Yeni il
gülüşü
Hekayələr
Yuxu
Yeni il qabağı qəribə bir yuxu
görmüşəm, ərz eləyim qulluğunuza,
görüm bu yuxunu necə yozursunuz.
Yuxuda
görürəm ki, yüz il əvvəl
dünyaya göz açmışam. Görürəm
"Molla Nəsrəddin" adında bir jurnal
çıxır, səs-sorağı aləmə
yayılıb. Fikirləşirəm ayə, bu jurnal niyə belə
məşhuri-cahan olub? Götürüb vərəqləyirəm,
görürəm paho, burada nələr yazılmayıb?!
Daha millətin əyər-əskiyi qalmayıb,
hamısı aləmə faş olub. Molla, tacir, it
boğuşduran, xoruz döyüşdürən, quşbaz,
fala baxan, rəml atan, yalançı, yaltaq,
fırıldaqçı, əliəyri, rüşvətxor,
ağılsız, axmaq, bir sözlə, "şəngülüm",
"şüngülüm" hamısı ələ
salınıb. Camaat da oxuyub gülür.
Camaata nə var ey, onlara gülmək olsun...
Sonra yuxuda görürəm ki, yaşaya-yaşaya gəlib
çatmışam indiki zamanlara. Qəzet-jurnal o qədər
çoxdur ki, oxuyub qurtarmaq olmur. Qələm
əhli "Molla Nəsrəddin" kimi yaza bilməsə də,
millətin çatışmazlıqlarından
ağına-bozuna baxmadan, o ki var, yazır.
Keçmişdə pis əməllərlə məşğul
olanların çoxu indi molla olub, it boğuşduranlar yenə
it boğuşdururlar, xoruz döyüşdürənlər
yenə xoruz döyüşdürürlər, quşbazlar
quşbazlıqlarıynan məşğul olurlar, fala baxanlar
kompüterdə fala baxırlar, rəml atanlar ekstrasenslik edirlər,
yalançılar yalanlarının doğru olduğunu
sübuta yetirmək üçün dəridən-qabıqdan
çıxırlar, fırıldaqçılar təzə
üsullar tapıblar, əliəyrilər, rüşvətxorlar
böyük-böyük vəzifələr tutublar, "şəngülüm",
"şüngülüm"lər əməlli-başlı
adam olublar.
O bunu
söyür, bu da onu. Qalmışam mat-məəttəl.
Yüz ildə nə dəyişildi ki?
Görəsən, bu yuxunu yozan tapılacaqmı?
Gözlərim
Uşaqlıqdan gözü qıpığam, yəni
qorxağam.
İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan
çıxmır ki çıxmır. Böyürdən
biri "pık" eləyən kimi bağrım
yarılır. Yəqin,
maraqlanırsınız, bu nə qorxudur belə mənim
canımı tir-tir titrədir?
O vaxt
qanmırdım, nə görürdüm, gəlib
ata-anamın yanında danışırdım, onlar da
üstümə qışqırırdılar, az qala iki barmaqlarını gözlərimə
soxurdular ki, "gördüyün hər şeyi
danışma, yoxsa iki gözünü bir deşikdən
çıxardarıq". Odur-budur, hər
şeydən qorxuram. Gördüklərimi
görməməzliyə vururam.
Məsələn, görürəm ki, təzə-təzə
siyasətin əlifbasını öyrənənlər
ölkə prezidenti olmaq istəyirlər, özümü
vururam görməməzliyə. Bilirəm ki, prezident
olmaq hər kişinin işi deyil. Toyuğun
peşəsi yatıb yuxusunda darı görməkdir. Görürəm ki, özünü göstərmək
üçün kimdənsə "qəhrəmanlıq
nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər
səs-səsə, ağız deyəni qulaq eşitmir,
özümü vururam görməməzliyə.
