Sevgi varsa...
Tanrı
yeri sevgi xalısı
toxuyub sərib ayaqlarımıza.
Naxışlara bax
Biri lalə,
Biri yasəmən,
Biri zanbaq.
Eşit, bu dünyada təkcə sevgi qalacaq.
Gedəndə
Nə var soyunacaqsan bədəndən.
Tək sevgin gedəcək getdiyin yerə.
Eh, göz görə-görə
Bu qədər nifrəti varkən adamın adama
Yaşamaq yapışmasa da.
Yaşamaq istəyirəm
Yaşamı gözdən salanların acığına.
Hər gecənin sabahına
İnanmaq
Özünə güvənməkdi.
Özünə güvənmək
Səni var edəni sevməkdi.
Niyə də sevməyim?
Bu boyda cahan mənə xidmətdə.
Mən qəflətdə
Yata bilmərəm.
Hər gün bu xalının
üstündə neçə
ilmə sökürəm
Bir o bilir, bir də...
Allahın sevgisi olsun yerdə
Yeri böyüdənlərə...
Sevgi olan yerdə Allah var, günah yox!
Hər yarpaq töküləndə
Hər yarpaq töküləndə
anladım,
Ayrılıq var.
Hər bahar gələndə inandım,
Müvəqqətidir ayrılıqlar.
Quşların köçü,
Yaxın
qonşumuzun üçü
İçimi göynətdi keçdi.
Bu payız da pis
keçmədi,
Ara vermədi yağışlar
Yarpaq tökümünü
seyr edək.
Bir də onda gördüm
ki,
Ağaclar lümlüt
Külək yayın da qisasını
aldı.
Bütün yarpaqlar yağışlara
qoşulub yağmışdı
Fəqət geriyə bir yarpaq qaldı,
Ümid!
Bu çətir yarpaq,
Bu bahar ətri.
Əlimdən tutub gətirir
Məni yetişəcəyim ünvana.
Anlayıram bütün ağaclar
quruyacaq,
Bütün yarpaqlar töküləcək
Təkcə ümid yarpağına
Toxuna bilməyəcək
ən dəli külək.
Mənə ümid ver
Bəstəboy,
Arıq,
Mavi gözlü.
Onu dəniz bilərək
Hey uzaqlara baxım.
Baxdığım yerdə göylə yer birləşsin.
Siz adına üfüq
xətti deyin,
Mən eşqin
sərhədi deyirəm
ona.
Anlayıram
Bütün ayrılıqların orda dəfn olunduğuna.
Həllini bilmədiyin məsələ
Oturasan təkliyin küncündə,
Təklik elə həyatın küncüdür.
Küncün küncü daha dəhşətdir.
Adamı
bilsən nə qədər incidir
Birindən qopmaq...
Ha çözürsən, boğulursan.
Ən dəhşəti də
Bu ən ağır
həndəsə məsələsini
tapmaq.
Eh, hardan biləsən Teo.
Adam tək qalanda
içində pıçıltısı
verir exo.
Hə, oturursan təkliyin küncündə,
Həsrətin tətiyi tuşlanır sifətinə.
Uzaqdan iki göz
Atəş açılan qoşalülə
kimi od
saçır.
Gözlərin o oda qaçır, çatmır.
İstəyirsən durasan oturduğun yerdən,
Əllərini dirək vermək
istəyirsən özünə,
Yer qaçır
əllərinin altından.
Ayaqlarının altından göyə açılır qapı.
Təkliyin hesabı
Nisyə yazır yenə də səni sənə.
Bir günü də belə verirsən
Həllini bilmədiyin məsələnin
həllinə.
Yıxılan ağacların
Yıxılan ağacların
Altından yeri çəkiblər əslində.
O qədər ayaq üstə ağaclar yıxılıb ki.
Budaqlar əyilib
köklərindən.
Ağacların qulağındakı bu sarı sırğalar,
Təbiətin qocalığına əsən
qasırğalardır.
Yağışlar torpağın alnının
təri,
Qar buludların
göz yaşlarının
donmuş formasıdır.
Noyabrın ulduzlu gecəsi
Səmaların möhtəşəmliyi.
Uzaqdan sükutun qulağını
batıran
bir addım səsi,
Hardasa yıxılan
ağaca görə tələsir.
