"Dörd il yarım Azərbaycanda":

Ayrılan yollar... Birləşən mövqelər...

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana açıq məktub

 

Çox hörmətli Azər müəllim, salam!

Baş redaktoru olduğunuz "Ədəbiyyat qəzeti"nin 20 oktyabr 2022-ci il nömrəsində İsmayıl Hikmət haqqında "Hikmətizm" sərlövhəli yazınızı və bunun ardınca da böyük türk aliminin azərbaycancaya çevirib təqdim etdiyiniz "Dörd il yarım Azərbaycanda" məqaləsini görəndə, açığını deyim ki, kifayət qədər həyəcanlanmaqla bərabər, bir o qədər də təəccübləndim. Həyəcanlandım ona görə ki, keçən əsrin iyirminci illərinin ədəbi-nəzəri fikrində mühüm mövqeyi və xidmətləri olan bu alimin araşdırmaları artıq məni də son illərdə ardıcıl məşğul etməyə başlamışdır. Bu yöndən məqalənizdə onun gördüyü işlərə baxış bucağınız məndə əsaslı maraq doğururdu. Əslində, alimin yaradıcılığına yenidən qayıdışınızın prinsipləri, ümumi şəkildə olsa da, mənə tanış idi. Mən Sizin "Cavidnamə"nizdə "məfkurəvi tərəddüd və böhran illəri"nin təkcə "Cavid yaradıcılığında deyil, əslində, Azərbaycanın siyasi-mənəvi həyatında baş verdiyini" məhz "türkiyəli professor İsmayıl Hikmətin yazdıqları"na istinadla əsaslandırdığınızı bilirdim. 2010-cu ildə nəşr olunan bu möhtəşəm kitabınızda Siz yazırdınız: "O illərdə Azərbaycandakı milli-humanitar böhranın təhlilini Hüseyn Cavidin yaxın dostlarından biri İsmayıl Hikmət təfsilatı ilə qələmə alıb. Həmin yazını qısa ixtisarla "Cavidnamə"yə əlavə edirəm. Çünki məhz bu yazını oxuduqca "Topal Teymur"un hansı mənəvi-ictimai iqlimdə yaradıldığı aydın olur. Aydın olur ki, "Topal Teymur" sadəcə Cavidin sənətkar dühasının parlaq bəhrəsi deyil, eyni zamanda, bu əsər bolşevik siyasi basqısına qarşı dirənmiş Hüseyn Cavidin ədəbi-tarixi-fəlsəfi qiyamıdır. Digər tərəfdən, bu yazı psevdosimvolizmə yönəlmiş yazıçılardan, Ədəbiyyat Cəmiyyətinin fəaliyyətindən, "zahiri bir kommunist maskası ilə" örtünmüş siyasilərimizdən, bir sözlə, Cavidin "Topal Teymur" dövrünü öyrənməyə yardımçı olan çoxlu gizli mətləblərdən bəhs edir..." "Cavidnamə"də Siz bununla kifayətlənmir, alimin həyatı və elmi-tərcümeyi-halı ilə bağlı qısa xülasə verir, bir daha oxucuların diqqətini "Dörd il yarım Azərbaycanda" məqaləsinin üstünə çəkərək yazırdınız: "Professor İsmayıl Hikmətin "Dörd il yarım Azərbaycanda" yazısı 1958-ci ildə Münhendə nəşr olunan "Dərgi" jurnalının 13-cü sayında dərc edilib. Azərbaycanda isə onu ilk dəfə "Ədəbiyyat qəzeti"nin 4 iyul 2008-ci il tarixli sayında bütövlükdə təqdim etmişik -müəllif". "Dörd il yarım Azərbaycanda" məqaləsinin, açığını deyim ki, ilk təqdimindən on dörd il keçsə də, yenidən "Ədəbiyyat qəzeti" oxucularının ixtiyarına verilməsi, yuxarıda da qeyd etdiyim kimi, bir az mənə təəccüblü gəlmişdi. Ancaq burasını da gizlətməyim ki, mən sizi görkəmli jurnalist kimi qəbul etməklə bərabər, həm də ciddi ədəbiyyatşünas-tənqidçi hesab edirəm. Deməli, "Hikmətizm" məqaləsinin yazılışında və İ.Hikmətin məqaləsinin yenidən təqdimində, nə isə əsaslı bir səbəb - "hikmət" olmalı idi. İlk növbədə, həmin "hikmət"i tapmaq üçün məqaləni diqqətlə oxudum və axtardığımı çətinlik çəkmədən tapdım. Siz iyirminci illər, təbii ki, həm də otuzuncu illər ictimai-siyasi və ədəbi-mədəni mühitinin həqiqətlərinin əsas istiqamətlərinin başa düşülməsində, obyektiv dərkində bu yazının oynaya biləcəyi rola müstəsna əhəmiyyət verir, bu istiqamətlər haqqında qısa xülasə verirsiniz. Siz tam doğru qənaətə gəlir və uca səslə elan edirsiniz ki, "...türk alimləri arasında İsmayıl Hikmətdən başqa heç kəs 1920-ci illərdə Azərbaycanda humanitar elmi proseslərin belə dolğun təsvirini verən əsər yazmamışdır. Ədəbiyyatşünaslarımızın bu yazıdan öyrənəcəyi çox şey vardır... "Dörd il yarım Azərbaycanda" məqaləsi 1920-ci illərdə gedən siyasi-ədəbi prosesləri, eləcə də bu günə qədər qaranlıq qalan nüansları aydınladan, dövrün dolğun elmi-siyasi təsvirini verən ilk yazıdır".

