İlk şeirimin "şirinliyi"...
"Ötən günlər" dəftərindən
Unudulmaz Murad müəllimin əziz
xatirəsinə
Kolxozun mərkəzi malikanəsinin - idarə
binasının da yerləşdiyi, bizdən üç
kilometr aralıda, qonşu kənddəki vur-tut beşcə
otağa sığışan səkkizillik məktəbin
altıncı sinfində oxuyurdum. Deməli, on
üç yaşın içindəydim. Dərslərimiz günortadan sonra, ikinci növbədə
keçirdi. Payızın orta ayı,
sısqa yağmurlu bir gün idi. Kor duman
da ki, göz deşirdi. Məktəbdən
dönüb evimizə çatanda axşam
düşürdü. Elə həyətdə, təkbaşına
kənd axşamının özünəməxsus
yır-yığışı ilə məşğul olan
anam, hələ mən əlimdəki çantamı yerə
qoymamış: "Gəl, kömək elə, a bala, malı bu tərəfə sür... qoyunu o tərəfə
qaytar... çır-çırpını ocaqlığa
daşıyaq..." Nə bilim daha nələr...
deyə, məndən gördüyü işlərə əl
yetirmək üçün kömək istədi. Mən
də içi kitab dolu çantamı evin düşəcəyindən
asıb könülsüz, daha doğrusu, deyinə-deyinə
onun göstərişlərini yerinə yetirərək:
- Bəs
bu kişi hardadı? - deyə
gizlicə bir eyhamla xəbər aldım.
Anam:
- Kolxoz sədri
Mərdan müəllim kəndə gəlib. İclas
çağırıblar, atan da ordadı - dedi.
Beləcə, işlərimizi tamamlayıb, əl-ayaq
yığışandan sonra ana-bala içəri, evə
keçdik.
***
Pəncərənin qabağında bir qalaq qəzet
qoyulmuşdu.
Yəqin ki, həftə boyu
yığılıb qalmış o qəzetləri bu gün
kəndə yolu düşən poçtalyon gətirib elə
uzaqdan evimizdən kimisə haylayıb vermişdi.
Atam bəlkə öz istəyincə olmasa da, bir
neçə adda qəzetə məcburi abunə yazılırdı. Yazılmalıydı
da, çünki kommunist, eyni zamanda mühüm vəzifə
sahibi -kolxozun partkomu idi. Atamın abunə olduğu o qəzetləri
çox adam oxumasa da, gərəkli olur,
işə yarayırdı. Həm də təkcə
nəsə bükmək, bəzən çöldə-bayırda
süfrə əvəzi yerə sərmək
üçün yox. O vaxtlar kəndimizdə həyətlərdə
tənbəki əkib saçaq-saçaq doğranmış
tütündən eşmə edib, papiros çəkən hələ
də üç-dörd kişi vardı.
O kişilərin də tütünü büküb eşmə
etmək üçün lazım olan qəzetləri bizim evdən
gedərdi. Həmin kişilər qəzeti qat-qat çinnəyərək
sonra da dəstəyi mal buynuzundan olan, tiyəsi ülgüc
kimi iti "Çaqqu" bıçaqla elə səliqə
ilə kəsib qomlayırdılar ki, üstündə o illərin
dahi rəhbəri Leninin şəkli olan
"qırmızı" onluq pul
"paçkalarından" da yaraşıqlı
görünərdi. O cür səliqəli
kağızların tütünə bükülərək
kül olmasına, vallah, adamın hayıfı gəlirdi.
Ancaq orası da var idi ki, o kişilər zəhər kimi tənbəkidən
büküb düzəltdikləri papiroslara qullab vura-vura,
tüstüsünü də elə ləzzətlə sinələrinə
çəkirdilər ki, bu da həmin qəzetlərin səhifələri
də üstündəki dövrünün rəsmilərinin
şəkilləri ilə yanıb tüstüyə
qarışan kağızın hayıflığına bir təsəlli
olurdu...
Qərəz, mətləbdən çox
uzaqlaşmayım.
Kitab-dəftərimi bir kənara qoyub pəncərənin
qırağındakı qəzetləri götürdüm. Açıb
ilk əvvəl gözucu səhifələrə baxdım.
Kiçik formatlı bir qəzetdə (bəlkə
də elə "Bolluq uğrunda" qəzeti idi) bir satirik
şeir parçası diqqətimi cəlb elədi. Oxumağa başladım. Şeir
məni necə tutdusa, "ilham mənə güc gəldi",
əlbəər qələm-kağıza əl atdım.
Elə o şeirin təsiri ilə də oturub birnəfəsə
on-on iki bəndlik bir şeir yazdım, belə bir ad da qoydum:
"Ay sədr". Şeirimi ürəyimdə
sakitcə oxuduqca bəzi misralarım mənə necə ləzzət
verirdisə, dodağım qaçır, öz-özümə
gülürdüm. Kənarda oturub əli işdə,
diqqəti məndə olan anam birdən bunu hiss elədi:
- Orda
neynirsən? O nədir, yazıb-oxuyub öz-özünə də
gülürsən? Birdən bir yaramaz iş tutarsan ha! - deyə, nigarançılıqla xəbərdarlıq
elədi.
Mən dama-dama vərəqdə yazdığım, indicə
ürəyimdə oxuya-oxuya güldüyüm vərəqi əlimin
altındakı kitablardan birinin arasına qoydum. Kitabı da çantamda yerləşdirib:
- Yox, ana,
elə bir şey yoxdur, neynirəm ki? Dərslərimi oxuyub
yazıram! - deyib, onu sakitləşdirdim.
