100 ilin mühüm
ədəbi salnaməsi
"Azərbaycan"
– 100
1
Mən bu qısa qeydləri 2022-ci ilin son günlərində
yazıram, üzümüzə
gələn 23-cü ilin
ədəbi hadisələrindən
biri də "Azərbaycan" jurnalının
100 illiyi olacaq.
Bu 100 ildə "Azərbaycan"
jurnalı ədəbiyyatımızın
əsas jurnalı olmuşdur.
"Azərbaycan" jurnalının 100 illiyi, əslində, Azərbaycan
ədəbiyyatının son 100 illik tarixinin salnaməsidir.
Bu - adi 100 illik salnamə
deyil, çünki söhbət Azərbaycan tarixinin siyasi-ictimai sarsıntılar keçirdiyi,
epoxaların dəyişdiyi,
inqilabi romantikaya uyduğu, ictimai fikirdə də, şəxsi həyatda da kataklizmlər, uğurlarla bərabər,
faciələr də yaşadığı bir dövrdür və bütün bunları həmin dövrün
ədəbiyyatı, olsun
ki, tarixi tədqiqatlardan daha təfsilatlı, daha müfəssəl və canlı ifadə edir, daha dərin-mənəvi
psixoloji qatlara sirayət edir, həm fərdi hiss-həyəcanları, həm
də siyasi-ictimai panoramanı bədii əyaniliklə göstərir.
Ədəbiyyatımızın son yüz illikdəki mənzərəsi,
yəni Azərbaycan bədii (və ədəbi!) dilinin bu 100 ilə sığışmayacaq qədər
inkişafı, zənginləşməsi
və təmizlənməsi,
yaxud misal üçün, nəsrdə
yeni janrların yaranması, formalaşması
və onların ədəbiyyatımızın milli faktoruna çevrilməsi, yaxud poeziyamızda hecanın bədii-estetik miqyasının
artması və ən yüksək faizli aparıcı vəznə çevrilməsi,
yaxud da ədəbi tənqidimizin
formalaşması və
onun ictimai fikrin zənginləşməsindəki
mühüm rolu və ədəbiyyatşünaslığımızda
klassikamızın tədqiqində
elmi-nəzəri səviyyənin
müqayisəedilməz dərəcədə
artması və sağlam (obyektiv!) milli təəssübkeşliyin
ifadəsi - bütün
bunlar "Azərbaycan"
jurnalının yaratdığı
həmin salnamənin səhifələridir.
2
"Azərbaycan"ın salnaməsi
yalnız uğurlar salnaməsi deyil və bu salnamənin
səhifələrində dövrün
konyukturası da, Dali sürrealizmini xatırladan
"ədəbi" hadisələr
də (məs., "Dədə Qorqud"un faktiki olaraq "düşmən"
elan edilməsi, yaxud faciəvi 1937-8-9-cu illər repressiyasının
ədəbiyyata soxulması
və "ifşa"lar)
həmin səhifələrdə
qeyd olunub. Bu çox mühüm
bir cəhətdir - söhbət, dediyim kimi, obyektiv salnamədən, özü
konyunkturaya uymadan dövrün ədəbiyyatını
və ədəbi hadisələrini, təmayüllərini,
mühitini olduğu kimi təcəssüm etdirən bir salnamədən gedir.
"Azərbaycan" jurnalının
100 ilin müxtəlif
dövrlərində nəşr
olunduğu adlara fikir verin: "İnqilab və mədəniyyət", "Maarif
və mədəniyyət",
"Revolyusiya və qultura", "Vətən
uğrunda", "Revolyusiya
və kultura", nəhayət "Azırbaycan"
və bura onu da əlavə
etsək ki, bu adlar həmin
100 il boyunca ərəb-latın-kiril, yenidən
latın qrafikaları
ilə nəşr edilib - elə bunun özü də həmin 100 ilin nə qədər
mürəkkəb və
ziddiyyətli olduğundan, siyasi-ictimai və sosioloji mühitindən xəbər verir.
"Azərbaycan"ın nəşr
olunduğu bu 100 ilin az qala
yetmiş ili dediyim o mürəkkəb
və ziddiyyətli Sovet dönəminin payına düşür və bu həmin dönəmdir ki, ədəbiyyata verilən siyasi qiymət bədii-estetik qiyməti üstələyib,
bir sıra hallarda isə hakim ideologiya ilə inzibati tədbirlər (nikbin şişirtmələr
və rəzil alçatmalar) eynilik yaradıb, bədii cəhətdən sönük
olsa da, "partiyalı" yazılar
mükafatlandırılıb və təbliğ edilib, dərsliklərə
salınıb və Sistem bu yazıların
müəlliflərini, vaxtilə
yazdığım kimi,
"istedadlı yazıçı",
"böyük şair"
vəzifələrinə (!) təyin edib, onlar yüksək tribunalara, xitabət kürsülərinə qaldırılaraq,
ədəbiyyat generalları
olublar. Ədəbiyyata
vulqar-sosioloji münasibət
bəzən mahiyyət
etibarilə antiədəbiyyatı
klassika elan edib və bu
eybəcər (!) ədəbi
vəziyyət yalnız
Azərbaycan ədəbiyyatının
yox, bütün sovet ədəbiyyatının
ümumi mənzərəsində
özünü büruzə
verən cəhət olub. (Bir də ki, "sovet ədəbiyyatı"
anlayışının özü
süni bir şeydir, heç olmasa ona görə
ki, bədii ədəbiyyatın əsas
faktoru dilidir, "sovet dili" isə mövcud deyil.)