Siz aradan keçən on dörd il müddətində ədəbiyyatşünaslığımızda bu yazıya "yetərincə istinad edilməməsi"ndən ciddi narahat olur və narahatlığınızı dilə gətirirsiniz. Sizə haqq verir və narahatlığınızın səbəbini çox yaxşı başa düşürəm. Əslində Siz 20-ci illərin sonu, 30-cu illərdə baş verən ictimai-siyasi proseslərin dövrün ədəbi-mədəni mühitinə, ədəbi prosesinə, eləcə də sonrakı dövrlərin ədəbi və elmi-nəzəri proseslərinə təsirinin obyektiv əsaslarının müəyyənləşdirilməsi problemini qaldırır və ədəbiyyatşünaslığımızın klassik irsimizlə, o zamanın ədəbi tənqidinin müasirlərinin yaradıcılığını dəyərləndirməsi ilə bağlı mövcud problemlərə diqqət çəkir, bu istiqamətdə aydın metodoloji konsepsiya formalaşdırmağın zamanının çatdığını önə çəkir və bu istiqamərdə İsmayıl Hikmətin yazısının əsaslı başlanğıc rolu oynaya biləcəyini düşünürsünüz.

Sizinlə tamamilə şərikəm ki, "halbuki, dövrün humanitar mənzərəsi barədə aydın təsəvvür əldə etmək üçün "Dörd il yarım Azərbaycanda" əsəri tədqiqatlarımızın əsas qaynaqlarından biri olmalıydı. 1920-ci illər ədəbiyyatımızın ümumtürk, daha çox isə Türkiyə-Azərbaycan kontekstində tədqiqinə, eləcə də, "Bir millət - iki dövlət" meyarına əsaslanan çağdaş münasibətlərimiz fonunda, özəlliklə İkinci Qarabağ savaşından sonra İsmayıl Hikmətin bu yazısı Azərbaycanda ümumtürk düşüncə tarixinin 1920-ci illərdəki mərhələsinin daha dərindən öyrənilməsinə ciddi elmi istiqamət verə bilər".

