Uşaqdan böyüyə düşündürən məqamlar,
yaxud ədəbi məram
dəyişmirsə
Qəşəm İsabəylinin
poeziya və nəsr yaradıcılığı haqqında
düşüncələr
Qəşəm
İsabəyli bu gün barmaqla sayılacaq qədər
yazarları olan uşaq ədəbiyyatının peşəkarlarındandır.
Amma
düşünəndə ki, uşaq ədəbiyyatına
ayrıca bir qol, sahə kimi yanaşılmamalıdır, o
ümumən ədəbiyyatımızın əsas hissəsidir,
o zaman daha böyük miqyasda düşünməli və mətnə
o miqyasın ölçüləri daxilində
yanaşmalı, dəyər verməli olursan. Qəşəm İsabəylinin
bu il çap olunan "Seçilmiş əsərləri"nin
birinci cildi (Bakı, "Şirvannəşr, 2022) ilə
tanış olarkən istər-istəməz miqyas
sözünün ifadə etdiyi məna incəliklərinə
vardım. Müəllifin tək poeziyaya dair
nümunələrinin məcmusu olan bu kitabı onun uşaq və
yeniyetmələr üçün uzun illər
apardığı poetik axtarışlarının və
düşüncələrini yekunu, həmçinin nailiyyəti
olan bədii uğur kimi qiymətləndirmək olar.
Kitabdakı
şeirlərin ideya-bədii məzmunu müxtəlifdir: burada
kiçik yaşlı uşaqların dünyasını
gözəlləşdirən nümunələrdən
tutmuş nisbətən böyük yaşlı oxucuların
düşüncə və təfəkkürünə xitab
edən şeirlər, poemalar da yer alır, fərdi
inkişafın ali məqamları ilə bərabər, mənəvi
varlığını ümummilli yaddaşla bağlayan əbədi
bağlara maraq hissi də öndədir, qanadlı romantika və
onunla uyuşan zərif yumorla bərabər həyat həqiqətlərini
hədəfə alan sərt rakurs da özünü
qaçılmaz edir.
Predmeti canlandırmaq, onlar arasındakı əlaqələri
mənalandırmaq müəllifin əksər şeirlərində
istifadə etdiyi bədii üslullardan biridir.
Qəşəm İsabəyli şeirlərində
həm müsbət, həm də mənfi keyfiyyətləri
konkret davranışlarda, əşya və hadisələrin
konkret əlaqələrində, hər şeydən əvvəl
psixoloji inandırıcılıqla əks etdirməyi
bacarır. Şairin "Arzu" şeirinə diqqət
edək:
- Ay
çinarın kökləri,
Hara gedirsiz, hara?
- Buz
bulaqla,
Qap-qara
Dərin-dərin
laylara
- Ora
zülmətdir axı,
Orda nə var?!
-
Ömür-gün!
- Sonra?
- Sonra
torpağa
Qarışmaq
var - büsbütün!..
Köklər
endikcə endi,
Yox oldu
birdən-birə...
- Sən
hara ucalırsan,
Ay
çinarın gövdəsi?
- Göylərə!
- Orda nə
var?
- Buludlar!
- Sonra?
- Hava!
- Sonra?
- Su!
Bir də
Günəşə çatmaq,
Ulduz olmaq
arzusu!
Çinarın təmsil etdiyi gözəllik bu şeirdə
fəlsəfi mahiyyət almaqla gərəkli insan həyatını,
ləyaqətli ömür idealını əks etdirir. Həmçinin poetik əlvanlıq,
köklə zirvəni birləşdirmək arzusunun bir
şeirdə cəm olması ilə yaradılan
bütövlük, torpağa və kökə
bağlılıq, ənginliyə ucalmaq istəyi yüksək
bədiiliklə təcəssümünü tapır. Burada hər söz, hər fikir mətnin ümumi
ruhu, ideyası ilə uzlaşır, adi dil vahidliyindən
çıxıb poetik bütövlüyün bədii-estetik
vasitəsinə çevrilir.
