Lənkəran Teatrı "Casus"unun sərgüzəştləri  

 

Kamal Abdullanın "Casus" komediyası əsasında Lənkəran Dövlət Dram Teatrının eyniadlı tamaşası (quruluşçu rejissor Anar Babalı, bəstəkar Azər Hacıəsgərli, rəssam Tərlan Sadıqov) mənə iki yöndən maraqlı gəlirdi:

- birincisi, komediya öz müəllifinin iyirmi il öncə yazdığı və zamanında geniş müzakirələrə səbəb olan "Yarımçıq əlyazma" romanının səhnələşdirilməsi əsasında hazırlanmışdı və romanın səhnə həyatı maraqlı görünürdü;

- ikincisi, bu, Lənkəran Teatrının - bölgə teatrları arasında əyalətçilik ruhundan yəqin ki, ən uzaq bir kollektivin tamaşası idi.

On doqquzuncu yüzilin sonlarında yaranan, özünün 132-ci mövsümünə qədəm qoyan teatrın başqa bölgə teatrlarında rastlaşmadığımız qəribə bir sənət aurası var. Görünür, milli teatrımızın pərdəsinin ilk dəfə Lənkəran xanı vəzirinin sərgüzəştləri ilə qaldırılması da boşuna deyil. Bəs, görəsən, sərgüzəşti-casusi-Lənkəran hansı gizli mətləblərin üstündən sirr pərdələrini qaldıracaqdı?

 

***

 

Bu suala cavab verməzdən öncə kiçik bir "tarixi" remarka eləmək istəyirəm. "Casus" Lənkəran Teatrı ilə mənim üçüncü görüşümdür:

Birinci dəfə ötən yüzil 80-lərin ortalarında Bakıya qastrola gəlmiş teatrın "Aydın" tamaşasına baxmışam və zəhər içərək Aydının qolları arasında, kəskin ağrılar içində can verən Gültəkin - Böyükxanım Əliyevanın heyrətamiz oyununu üstündən qırx il keçsə də, unutmamışam;

Teatrla ikinci görüşüm 2009-cu ildə Gəncədə keçirilən festivalda baş tutub, onun "Ezop" tamaşasına baxmışam və finalda öz azadlıq ideallarını ifadə edən Ezop - Təvəkkül Əliyevin rampaların gur işığındakı əzablı üzü yaddaşıma həkk olub;

Və nəhayət, üçüncü görüş - "Casus"! Məkan - Bakı, S.Vurğun adına Rus Dram Teatrı, zaman - 2022-ci il, 15 dekabr, saat 19.00.

 

***

 

"Casus" komediyası, dediyim kimi, "Yarımçıq əlyazma" romanının səhnələşdirilməsi əsasında yazılıb. Xatırladım ki, roman biri Dədə Qorqud, digəri Şah İsmayıl olmaqla iki paralel mövzudan danışır və bu mövzuların kəsişmə nöqtəsi onları öz məhvərində birləşdirən Qarağac, yəni müxtəlif xalqların miflərindən yaxşı bildiyimiz Dünya ağacıdır (diqqət: ağac məsələsini boşuna xatırlatmıram, tamaşanın təhlilində bizə lazım olacaq!) Müəllif "Casus"da səhnələşdirməni bu iki xətdən biri - Dədə Qorqud üzərində aparır.

Daha bir xatırlatma: "Yarımçıq əlyazma" milli bədii nəsrimizdə postmodernist romanın ilk örnəyidir; və yazılmasından iyirmi il keçsə də (sözün ciddi anlamında!) postmodernist romanın yeganə nümunəsi kimi qalmaqdadır.

