“Kod adı V.X.A”
tamaşasının premyerası olub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki gün ardıcıl nümayiş olunan “Kod adı V.X.A” tamaşasının premyerası anşlaqla keçib.
Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş yeni tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.
Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edib.
Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən yeni səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.
Premyeradan sonra nazir Anar Kərimov səhnəarxası görüş keçirərək, yaradıcı heyəti təbrik edib və onlarla xoş təəssüratlarını bölüşüb.
Ədəbiyyat qəzeti.- 2022.-
24 dekabr.- S.14.