Ancaq eyni zamanda, həmin
dövr ədəbiyyatımızda
istedadın sosrealizm doqmalarına qarşı mübarizə apardığı
bir zamandır və deyə bilmərəm ki, bu mübarizə həmişə şüurlu
surətdə aparılıb,
olsun ki, daha artıq dərəcədə təhtəlşüur
olaraq mücadilə gedib, çünki sosrealizm doqmaları istedadın təbiətinə
zidd idi və istedad bu doqmaları heç vəchlə qəbul edə bilmirdi. O yerdə ki, istedad yol
tapıb, sosrealizm çərçivələrindən çıxa bilirdi - bu həmin əsərlərdir
ki, bu gün
də heç bir düzəliş olmadan nəşr olunur, bu gün
də tamaşaya qoyulur, artıq sosrealizm etapını arxada qoymuş müstəqil Azərbaycanın
oxucularına, tamaşaçılarına
təqdim edilir.
Mən bu cəhətlərin üzərində ona görə dayanıram ki, bütün bu nəhəng ədəbi təsərrüfatı
məhz "Azərbaycan"
jurnalı çap edib və "Azərbaycan" jurnalının
mühüm və ciddi bədii-estetik mənbə kimi qiyməti də ondadır ki, Sistemin tələb etdiyi konyunkturanı da dərc edərək,
dövrün tam ədəbi
xarakteristikasını verib,
ədəbi mühitin
siyasi-ictimai koloritini olduğu kimi göstərməyi bacarıb.
Eyni zamanda, müstəqilliyimiz
ərəfəsində və
sonrakı ilk illərdə
də - 1980-ci illərin
sonu, 90-ların əvvəli
- "Azərbaycan" jurnalı
ağır, hətta məşəqqətli günlər
keçirib, hər vasitə ilə ağır durumdan çıxmaq üçün
yollar axtarıb və maliyyə qıtlığına, nəşrin
aybaay ardıcıllığının
pozulmasına, həcmin
azalmasına - bütün
bu çətinliklərə
baxmayaraq ,"Azərbaycan"
öz salnaməsini yazmağa davam edib.
"Azərbaycan" öz səhifələrində 30 il Qarabağ əzab-əziyyətini də
çəkib və
44 günlük Zəfərdən
sonra salnamənin tarixi Qələbə səhifəsini yazıb.
3
Mənim
ilk hekayəm 16 yaşımda
ikən, 1959-cu il 5 iyul tarixində, "Azərbaycan gəncləri"
qəzetində dərc
edilib, "Azərbaycan"
jurnalında isə mənim ilk hekayəm -
"Birinci və axırıncı dəfə,
yaxud Mirzə Qənbərin əhvalatı"
- 1960-cı il iyul nömrəsində çap
olunub.
Bu gün mən həmin tarixləri "Biblioqrafiya"da axtarıb
dəqiqləşdirirəm, ancaq ötən illər ərzində o
ilk çapların sevinci,
fərəhi, ruh coşqunluğu tez-tez yadıma düşüb,
yəqin, həmişə
mənimlə olduğu
üçün belədir
və "Azərbaycan
gəncləri" gənclərin
qəzetiydisə, "Azərbaycan"
jurnalı nüfuzlu, sanballı bir ədəbi tribuna idi, buna görə
də onun dərci hadisə olurdu, sevinci, fərəhi, ruh yüksəkliyi, yaratdığı
coşqunluq hissi də eləcə sanballı idi.
Bu 100 ildə "Azərbaycan"
jurnalı nə qədər ilk yazılar çap edib?
Çox
və onların arasında ədəbiyyatımızın
klassikləri, böyük
nümayəndələri də
az olmayıb.
İndi
çox uzaqlarda qalmış o illərdə,
o yeniyetməlik, ilk gənclik
çağlarında İntiqam
Qasımzadə ilə
aramızda bu günə qədər də davam edən
dostluq var idi (iş elə
gətirdi ki, universitetdə də eyni kursda oxuduq,
aspiranturanı da bir yerdə başa vurduq) və mənim hələ əlyazmasında
olan hekayələrimin
ilk oxucularından biri,
çox zaman da elə birincisi
İntiqam olurdu və o vaxtlar "Azərbaycan" bizim üçün hündür
mərtəbədə dayanmış
ağır çəkili
bir dərgi, redaktoru da yazı-pozusundan
asılı olmayaraq, eləcə ağır çəkili bir söz sahibi idi.
İntiqamın atası, görkəmli şair və tərcüməçi, həyatdan
çox tez getmiş Böyükağa
Qasımzadə orada Poeziya şöbəsinin müdiri işləmişdi.
Bu gün İntiqam
Qasımzadə "Azərbaycan"
jurnalının Baş
redaktorudur.
Mən bunları
yalnız ona görə yazmıram ki, oğul atanın
yolunu şərəflə
davam etdirir - bu, öz yerində,
- həm də ona görə ki, "Azərbaycan" uzun yolun yolçuluğunu
davam etdirir, artıq ikinci 100 ilin salnaməsini yazmağa başlayır.
23 dekabr 2022
Bakı
ELÇİN
Ədəbiyyat qəzeti.- 2022.-
31 dekabr.- S.5.