QARA RAHİB

 

I

 

Magistr Andrey Vasilyeviç Kovrin çox yorulmuş, əsəblərini pozmuşdu. O, müalicə almırdı, amma bir dəfə, necəsə, tanış bir həkimlə çaxır içərkən söhbətarası xəstəliyindən söz açmışdı, o da ona yaz və yay aylarını kənddə keçirməyi məsləhət görmüşdü. Elə həmin ərəfədə də o, Tanya Pesotskayadan uzun bir məktub almışdı. Tanya onu Borisovkaya qonaq dəvət edirdi və o qərara gəldi ki, həqiqətən də, havasını dəyişsə, pis olmazdı.

Əvvəlcə apreldə o, ata-baba yurdu Kovrinkaya yollandı və orada tək-tənha düz üç həftə qaldı; havalar düzəlib, yollar açılanda isə faytonla keçmiş hamisi və tərbiyəçisi, Rusiyanın tanınmış bağçısı Pesotskigilə yollandı.

Kovrinkadan Pesotskilərin yaşadığı Borisovkaya qədər yetmiş verstdən çox olmazdı və bahar çağı rahat, yaylı faytonda yumşaq torpaq yolla səfər etmək, sözün əsl mənasında, ləzzət verirdi.

Pesotskinin evi nəhəng idi, suvağı tökülmüş şir heykəlləri və sütunlar dolu girişinin qarşısında frak geyinmiş lakey dayanırdı. İngilis üslubunda salınmış qədim, qaraqabaq park evdən bir qədər aralıda axan çaya qədər az qala bir verst uzanır, açıqda qalmış kökləri tüklü heyvan pəncələrini xatırladan şam ağacı dolu, sıldırımlı, gilli sahildə bitirdi; aşağıdan kimsəsiz sakitlikdə bərq vuran suların və narazı cüllütlərin civilti səsləri eşidilirdi. Bir sözlə, buraların hər zamankı rahatlıq dolu, ballada yazmalı ab-havası...  Evin yaxınlığında – istixanalarıyla bir, otuz desyatinə yaxın ərazini tutan meyvə bağında isə hər zaman, ən pis havalarda belə, şən və gümrah ovqat hökm sürürdü.

Pesotskinin bağında olan gül bolluğunu – bu gözəllikdə qızılgülləri, kameliyaları, dümağından tutmuş kömür kimi qarasına qədər müxtəlif rəngli zanbaqları bir arada görmək bu yaşına qədər Kovrinə nəsib olmamışdı.

 Bahar yenicə gəlmişdi və gül-çiçək bolluğunun əsl ehtişamı hələ üstü bağlı istixanalarda gizli qalmaqda idi. Amma xiyabanın ləklərini dolduran gül-çiçək kifayət idi ki, bağda gəzişərkən özünü zərif rənglər səltənətində hiss edəsən.

Bağın dekorativ hissəsi, Pesotskinin etinasız bir laqeydliklə “boş şey” adlandırdığı mənzərələr hələ lap uşaqlıq çağlarında Kovrinə nağıllar dünyasını xatırladırdı. Burada nələr, hansı qəribəliklər, təbiət üzərində aparılan hansı təcrübələr və nadir eybəcərliklər yox idi?! Meyvə ağaclarından düzəldilmiş şpalerlər[1], qovaq ağacı şəklinə salınmış piramida quruluşlu armud ağacı, şarabənzər palıd və cökə ağacları, alma ağacından düzəldilmiş iri çətir, tağlar, venzellər[2], şamdanlar və hətta Pesotskinin bağ təsərrüfatı fəaliyyətinə başladığı tarixi gavalıların düzülüşü ilə bildirən “1862” rəqəmi... Burada palma ağacının gövdəsitək dümdüz və möhkəm gövdəli yaraşıqlı ağaclara rast gəlinirdi ki, yalnız diqqətlə baxanda bunun motmotu, yaxud qarağat olduğu bilinirdi. Bağı ən çox şənləndirib canlandıran buradakı daimi hərəkətlilik idi. Sübh tezdən axşamacan ağacların, kolların, ləklərin arasıyla əlləri toxa, ləyən, əl arabaları dolu adamlar qarışqatək qaynaşırdılar...