Gənc yazarlardan bəziləri postmodernist roman çabalarında bulunsalar da, bu eləcə çaba olaraq da qaldı. Çünki postmodernist roman dekonstruksiya olunan mətnə dərin(dən dərin!) bələdlik tələb eləyir. K.Abdulla ömrünün az qala yarısını "Dədə Qorqud"a həsr eləyib, "Gizli Dədə Qorqud", "Sirr içində dastan" və sair kimi orijinal baxış bucağı ilə seçilən araşdırmalar aparıb və bütün bu bir ömürlük "Dədə Qorqud" sevgisindən sonra türkün ozanlar ozanına dekonstruktiv yanaşmanın ifadəsi kimi meydana çıxan "Yarımçıq əlyazma"! Paradoks! Amma məsələnin zahiri gözlənilməzliyinə baxmayaraq, bu dəyişkənlik məntiqidir, çünki insan kimisə, nəyisə, nə qədər çox sevir, onu nə qədər bütləşdirir, ilahiləşdirirsə, bu sevgi limitinin bitməsi ehtimalı da bir o qədər çox olur, bir gün o bitir və sevgi ünvanı adiləşir! K.Abdullanın Dədə Qorqudu göylərə qaldırdığı "Sirr içində dastan" (1999) monoqrafiyası ilə yerlərə endirdiyi "Yarımçıq əlyazma" (2004) romanı arasındakı dörd-beş il ərzində bu daxili təbəddülat baş vermişdi.

"Yarımçıq əlyazma" insanın bütövlüyü haqqındadır. Roman müəllifinə görə, insan dastanlarda, miflərdə təqdim olunan kimi monolit, biryönlü müqəddəs varlıq ola bilməz. O özündə əks qütblərin ziddiyyətlərini birləşdirir. İnsan mələk deyil və onun mahiyyəti müqəddəsliklə adiliyi özündə birləşdirməsindədir! Çünki o, sadəcə, Allahın bir zərrəsi olan qutsal ruhdan yox, həm də cismani arzu və istəklərin daşıyıcısı olan günahkar bədəndən ibarətdir. Yazıçıya görə, Qorqud Dədə də bütün qeyri-adi, olağanüstü özəllikləri ilə yanaşı bu yöndən istisna deyil! Məsələn, o, Oğuz elinin qırx oynaşlı Boğazca Fatmasının gənclik sevgilərindən biri ola bilər!

Amma bir məsələ var ki, Qorqud sıradan biri deyil, türkün "qayibdən dürlü xəbərlər söyləyən" peyğəmbəridir və bu fikir qutsal kitabın elə birinci cümləsindəcə öz təsdiqini tapır. Lakin birinci "amma"nın üstündən xətt çəkən ikinci bir "amma" da var ki, kitabı insan yazır və o, məqsədyönlü (və ya yönsüz!) yanlışa yol verə bilər. K.Abdullaya görə, bütün bu kitablardan da, onların qutsallıq haləsinə bürüdüyü kişilərdən də milyard işıq ili qədər yüksəklərdə nəsə məchul, əlçatmaz bir nöqtə var və Qorqudlu, ya Qorqudsuz, yerdə baş verən olaylar o nöqtə sahibinin elə də umurunda deyil. Bir sözlə, K.Abdulla insani əsər yazıb və Allahsız bir şey yazmayıb. Lakin onun Allahı Platonun kölgələr dünyasını fasiləsiz etkiləyən ideyalar aləmi kimi hər an, hər saniyə aktiv deyil. Bu Allah Aristotelin "formalar forması"na daha çox bənzəyir - nə vaxtsa dünyanın yaranmasına ilkin təkan versə də, hazırda səma tağlarının ucalığından yer olaylarını etinasız, bir az da yorğuncasına seyr eləyir. "Yarımçıq əlyazma" birinci dəfə oxumağımdan aşağı-yuxarı iyirmi, ikinci dəfəsindən isə on il keçir. Roman müəllifinin məsələyə yanaşmasının ən ümumi konturları yadımda belə qalıb.