Bu
şeirlərdə uşaqlığımıza dair hər
nüans var. Balaca qəhrəmanın nənə və
babası ilə səmimi münasibəti, məktublaşması,
xəfif yumor və zarafatı, ailə bağı, dost sevgisi,
dünya və təbiətlə ilk təması, yeni
tanışlıqlardan yaranan heyranlıq önündə heyrət
nidaları və s. Qəşəm İsabəyli
yaradıcılığı üçün səciyyəvi
olan məqamlardan ən əsası, onun söz
israfçılığına yol verməməsidir. Bu fikrə əyani nümunəni şairin "birlər"ini
hesab edə bilərik. Təəssüratın ifadə
və təsvirini iki misranın hüdudlarına yerləşdirmək
cəhdi, üstəlik bunu yumorla, uşaq dünyasına rəng
qatacaq bir səviyyədə hasilə gətirmək o qədər
də asan məsələ deyil və şairdən ümumiləşdirmək
gücü ilə bərabər, orijinal assossiasiya yaratmaq səriştəsi,
fərqli poetik məqamları ortaq müstəvilərə gətirib
onlar arasında bağlantı qurmaq istedadı tələb
edir. Məsələn:
Qapını
küləkdə döyən,
Çöldə qalıb - təkdi, deyən?!
***
Sərçənin
gözü cütdü -
Elə bil ki, küncütdü.
***
Al Günəş
batdı getdi,
Ayı oyatdı getdi.
***
Payıza
bax, payıza, -
Bir bax ağlağan qıza.
***
Batdı
günəş, yağdı qar -
Üşüyəcək ağaclar.
***
Əsmə
külək, əsmə, dur,
Çiçəklərim
bar tutur.
***
Atam deyir
ki, bərəkətdi qar,
Kimin
qarı var - bağça-barı var!
Bu iki misralıq dialoqlar vasitəsilə fikrin mahiyyəti
açılır, poetik mənzərənin şəkli iki
misranın modelində əyaniləşir. Məsələn,
yuxarıdakı misrada uşaq anlayır ki, qarın
yağması yayda bolluq və bərəkətin olması
anlamına gəlir. Bu maarifləndirmə
cəhdi müəllifin əksər nümunələrinə
xas əlamətdir. Qəşəm
İsabəylinin şeirlərində hər hansı predmet
forma xatirinə şeirə gətirilmir, daha çox mahiyyət,
önəm, xarakterik xüsusiyyət açılıb meydana
qoyulur. Uşaqlara bununla həm məlumat
verilir, həm də bəhs edilən predmetlə bağlı
obraz yaradılır. Məsələn, "Gilavar"
şeirində küləyin bu növünün xarakterik
xüsusiyyəti sadə, anlamlı formada nəzərə
çatdırılmaqla bütöv bir bədii lövhə
hasilə gətirilir:
Çox
da yer üstə,
Yel var,
axın var,
İsti
küləkdir
Axı
Gilavar!
Keçib
İraqdan,
Aşıb
İrandan,
Əsir
Afrika
Torpaqlarından.
Bəzi şeirlərində müəllif sanki etnoqrafik xəritə
yaradır. Hansısa elin, obanın, kənd və şəhərin
yerləşdiyi areal, özünəməxsus etnoqrafik cizgilər
həmin şeirlərdə vizual kamera effekti
daşıyırlar. "Sığırlı",
"Xəlsə kəndi", "Səngəçal",
"Xaçmaz", "Kürdəmir",
"Abşeron" şeirləri bu qəbildəndir. Şair bu şeirləri kitabda "Coğrafiya dərsi"
adı altında təqdim edib.
- Bura nədir?
- Səngəçal,
-
Bir şəhərdir Səngəçal.
Nefti var -
"qara qızıl",
"Mavi qızıl"dır qazı.