Kovrin Pesotskigilə axşam saatlarında saat ona işləyəndə çatdı. Tanya və Yeqor Semyonıç təşviş və həyəcan içində idilər. Belə məlum oldu ki, aydın, ulduzlu səma və termometr səhər saatlarında şaxta olacağını bildirirdi, bağban İvan Karlıç isə şəhərə getmişdi və ondan savayı bel bağlanası adam yox idi.

Şam süfrəsi arxasında söhbət yalnız sübh ayazından getdi və belə qərara alındı ki, Tanya gecə yatmasın, saat on ikidən sonra bağa çıxıb hər şeyin öz qaydasında olub-olmadığını yoxlasın, Yeqor Semyonıç isə saat üçdə, yaxud daha tez oyansın. 

Kovrin bütün axşamı Tanya ilə oturdu, gecədən bir xeyli keçmiş isə onunla birgə bağa yollandı. Hava soyumuşdu. Həyətdən yanıq iyi gəlirdi. Yeqor Semyonıça ildə bir neçə min rubl xalis gəlir gətirən “kommersiya bağı” deyilən meyvə bağı, ağacları və onlardan əldə olunacaq gəliri şaxtadan qoruyacaq qapqara, qalın tüstüyə bürünmüşdü. Buradakı ifrat dəqiqlik, gövdə və çətirləri bir-birindən fərqlənməyən eyniölçülü ağacların əsgər sırası ilə damalı düzülüşü mənzərəni monoton, hətta darıxdırıcı edirdi.

Kovrinlə Tanya saman, quru təzək və çör-çöp qalağının közərdiyi ocaqların cərgələri arasından ötür, ara-sıra tüstü dumanının içi ilə kölgətək yeriyən işçilərlə üz-üzə gəlirdilər. Təkcə albalı, gavalı və bəzi alma ağacları çiçəkləmişdi, bütün bağ isə tüstü dumanının içində idi və yalnız tingliyə çatanda Kovrin sinədolusu nəfəs aldı:

– Mən hələ uşaq ikən burada tüstüdən asqırırdım, – deyib çiyinlərini çəkdi, – amma hələ də başa düşə bilmirəm ki, tüstünün şaxta ilə nə əlaqəsi var.

– Tüstü buludları əvəzləyir, – Tanya dedi, – yəni buludlar olmayanda.

– Buludların bura nə dəxli var?

– Buludlu, dumanlı havalarda şaxta olmur.

– Belə de! – Kovrin deyib güldü və qızın əlindən tutdu.

Tanyanın soyuqdan qızarmış, nazik, qaraqaşlı, ciddi üzünə, paltosunun, başını sərbəst tərpətməyə imkan verməyən dik yaxalığına və ümumiyyətlə, ətəyi, şehdən islanmasın deyə bir kənara yığılmış bu incə qamətli, yaraşıqlı qıza baxdıqca Kovrinin ürəyi açılırdı.

– İlahi, qızımız artıq böyüyüb! – Kovrin dedi. – Mən sonuncu dəfə buradan gedəndə – düz beş il əvvəl siz lap uşaq idiniz. Arıq, çəlimsiz, saçları dağınıq, balaca bir qız... əyninizdə də paltar... Mən sizi cırnatmaqdan ötrü “cüllüt” çağırırdım. Zaman nələr edir!

– Hə, beş il... – Tanya köksünü ötürdü. – O vaxtdan çox sular axıb... – sonra qəfildən onun üzünə dikilib qəribə bir həyəcanla: Andryuşa, düzünü deyin, siz bizdən soyumusunuz? Amma heç bunu soruşarlar? Axı siz kişisiniz, maraqlı həyatınız var, siz böyük adamsınız... Təbii ki, soyumusunuz. Amma, Andryuşa, necə də olsa, çox istəyərdim, bizi öz doğmanız biləsiniz. Məncə, bizim buna haqqımız da var, – dedi.  

– Mən elə də bilirəm, Tanya.

– Doğrudan? Düz sözünüzdü?

