Vaqif İbrahimoğlunun Türkiyə xatirələri

- o, belə gopçulardan ola bilməzdi  

 

Mənim iki arıq, daha dəqiq desəm, iki ərəsət arıq dostum olub. Vaqif İbrahimoğlu Zeynal Məmmədli. İkisinin adını bir yerdə ona görə çəkdim ki, Zeynal Vaqifin 1984-dəki Ankara xatirələrini ruscadan əla şəkildə türkcəmizə çevirib. Niyə Vaqif xatirəsini rusca yazmışdı, indi mənə sirdir. Onun azərbaycancası ruscası qədər əla idi. Bu soruya onun Zeynala yazdığı vəsiyyət-məktub da aydınlıq gətirmir.

Zeynəlciyim!

Həyat sənət yollarım çətin olduğu qədər dumanlıdır, bilinməz-dərkedilməzdir, çünki bizi yaradan o böyük Tanrımızın yapdığı dış dünyamız(ın) özü bir yol, özü bir dağ, özü bir dəniz, özü bir göy, özü bir Günəşdir ki, gözümü qamaşdıra bilər!..

Qardaşım!

Bu əlyazmanı tapşırıram sana, səni uluların ulusu Dədəm Qorqud eşqinə - bu dünyada ondan müqəddəs məndən ötrü heç zad yoxdur. Əcnəbi dilində yazıldığım üçün qüsura baxma, onun da öz səbəbi var ki, məncə, demək artıqdır.

Sağlığa qalın, Tanrı sizə yar olsun, yolunuz Uğurlu, dünyamız işıqlı olsun. Mən gedər oldum...

Ən içdən sayqı istəklərimlə: Vaqif İbrahimoğlu

Boz ayın 8-i 1989-cu il.

İki dostumun arıqlığından başladımsa, bunu sonuclandırım. İndi yaşı 70-ə çataçatda olan Zeynal daha elə arıq deyil. Vaqif yaşlandıqca "ətə-qana" gəlmişdi. Onun xatirəsini özünə toplamış kitabın üz qabığından bizə baxan üzü 30 yaşındakı üzü deyil. Mən tanıyanı, Vaqif çox az hallarda geyimini cürbəcürləşdirərdi, ancaq əvəzində üzünü maska kimi tez-tez dəyişər, bir maskanı çıxarıb o birisini taxardı. Bir görürdün başını dibdən qırxıb, bir görürdün saqqal saxlayır. Saqqalına elə ki, öyrəşməyə başlayırdın, "Yuğ"a üzü, başı qırxıq gələrdi. Bu idi? Özünə yönəlik qavrayışları təzələmək üçün idi? Ya idi? Elədirsə, bəs niyə bunu geyimi ilə etmirdi?! Ömrünün axırıncı illərində yaşla gələn kökəlmədə Vaqifin nazik uzunsov üzü girdələnmişdi. Qardaşı Rəşid Şerif onu bir şəkildə bu üzdə çəkib dilindən belə bir cümlə vermişdi: əcəb ePOXaya düşdük. "Epoxa"da "pox"u qabartmaq həm Rəşidin, həm Vaqifin müdrik yumoru idi.

"Qanun" nəşriyyatının dizayneri kitabın üz qabığına Vaqifin yaşlı vaxtının girdələnmiş üzünü qoyub. Kitabı görəndə bu üz məni sarsıtdı: Vaqifin başında qəribə kepka vardı, onu məzə üçün başına qoya bilərdi. Ancaq Vaqifin üzündə heç bir məzələnmək nişanı yox idi. Üzündə elə bir ifadə vardı ki, yanına başqa şəkli, ya nəsnəni qoysan, Kuleşov effekti ilə bu üzün qədeş maskasından min cür semantik çalarlar bilinərdi. (Bilməyənlər Kuleşov effektinə Vikipediyada baxsınlar).     

Vaqifin gündəliyinin söyləm özəlliyi qəribədir, çünki gözlədiyimizin tərsinə daha çox fotoqrafik xarakter daşıyır. Halbuki başqa yerdə onun möhtəşəm ağlı faktlara şaşırdıcı yozumlar, açıqlamalar (eksplikasiyalar) verərdi. Bir yazımda Vaqifi Azərbaycanın ən böyük eksplikasiyaedicisi ya eksplikatoru adlandırmışdım. Teatr rejissorları tamaşanı hazırlayanda pyesin sözlərini cümlələrini eksplikasiya edirlər ki, aktyorlar nəyin necə olacağına bələd olsunlar. Bu anlamda Vaqifin eksplikasiyaediciliyi peşəsindən gəlirdi. O biri rejissorlardansa bir fərqi vardı. Onun eksplikasiyaları yüksək keyfiyyətli elmi məqalə səviyyəsində olurdu. Mən ən istedadlı adamlarla bağlı da "dahi", "dahiyanə" sözlərini sevmirəm, burda onu şərti işlədəcəyəm: Vaqifin eksplikasiyaları dahiyanə olurdu.