Bəs bu
adın mənası,
Ata, nədir mənası?
-
Özün düşün, fikrə dal,
Nə deməkdir "Səngəçal"? -
"Səng
- əcəl",
Ya "Sən gəl, çal"?
Bu şeirlərdə əlbəttə ki, aydın bir
öyrədici, maarifləndirici missiya var. Bu, bizim uşaq ədəbiyyatının
xarakterik çalarlarından biridir və bəlkə də qəribə
mahiyyət daşımır. Qəribə və
qeyri-adi olan digər məsələdir. Şairin
minor motivləri də şeirə gətirmək cəhdləri.
Həm də həyatın daha dərin məna
qatlarına enərək. Bu mənada, Qəşəm
İsabəylinin şeirlərini tam mənada uşaq ədəbiyyatı
adlandırıb məhdudlaşdırmaq da olmur. Uşaqlıqla yeniyetməliyin, ağılla hissin, nəşəylə
kədərin çulğaşdığı bu mətnlər
uşağı həm də böyütmək,
düşündürmək, həyatın sevinci ilə bərabər,
acılarına da kökləmək məqsədi
daşıyır. Əsas məram
obrazlı təxəyyülü dərinləşdirməklə
şeir fərdiyyətini poeziyanın aparıcı amilinə
çevirməkdir. "Kişilər" şeirinə
baxaq:
-
Kişilər uşaq olur, baba?
- Olur da
sözdü?!
- Necə?
-
Anası yadına düşəndə.
Bu meditativ düşüncə Qəşəm İsabəylinin
əksər şeirlərinə xasdır.
Bəzən adi əşyada, yaxud
hansıda detalda daxili bir hissin varlığı hiss olunur və
bu hiss sayəsində şeirdə doğulan əlavə
asossiasiyaları görmək çətin olmur.
"Daş" şeirində olduğu kimi:
Bir
maşın daş gətirdilər
Həyətimizə.
Yerə
töküldükcə
Bağırışdılar:
- Hasar
olmaq istəmirik!
Bütün bunlar ona görə baş tutur ki, Qəşəm
İsabəyli uşaq ədəbiyyatına böyük
ölçülərdən yanaşır. Və bu
böyük ölçülərdə uşaq
dünyasının əyləncəsi, yumor qatı, şən
və şaqraq gülüşü ehtiva olunduğu kimi,
tarixin Azərbaycan məkanı üçün görk etdiyi
hadisələrin dramı da yer alır. İkiyə
bölünmüş Azərbaycan, yaralı vətən
obrazı, erməni düşmənçiliyi, ona illərlə
havadarlıq etmiş rus, iran ölkələri.
Qəşəm İsabəyli bu qədər
taleyüklü məsələləri uşaq və yeniyetmələr
üçün yaratdığı şeiriyyətin
içinə hər şeydən əvvəl vətəndaş
yanğısı, milli ziyalı təəssübkeşliyi
olaraq daxil edir, işıqlandırır. Ən qlobal
sosial-tarixi, milli-psixoloji hüdudlarda fərdi "mən"lə
vətən, yaddaş arasındakı mənəvi vəhdəti
ifadə edən məqamları aramaq ehtirası bu şeirlərin
əsas səciyyəvi əlamətidir:
Uzanır
çay boyunca,
Gah da çayı bölür tən.
Bu iki
parça olan
Sənin
köksündür, Vətən!
Niyə
ikidir adın,
Ay sənə
qurban canım -
Şimal
Azərbaycanım,
Cənub
Azərbaycanım!
Atdöşü
qovulanda,
Qanı
damanda daşa -
Neçə
min erməniyə
Sığınacaq
verdik:
-
Yaşa...
Bəs bu gün?!
Silah
çəkib,
Düşmən çağırır məni.
Deyir:
"Torpaq mənimdi,
Bölməliyik
Vətəni!.."
-
Çörəkdisə, gəl bölək!