– Bəli, düz sözümdür.

– Bu gün siz təəccüblənirdiniz ki, bizdə çoxlu şəkilləriniz var. Amma axı özünüz bilirsiniz, atam sizi necə sevir. Bəzən mənə elə gəlir ki, o sizi məndən çox istəyir. O sizinlə fəxr edir. Siz alimsiniz, qeyri-adi insansınız, özünüzə parlaq karyera qurmusunuz və o düşünür ki, bütün bunlarda onun da əməyi var. Mən ona belə düşünməyə mane olmuram. Qoy elə bilsin. 

Artıq səhər açılırdı və bu, ələlxüsus bağdan qalxan tüstü burumlarının və ağacların tacının havada aydın görünməsindən bilinirdi. Bülbüllər oxuyur, çöllərdən bildirçin səsləri eşidilirdi.

– Artıq yatmaq vaxtıdır. – Tanya dedi. – Həm də soyuqdur... – və onun qoluna girdi. – Andryuşa, çox sağ olun ki, gəldiniz. Bizim, az da olsa, tanışlarımız var, amma onlar çox darıxdırıcı adamlardır. Bizim işimiz səhərdən axşamacan bağ, bağ, bağ... və daha heç nə. Ştamp, yarımştamp... – o güldü, – aport, ranet, calaq, peyvəndləmə... Bütün həyatımız bu bağa qulluqda keçdi. Mən hətta yuxularımda belə, alma-armuddan savayı heç nə görmürəm.  Bütün bunlar, əlbəttə, çox yaxşı, faydalı işlərdir, söz yox, amma bəzən insanın ürəyi dəyişikliklər də istəyir. Yadıma gəlir, hərdən siz tətildə, yaxud elə-belə bizə gələndə ev sanki çilçırağın, mebellərin örtükləri çıxarılmış kimi işıqlanır, elə bil təzələnirdi... Onda mən lap uşaq idim, amma bunu anlayırdım.

Tanya şövqlə danışırdı və Kovrinin, nədənsə, ağlına belə bir fikir gəldi ki, bütün yay boyu bu balaca, çəlimsiz, dilli-dilavər məxluqa bağlana, ona başı qarışa və hətta vurula bilər... Hər ikisinin indiki halında bu, o qədər təbii və mümkün bir məsələ idi ki! Bu fikirdən ürəyi açıldı, həm də gülməyi tutdu, başını qızın yaraşıqlı və qayğılı üzünə yaxınlaşdırıb asta səslə oxumağa başladı:

 

Onegin, gizləmək istəmirəm,

Tatyananı dəli kimi sevirəm... 

 

Onlar evə qayıdanda Yeqor Semyonıç artıq yuxudan oyanmışdı. Kovrin yatmaq istəmirdi; o, qoca ilə söhbətə girişdi və onunla birgə yenidən bağa qayıtdı.

Yeqor Semyonıç hündür boylu, enlikürək, yekəqarın bir adam idi, təngnəfəslikdən əziyyət çəkirdi, amma daim elə bir sürətlə yeriyirdi ki, ona çatmaq olmurdu. Hər zaman hədsiz qayğılı görünür, hey harasa tələsir, elə tələsirdi, elə bil bircə dəqiqə geciksəydi, hər şey məhv olacaqdı. 

– Hə, qardaş, məsələ belədi... – o, nəfəsini dərmək üçün ayaq saxladı. – Torpağın üzü, gördüyün kimi, donub, amma termometri taxtanın ucunda torpağın səthindən iki sajen yuxarı qaldır, görəcəksən ki, orada ilıqlıq var. Nədəndi bu, görən?

– Düzü, bilmirəm, – Kovrin dedi və güldü.

– Hm... Hər şeyi bilmək, əlbəttə ki, mümkün deyil... Zəka nə qədər geniş olsa belə, hər şeyi ora yerləşdirə bilməzsən. Bir də axı, səninki daha çox fəlsəfədi, hə?

– Hə. Psixologiyanı oxuyuram, ümumiyyətlə isə fəlsəfə ilə məşğul oluram.

– Darıxdırmır?