 

***

 

"Dədə Qorqud"un və Qorqud Dədənin dərki milli bədii fikrimizdə iki dönəmdən keçib:

təbliğ, təsvir, tərənnüm xarakterli birinci dönəm Güneyli şair Səhəndin "Sazımın sözü" poemasından tutmuş, Mikayıl Rzaquluzadənin "Ana ürəyi, dağ çiçəyi" hekayəsinə qədər onlarca əsərlə səciyyələnir. Bu yanaşmanın ən bariz örnəyi Anarın "Dədə Qorqud" kinodastanı və onun əsasında ekranlaşdırılan eyniadlı, ikiseriyalı bədii filmdir;

dastana yanaşmanın ikinci dönəminin ən səciyyəvi örnəyi K.Abdullanın "Yarımçıq əlyazma" romanıdır.

Anarın kinodastanı ilə Kamalın romanı arasında iki fərqli düşüncə və yanaşma tipinin örnəkləri kimi müqayisələr aparmaq olar: Anar dastandakı olayları Beyrəyin faciəli sevgi boyu üzrə yenidən qurur, K.Abdulla isə dastan və onun qəhrəmanlarını Boğazca Fatmanın çoxsaylı eşq macəraları fonunda dekonstruksiya eləyir; Anar dastandakı qəhrəmanlardan birini əsas götürür, K.Abdulla isə epizodik personajı; Anarın mövzuya yanaşması tragikdir, K.Abdullanınkı komik; Anarın kinodastanı bədii fikrimizin antik dövrünü təmsil edən "Dədə Qorqud"a yanaşmanın modernist dönəminin göstəricisidir, K.Abdullanın romanı isə postmodernist dönəminin!

Modernizm də, postmdernizm də milli bədii düşüncənin keçdiyi (keçəcəyi!) zəruri gəlişmə dönəmləridir və onların hər birinin ədəbiyyatda öz yeri, öz rolu var. Üstəlik, Anarın K.Abdullaya həsr elədiyi "Kədərli və işıqlı seçmələr" məqaləsində "Dədə Qorqud"un belə isbatdan çıxarılması hansı ictimai amala xidmət edir?" deməsindən görünür ki, problemə yanaşmadakı fikir ayrılıqları sadəcə fərqli yaradıcılıq metodlarından irəli gəlmir, həm də "ictimai amala xidmət" məsələsilə bağlıdır. Kim (daha!) haqlıdır? Bu konuda son sözü deyən hakim rolu oynamaq, iki şirin arasından tac götürmək niyyətim yoxdur. Amma bir məsələdə israrlıyam: Anarın "Dədə Qorqud"     kinodastanı vasitəsilə xalq milli bədii fikrin bu fundamental abidəsindən çox şey öyrənib, K.Abdullanın "Dədə Qorqud"a dekonstruktiv yanaşması isə xalqın yaddaşından heç nəyi silməyib.

İndi isə söhbət "Casus" komediyası və onun əsasında Lənkəran Teatrının hazırladığı tamaşadan gedir. Dastanlarda deyildiyi kimi, yazıçı Anar burda qalsın, gəlin görək, rejissor Anar Babalı nə deyir.

 

***

 