Axı
bölünməz Ana!
Sənə
öz döşlərindən
Süd verməyib bəs ana?!
Uzanır
çay boyunca,
Gah da çayı bölür tən.
Bu iki
parça olan
Sənin
köksündür, Vətən!
Kitabdakı əksər şeirlərin predmetini bilavasitə
çağdaş Azərbaycanın taleyi üzərində
düşüncələr təşkil edir. Bəzi
şeirlərində nəzərə çarpan
dalğınlıq, gərginlik öz materialını
birbaşa gerçəklərdən alır. Gerçəklər
isə Azərbaycanın az qala 200 il
yaşı olan bəlalarının yeni epoxada köhnə
biçimdə təkrarlanmasıdır: erməni, rus, iran
düşmənçiliyi. Şeirlərdəki
dövrün-zamanın nəfəsini müəllifin
yaratdığı obrazlar verir: nəvə ilə babanın
dialoqundan tutmuş əksər şeirlərində vətənlə
bağlı nigaranlığın hüdudları görünür.
Şair içində
daşıdığı bu nigaranlığı müxtəlif
rakurslardan - bəzən tragizmini, bəzən dramatizmini verərək,
bəzən də satira, yumor qarışıq ironiya ilə
incələyib təqdim edir. "Cavabsız sual"
şeirində olduğu kimi:
- Erməni
də müsəlmandı
ay baba?!
- Nə
pis sözlər deyirsən,
Ağlın azıbdır, nədir?!
- Tutaq ki,
ağlım azıb,
Sözlərim də pisdi lap.
Mənə
başa sal barı,
Niyə bəs
Qarabağa
Silah
daşıyan rusu
Sərhədindən
buraxır
İran müsəlmanları?!
Amma təbii ki, kitabdakı ən böyük təntənə
zəfər notlarının yer almasıdır. Müharibə, şəhidlik
ağrısı, müharibədən ən çox zərbə
alan uşaq taleləri ilə bağlı
kitabda saysız şeir nümunələri var. Bu da təbiidir.
Ədəbiyyat otuz ilə yaxındır ki, bu
mövzudan qəlb yanğısı ilə bəhs edirdi.
Amma gerçəklikdə olduğu kimi, kitabın içində
də bütün yazılanların hamısı,
"Aldıq Şuşanı..." adlı şeirindəki
zəfər notları önündə qisasımızın
alındığı tarixin, qan yaddaşımızın səlnaməsinə
çevrilirlər:
Biz
aldıq Şuşanı da,
Ağrımızı unutduq.
Silahları
baş-başa
Çatıb,
Bir dəstə tutduq.
Ey bu
günü görməyən -
Günəşi
batan əsgər!
Toyu
yarımçıq qalıb,
Ey şəhid
yatan əsgər!
Qurtulduq,
Gözün
aydın,
Yağının
yadlığından!
Vətən
dinclik qazandı
Sənin
rahatlığından!
***
Qəşəm
İsabəylinin "Seçilmiş əsərləri"ndə
poemalar da yer alır: "Şamaxı - Şam
nağılı", "Əkil-Bəkil", "Nənəm
təkdi". Qədim
xalq şeirinin, nağıl, əfsanə və rəvayətlərin
təhkiyə tonunda yazan bu poemalarda müasir insanın
ümumi əhvalındakı qorxu və ümid dolu münasibətləri
sezməmək mümkün deyil. Bəzən
forma yeniliyi, bəzən orijinal obrazlar tapıntısı, bəzən
də müəyyən fəlsəfi fikir yaratmaq istəyi
şairin başlıca məqsədinə çevrilir.
Poemalardakı bütün epik təsvirlərdə, nəql
edilən situasiyalarda
poetik mexanizm bütün gücüylə işləyir.