– Əksinə, mən yalnız onunla nəfəs alıram.

– Nə deyirəm, xeyirlisi... – Yeqor Semyonıç çal saqqalını fikirli halda tumarlaya-tumarlaya dedi. – Allah köməyin olsun... Mən sənə görə çox şadam... şadam, qardaş...

Birdən nə baş verdisə, o, sakitliyə diqqət kəsildi, üzü qorxunc ifadə aldı, harasa, kənara qaçıb ağacların arxasında, tüstü dumanının içində yoxa çıxdı.

Bir qədər sonra uzaqdan onun tük ürpədən, yanıqlı fəryadı eşidildi: 

– Kim bu atı alma ağacına bağlayıb? Hansı yaramaz atı alma ağacına bağlamağa cəsarət edib? Ay Allah, ay Allah! Axırına çıxdılar, məhv elədilər, murdarladılar! Bağ məhv oldu! Batdı bağ! Ay Allah!

 Kovrinin yanına qayıdanda qocanın üzündə təhqir olunmuş, üzgün bir ifadə vardı. Qollarını yana açaraq ağlar səslə:

– Neyləyəsən, bu lənətə gəlmiş xalqı necə başa salasan axı? – dedi. – Styopka gecə peyin gətirib, atı da alma ağacına bağlayıb! Əclaf yüyəni elə bərk sıxıb ki, ağacın gövdəsi üç yerdən sürtülüb. Nə qədər demək olar? Xeyri yoxdu, mal kimi dayanıb gözlərini döyür! Assan da azdı yaramazı!

Bir qədər sakitləşdikdən sonra o, Kovrini qucaqladı, yanağından öpdü və astadan:

– Nə deyirəm, xeyirlisi... – dedi. – Gəlməyinə çox şadam. Hədsiz şadam... Sağ ol ki, gəldin.

Sonra həmin yeyin addımlarla qayğılı halda bütün bağı dolaşdı, bütün oranjereya və tinglikləri, yeraltı su anbarlarını və “əsrimizin möcüzəsi” adlandırdığı iki arı pətəkliyini keçmiş şagirdinə göstərdi. 

Onlar gəzib-dolaşana qədər artıq Günəş qalxmışdı və bağı parlaq işığa bürümüşdü. Hava da bir qədər isinmişdi. İrəlidən günəşli, şən və uzun bir günün yaxınlaşdığını duyan Kovrin hələ mayın əvvəli olduğunu, eynilə belə günəşli, şən və uzun yay günlərinin hələ qabaqda olduğunu düşündü və birdən-birə köksündə uşaqlıq çağları həmin bu bağda oynayarkən duyduğu sütül sevinc hissinin titrəyişini hiss etdi. Qocaya sarı dönüb bu dəfə onu özü qucaqladı və nəvazişlə öpdü. Sonra hər ikisi təsirlənmiş halda evə dönüb, qədim çini fincanlarda doyumlu, qaymaqlı krendellərlə[3] çay içməyə başladılar və bütün bu xırdalıqlar da yenə Kovrinin yadına uşaqlıq və yeniyetməlik illərini saldı. Parlaq bu günün və onun içində oyanan keçmişin təəssüratları bir-birinə qarışdı... bütün bu qarma-qarışıqlıqdan ürəyi sıxıldısa da, içində qəribə bir rahatlıq da duydu.

Kovrin Tanyanın yuxudan oyanmasını gözlədi, onunla bir neçə fincan qəhvə içib, bağda gəzişdikdən sonra öz otağına qayıtdı və yazı masasının arxasına keçdi.

O, diqqətlə oxuyur, qeydlər aparır, ara-sıra gözlərini mütaliədən ayırıb açıq pəncərələrdən görünən mənzərələrə, yaxud masanın üstünə qoyulmuş güldanlardakı şehli çiçəklərə baxmaqdan ötrü yuxarı qaldırır, sonra yenidən kitabın üzərinə endirir, hər bir damarının həzz dolu nəşə ilə titrəyib, sanki rəqs etdiyini duyurdu.  