Təbiətdəki ən güclü səslər də
uda bilmir o səsi.
O səs əslində həyat nişanəsidir.
Sabaha tələsir!
Sabahı
içmək istəyənlərin
eşqinə fırlanır
bu kürə.
Zaman adlı kirkirə
Öz işindədi.
Bütün ayaq üstə
olan ağaclar
Əslində yıxılan ağacların
üstündədi.
Bu dünyada
Bu dünyada getməkdən asan nə var
ki,
Arxada qoyduqların yapışmasa
yaxandan
Bu dünyada hər nə varsa
Öz ahəngindədi.
Səs var damar rəngindədi
Ha kəs heç nə çıxmır.
Vallah,
Allah adamı yıxmır
Özü özünü yıxmasa.
Bədənin ritmini
Ruhdur tutan.
Ruhunu unudan
Ahəngini itirəndi
İtirənlər vitrin-vitrindi
Bu dükan dünyada.
Özünü itirir ahəngindən
çıxanda adam.
İtirənlər qazananların vecinə
də deyil
Və bil,
Adam adamdan qopanda başlayır
Bu dünyanın ahənginin
döş ağrısı.
Süd də vermir körpə sevgimizə həyat!
Ahəng
pozulanda yayda yağış,
Qışda isti yandırır
adamı!
Yıxılan birinə ayaq olmağım cəhənnəmə,
Dayaq ola bilmirəmsə,
Götürün adımın üstündən
insan adını.
Düşünmə
Bəzən ən güclü
axından qaçır
adam.
Yaxından qaçır adam,
Özünə yaxınlaşa.
Bir də görürsən
Bu get-gəl adlı tamaşa
Alqışsız bitir.
Pərdənin arxasından ha qışqırırsan
Səsini bir əl eşitmir.
Adam eşidilməyəndə batır səsi.
Öz içində
batanlar o qədərdi
ki.
Getməmək üçün heç
bir bəhanə olmayanda
Bir çarə qalır ancaq
Qalmaq!
Yaşamaq!
Eşitməyənlərin acığına
daha ucadan qışqırmaq gərək.
Ta ki əllər səsini eşidəcək.
Bir düsturu var həyatın
Sev.
Sevirsənsə
Qalanı əfsanədi.
Əfsanə ərəbcədən fəsanədi,
yəni boş.
Adam da boş şeyə görə gedərmi?
Sevgi qucaqlayıb
anını.
Eşq cana gətirib
canını
Düşün və yaşa!
Yaşamaq haqqındırsa
Borcunu düşünmə...
Təbrizə də salam
de
Şuşaya əsən külək,
Təbrizə də bir baş
çək.
Arazın
sularına,
Sığal çəksən yavaş
çək.
Arazın
sularında,
Yosun bağlayıb Vətən!
Sahilin o
üzündə,
Vətən deyir neçə mən.
O neçə mən mənində,
Vətən eşqi can verir!
Hər gün dildə duasın,
Vətənə qurban verir.
Şuşaya əsən külək,
Təbrizə də salam
de.
Bir də azadlığınçün,
Burda özü-özünü
Qurban deyir balan, de.
Sən gözümə köçəni
Gözüm görmür özümü,
Sən gözümə köçəni!
Gözlərimə demişəm,
Daha unutsun səni!
Gözümün qarasında,
Doğulur ay bənizin!
Hər gün səndə boğulur,
Bu ruhum, ay dənizim!
Əllərim gözüm üstə,
And olsun yerə, göyə,
Çəkmirəm ki, gözümdən
Düşə bilərsən deyə!
Gözümün qarasına,
Ağ saldı ta gözlərin!
Sən gözümə köçəni,
Mənim
deyil gözlərim!
Vətən deyir
Bu torpağın hər qarışı,
Vətən deyir!
Göyündən yağan yağışı,
Vətən deyir!
Tumurcuqlu
arzularda,
Ətir saçır xoş bahar da.
Arazında lal sular da
Vətən deyir!
Bu tayının bəxti dönük,
O tayında dərdi böyük
40 milyonluq türk oğlu türk
Vətən deyir!
Qəmdən daşır xan
Arazım,
Axır
gözü qan Arazım!
Mən deyirəm can, Arazım -
Vətən deyir!
Neftçala
Elnur Uğur
Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.21.