Hörmətli Azər müəllim! Sizin vətəndaş-alim düşüncəsindən qaynaqlanan xəyal qırıqlığınızı aradan qaldırmaq üçün deyim ki, əkdiyiniz toxumlar artıq cücərməyə başlamışdır. Məlumat verərək, təvazökarlıqdan uzaq səslənsə də, deyim ki, biz (mən və ADPU-nun Cəlilabad filialının dosenti Yədulla Dadaşlı) ciddi bir işə imza atmışıq: İsmayıl Hikmətin 1928-ci ildə Azərbaycanda nəşr olunan iki cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabını transliterasiya edərək, əhatəli "Ön söz", "İzah və qeydlər"lə birlikdə nəşr etdirmişik. Kitabın transliterasiya edilməsi fikri ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya məxsusdur. İdeya müəllifinin kitabda verilən "Hər şey Nəsimidən başladı" adlı yazısındakı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm: "Oxuduqlarımla bağlı düşünərkən bir neçə il qabaq Azər Turanın "Ədəbiyyat qəzeti"ndə İ.Hikmətin bir yazısını çap etdirdiyini və bu yazını çox maraqla oxuduğumu xatırladım. O, İ.Hikmətin Almaniyanın Münhen şəhərində "Dərgi" adlı jurnalda nəşr olunmuş "Dörd il yarım Azərbaycanda" adlı yazısını qəzetdə (səhv eləmirəmsə, 2008-ci il nömrələrindən biri idi) bütövlükdə vermişdi. O zaman bu yazı mənə 20-ci illərin mürəkkəb ictimai-siyasi və ədəbi-mədəni mühiti haqqında bu yazıya qədər dumanlı şəkildə təsəvvür etdiklərimə bir aydınlıq gətirmişdi. Bu fikirlərin təsiri altında İ.Hikmətin Azərbaycan ədəbiyyatının orta əsrlər dövrünə dair yazılmış "ədəbiyyat tarixi" haqqında düşünərkən akademik İ.Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adlı yenicə çap olunmuş kitabındakı bu əsər haqqında təqdiredici fikirlər də mənim yaddaşımda yer almağa başlayırdı... Hörmətli akademikin kitabında İ.Hikmətin əsərindən bəhs edən səhifələrin birinin sonunda bu əsərin 2013-cü ildə Ankarada yenidən nəşr olunması haqqında informasiya diqqətimi xüsusilə cəlb etdi. Deyə bilərəm ki, fikirdən fikir doğdu. Mən fikirləşirdim ki, nə üçün biz də İ.Hikmətin Azərbaycan ədəbiyyatının orta əsrlər dövrü haqqında çox qiymətli tədqiqat olan bu əsərini yenidən nəşrə hazırlayıb, elmi ictimaiyyətə təqdim etməyək? Axı, İ.Hikmətin "Dörd il yarım Azərbaycanda" məqaləsindən də aydın görünürdü ki, türkçülük konsepsiyası ilə yazılmış bu qiymətli tədqiqat 20-30-cu illərin çox mürəkkəb siyasi mühitində sovet rejiminin antitürk siyasətinin qurbanı olmuşdu. Həyəcanla düşünürdüm ki, Azərbaycan-Türkiyə münasibətlərinin zirvədə olduğu indiki məqamda, ədəbiyyat tariximizin tədqiqində türkçülük amilinin önə keçdiyi müstəqillik illərində bu kitabın ədəbi-elmi ictimaiyyətə yenidən təqdimi Azərbaycan-Türkiyə ədəbi-mədəni münasibətlərinin tarixini obyektivlik və elmi dürüstlüklə dərk etmək üçün, eləcə də ədəbiyyat tariximizin qədim və orta əsrlər dövrünü milli zəmində araşdırmaq üçün çox uğurlu metodoloji başlanğıc ola bilər". Professor M.Hüseynovanın bu fikirləri Sizin "Hikmətizm" məqalənizdəki yuxarıda səslənən fikrin davamıdır. Ancaq təkcə davamımı? Yox, təkcə davamı deyil, həm də müasr elmi prosesə nüfuzudur, nəzəri baxışın elmi təcrübəyə tətbiqidir.

Əziz qardaşım! Məlumat verərək bildirim ki, Sizin mövqeyinizin, məsələlərə konseptual baxışınızın elmi-ədəbi prosesə nüfuzu bununla bitmir. Çünki İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyat tarixi"nə yazdığımız ""İSMAYIL HİKMƏTİN "AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ" VƏ ƏDƏBİYYAT TARİXÇİLİYİMİZİN BƏZİ METODOLOJİ MƏSƏLƏLƏRİ" adlı "Ön söz"də alimin kitabına və ədəbiyyatşünaslığımızın metodoloji problemlərinə açar salmaqda "Dörd il yarım Azərbaycanda" məqaləsi istiqamətverici rol oynamışdır.