 

II   

 

O, kənddə də şəhərdəki həmin o gərgin və narahat həyatını yaşamağa davam edirdi. Çox oxuyur, yazır, italyan dilini öyrənir, gəzintilər zamanı isə qəribə bir məmnunluqla tezliklə yazı masasının arxasına keçəcəyi barədə düşünürdü. O qədər də az yatırdı ki, hamı təəccüb içində qalırdı; məsələn, əgər təsadüfən günorta yarım saatlığa yuxulasa, sonradan bütün gecəni yatmır, ertəsi gün özünü, heç nə olmayıbmış kimi, gümrah və rahat hiss edirdi. Çox danışır, çoxlu şərab içir, bahalı siqarlar çəkirdi.

Pesotskigilə tez-tez, demək olar, hər gün qonşu xanımlar qonaq gəlir, Tanya ilə birlikdə royalda çalır və oxuyurdular. Ara-sıra burada ayrı bir qonşu da – yaxşı skripka çalan, cavan bir oğlan da qonaq olurdu. Kovrin onların ifalarını acgözlüklə dinləyir, mahnı və musiqilərə qulaq asdıqca heydən düşür, bu halı gözlərinin öz-özünə yumulmasından, başının çiyninə enməsindən bilinirdi. 

Bir axşam çay süfrəsindən sonra Kovrin eyvanda oturub kitab oxuyurdu. Həmin vaxt qonaq otağında Tanya – soprano, qızlardan biri – kontralto və cavan qonşu oğlan skripkada Braqanın məşhur serenadasını məşq edirdilər. Kovrin mahnının sözlərinə diqqət kəsildi – bu, rus kəlmələri idi, amma mənasını heç cür anlaya bilmədi. Axırda kitabı bir kənara qoyub, ifanı diqqətlə dinləməyə başladı və anladı: xəstə təxəyyüllü bir qız gecə bağda qəribə, sirli səslər eşidir... o dərəcədə qəribə və ecazkar səslər ki, onların – adi, ölümlü bəndələrin anlamaq iqtidarında olmadığı və bu səbəbdən, yenidən geriyə – göylərə qayıdan müqəddəs harmoniya olduğunu etiraf etməli olur.

Kovrinin göz qapaqları bir-birinə yapışmağa başladı. O, ayağa qalxdı və heysiz halda qonaq otağında, sonra zal boyu var-gəl etdi. Mahnı bitəndən sonra Tanyanın qoluna girib onunla birlikdə eyvana çıxdı.

– Bu gün səhər tezdən məni haradansa yadıma düşən bir əfsanə düşündürür, – dedi. – Yadıma sala bilmirəm, haradasa oxumuşam, ya kimdənsə eşitmişəm... amma bu, çox qəribə, hər hansı məntiqə sığmayan, əcaib bir əfsanədir. Əvvəla, deyim ki, onun mənası bir o qədər aydın deyil. Deməli, min il bundan əvvəl hansısa qara paltarlı rahib səhra ilə yol gedirmiş... haradasa – Suriyada, ya Ərəbistanda... Rahibin yol getdiyi həmin o yerdən bir neçə mil aralıda balıqçılar gölün üzəri ilə aramla irəliləyən digər bir qara rahib görürlər. Həmin bu ikinci rahib ilğım imiş. İndi, deyəsən, əfsanənin nəzərə almadığı bütün optik qanunları unudun və ardına qulaq asın. Deməli, həmin o ilğımdan digər bir ilğım, ondan üçüncüsü əmələ gəlibmiş və belə-belə, həmin bu qara rahibin obrazı fasiləsiz şəkildə atmosferin bir qatından o birinə keçməyə başlayıbmış. Onu gah Afrikada, gah İspaniyada, gah Hindistanda, hətta Uzaq Şimalda belə, görənlər olubmuş... Nəhayət, o, Yer atmosferinin hüdudlarından çıxmış... və deyilənə görə, indi, necəsə, heç cür sönüb yox ola biləcəyi şəraitə düşmədən kainatda dolaşmaqdadır. Ola bilsin, indi onu haradasa Marsda, yaxud Cənub Xaçı bürcünün hansısa ulduzunda görənlər var. Lakin əfsanənin əsas məğzi və mahiyyəti bundadır ki, əzizim, həmin o ilğım rahibin səhra ilə yol getdiyi zaman kəsiyindən düz min il sonra yenidən Yerin atmosferinə düşəcək və insanlara görünəcək. Və guya ki, həmin o min il artıq başa çatmaq üzrədir... Əfsanənin mənasına görə, qara rahibin təşrifini biz bu günə, ya sabaha gözləməliyik.

