdi. 1779-cu ildə N.İ.Novikov kimi maarifçi Moskva Universitetinin bazasında "Elmi dostluq cəmiyyəti"ni təşkil etmişdi. 1784-cü ildə elə onun rəhbərliyi altında "Tipoqrafiya kompaniyası" adlı təşkilat fəaliyyət göstərirdi. Bu tipoqrafiya və cəmiyyətin xətli ilə çoxsaylı kitablar nəşr olunurdu.

XIX əsrin əvvəllərində ədəbi salonlar rus xalqının ictimai-mədəni həyatında daha mühüm rol oynayırdı. Bu ədəbi salonlarda maarifçilər və ədəbiyyatçıların rus dili və ədəbiyyatın inkişafı ilə bağlı baxışları ortaya çəkilirdi. Moskvada "Ədəbi Dostluq Cəmiyyəti"ni Aleksandr və Andrey Turgenev qardaşları yaratmışdılar. Peterburqda yaranmış "İncəlik Sevənlərin Dostluq Cəmiyyəti"ni isə yazıçı İ.M.Born yaratmaqla burada cəmiyyət üzvlərinin ən çeşidli bədii sosial və siyasi baxışları yer alırdı.

Bütün bunlardan ona görə bəhs edirik ki, XIX əsrdə Azərbaycanın müxtəlif regionlarında və şəhərlərində ədəbi dərnək və məclislərin ortaya çıxmasının və onların Azərbaycan ədəbiyyatının və mədəniyyətinin, bədii sözün və dilin inkişafında yerini və rolunu müqayisəli müstəvidə bir daha təsəvvür edək. Fikrimizcə, ədəbi məclis və dərnəklərdən söhbət açarkən İslam Qəriblinin onların bəbii sözümüzün, dilimizin inkişafında gərəkli olması məramı üstünlük təşkil etməkdədir. İslam Qəriblinin adını çəkdiyimiz əsərinin digər danılmaz keyfiyyətləri və bölmələri ilə mütəxəssislərin və tələbələrin tanış olması isə bu mənbənin tətbiqi əhəmiyyətini artıracağına əmin olmaqla fikirlərimizi yekunlaşdırmağa qərar veririk.

 

Nizami Tağısoy

 

Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.24.