Və bu yalnız şairin qurduğu süjet
poetikasının zənginliyi, yazı mexanizminin mükəmməlliyi
ilə bağlı deyil, alt qatda, şair təfəkküründə
sıxılıb bərkimiş mifoloji, etnoqrafik zənginlik,
folklor motivlərinə əsaslanma koloriti ilə bağlıdır.
Müəllif bu qatdan nəşət tapan qafiyələr,
obrazlar, təşbehlər polifonizmi ilə fərqli bir
nağıl dünyası yaradır. Bu fərqliliyi
görmək üçün Qəşəm İsabəylinin
"Şamaxı-Şam nağılı" poeması zəngin
material verir.
"Şamaxı-Şam nağılı"
poemasında Şam adlı igid oğlanın və
atının düşmən tərəfindən
baltalanıb öldürülməsindən, bu dərdə
dözməyən ananın həyata vida etməsindən bəhs
edilir. Əsərdə tez-tez təkrarlanan
"Şaaam...mm! Aaa...xxx...U...u...u..."
- Şamaxı adının yaranma tarixi ilə bağlı
maraqlı interpretasiya olsa da, dərdin, ağrının təsirindən
sonsuzluğa üz tutub ulayan oğul itirmiş anaların
obrazının təqdimi baxımından gözəl
tapıntıdır. Bu ifadədəki
nisgil oğul intizarının, həsrətinin, onu itirmək
duyğusunun özü qədər dərindir. " Analar anar ağlar,/Saçların yolar
ağlar/Dönər ağ göyərçinə,/Yollara
qonar ağlar", - Qəşəm İsabəyli bu el
bayatısındakı ana obrazını yeni ədəbi-tarixi
müstəvidə, amma eyni duyğu qatında mətnə gətirir.
Burada insan yalnız təbiətin, torpağın bir
parçası yox, həm də tarixin bir parçası kimi
təsvir edilir. Bu isə mətnə bütünlükdə bəşərə
məxsus tarixi-əxlaqi təcrübənin məktəbindən,
onun qəhrəmanlıq və igidlik dərslərindən
qida alan informativlik və fəlsəfilik gətirir.
"Şamaxı-Şam nağılı"
poemasının fəlsəfi-tragik tutumu həm də
ondadır ki, burada üz-üzə gələn igidlik və
qanlı xəyanət məhz, tarix boyu ad
çıxarmış igidlərin sonda ürcah olub aradan
götürüldüyü acı aqibət şəklində
ümumiləşir.
***
Eyni bir bədii priyom ətrafında ənənəçilik
yaratmaq, təkrar ifadələrlə oxucunu yormaq, bir şeirdəki
bədii tapıntını, obrazlı ifadə vasitələrini
digər şeirlərdə dəfələrlə istismar etmək
kimi cəhətlər Qəşəm İsabəylinin
şeirlərində nəzərə çarpmır. Bu mətnlərdə
təkrar görünən yalnız uşaq obrazlarıdır
ki, bu obrazları Qəşəm İsabəyli özü
yaradıb. Hətta Qəşəmşəm
adlanan bir obrazı müəllif hekayələrinə də
daşıyır. Böyümüş, ətə-qana
dolmuş, ömür pillələrini adlayıb müəyyən
dərk məqamlarına yetmiş bu obraz müəllifə
zamanla dialoq qurmaq, ona xitab etmək, dövrlə bağlı
düşüncələrinin tərcümanı olmaq
üçün gərəkdir.
***
Qəşəm İsabəyli modernləşən
dünyada sürüşüb əzəli dəyərlərini
itirən hər şeydən ironiya, kinayə, məsxərə,
istehza ilə yazır, onları hər cür mənəvi-əxlaqi
naqisliyə qarşı mübarizədə bədii-ideoloji
silah səviyyəsinə qaldırır. Amma
bütün bu sadalananların alt qatında vətəndaş,
ziyalı narahatlığını sezməmək
mümkün deyil. Bu nigaranlıq müəllifin
yaxınlarda çapdan çıxan, içərisində
hekayələr, novellalar, əfsanələr və
nağıl-povestin yer aldığı "Beş hərflik
faciə" (Bakı, "Şirvannəşr", 2022)
adlanan kitabında diqqəti daha qabarıq cəlb edir.