– Qəribə ilğımdır, – Tanya dedi. Əfsanənin xoşuna gəlmədiyi gözlərinin dalğın ifadəsindən bilinirdi.

– Və hər şeydən heyrətamiz olanı budu ki... – Kovrin güldü, – mən bu əfsanənin haradan yadıma düşdüyünü heç cür xatırlaya bilmirəm. Haradansa oxudum, ya kimdənsə eşitdim?.. Yoxsa qara rahib yuxuma girdi? Allaha and olsun, xatırlaya bilmirəm. Amma əfsanə məni düşündürür. Bu gün bütün günü onun haqqında düşünmüşəm.

Kovrin Tanyanı qonaqların yanına ötürüb evdən çıxdı və fikirli halda ləklərin arası ilə dolaşmağa başladı. Günəş artıq batmaq üzrə idi. Çiçəklər yenicə sulanmışdı deyə ətrafa xoşagəlməz rütubət qoxusu yayılırdı. Evdə yenə oxumağa başladılar və skripkanın uzaqdan eşidilən səsi insan səsi təəssüratı yaradırdı…

Kovrin fikrini bir yerə cəmləyib, əfsanəni harada oxuduğunu, yaxud kimdən eşitdiyini yadına salmağa çalışa-çalışa, tələsmədən parka tərəf yollandı və necəsə, özü də bilmədən çayın kənarına gəlib çıxdı. 

Sıldırımlı sahillə, çılpaq ağac köklərinin yanı ilə uzanan cığırla aşağı – suya  sarı endi; orada cüllütləri hürkütdü, iki ördəyi qorxutdu. Batmaq üzrə olan Günəşin son şəfəqləri hələ də qaraqabaq şam ağaclarının adda-budda budaqları arasından sızmaqda idi... çayın üzərinə isə artıq qaranlıq gecə çökmüşdü.

 Kovrin asma körpü ilə çayın o biri sahilinə keçdi və qarşısında açılan geniş, hələ bar gətirməmiş çovdar zəmisi ilə üz-üzə qaldı. Uzaqlarda nə bir ev, nə bir canlı gözə dəyirdi... və adama elə gəlirdi ki, cığır, əgər ona qoşulub getsən, səni Günəşin indicə endiyi, qürub şəfəqinin möhtəşəm əbədiliklə şölələndiyi həmin o naməlum, sirli məkana aparıb çıxaracaq. 

“Nə qədər genişlik, azadlıq, rahatlıq, sakitlik!” – Kovrin cığırla addımlaya-addımlaya düşünürdü. – “Və elə bil bütün dünya nəfəsini içinə çəkib mənə baxır, onu anlamağımı gözləyir...” 

Çovdar zəmisi xırda ləpələrlə yırğalandı və yüngül axşam küləyi nəvazişlə saçlarını oxşadı. Bir an sonra yenə külək… amma bu dəfə güclü bir axınla əsdi... zəmi dalğalanıb uğuldadı və arxadan şam ağaclarının lal pıçıltıları eşidildi. Kovrin heyrət içində donub qaldı…

Üfüqdə yerdən göyəcən burulğana, ya qasırğaya bənzər qapqara, hündür bir sütun ucalmaqda idi... Cizgiləri aydın sezilməsə də, onun bir yerdə dayanıb durmadığı, dəhşətli bir sürətlə məhz ona sarı – düz Kovrinin üstünə irəlilədiyi, yaxınlaşdıqca get-gedə kiçilməyə və aydınlaşmağa başladığı bilinirdi. Kovrin ona yol verməkdən ötrü özünü zəminin içinə atmağa güclə macal tapmışdı ki...