İ.Hikmətin Azərbaycandakı elmi fəaliyyətinə məntiqi yanaşmanız Sizi belə bir qənaətə gətirib çıxarır ki, "Türk birliyi ideyasının nəzəriyyədən praktikaya tətbiq edildiyi indiki şəraitdə bu əsərin nəzərə alınmasına, elmi araşdırmalarda ona istinad edilməsinə ciddi ehtiyac vardır. Hər şeydən əvvəl ona görə ki, 1920-ci illərdə Azərbaycan hökumətinin xüsusi dəvəti ilə Bakıya gəlib burada Azərbaycan ədəbi-elmi mühitinin əsas simalarından birinə çevrilən və fəaliyyəti sonralar sovet ədəbiyyatı ideoloqları tərəfindən hikmətizm epiteti ilə yarğılanan, əsərləri yandırılan, milli şüurla yetişmiş yüzlərlə tələbəsi "darmadağın və pərişan" edilən İsmayıl Hikmət səviyyəsində hansısa başqa bir türk alimi yoxdur. Digər tərəfdən, türk alimləri arasında İsmayıl Hikmətdən başqa heç kəs 1920-ci illərdə Azərbaycanda humanitar elmi proseslərin belə dolğun təhlilini verən əsər yazmamışdır". Maraqlıdır ki, "Azərbaycan ədəbiyyatı tarixi"nə yazdığımız "Ön söz"də bizim də qənaətlərimiz Sizin fikrinizlə paralellik yaradır: Şübhəsiz ki, Azərbaycan ədəbiyyatşünaslığı belə bir suala cavab verməyə borcludur: 1923-cü ildə Türkiyədən Azərbaycana dəvət olunan bir alim 1927-ci ilə qədər həm təhsil, həm də elm sahəsində çox məhsuldar çalışdığı halda, bu müddət ərzində elmi araşdırmaları həm mətbuatda, həm də ayrıca kitablar, hətta ədəbiyyat tarixləri şəklində sıx-sıx nəşr olunduğu halda, niyə alimə məzuniyyətə getdikdən sonra Azərbaycana qayıtmağa imkan verilməmiş, əsərləri, əsərlərində əks etdirdiyi elmi konsepsiya çox kəskin şəkildə tənqidə məruz qalmışdır? Biz "Ön söz"də, ilk növbədə, bu suala cavab axtarmışıq. Xüsusi vurğulayaq ki, cavabın tapılmasında və tapılan cavabın "türk birliyi ideyasının nəzəriyyədən praktikaya tətbiq edildiyi indiki şəraitə" uyğunluğunun təmin olunmasında "Dörd il yarım Azərbaycanda" məqaləsi müstəsna rol oynamışdır. Biz düşünürük ki, sualın cavabını ictimai-siyasi proseslərin çox sürətlə dəyişməsi və bu dəyişmənin ədəbi-mədəni, elmi və pedaqoji mühitə ciddi təsirlərində axtarmaq lazımdır. Fərqinə varırıq ki, bəzi tədqiqatlarda 20-30-cu illəri mərhələ kimi qiymətləndirmədə bir monotonluq nəzərə çarpır. Geniş götürəndə 20-30-cu illər ədəbi fikir tariximizdə bütöv bir mərhələdir. Hətta bu mərhələni bütövlükdə vulqar-sosioloji tənqid mərhələsi kimi qiymətləndirmək tendensiyası da çox güclüdür. Nəzərə almaq lazımdır ki, ədəbi prosesin hərəkətinə 20-30-cu illəri "vulqar-sosioloji tənqid" mərhələsi kimi qiymətləndirmək kontekstində obyektiv elmi qiymət vermək mümkün deyildir. Məsələn, ədəbi proseslə ictimai-siyasi proseslər arasındakı əlaqə 20-ci illərin sonlarına qədərki tarixdə (daha dəqiq desək, 1928-ci ilə qədər), 1928-1934-cü illər arasında və 1934-cü ildən sonrakı illərdə tamam fərqli məcralarda davam edib. Birinci zaman kəsiyində ədəbi-mədəni, elmi proseslər daha çox milli təmayüldə, ikinci zaman kəsiyində proletkultçu düşüncə müstəvisində, 1934-cü ildən sonra bütövlükdə sovet ədəbiyyatı uğrunda mübarizə kontekstində cərəyan edib.

