Yenilməz lider
2003-cü
ildə Prezident seçkilərində İlham Əliyev qalib
olandan sonra andiçmə mərasimində əlini
"Qurani-Kərim"ə, Azərbaycan Bayrağına və
Ana yasasına basaraq olumsuz görünən bir vəd
vermişdi:
"Mən
hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!".
Milyonların
görüb-eşitdiyi bu sözlər illər uzunu məni
düşündürmüşdü: Prezident verdiyi sözə
necə əməl edəcək? Zira, milyonlarla
yurddaşın hər birinin öz istək-arzusu var və
bunlar bir-birilə uzlaşmayıb toqquşa bilər.
Atalarımız
demişlər: İçindəki sözü dilinə gətirməyincə,
sənin qulundur. Söz dilindən çıxdısa, sən
olursan onun qulu. Dediklərini yerinə yetirsən, olursan
sözünün ağası.
Bizim
çağdaş dünyamızda sözünün
ağası olan dövlət başçılarını
barmaqla saymaq olar. Verdiyi vədi yerinə yetirib, sözünün
ağası olan Prezident İlham Əliyev tək Azərbaycan
Respublikasının deyil, bütün dünya Azərbaycanlılarının
istəyini yerinə yetirdi. Azərbaycan Ordusunun başında
onun dövlət sərhədlərini bərpa etdi. Bununla da
o, xalqın istəyini yerinə yetirib hər bir azərbaycanlının
Prezidenti oldu. Yer üzünün gündoğanından
ortasınadək bütün türk ellərini sevindirdi,
birlik yolunda onları ürəkləndirdi. "Mən
çox xoşbəxtəm ki, ata vəsiyyətini yerinə
yetirdim!" sözləri ilə çoxlarını kövrəltdi,
dədə-baba yolunu saxlamaqda gənclərə örnək
oldu.
Bütün
azərbaycanlıların Prezidenti İlham Əliyev
xalqımıza yeni nəfəs verdi, onun üstündən
"məğlub xalq" töhmətini götürdü.
Prezidentin sayəsində Simurq quşutək yenidən cana gəlib
silkələndi, ruh düşkünlüyü səbəbindən
yol verdiyi yanlışlıq və suçlardan təmizləyib
arındı.
Bütün
bunlar təməlini ulu öndərin qoyduğu, Prezident
İlham Əliyevin addım-addım getdiyi yolun sonucu idi. O yol
ki, dağlardan, dərələrdən, qurulmuş tələlərdən
keçirdi...
Mən hərbi
dilmanc kimi Suriyada və Liviyada çalışarkən
döyüş əməliyyatlarında yüksək
çinli dövlət adamlarının, hərbçilərin
düşmən hücumları zamanı necə özlərini
itirdiklərini görmüşəm. 44 günlük Vətən
müharibəsində hər gün TV kanallarına
çıxan Ali Baş Komandan İlham Əliyevin
döyüşlərin başlanğıcından sonunadək
öz təmkinini, soyuqqanlılığını zərrə
qədər də pozmadığını bütün
dünya gördü.
Mənə
elə gəlirdi ki, bu parlaq qələbədən sonra bizi
istəməyənlərin maliyyə dəstəyi ilə
doğulduqları ölkəyə qarşı hədyanlar
söyləyib yazanlar utanıb susacaqlar. Təəssüf ki,
onlardan yalnız bir qisminin vicdanı dilə gəldi.
Dünyanın
pərsəngi əyilmiş tərəzisinin
tarazlığı get-gedə pozulur. Havadan barıt qoxusu
çəkilmir, topların, raketlərin, bombaların səsi,
anaların, uşaqların naləsi səngimir. Bu
qarışıq dünyada dövləti düzgün idarə
edərək, qurulan tələlərdən yan keçmək,
saysız-hesabsız maneələri aşaraq xalqını irəli
aparmaq hər liderin işi deyil. Çox şükür ki, Azərbaycan
elini, dövlətini siyasətin dolanbac, qorxulu labirintləri
ilə sağ-salamat apara bilən, düşmənlərə
göz dağı, analoqu olmayan güclü lideri vardır.
Bunu hər bir azərbaycanlı yaxşı başa
düşür, öz liderinə dərin sevgi, sonsuz ehtiram bəsləyir.
Fazil Güney
Yazıçı, Əməkdar
jurnalist,
fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2022.- 24
dekabr.- S.3.