12 dekabr - 21 Azər
günüydü - Cənubi Azərbaycanda istiqlal tarixinin
unudulmaz səhifələrindən biri. 21 dekabrda isə Nurəngiz
Gün dünyaya göz açıb. Nurəngiz Günün
həm ata, həm də ana babası əslən Güney Azərbaycanın
Ərdəbil və Təbriz şəhərlərindəndirlər.
Unudulmaz şairin Təbriz həsrətli şeirlərini təqdim
edirik...
Salam çörəyə,
gülə, günəşə
Salam sənə, İnsan!
Salam sənə, doğma yurd! Doğma lisan!
Salam sənə, ən ulu eşq! Bu torpaq!
Salam sənə, odlu diyar! Yanar çıraq!
Salam sənə, anam! Can yadigarım!
Salam sənə, nakam sevgim! Rüzgarım!
Salam sənə, bircəciyim! Evladım!
Salam sənə, kövrəkciyim!
Qanadım!
Salam sənə, dünyam! Sərhədli dünyam!
Salam sənə, dumanlı, dərdli dünyam!
Salam sizə, dərin-dərin dəryalar!
Salam sizə, yalqız, yalçın qayalar!
Salam olsun, salam!
Bir də sizlərə -
Salam olsun, Təbrizli əzizlərə!
Salam olsun, ulduzlara, atəşə!
Salam, bir də çörəyə,
gülə, Günəşə!..
1979
Mənim eşqim
Mənim
eşqim rüzgarlardır
-
dağ tanımaz, dərə bilməz.
Mənim
eşqim ilk bahardır
-
sevincləri saya gəlməz.
Mənim
eşqim azad quşlar -
nə bənd bilər, nə də çəpər.
Mənim
eşqim qaranquşlar
-
ruhuma müjdələr
səpər.
Mənim
eşqim al səhərlər
-
çiçəklər huşun
itirər.
Mənim
eşqim ağ
kəhərlər -
Təbrizə təbrik yetirər.
Mənim
eşqim atəş, ocaq -
Novruzgülüm qızınacaq!
Mənim
eşqim qucaq-qucaq -
Anam torpağa qonacaq...
2013
Torpaq yuxularım
Qayıtdım bu torpağa.
Bu torpağa dönüncə
dizlərim titrəyir...
Bu torpağın önündəyəm.
Eləcə mil durmuşam,
dil tutulub, nəfəs təntiyir.
Bu torpaqda nələr tapdım, nələri itirdim!
Bu torpağın üstündəki
yuxularımda,
Ağappaq örtüyümdə ağappaq gəlin olub,
tutulub-dolub,
bir rüzgarın tilsiminə əsir düşdüm.
Bir çiskini
yağış bilib,
bihudə üşüdüm.
...Bu torpağın üstündən
Araz adlı bir çay axar -
Qubar dolu suyundan hönkürüb şərbət içmişəm.
Kənarında dəmir çəpər
var!
Bu çəpərin küncündə
ölmək üçün
üç arşın
yer seçmişəm.
Bu çəpərin küncündə
atamın ləpirləri!
Bu çəpərin küncündə
anamın həsrət
əlləri!
Bu torpaqda nələr
tapdım, nələri
itirdim.
Bu torpağın üstündə
bir qoşa məzar var -
Bürünüb göz yaşına,
sərilib soyuq daşına,
bu candan ruh çıxınca,
tabım, tavanım
çatınca
içim yanar, yaxılar.
Biri atam, biri anam!
Vardı,
vardı! Vallah, vardı!...
Hər ikisin bir uzun, zalım
yuxu apardı.
Əlim əllərindən qəfilcə
düşdü.
Yerdə
qalan nə idi ki! Uşaq
könlüm!
O da fəğan qoparıb,
haqsızlıqdan büzüşdü...
Bu torpağın içindəki
yuxularımdan
zərif, kövrək,
bir ağappaq ömür sürüşdü...
qara sellər apardı...
Bu torpaqda nələr tapdım, nələri itirdim!
1983
Ərk qalasına
Əl vurunca
yorğunluqdan
ovum-ovum
töküləsi
o daş qala,
a daş qala!
Daş çəpəri
daş səbrinə
sirdaş qala,
a daş qala!
O qalanın nə qəribə
qubarı var -
yağış döyər,
ildırımlar qamçılar,
yaralar, hey yaralar...
Uca qala,
Uca qala!
Qocalardan
qoca qala,
qoca qala!
Bir vaxt dəmir dəbilqəli,
Bir vaxt dəmir həlqəli
darvazandan
kimlər keçə,
kimlər qala?!
Uca qala,
uca qala!