 Qolları sinəsində çarpazlanmış qara geyimli, çalsaç, qaraqaş rahib sürətlə yanından ötdü... Yalın ayaqları yerə dəymədən təxminən üç sajen aralandıqdan sonra o, Kovrinə sarı döndü, başını salam işarəsiylə tərpədib, çoxmənalı və nəvazişli bir təbəssümlə gülümsədi. Amma necə də solğun, necə də dəhşətli dərəcədə solğun və arıq bir sifət!..

Yenidən böyüyə-böyüyə o, çayın üzərindən uçub, səssiz bir çəkisizliklə gilli sahilə, şam ağaclarına çırpıldı və onların arasından sızıb tüstü tək yoxa çıxdı.

– Buyur, bu da əfsanə... – Kovrin öz-özünə astadan dedi. – Deməli, əfsanədə deyilənlər həqiqət imiş...

 Bu qəribə olayın mənasını özünə izah etməyə lüzum görmədən rahibin nəinki qara libasını, üzünü, hətta gözlərini belə, yaxından və aydın görə bildiyindən məmnun və həyəcanlı halda evə döndü. 

Parkda, bağın içində adamlar rahat-rahat gəzişir, evdə musiqi çalınırdı... Deməli, belə çıxır ki, rahibi tək bir o görüb. Qəfildən ürəyindən bütün bu gördüklərini Tanyayla Yeqor Semyonıça danışmaq istəyi keçdisə də, onların, yəqin ki, bunu sayıqlama kimi qəbul edəcəklərindən və bundan qorxuya düşəcəklərindən ehtiyatlanıb belə qərara gəldi ki, yaxşısı budur, sussun.

O, bütün axşamı ucadan gülür, mazurkanı[4] rəqs edir, elə şənlənirdi ki, hamı, bütün qonaqlar və Tanya bu gün onun, nədənsə, hədsiz cazibədar və maraqlı olduğunu, üzünün qəribə, ecazkar bir nurla işıqlandığını sezirdilər. 

 

III

 

 Şam yeməyi başa çatandan və qonaqlar dağılışandan sonra Kovrin öz otağına qayıtdı və divana uzandı. O yalnız rahib haqqında düşünmək istəyirdi. Amma bir dəqiqə keçməmiş, otağa Tanya daxil oldu, əlindəki broşürləri və surəti çıxarılmış bir yığın yazılı vərəqi ona uzadaraq:

– Buyurun, Andryuşa, atamın məqalələridi. Oxuyun, – dedi, – gözəl məqalələrdir. Əla yazır.

– Yaxşı görək, – Tanyanın ardınca içəri daxil olan Yeqor Semyonıç qəribə vicdan əzabıyla və süni gülüşlə gülə-gülə dedi. – Sən ona qulaq asma, xahiş edirəm, oxuma! Yox, əgər tez yuxulamaq istəyirsənsə, onda, əlbəttə, oxu, yatmaq üçün gözəl yuxu dərmanıdır!

– Amma, məncə, əla məqalələrdir, – Tanya qəti əminliklə dedi. – Siz oxuyun, Andryuşa və atamı da inandırın, qoy tez-tez yazsın. O, bağçılıq haqqında bütöv elmi əsər yaza bilər. 

Yeqor Semyonıç gərginlik dolu qəhqəhə ilə güldü, qızarıb pörtdü və adətən, çılğın müəlliflərin işlətdiyi ifadələrdən işlədib, axırdan-axıra təslim oldu. Broşürləri titrək əllərilə götür-qoy edə-edə:

– Elə isə, əvvəlcə Qoşenin məqaləsini və bu rus müəlliflərinin məqalələrini oxu, – dedi, – yoxsa heç nə başa düşməyəcəksən. Mənim etirazlarımı oxumazdan əvvəl öncə nəyə etiraz etdiyimi anlamalısan axı. Amma, məncə, dəyməz... ürəyin sıxılacaq. Bir də, deyəsən, axı yatmaq vaxtıdı?

 

Davamı gələn sayımızda

 

Antîn Pavloviç Çeõîv

 

Ədəbiyyat qəzeti.- 2022.- 31 dekabr.- S.12-13.