Sosial problemlər məngənəsində
çırpınan insanlar, ehtiyac üzündən pis yola
düşməyə vadar olan qadınlar ("Beş hərflik
faciə), narkotikə qurşanıb ömrünü puç
edən gənclər ("3-ə bölünməyən), qəbir
əzabı ilə yaşayanlar ("Məni dəfn
edin"), ölümlə bağlı düşüncələrə
dalan tələbə yoldaşları ("Bayquş),
patriarxallığın öz gücünü itirməsi ilə
qadın hegemonluğunun fəsadlarına mübtəla olanlar
("Onda 5 yaşım vardı", "Göz
yaşları"), müharibə yaşantıları
içrə ömür sürənlər ("Snayperçi
əsir", "Ukraynalı qızlar və rus
tankı"), ailə dəyərlərini itirənlər
("Namus", "İtki"), ultramodern dəbin əsirinə
çevrilib mental səciyyəsindən uzaqlaşan ("Dar
şalvarlar və gözəlçələrimizin monqol
ayaqları"), intihara meyil edən yeni nəsil
("Özünü öldürən tələbənin
anasına etirafı"), nəfsinə qul olub pul
üçün bütün insanlığını itirən
meşşan tiplər ("Allah rüşvət
götürmür") - kitabdakı hekayələrin əsas
qəhrəmanları bunlardır. Hər biri real həyatdan
götürülmüş bu qəhrəmanlarla çevrəmizdə,
ətrafımızda az rastlaşmırıq.
Bəlkə buna görə Qəşəm İsabəylinin
üslubunda nəzərə çarpan digər çalar
çağın labüdlüyü kimi görünür - boyalar tündləşir və
qatılaşır, qrotesk və hiperbola gücü kəsb
edir. Belə bir üslub müəllifə həqiqəti
naturada göstərmək, içi, daxili üzə
çıxarmaq üçün gərək olur.
Kitabdakı bütün mətnlər zamanın gətirdiyi mənəvi aşınmalara qarşı mənəvi-əxlaqi dəyər mövqeyindən yazılıb. Bu cəhət xüsusilə "Cənab Eşşək Eşşəkoğlu" nağıl-povesti üçün daha xarakterikdir. Meşşanlığın zahirən ağıllı, intellektual görünən kəsimdə təzahürü bu nağıl-povestdə romantik və şairanə bir alleqoriya ilə təqdim olunur. İroniya və poeziya - Qəşəm İsabəylinin üslub polifonizmi bu mətndə də hiss olunur və vəhdətdə mühitdəki kəsaləti, xalqın, eləcə də nəşriyyatların kitaba münasibətini hədəfə çevirməklə müasir dövrün gerçəklərinə ayna tutur.
Qəşəm İsabəyli günün kosmik sürət, ritm və temp ölçüləri qarşısında çıxış yolunu onda görür ki, bizi mənəvi mənşəyə - dəyərlərin ehtiva olunduğu əraziyə yaxınlaşdıran hərəkətin yeni göstəricilərini tapsın, işığı keçməyə, odu sönməyə qoymasın. Bunun adı elə ziyalılıqdır və bu ziyalılıq deyilən anlayışın sərhədləri burdan başlanır və burda da bitir. Fərqi yoxdur, şeir, yaxud hekayə yazırsan. Uşaqlar, yoxsa böyük yaş senzinə malik oxucular üçün qələm işlədirsən. Əsas odur ki, yazılan mətndə müəllif məramı, dürüst yazıçı mövqeyi olsun. Sabaha, sağlam gələcəyə yönəlik bu məramda həm də ədəbiyyatın özünün ədəbi üfüqləri görünür.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.8-9.