Birinci zaman kəsiyində ədəbi-elmi sferada milli və ümumtürk düşüncəsinə yasaq qoyulmayıb, ikinci zaman kəsiyində hər cür milliliyə, ümumtürk düşüncəsinə müharibə elan edilib, üçüncü zaman kəsiyində isə millilik sırf ideoloji kontekstdə dəyərləndirilib. Birinci zaman kəsiyində demokratik düşüncənin loyallığı Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrini sıxlaşdırmağa, türk xalqlarının soy birliyini önə çıxarmağa imkan verib. Bütün bunların ictimai-siyasi əsasında "1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında bağlanan Sovet-Türkiyə sazişinin və Zaqafqaziya Federasiyası respublikaları ilə Türkiyə arasındakı Qars müqaviləsinin mədəniyyət sahəsində nəzərdə tutduğu əlaqələr" (Ağayev F. İsmayıl Hikmət və Azərbaycan ədəbiyyatı. Bakı. Nurlan, 2004, s.7) dayanıb.

Deməli, türkiyəli alimlərin Azərbaycana dəvət olunması, onların elmi-mədəni, ədəbi-pedaqoji həyatda sıx iştirakı da bu müqavilələr əsasında tənzimlənib.

Müqavilələr əsasında tənzimlənən bu münasibətin həqiqi mahiyyəti necə idi? Bu suala "Azərbaycanda dörd il yarım" məqaləsi cavab verir. Məqalədə 20-ci illərdə Sovet Rusiyasının Türkiyəyə və türk xalqlarına münasibətdə izlədiyi siyasətin mahiyyəti açıq ifadə edilib.

İ.Hikmət bu siyasətin mahiyyətcə iki mərhələdən keçdiyini ifadə edir. Birinci mərhələdə sovet rejiminin Türkiyə ilə münasibətləri zahiri dostluq çərçivəsində davam edir, ikiüzlü və məkrli xarakter daşıyır. Bu mərhələdə rejim daxilindəki türk xalqlarının bir-birilə, o cümlədən Türkiyə ilə münasibətlərinə maneçilik göstərilmir, ədəbi-mədəni əlaqələrin davam etməsində rejim hətta özünü maraqlı kimi göstərir. Türkiyəyə qarşı üzə çıxan bəzi əks mövqelər rejim nümayəndələri tərəfindən pərdələnir, təsadüfi yanlış məqamlar kimi qələmə verilir. Türkiyədən və başqa türk respubilkalarından ədəbi-mədəni, elmi və pedaqoji sahəyə mütəxəssislərin cəlb edilməsi Türkiyə ilə münasibətlərə səmimiyyət donu geyindirməyə xidmət edir. İ.Hikmət yazırdı: "Azərbaycan Cümhuriyyətinin Türkiyədən müəllim istəməsinə Sovet Rusiyasının o zaman mane olmamasında əsasən iki səbəb görünürdü. Biri Türkiyə ilə olan zahiri dostluğu; zahiri deyirəm, çünki həqiqətdə bu dostluqdan əsər yoxdu. Hər gün Bakı küçələrində xalqa nitq söyləyən firqəçilər Türkiyə hökumətini paşalar hökuməti adlandırır və onların zehnini tənqid edir; hər gün də Türkiyənin Bakıdakı təmsilçisi baş konsulluq tərəfindən aldığı etiraza: "Çox mütəəssirik, bunu edənlər avam xalqdır, üzr diləyirik, biz onların öhdəsindən gələrik!" tərzində uydurma bir üzrxahlıq edirdilər. Bu da aradakı dostluğun mahiyyətini göstərməyə yetərlidir. İkincisi də, Azərbaycan Cümruhiyyətini şübhələndirmədən uyğun bir zamanda münasib bir siyasət yürütmələri idi. Həqiqətdə isə Sovet hökumətinin qayəsi əski Rusiya çarlığının eynisi olub, bəlkə daha sinsi bir davamı idi. Sovet Rusiyası öz hüdudları daxilindəki müsəlman və türk millətlərinin hər hansı bir sahədəki birliklərinə göz yumurdu və yumacaqdı da. Əsasən, kommunizmi ortaya atdığı sırada zatən dinə istədiyi zərbəni vurmuşdu; kilsələri sözdə, camiləri isə gerçəkdə qapatmışdı. Bu surətdə din birliyi qorxusu ortadan qalxmış bulunurdu. İndi onu qorxudan dil birliyi qalırdı. Həm də bu birlik sadəcə Sovetlər birliyi daxilindəki türklərin dil birliyi deyil, ədəbi türkcə deyilən Türkiyə dilinin də daxil olduğu türk dil birliyi idi. Dil birliyi kültür birliyi demək olurdu. Ədəbi dil isə Sovetlər birliyi türklərini bu birliyə doğru aparırdı. Ədəbi dil əski çarlıq Rusiyasının qənaətincə osmanlı casusluğu demək deyildimi? Bu qənaət vaz keçilmiş deyil, Sovet Rusiyası tərəfindən daha dərin, daha qatı bir qənaətlə mənimsənilmişdi. Sovetlər birliyi hüdudları daxilinə girən hər türkiyəli sivil, hər nə məqsədlə girirsə girsin o, "örtüyə bürünmüş bir casus türk zabitidir" və oraya bir çox gizli məqsədlərlə gəlmişdir. Buna görə də arxasında çeşidli gözçülər, casuslar dolaşan şübhəli və təhlükəli şəxsiyyətdir. İştə, Türkiyədən Azərbaycana göndərilən biz müəllimlər də bu casuslardan biri idik".

Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrində siyasi rejimin ikiüzlü və məkrli siyasət yeritməsinə rəğmən 20-ci illərin sonlarına qədərki mərhələni kifayət qədər effektiv hesab etmək olar. Bu mərhələdə türk ziyalılarının - müəllim və alimlərinin elmi və pedaqoji sahədə gördükləri işlər sonrakı mərhələlərdə bu işlərə kəskin tənqidi və inkarçı münasibətin meydana çıxmasına baxmayaraq, öz təsirini bu və ya digər dərəcədə saxladı.

Sovet siyasi rejimi 20-ci illərin sonlarından etibarən öz həqiqi simasını ortaya qoyanda pantürkizmlə bərabər, panislamizmə qarşı mübarizəni də özünün ideoloji məqsədlərindən birinə çevirdi. Türk xalqlarının mədəni birliyi kimi, müsəlman millətçiliyi də kifayət qədər təhlükəli hesab olundu. Müsəlman xalqlarının mədəni-mənəvi birliyini nəzərdə tutan ümmətçilik zərərli ideologiya kimi rədd edildi. Buna görə də ümmətçiliyin əsasında dayanan islam dininə düşmən münasibətin formalaşdırılmasına başlanıldı. Sovet rejiminin ateist siyasəti ümumən götürəndə islam dininə tənqidi münasibəti, onun təbliğini və daşıyıcılığını qadağan etməyi nəzərdə tuturdu.

Sovet rejiminin mədəni siyasətində klassik irsi də özünün ideoloji mövqeyinə uyğun şəkildə tədqiq və təbliğ etmək əsas istiqamətlərdən biri idi.