80-ci illərdən başlayaraq Vaqifin başına (işığına) toplanmış bizim hamımızın ciddi problemi bir-birimizin yazıları, yapdıqları haqqında o birilərini etgiləndirən çıxışlar etmək, məqalələr yazmaq idi. Kamal Abdulla bədii əsərlər elmi məqalələr yazırdı, mən Əli Abbasov məqalələr yazırdıq, Vaqif tamaşalar qoyurdu, biz hamımz üstəgəl, Rəhman Bədəlov, Toğrul Cuvarlı, Gündüz Sarıyev, Aydan Talıbzadə bu tamaşaların müzakirəsində çıxışlar edirdik. Hamı çalışırdı çıxışlarında, yazılarında parlasın, başqalarını heyran etsin (ünlü intellektual Qaçevlə Rəhmangildə söhbətdə olanda Vaqifə "onu heyran et" demişdim bu, Vaqifi xeyli əyləndirmişdi. Ozamankı gənclik sadəlövhlüyü ilə mən istəyirdim Moskva ulduzuna göstərək ki, Bakıda da papaq altında yatan oğullar var bu məsələdə Vaqifi həlledici yaydım atəşi sayırdım).

Ancaq bir-birini heyran etmək yarışında Vaqif hamımızı üstələyirdi. Heç birimiz hədəf götürdüyümüz nəsnəni Vaqif qədər ağıllı, ilginc eksplikasiya edə bilmirdik.

Yeri gəlmişkən, Vaqif qəsdən başqa rejissorların teatr tamaşaları haqqında da məqalələr yazırdı ki, rəqabət qısqanclıq ortamı aradan getsin. Deyə bilməzdim ki, bununla başqa rejissorların sevgisini qazanırdı, ancaq gözü götürməyənin aqressivliyini xeyli neytrallaşdırırdı.  

Bu dediklərimin fonunda Vaqifin gündəliyinin bir sirri peyda olur. Niyə Vaqifin gündəliyində olayların eksplikasiyaları minimum, faktların, olayların fotoqrafik görüntüsü isə maksimumdur? Bu sirri düşünəndə əl-Buxarinin hədislər kitabı yadıma düşdü. Bu hədislərdə peyğəmbər həyatının ən adi faktları, hətta defikasiya aktları (Vikipediyaya bax) yazıdan yaddaşdan dışlanmır. Sanki əl-Buxari belə düşünür ki, peyğəmbər yaşamının bütün detalları gələcəyin müsəlman şərhçilərinin dilində əlində elə mənalarla açılacaq ki, onlar İslam teoloji düşüncəsini yeni ideyalar anlamlarla zənginləşdirəcək. Ona görə ən mənasız görünən eyləmləri, faktları da kitaba salır. Bu üzdən hədislərdə peyğəmbərin subaşına getməsindən , hansı uşağın ona silinmək üçün çınqıl gətirməsindən söhbət salır.

Mən demək istəmirəm ki, Vaqif İbrahimoğlu narsist idi özünə əl-Buxarı peyğəmbərə baxdığı kimi baxmışdı. Mən özümdə nərgizlik psixolojisinin bəzi çalarlarını çox görmüşəm, Vaqifdə isə yox. Vaqifdə nərgizlik vardısa, çox dərində gizlətmişdi. Bəs onda nədən Vaqifin gündəliyi ilk yanaşmada prozaik görünən detallarla, davranışlarla doludur? Onun eksplikasiya makinası kimi çalışan beyni dünya mədəniyyətinin min taxçasından götürdyü nəzəriyyələrin işığına adi faktları tutub onları mirvari kimi parıldadırdı. Vaqifsə bunu etmir. O, daha çox tamaşanı hazırladığı sürəcdə Türkiyə həyatında baş vermiş intriqalardan, aktyorların yeni estetikanı mənimsəyə bilməməsindən, özünün mədə-bağırsaq problemindən danışır. Bəzi çay məclislərində Rəhman Bədəlov kimi alimlərimizin parlaq düşüncələrini türk həmsöhbətlərinə söyləməyi unutmur ki, onları Azərbaycana heyran etsin. Bütün bunları yaza-yaza Vaqifin niyə belə yazmasının sirrini tapmasam da bir düşüncə ağlıma gəldi. Vaqifin "Arşın mal alan" tamaşası Ankarada triumfial olmuşdu. O, gündəliyi bu triumfdan sonra yazmamışdı. Yazsa idisə , o adamlardan deyildi ki, gündəliyini öz itedadının difirambına, öygüsünə çevirsin. Hər yapsa, orijinal olmaq şakəri burada da Vaqifə diktəsini etmişdi. Çoxları belə gündəliyi böyük işlərin necə əldə edilməsinə həsr etdiyi halda Vaqif heç qoyduğu tamaşanın uğurlarından da danışmır. Yadıma yabançı ölkələrdəki konfranslarda ermənilərlə kəllə-kəlləyə gəlmiş iştirakçılarımız düşdü, - hamısı qələbələri haqqında hesabat verirdi (güman ki, bu hal simmetrik şəkildə Ermənistanda da təkrar olunurdu). Vaqif belə "gopçulardan" ola bilməzdi.

 

Niyazi MEHDİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.20.