Rejissorun mövzuya yanaşmasının başlıca özəlliyi Qorqud Dədəni Boğazca Fatmanın çoxsaylı sevgililəri sırasından çıxarmasındadır.                                                                                                                                           (Görünür, Dədənin dəyənəyindən ehtiyatlanıb!) O, istinad nöqtəsini saxlayır və düz eləyir, çünki bütün tamaşa boyu məhz bu nöqtəyə söykənib, "dünyanın altını üstünə çevirir", kəndxudanı görür, sonra kəndi çapır! Üstəlik, tamaşanın proqramında Dədənin Oğuzu parçalanmaqdan qorumaq üçün Boğazca Fatmanın oğluna casus damğası vurması, sonra ona oğlunun xilas yolunu başa salması ilə bağlı qeyd olaylara konspiroloji səciyyə verir və onları neqativ rakursdan çıxarır. Sən demə, casus olayı Dədənin qurduğu bir oyun və bu oyundan məqsəd Oğuzun birliyinə nail olmaq imiş! Bu birlik zahirən şeytani yolla əldə olunur - Boğazcanın bic oğlunu Oğuz bəylərinin hər biri özününkü sayır və onu xilas etmək üçün özləri də bilmədən ortaq məxrəcə gəlirlər. Lakin, axı, oyunun başında Dədə Qorqud durur! Və bu, dastanda olduğundan fərqli olaraq olayların kökünü ilahi qata aparıb çıxarmasa da, "şeytanilik" söhbətinin də üstündən xətt çəkir - problemin çözümü sırf insani məcraya yönəlir. Allah var, amma o, dünyann işlərinə qarışmır, sadəcə, insan öz gördüyü işləri Onun adına bağlayır! Bayaq dediyimiz kimi, K.Abdullanın metafizikasının nüvəsində bu aristotelçi ideya durur. Qoy, ilahi, şeytani, ya insani olsun, nə yolla əldə edilməsindən asılı olmayaraq, dastan yaradıcılarının da başlıca arzusu bu deyildimi - İç Oğuzla Dış Oğuzu barışdırmaq! Və beləcə, rejissor da, dramaturq da bəri başdanca dədə mətnlə ortaq dil tapırlar!

Necə deyərlər, İsaq, Musaq, tapdın? Hə!

 

***

 

"Casus"un səhnə həlli ilə müxtəlif vaxtlarda baxdığım üç tamaşa - "Lənkəran xanının vəziri", "Cəhənnəm sakinləri" və "Bəylik dərsi" arasında səsləşmə var:

Rejissor Vaqif İbrahimoğlunun vaxtilə Milli Teatrın səhnəsində uğurla göstərilən "Lənkəran xanının vəziri" (M.F.Axundov) tamaşası ilə "Casus"un əlaqəsi özünü qaravəlli üslubu baxımından büruzə verir, lakin üslubi vəhdət "Casus"da Vaqif bəyin tamaşasındakı qədər ardıcıllıqla gözlənilmir. Kim (daha!) haqlıdır? Mərkəzi istinad nöqtəsini saxlamayıb, hər şeyi qaravəllinin (xaosun!) ixtiyarına buraxan İbrahimoğlu, yoxsa bu nöqtəni saxlayıb, qaravəllini onun çevrəsində dolandıran Babalı? Məncə, bu məsələdə hər tərəfin öz haqqı var və bu, artıq onların fərdi seçimidir. Üstəlik, subyektiv seçimdən asılı olmayan obyektiv tarixi durum var: Vaqif bəy xaotik keçid dövrünün, A.Babalı isə yeni dünya düzəninin formalaşdığı dönəmin rejissorudur.

İsaq, Musaq, tapdın? Hə!

Rejissor Azərpaşa Nemətovun yenə də Milli Teatrın səhnəsində göstərilən "Cəhənnəm sakinləri" (Elçin) tamaşası ilə "Casus" arasındakı əlaqə özünü konkret detallarda göstərir. Məsələn, stullar. "Cəhənnəm sakinləri"ndə finalda gözəgörünməz kəndirlərlə bir qırpımda səhnə fəzasına qaldırılan və havada asılı qalan stullar dünyanın faniliyi, vəzifənin gəldi-gedərliyi assosiasiyası doğurur. Tarixi olaylar rejissorun bu bircə sətiraltı jesti ilə yeni rəngə bürünür, çağdaşlıq keyfiyyəti qazanır. Bu aktla tamaşanın əsas ideyası, başlıca rejissor yozumu tamaşaçıya bir anda agah olur, onun beyni də, qəlbi də bu gözlənilməz kəşfdən (mükaşifə!) işıqlanır. Havada yellənən stulları müşayiət edən və liturgiyanı xatırladan musiqi isə bütün bunların üstündən zalı az qala hipnoz eləyir. Bir sözlə, rejissor ağıllı-başlı psixoterapevt işi görür.