Düşünürəm, hər "qəhrəmanam"
deyəndən qəhrəman olmur ki! Görürəm,
gözümün qabağında bəzi vəzifəlilər
xalqa "ot yondururlar", guya görmürəm,
özümü vururam görməməzliyə. Çünki binayi-qədimdən belə olub, nə
qədər müsəlmançılıqdı yəqin, həmişə
də belə olacaq. Görürəm ki, əli qələm
tutan ağına-bozuna baxmadan ağzına gələni
yazır, bir nəfər də yerindən qalxıb demir ki, a
bala, ayıbdır! Mən də susuram,
özümü vururam görməməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür,
kim-kimi "döyür". Görürəm ki,
yaltaqlar, məddahlar ölkəni götürüb
başına, dinmirəm, "mən dünya düzəldən
deyiləm ki", - deyə düşünüb,
özümü vururam görməməzliyə.
Başağrısı olmasın, mənim
gördüyüm, görməməzliyə vurduğum hadisələr,
şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə
gözləri mənə verincə, kor yaratsa
yaxşıydı. Vallah-billah, elə kor
kimiyəm. Korun buynuzları olmaz ki!
Reklam
Başınız
sağ olsun, qalanlara Allah ömür versin, bir nəfər
ölür, gedir o dünyaya. Uzaqdan musiqi,
çal-çağır səsi eşidilir. Yaxınlaşır, görür burada kefdir. Musiqi bir tərəfdə, huri-qılmanlar bir tərəfdə,
yemək-içmək bir tərəfdə. Quşlar cəh-cəh vurur. Gül
bülbülü çağırır, bülbül də
gülü. Xülasə, adam baxanda
hayıl-mayıl olur. Soruşur ki, bura
haradır, deyirlər cəhənnəmdir. Ömrünü bizlərə
bağışlayıb gedən də fikirləşir ki, bu
dünyada çox fırıldaq işlər görüb,
onsuz da cənnətə gedə bilməyəcək, elə cəhənnəm
də pis deyil. Odur ki, dillənir:
- Məni
göndərin cəhənnəmə.
Arxasından bir təpik vurub atırlar cəhənnəmə. Görür
paho, burada nə musiqi var, nə huri-qılmanlar, nə yemək-içmək,
nə də quşların cəh-cəhi. Baxır ki, bədheybət inkir-minkirlər mizan-tərəzi
qurublar, özlərinin də əllərində yekə-yekə
toppuzlar kəsdiriblər bunun başının
üstünü, haqq-hesab soruşurlar. Yalan
danışsa, toppuzlar dəyəcək başına.
Qorxa-qorxa heyvərə bir inkür-minkirdən soruşur:
- Bəs
bura cəhənnəm deyil?
İnkir-minkir
cavab verir:
-
Özüdür ki, var!
Rəhmətlik
soruşur ki, bəs haradadır o gördüyüm kef,
huri-qılmanlar?..
İnkir-minkir
daha qoymur kişi sözünü bitirsin,
toppuzu təpəsinə ilişdirib cavab verir:
- Ay bədbəxt,
sənin gördüklərin reklam idi...
Prokurorun söhbəti
Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün
işə çıxmışdım. Təzəcə
oturmuşdum ki, qəbul otağından səs eşitdim.
Katibəni çağırıb soruşdum, "bəlkə
qəbuluma gələnlər var?". Katibə bildirdi ki, "bəli, hörmətli
prokuror, gəliblər". Dedim, "bir-bir burax,
keçsinlər içəri".
Heç
demə, onlara da elə bu lazım imiş: bir-bir içəri
girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...
Bir
ağsaqqal kişi içəri girib
salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb
qoydu masamın üstünə. Soruşdum:
-
Kişi, şikayətin nədir?
Nə cavab versə yaxşıdır?
- Allah eləməsin
biz şikayət-zad yazaq, hörmətli prokuror!
- Bəs
masamın üstünə qoyduğun şikayət məktubu
deyil?
- Əşi, yəni düşünürsən mən
bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət
başçısıyam, gəldim sizi görüm, gedim.
Zərfdə üç min dollar var. Hər
ayın başında yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu
təpəmə, dilləndim:
-
Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən
deyən prokurorlardan deyiləm!