Əl vurunca
yorğunluqdan
kövrələsi,
töküləsi
o daş qala,
a daş qala!
Daş çəpəri
daş səbrinə
sirdaş qala,
sirdaş qala!
1980
Bakı-Təbriz bayatıları
Dağların dağı varmış,
Qarası, ağı varmış.
Əl vurmayın, kövrələr,
Bir gözəl
çağı varmış.
Hisdi, bu dağlarındı,
Sisdi, bu dağlarındı.
Deməyin biganədi,
Tüstü bu dağlarındı.
Əzizim
İran oldu,
İran bir dastan oldu.
Haqqa, imana gəlin
Bu torpaq viran oldu.
Nənəm, nağılın vardı,
demədin, qar apardı.
Əllərimi əlindən
acı rüzgar qopardı...
Vay sizi, uca dağlar,
Qocadan qoca dağlar!
Niyə
susub durmusuz,
Ahı doyunca dağlar?...
Qəmdən üzüldü bu
can.
Ürəyim oldu şan-şan.
Anamdır, qərib ölür
Aman əcəl, bir dayan!...
Bu cığır hayanadı,
Arazdan o yanadı.
Tanrım!
Bir cüt qanad ver,
Bu quş məni
yandırdı.
Təbriz
qədim, köhnədir,
Cahanda bir dənədir.
Əllərim həsrət çəkir
Dağı, daşı göynədir.
Təbrizdə dayım yaşar,
Rəssamdır, fırçası var.
Rəsmində rüzgar əsər
Bulud ağlar,
sel aşar.
Torpaq cadar oldu ki!
Yollar qabar oldu ki!
Həsrət nə uzun çəkdi,
Ürək qubar oldu ki!
1980
Bədənimdən qanad açıldı
Gözlərimin önündə quşlar
dolaşır,
Gözlərimin içinə quşlar
doluşur,
Kipriklərimi budaq bilib,
Üstündə dolaşalar dalaşır.
Vallah, vallah, bu quşlar
dəli edəcək məni,
Oyub, soyub qəhr edəcək könlümü.
Axı,
bu quşlar niyə fəğan eyləyir,
Axı, quşlar
nə istəyir, nə deyir?
Bəlkə quşlar insan dili anlayır,
Bəlkə elə, quşlar
məni
quş diliylə danlayır?
Yox, yox! Vüsal nəğməsidir,
oxuyur bu quşlar,
Deyən
dimdiklərində "Cənub
damlası" daşıyır,
gözlərimin yaşın
yuyur, bu quşlar...
Tutun, tutun əllərimdən, quşlar huşumu aldı,
tutun titrək əllərimdən, kömək
olun quşlara,
quşlar qanad bağışladı!..
Bütün bədən uyuyur,
quşlar çəkib
aparır,
yol veriniz, siz allah,
quşlar köksümü
alıb, yerdən qoparır... aparır...
Oxxayy, oxxayy!.. Salam, göy üzü! Salam...
Salam, pak buludlar, salam, Ay! -
Salam çiynini öpdüyüm
fağır dağlar!
-
Salam, dədə Şəhriyar!
Xoş gördük, a Savalan!
Salam, salam! Salam baba
yadigarım,
dərdi qoca Təbrizim,
bağrı yara, köksü duman, can Təbrizim!
Ver saçını qoxlayım,
burnumun ucu göynəmiş!..
Üzüdönük bilmə məni,
Əfv elə sən, mənim susqun,
mənim naçar,
mənim gücsüz
əllərimi!..
Gözəl Təbriz! Harayına
necə yetim,
mən özüm bir köklü yetim!
Sus baba, sus! Heç
nə danışma! Dinmə...
Dözümsüzəm, yaman qəribsəmişəm,
Xəyallar simində uçub
gəlmişəm!
...Çağır bütün
obamı,
bu quru canımı edim qurbanı!
sarıyım qan sızan yaralarını!..
Hər şeyi deyə bilmirəm,
öz içimdən didilirəm.
Gəlin,
gəlin! Gəlin mənim küskünlərim,
gəlin mənim
didələrim!
Gəlin,
a dərbədərlər!
Daha dözə bilmirəm,
quşların amanatıdır,
birovuzdur bu qanadlar...
Tir-tir titrəyirəm, qaytarasıyam,
qəfildən bir anda qırıla bilər.
Di, gəlin! Arazın qırağındayam,
Ustufca öpüşək... uslu
görüşək...
Fəda
olum hamınıza...
Bağrım yarıla bilər!..
1988
Nurəngiz Gün
Ədəbiyyat qəzeti.- 2022.- 24
dekabr.- S.13.