"Casus"un demək olar ki, əvvəlindən etibarən, guya ki, Gəncə zəlzələsi nəticəsində havaya qalxan stulların zala hansı informasiyanı ötürməsi isə öncə (tam!) aydın olmur. Yalnız finalda Qorqud Dədənin "Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya" mesajından sonra rejissorun nə demək istədiyi aydınlaşır. A.Nemətovdan fərqli olaraq, A.Babalı həqiqəti dərkin mükaşifə yox, istidlal yoluyla gedir, intuitiv yox, məntiqi-rasional metoda üz tutur. Kim (daha!) haqlıdır? Məncə, "Casus"da səhnəqrafik informasiya ləngidildiyindən ilkin təsir gücünü itirir və gözlənilməz final akkordu effekti vermir. Amma bu mənim fikrimdir, çünki idrakın intuitiv yolunu onun məntiqi-rasional yolundan üstün tuturam. Kimsə, bu məsələdə əks mövqedə dura və fərqli sonuclara vara bilər. Və deməli, hər iki tərəf haqlıdır.

İsaq, Musaq, tapdın? Hə!

Rejissor Rövşən Almuradlının Bələdiyyə Teatrının səhnəsində hazırladığı "Bəylik dərsi" (M.Süleymanlı) tamaşası ilə "Casus" arasındakı əlaqəyə gəlincə, burda həm qaravəlli üslubu, həm də ayrı-ayrı detallar baxımından bənzəyişdən danışmaq mümkündür. Bir detal diqqəti özəl çəkir. "Bəylik dərsi"ndə avanssenaya qoyulan, vaxtaşırı bu və ya digər aktyor tərəfindən döyəclənən sinci, "Casus"da səhnənin ortasına qoyulan və vaxtaşırı döşəməyə vurulan dəyənək əvəz eləyir. Sinc də, dəyənək də səhnədəkiləri oyunun qaydalarına əməl etməyə çağırır. Neyləmək olar, insanlar öz təbiətləri etibarilə nifaq törətməyə meyillidir, onların başını-ayağını bir yerə yığmaq, birlik yaratmaq üçün casus oyunu bəs eləmir, hərdən dəyənəyə də əl atmaq lazım gəlir! Dünya zora tabedir! Rejissor bunu deyir! Təsadüfi deyil ki, min üç yüz il öncəki dastan dövrü tariximizi göstərən tamaşada hər şey başdan sonacan müasirliyə fokuslanır. Bu, "Casus"a sətiraltı anlam verir və onu kod-işarələrlə zəngin tamaşaya çevirir. Məncə, tamaşanın ən uğurlu cəhəti onun bu aktuallıq və çağdaşlıq keyfiyyətindədir.

İsaq, Musaq, tapdın? Hə!

 

***

 

Nəhayət, biri tamaşanın başlanğıcı, digəri sonuyla bağlı iki qeydlə rejissor işinə dair fikrimi yekunlaşdırmaq istəyirəm:

Birinci qeyd: məncə, ilk 10-15 dəqiqə ərzindəki yarımçıq əlyazma söhbəti sonra baş verən olaylarla lazımınca bağlanmır, uzunçuluq təsiri bağışlayır, tamaşaçını yorurdu. Çağdaş dünya nəsri üçün səciyyəvi olan itmiş və ya yarımçıq əlyazma məsələsi romanda ola bilər, amma bunu səhnəyə gətirməyə nə ehtiyac vardı ki?

İsaq, Musaq, tapdın, yox!