Hakimiyyət özünün mövqeyini tədricən möhkəmləndirəndən sonra bununla bağlı olaraq antitürk və antiislam mövqeyindən çıxış etməyə başlamış, ədəbi-mədəni irsi çox əsaslı şəkildə təftişdən sonra onun "klassik irs" kimi ortalığa çıxmasına imkan vermişdi. Həmin siyasətin canlı şahidi olan İ.Hikmət "Azərbaycanda dörd il yarım" məqaləsində yaranmış vəziyyəti belə şərh edirdi: "Keçmişin gələcəyə ithaf etmiş olduğu bütün mədəni yadigarlarda, bütün mədəniyyət abidələrində bu yeni idealın yaşamasına, qüvvətlənməsinə yarayacaq və yarayacağı sanılacaq, nə qədər ünsür varsa bunlar ələnəcək, bunlar daranacaq, bunlar xalqın və gəncliyin təlim və tərbiyəsinə sunulacaqdı. Sovetlərdə elm bu idi. Elmi tədqiqat da bu idi. Milli mədəniyyət, milli tərbiyədə bu prinsipə və bu metodların türk dili ilə nəşr və yayılmasından ibarət olacaqdı. Keçmişdən, milli ənənə, mədəniyyət və tərbiyədən ancaq bu şəkildə istifadə oluna bilərdi. Bir Əlişir Nəvai kommunist ruhu ilə yazmış bir türk şairi olaraq göstəriləcəkdi. Ondan ancaq bu şərtlə bəhs oluna bilərdi. Bir Tofiq Fikrət tamamilə bu ideala görə əsərlər vermiş bir şair olaraq göstərilə bilərdi! Necə ki, bu ruhda bir təhlil ilə yazılmış "Tofiq Fikrət" adlı bir əsər nəşr edilmişdir. Bu gün də o ruhda bir "Nəvai" hazırlandığını eşidirik və heç də təəccüblənmirik".

İ.Hikmət burada zamanın siyasəti ilə ədəbiyyatşünaslığın klassik irsə münasibətdə ayrılan yollarından danışır. Onun dediklərinin alt qatında duran bu idi ki, daha ədəbiyyat tarixini F.Köçərli kimi, Y.V.Çəmənzəminli kimi, təbii ki, həm də İ.Hikmətin özü kimi öz elmi düşüncənə, konsepsiyana uyğun və yaxud bədii mətnlərin təlqin etdiyi həqiqətlərdən çıxış edərək elm dilinə çevirə bilməzsən. Elə bir zaman gəlmişdi ki, Nizami haqqında yazırsansa, Nizami mətnlərinin ifadə etdiyi əsas ideya xətti rejimin siyasətinə dəstək olmalı idi (Nizamidən danışmaq üçün bu dəstək mütləq tapılmalı idi). Nizami həqiqəti əsas deyildi, əsas olan dövrün ədəbiyyatşünaslığı tərəfindən dövriyyəyə buraxılan Nizami "həqiqətləri" idi. Nizami sözü elə yozulmalıydı ki, sanki bu şair XII əsrdə oturub kommunist ideologiyası haqqında düşünürmüş. "Bir Əlişir Nəvai kommunist ruhuyla yazmış bir türk şairi olaraq göstəriləcəkdi" cümləsinin mənası budur. Ədəbiyyatşünaslıq, ədəbiyyatşünas alimlər dilemma qarşısında qalırdı. Ya əsl elmi həqiqəti deyib, sənətkarın yaradıcılığını onun öz estetik idealları çərçivəsində, bilavasitə poetikasının diktəsindən çıxış edib tədqiq edəcəkdi, ya da sənətkarın yaradıcılığının əsas ideya istiqamətlərini sovet rejiminin ideoloji siyasətinə uyğunlaşdırıb ortalığa çıxaracaqdı. Birinci yol insanları repressiyaya aparırdı. Ancaq ən təhlükəli olan bu deyildi. Klassik irs də repressiyanın qurbanı olacaqdı, nəşr olunmaq, təbliğ olunmaq, öyrənilmək imkanlarını itirəcək, nəticədə klassik irslə yeni yaranan ədəbiyyat arasında irs-varislik əlaqəsi mümkünsüzləşəcək, ənənəsiz "novatorluq" meydana çıxacaqdı ki, onun da yaşamaq, milli ruha nə isə bəxş etmək imkanları olmayacaqdı.