Anam:
- Bax, yenə
də səndən soruşuram, dərs oxuyursansa, bəs onda nəyə
gülürsən?..
Mən qəzetləri
qucağıma alıb dedim:
- Ona
gülürəm ki, bu kişi (atamı nəzərdə
tuturdum) gəlib bu qəzetləri gözdən keçirib
şəkdən düşsəydi, sabah aparıb Qələndər
kişiyə verərdim. O gün də evlərinin yanından
ötəndə məndən papiros eşməyə qəzet
istədi.
Beləcə, anamı arxayın saldım. O da daha dinmədi. Bəlkə də sorğu-suala tutub işin
axırına çıxacaqdı, amma eşikdən səs gəldi.
Sinif yoldaşım idi. Yəqin
ki, sinifdə həlli yarımçıq qalmış məsələnin
həlli ilə bağlı bizə gəlmişdi. O
gün ilk oxucum da elə o sinif yoldaşım oldu...
Ertəsi gün öyrəndim ki, atam evə gecədən
xeyli keçmiş, biz yatıb yuxuya gedəndən sonra
qayıdıb.
Köhnə briqadiri işdən çıxarıb, yenisini təyin
edəndən, sədri və onu müşayiət edən
kolxoz rəsmilərini yola salandan sonra axır ki, kişi evə dönübmüş...
***
Hansı
kitabımın arasından, kim tərəfindən
bilmirəm, ancaq o gün yazdığım şeirimi məktəbdə
kiminsə əlinə keçmiş və əlüstü sədrə
çatdırmışdılar.
Nə
bilim, yazdığım o şeir parçasını bəlkə
də o gün bir məsələnin həlli
üçün köməyə yanıma gələn sinif
yoldaşım kolxozun rəhbərinin o kolxozda vəzifə
tutan atasından xoşu gəlsin deyə fikirləşərək
kitabımın arasından götürüb, sədrin
yaxın adamlarının oturub-durduğumuz uşaqlarına
ötürmüşdü....
Əgər
indi bu ağlım kəsənləri o vaxtlar duyub, dərk etsəydim,
böyüməzdim ki...
Məsələdən xəbər tutanda, yer
ayağımın altından qaçdı. Nə edəcəyimi
bilmədim. Anam məni danlayıb deyirdi
ki, heç gördünmü bir neynədin? O kişi kolxoz sədri (Mərdan müəllimi
nəzərdə tuturdu) bizə neynəyib ki, sən ona
şeir qoşub ələ salmısan? Atana hörmət edib, iş verib, indi sənin bu şeir bildiyin
çızma-qaraya görə ondan bədgüman olub işdən
çıxaracaq. Bəs biz onda nə edəcəyik?
- deyə, elə hey deyinir gileylənirdi.
And-aman edib yaxa yırtır, özümü
öldürürdüm ki, ay ana, bəs mən o sözləri
(şeiri demirdim) Mərdan müəllimə yazmamışam. Gör bu
kişiyəcən kolxozumuzda neçə sədr olub. Neçəsini də elə mən özüm
görüb tanımışam - Kərim, Əbdül, Sərdar,
elə biri atam, - axı mən də sədr oğlu
olmuşam, - deyə anamı inandırmağa,
özümü safa, təmizə çıxarmağa
çalışırdım. Ancaq dediklərim
anamın ağlına batmır, o, elə öz dediyini deyib
dururdu. (Həqiqətən də mən bu
şeiri Mərdan müəllimi nəzərdə tutub
yazmamışdım).
Anam məni beləcə danladıqca
öz-özlüyümdə götür-qoy edib
düşünürdüm ki, əgər indi mən anamı
inandıra bilmirəmsə, atama heç yaxın dura bilməyəcəyəm,
hələ gör o neynəyəcək? Yəqin, məni
"şiri cızacaq" - deyə, qorxuya düşüb təlaşla
ürəyimi yeyirdim.
Mərdan müəllim şeiri oxuyandan sonra həqiqətən
atamdan incimişdi. "Oğlun bir qarış
uşaqdır. Belə şeyləri onun
ağlı kəsib yaza bilməz. Nə bilim, bəlkə
də bunlar elə sənin işindir", - demişdi. Araları pozulsa da, atamı işdən
çıxarmadı.
Qəribə idi. Qəbahətimə, uşaq hərəkətimə
görə atam dostluq, yoldaşlıq etdiyi bir adamdan
sıxılıb utansa da, bu hərəkətimə görə
məni danlamadı, bu işin heç üstünü də
vurmadı.
Sevimli Mərdan
müəllimin isə mənim ilk "ədəbi nümunə"mə
görə kəndimizə "cəzası" bu oldu ki, bir
il bizim kənddə heç kimin evinə
düşmədi. Dağ yerində yaşayan,
qonağı evinə şərəf, ocağına ehtiram,
ruzi bilən sadə kənd adamları üçün isə,
əlbəttə, bu bir cəza, həm də ağır bir cəza
idi.
Mən isə Mərdan müəllimdən yan
qaçırdım. Üz-üzə gəlməməyə,
gözünə görünməməyə
çalışırdım. Amma nə qədər
qaçacaqdım ki?..
...Hər
dəfə rastlaşıb məni görəndə
"şair, necəsən"? - deyə
gülə-gülə kefimi soruşardı. Sonralar
unutdu, daha mənə "şair" demədi.
Mən də şair olmadım. Əlbəttə, Mərdan müəllimə
görə yox!..
Bu əhvalat
isə yadımdan çıxmadı və indiyəcən də
unutmuram...
Avqust,
2012-ci il
Şabran
Novruz Nəcəfoğlu
Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.22.