İkinci qeyd: Qorqud Dədənin finaldakı "Hanı dediyim bəy ərənlər..." monoloqu ilk baxışdan göydəndüşmə görünür, olaylara vurulan qanuni məntiqi sonluq təsiri bağışlamır. Amma yalnız ilk baxışdan... Dramaturqa görə, Oğuz bəyləri dastanda təqdim olunduqları kimi "ideal" deyil, onlar da insandır, onların da nöqsan və zəiflikləri var. Məsələn, onlar da gənclikdə Boğazcanın oynaşları olublar və bu üzdən hər biri onun bic oğlunu öz övladı bilir, xaini ölüm cəzasından yekdilliklə qurtarır, bununla da, şəxsi duyğularını ümummilli mənafedən üstün tuturlar. Bunu "Yarımçıq əlyazma" romanı deyir, "Casus" pyesi təsdiq, rejissor isə tətbiq eləyir. Və Oğuzun ağsaqqalının "Hanı dediyim bəy ərənlər..." monoloqu bu ideyaya həm tarixi, həm də çağdaşlıq planında vurulan final akkordu kimi səslənir!

İsaq, Musaq, tapdın, hə!

 

***

 

"Casus" başdan-başa şərtiliklər, rəmzi-simvolik kod-işarələr üstündə qurulub. Səhnə tərtibatında diqqəti ən çox çəkən, ən düşündürücü rekvizit Qorqud Dədənin səhnənin ortasına qoyulan dəyənəyidir. Bu, "Yarımçıq əlyazma" romanı, ümumən K.Abdulla yaradıcılığında mühüm yer tutan Qarağacın rəmzi-simvolik işarəsi, səhnəqrafik kodudur. Romanda hər şey Qarağacın altında baş verdiyi kimi, tamaşada da bütün olaylar dəyənəyin çevrəsində fırlanır. Bu simvol hər iki halda dünyanın ortasından keçən və ahəng yaradan qutsal mərkəzə - Dünya Ağacına işarədir. Rejissor ağacın skeletini çıxarır. Lakin bunu zamanın gətirdiyi yeniliklərin ağacı bəlli deformasiyaya uğratması kimi də mənalandırmaq olar - o, yaşıl həyat ağacından quru dəyənəyə çevrilib və bu, yaşadığımız süni intellekt erasının səciyyəsinə uyğundur. Zaman ağacın funksiyasına da redaktələr edib - o indi vertikal (Allahla insanlar arasında) yox, horizontal (insanlar, konkret olaraq Oğuz bəyləri arasında) ahəng, birlik yaradır.

 

***

 

"Casus" rejissor tamaşasıdır və odur ki, burda ayrı-ayrı aktyorlardan daha çox məzhəkə çıxaran, qaravəlli göstərən, qrotesk eləyən bütöv truppanın oyunundan danışmaq olar: Bayandur xan - Əlibala Əsgərov, Bəkil - Allahverən Babayev, Aruz Qoca - Əbülfəz Axundov, Beyrək - Səyyad Əliyev.

Miraslan Ağayev Dədə Qorqud dönəminin "məmurlarından" olan karyerist, əxlaqsız, yelbeyin və yaltaq Şirşəmsəddini səciyyələndirmək üçün maraqlı detallar tapır. Məsələn, hara getsə, stulunu da özüylə aparması Oğuz bəyinin karyerizminə qrotesk kimi anlaşılır. Aynur Əhmədova Burla xatunu ərini hər kəlməbaşı atası Bayandurla qorxudan dik danışıqlı, dik yerişli, ümumən dikbaş, özündənrazı bir qadın kimi oynayır. Qızılgül Quliyeva isə tamaşada özəl yer tutan Boğazca Fatmanı üzü üzlər görmüş, qadınlığını artıq çoxdan itirmiş, lakin analıq hisslərini qoruyub saxlayan, buna görə bicdən əmələ gələn oğlunu qurtarmaq üçün min cildə girən bir məxluq kimi canlandırır. Bir sözlə, səhnədəki vur-çatlasın, çal-oynasının içində bu obrazlar müəyyən fərdi cizgiləriylə seçilirlər.

İsaq, Musaq, tapdın, hə!