Kişi çıxdı. Qəbuluma gələnlər
bir-bir masamın üstünə zərflər qoydular, mən
də onları bir-bir qovdum, getdilər.
Birinci günüm belə keçdi.
İkinci gün yenə təzəcə işə
başlamışdım, katibə bildirdi ki, "hörmətli
prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim
yəqin, üzr istəməyə gəlib.
Kişi içəri girər-girməz, köhnə
dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi
tutdu, o biri əli ilə döş cibindən bir zərf
çıxarıb qoydu masamın üstünə.
Yenə soruşdum "a kişi, bu nədir?" Kişi yazıq-yazıq
dilləndi:
-
Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.
Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə
necə qışqırdımsa, zərfi götürüb, o
gedən getdi.
Sonradan mənə
bildirdilər ki, bu adamlar hər ayın başında məndən
əvvəl işləyən prokurorlara beləcə
"baş çəkirlərmiş"... İndi
gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!
Çox bahadır qiyməti...
(Nəzirə)
Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan
içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin
arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən
niyə gizlədək, bəs, həftənin axırında
qızımıza elçi gələcək, gəl, sən
də iştirak elə. Zəhmət
çəkmə, hər tədarükümüzü
görmüşük, təkcə sənin iştirak eləməyin
bizim üçün şərəfdir. Dedim ay bacı,
qonşu deyilik, mütləq gələcəyəm. Təki
xeyir iş olsun.
Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı
ölkələrin diplomatları kimi oğlan adamları
masanın bir tərəfində, biz də o biri tərəfində
oturduq. Bir neçə dəqiqə sükutdan sonra
oğlan atası dilləndi ki, bəs "sizdə zər var,
bizdə zərgər", "sizdə bağ var, bizdə
bağban", "sizdə qaş var, bizdə
üzük" və sair və ilaxır. Oğlanın
anası da dedi ki, sözün kəsəsi,
qızınıza elçi gəlmişik, bir "mübarək"
deyin, çıxaq gedək, toya hazırlaşaq.
Qonşumuz,
yəni qızın atası söz aldı, görək nə
dedi:
-
Bacı, nə mübarəkbazlıqdır? Bizim
də dostumuz var, düşmənimiz var. İlk dəfədir
qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.
Oğlan
atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz
deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə
ifadə etməyə çalışsa da, alınmadı. Bu
dəfə qız anası söz aldı:
-
Qızı böyüdüb boya-başa çatdıran mənəm.
Gərək başlıq verəsiniz.
- Ay
bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! -
Oğlan anası təəccüb etdi.
- Lap
iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!
Qızın
atası onların sözünü kəsdi:
- Mən
də qızın fundamental atasıyam. Mənim
də öz tələblərim var.
Oğlan
atası "buyur" deyən kimi, qız atası
başladı, nə başladı:
- Sizi
çox bərkə salmayacağam. Qonağım
çox olacaq. Nə gətirməlisinizsə
bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd,
iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ,
beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50
kiloqram fındıq, iyirmi kiloqram çay -
yaxşısından olsun - turşməzə Göyçay
narı, narşərab da öz yerində. Qırx
yeşik "Badamlı", ona uyğun "Koka-kola",
"Fanta", iyirmi kiloqram pendir, o qədər də
qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz
verməlisiniz.
Aldı
qızın anası görək, nə dedi:
- Almaz bilərzik,
mirvari boyunbağı, medalyon, saat, üzük də
bahalısından olmalıdır. Qaldı
pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının,
prokurorların, polis rəislərinin, nazirlərin arvadları
necə geyinirsə, mənim qızım da elə geyinməlidir.
Gözəl-göyçək qızdır,
kimdən əskikdir?! Şubası, paltosu,
plaşı, ayaqqabıları da bir-birindən gözəl
olmalıdır. Yadımızdan
çıxan xırda-xuruşları da sonra deyərik.
"Elçilər
odlandılar: - Qız almırıq, vəssalam.
Çox bahadır qiyməti, biz almırıq, vəssalam".
O gedən
getdilər...
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.15.