Ədəbiyyatşünaslıq ikinci yolu seçdi. Bu "yol"un funksiyasını həmin illərdə tənqidçi Ə.Nazim dəqiq formulə etmişdi: "Klassikləri Lenincəsinə öyrənməli!". Ədəbiyyatşünaslığın ikinci "yol"u tərcih etməsinin mənası nə idi? Bu, dolayısı ilə də olsa, klassik irsə, milli sərvətə xəyanət deyildi ki? Yox, əksinə, klassik irsə, dolayısı ilə isə millətə xidmət idi. İstər-istəməz, ortaya sual çıxır: Bu xidmət necə, nə şəkildə gerçəkləşə bilərdi? Bu gerçəkləşmənin məqsədi, mahiyyəti və nəticələrini İ.Hikmət öz yazısında belə səciyyələndirirdi: "İslami mədəniyyət içində yetişmiş olan bir cəmiyyət bu, için-için təsirini göstərən təzyiq altında bir müddət əfəlləmişdi. Nəhayət, düşünmüş, milli ənənə və mədəniyyəti yaşadan vəsiqələri tamam məhv olub getməkdən qurtarmaq üçün kommunist təzyiqin istədiyi bu yolu, özünün getmək istədiyi yola bağlamaq vasitəsini tapmışdı. Zahirən, kommunistlərin istədiklərini yapmış kimi görünərək, əski əsərləri nəşr etmək və onlardan inqilab ünsürlərini təlim edirmiş kimi görünərək, yetişən gəncliyə, öz keçmiş ədəbiyyatının şah əsərlərini tanıtmaq yolunu tutmuşdu. İki ideal daxilən çarpışır, zahirən də guya birləşmiş olurdu".

Rejimin mədəni siyasətində klassik irsə yandırılan işıq bu irsi tənqidi surətdə mənimsəməyi, proletar ədəbiyyatının yaradılmasında onun təcrübəsindən istifadəni nəzərdə tuturdu. Milli ziyalılar üçün isə bu, klassik irsi mənəvi repressiyadan qorumağın və yaşatmağın vasitəsi idi. Ədalət naminə qeyd eləmək lazımdır ki, müstəqillik dövründə prinsip etibarilə klassik irsə sahib çıxa bilməyimizin (həm nəşri, həm təbliği, həm də tədqiqi istiqamətlərində) kökünü 30-40-cı illər, eləcə də sonrakı onilliklərdə ziyalılarımızın uzaqgörən siyasəti, üzərlərinə tantal əzabı götürüb, xalqın, millətin ədəbi-mədəni irsini yaşatmaq məramı və fədakarlığında axtarmaq lazımdır.

"Dörd il yarım Azərbaycanda" məqaləsi burda ifadə etdiyimiz və eyni zamanda etmədiyimiz çox həqiqətlər təlqin eləyir. Bu həqiqətlərin tam dərk edilməsi üçün bizim zamana ehtiyacımız var. Ancaq zaman bizə onu da təlqin eləyir ki, İsmayıl Hikmət həqiqətinin miqyası hüdudsuzdur. Bu həqiqətləri onun coxistiqamətli elmi fəaliyyətini zaman-zaman üzə çıxarmaq və araşdırmaqla meydana qoymaq olar. Yuxarıda qeyd etdiyim kimi, biz də bu həqiqətləri dərk etmək, elmi ictimaiyyətə çatdırmaq, əlindən alınan haqqını özünə, yaradıcılığını xalqa qaytarmaq üçün yola çıxdıq. Bu gün artıq böyük alimin iki cildlik "Azərbaycan ədəbiyyatı tarixi" nəşr edilərək elmi-ədəbi ictimaiyyətin ixtiyarına verilmişdir.

Hörmətli baş redaktor, əziz qardaşım!

Görkəmli alimin böyük zəhmət bahasına başa gəlmiş "ədəbiyyat tarixi"nin yeni nəşrinin əhəmiyyətli olacağı zənnindəyik. Eyni zamanda, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqində yeni perspektivlərə də yol açacağı ümidindəyik. Bu ümidlə və Sizin böyük türk aliminə olan hüdudsuz sevginizi çıxış nöqtəsi kimi alaraq kitaba yazdığımız müqəddimədə tarixən alimin böyük mübahisələrə yol açan "üç cərəyan" nəzəriyyəsinin şərhinə həsr edilmiş hissəni qəzetinizin oxucularına təqdim edirəm. ("İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixində" "Üç cərəyan" nəzəriyyəsi"" məqaləsi növbəti sayımızda dərc olunacaq).

Tezliklə görüşmək, kitabdan nüsxəni Sizə çatdırmaq arzusu və öncədən minnətdarlıq duyğusu ilə...

 

Təyyar SALAMOĞLU

 

Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.16-17.