İki obrazın ifaçısı ümumi partituradan bəlli fərqlərlə kənara çıxır. Xalq artisti Qabil Quliyev Qorqud Dədəni əvvəldən sonacan ciddi, dramatik planda oynayır və bu, ozanlar ozanının toxunulmazlıq statusunun təsdiqinə çevrilir. Oğuz bəyləri onu köməyə çağıranda öncələrdə tükünü yandırsalar da, Dədənin qoyduğu qadağa onun tükünə belə toxunmağın mümkünsüzlüyünə işarə kimi anlaşılır. Daim tutqun, qaşqabaqlı, fikirli görünən, hərdən dəyənəyini yerə vurub səhnədəkiləri itaətə çağıran Dədənin təqdimindəki ikinci (konspiroloji!) plan onun bütün bu klounada, məzhəkə, qaravəllidə həm quruluşçu rejissor, həm də baş rolun ifaçısı olmasını göstərir. Bu, "Dədə Qorqud" filmindən tanıdığımız, Oğuz bəyləri arasındakı qarşıdurmada sözü yerə düşən, üzü nurlu, bulaq suyu kimi həzin danışıqlı, çarəsiz qoca deyil. Bu, qolça qopuzlu yox, dəyənəkli Dədə Qorquddur! Bu, Anarın yox, Anar Babalının Qorqududur!

İsaq, Musaq, tapdın, hə!

Əməkdar artist Sücəddin Mirzəyevin təqdimində arvadı Burla xatunun hədələrindən qorxan, casus olayından bezdiyi hiss olunan Qazan xan qaravəlli oyun ədasını axıracan saxlamayıb, hərdən adi, təbii, insani danışıq tərzinə qayıdır, vaxtaşırı özü bilərəkdən pərdədən çıxır və zalda gülüş doğurur. Görəsən, bu nəyə xidmət edir? Sadəcə, zaldakıları güldürməyə? Obrazı başqalarından fərqləndirməyə? Yoxsa, Dədə ilə yanaşı Qazan da ağzıbağlı qazanlarda nələrin qaynadığından agahdır? Bir sözlə, obrazın arabir xaric səslənməsinin sirri nədir? Bu sualın cavabı (tam!) aydın olmur.

İsaq, Musaq, tapdın? Hə! Yox!

Finala yaxın Oğuz bəylərinin xorla "Bəraqcuq! Bəraqcuq! Bəraqcuq!" - deyə Boğazcagilin itini səsləyə-səsləyə səhnəni tərk eləməsi də (tam!) aydın olmayan məsələlər sırasındadır. Mən, əlbəttə, tamaşada ən çox gülüş doğuran səhnələrdən biri olan "Bəraqcuq məsələsi"nə yozum verə bilərəm (məsələn, Oğuz bəyləri Bəraqcuqu Boğazcanın macəralarının şahidi kimi səsləyə bilərdilər). Amma subyektiv səslənəcəyini göz önünə alıb, bundan vaz keçir, özümün əmin olmadığım bir fikri başqalarına demək istəmirəm.

İsaq, Musaq, tapdın?..

Bütün bu tənqidə və təqdirə layiq yönləriylə birlikdə Lənkəran Teatrının "Casus" tamaşasının paytaxta qastrolu, məncə, uğurlu oldu. O, 80-lərin Bakı qastrolunda, 2009-un Gəncə Festivalında olduğu kimi yenə də ümidləri doğrultdu. Bu yazı da doğrulan ümidlərin ifadəsidir. Tamaşadan sonra Rus Dram Teatrının foyesində qızğın müzakirə aparan adamların bayram əhvalı, xoş ovqatı göstərirdi ki, mən bu fikirdə tək deyiləm. Adamlar dağılışmaq istəmir, saat yarımlıq tamaşadan aldıqları zövqün ömrünü bir-birilə fikir mübadiləsində bir az da uzatmaq istəyirdilər. Bəli, teatrın "Casus" oyunu baş tutmuşdu, özü də necə - dəyənəksiz-filansız, gələnəksiz-yalansız...

İsaq, Musaq, tapdın? Hə!

 

Əsəd CAHANGİR

 

Ədəbiyyat qəzeti.- 2022.- 24 dekabr.- S.6-7.