Bayılda axşamçağı
Adın
dodağımda çiçəkləyər
hər axşamçağı
hər axşamçağı
sən yadıma düşərsən,
günəş qürub
edəndə dağların
arxasında,
hər axşamçağı
sən yadıma düşərsən,
dəniz qoxusu neft qoxusuna qarışanda.
Hər axşamçağı
adamlar ötüb-keçəndə
yanımdan,
ağaclar ötüb-keçəndə
yanımdan,
dəniz ötüb-keçəndə
yanımdan,
sən yadıma düşərsən.
Bibiheybət məscidindən azan səsi
yayılar dağlara,
dalğalara,
yayılar ağaclara,
dənizə,
üzümü tutaram göylərə
"Ya Rəbb, mən
də Sizin
bəndənizəm".
Adın
dodağımda çiçəkləyər
hər axşamçağı
hər axşamçağı
sən yadıma düşərsən.
Salam verərəm tanımadığım
balıqçılara,
onlar da alar salamını tanımadıqları bu adamın.
Hər axşamçağı
xəbərsiz gələn
bir kədər
çökər şəhərin
üstünə,
çökər adamların,
dağların
ağacların, dənizlərin
üstünə.
Və hər axşamçağı
adın çiçəkləyər
dodağımda
hardan gəldiyini bilmədiyim
bir ümid cücərər içimdə.
Ya Rəbb, nə yaxşı ki,
bu şəhərin,
ağacların,
bu dənizin, dalğaların,
balıqçıların, balıqların
ümidi kədərindən
az deyil.
Ömrün xırmanı
Şərtini şumda kəsmədiyimiz
ömrün xırmanındayıq.
Bundan sonra günəş çıxmasa da olar,
yağış yağsa
da...
İndi
ömrümün iyirmi
yeddi
rəfində hamı
yerbəyerdi
bundan sonra dost itirməsəm də olar,
düşmən qazansam da...
Küləklər sığal çəkər
şəhərin səssizliyinə
daha gündüzlər
uzanmasa da olar,
gecələr qısalsa
da...
Mən elə bilirdim hamının
Allahı
var bu yer
üzündə,
daha Allah heç kimin olmasa da
olar,
hamının olsa da...
90-lar
O uşaqlar ki
küçə davalarında
nə döyülənə
lağ etdi,
nə döyəni alqışladı
kin saxlamadı ürəyində.
O uşaqlar ki
düzəltdiyi ilk oyuncaq
taxtadan silahlar oldu
müharibənin nəfəsini
hiss etdi kürəyində.
O uşaqlar ki
bacı, qardaş sözlərinin
qan bağı ilə yaranmadığını
bildi,
dost dediklərimiz də
ailəmiz qədər
bizdəndi.
Və
biz
gizlənqaç oynayanda
da
dostlarımızın tapa biləcəyi yerdə gizləndik.
***
Mərmər döşəməli zallarda
yüksək səslə,
ya da
yaşıl çəmənliklərdə
astaca
özündən danışırmış
kimi şeir demək
alqış sədaları
altında.
Soyuq əlli, isti ürəkli
qadınlara şeir
yazmaq
təsəlli taparcasına,
ya da
sevdiyin mahnını
zümzümə etmək
yoluna çıxan hər daş parçasına.
Küçə lampaları
Küçə lampaları kimi
söndü gülüşün
bir-bir, asta-asta, həm də
səhərə yaxın...
İndi
sən də
günəşi sadəcə
görürsən,
istisini
hiss etmirsən...
Bilirəm, bilirsən...
indi sən
yazdığım ən gözəl,
yaşadığım ən sevdalı şeir kimisən,
gülüşünü itirmisən...
Yəni
səni tərk edəndən gedə bilmirsənsə,
deməli, ayaqlarının
istifadə müddətini
bitirmisən...
çağırıram, gəlmirsən...
Və bir gün
bədənindəki bütün
ağrılar xatirəyə,
qəlbindəki ağrılar
isə xəritəyə
çevrilir...
Sənə heç nə demirəm, eşidirsən?
Revolver
Səni
sevsəydim orta əsrdə
mütləq bir at belində,
cəng meydanında
sıyırıb qılıncımı
qınından
şığıyardım düşmən
üstünə
sənin uğrunda.
Ya da belimdə Revolver
bir duel meydanında
başıdik atılmış
on addımdan sonra
cəld tərpənsəm
də düşməndən
çıxarıb silahımı
atəş açardım
havaya
son addımdan sonra.
Tarix kitabı
Bir tarix kitabı səhifələdim
üç min il yol getdim bir
anda.
Milyonlarla
əsgər öldü
qılınc yarasından,
ox yarasından.
Milyonlarla
əsgər öldü
adını bilmədiyim,
yaşını bilmədiyim.
Üç min il yol getdim bir
anda
türklər Konstantinopolu
fəth etdilər,
adını İstanbul
qoydular.
Milyonlarla
adam öldü
qalanın o yanında,
bu yanında
adını bilmədiyim,
yaşını bilmədiyim.
Üç min il yol getdim bir
anda
İskəndər Hindistana,
Teymurləng Qafqaza,
Napoleon Rusiyaya hücum
elədi.
Milyonlarla
adam öldü
at belində, fil üstündə
adını bilmədiyim,
yaşını bilmədiyim.
Bir tarix kitabı səhifələdim
üç min il yol getdim bir
anda
beş-on ad qaldı yadımda -
hamısı hökmdar,
sərkərdə və
sultan.
Amma milyonlarla adam
öldü kitabda
adını bilmədiyim,
yaşını bilmədiyim.
Darıxmaq adlı diktator
Əllərim yarsa bu gecəni,
yarsa bu dənizləri Musanın əsasıdır,
bu gecənin ortasında
səni düşünmək
- sevginin əsasıdır.
Bu gecənin ortasında
sənə yazmaq -
səhralara düşmüş
Məcnuna
bir qurtum sudur.
Bu gecənin ortasında
yazdığım hər söz, hər hərf
darıxmaq adlı
diktatorun ordusudur.
Bu gecənin ortasında
əllərim havada
təslim oluram
"eşq" adlı
quldura
bu qorxu - deyil ölüm qorxusu.
Ulucay AKİF
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.14.