Estetika müəllimi
Malakan
bağındakı çayxanada mənə Nazim Hikmət barədə
danışdı və "Ceviz ağacı" şeirinin
"Ben bir ceviz ağacıyım Gülhanə parkında"
misrasını təhlil etdi:
- Şeirdəki Ceviz ağacı bilirsən nədir?
- Nədir?
-
Yoxluqdur. Nazim Hikmət deyir ki, mən bir
yoxluğam Gülhanə parkında, nə sən bunun
farkındasan, nə polis farkında.
- Bəs
ceviz ağacının yoxluq anlayışına nə dəxli,
İslam müəllim?
- Gülhanə
parkında ceviz ağacı bitmir. Ona görə
Nazim deyir ki, mən bir ceviz ağacıyam, yəni yoxluğam
Gülhanə parkında.
Onda hələ
1983-cü il idi. Nazim Hikmətin
heyranları hələ Gülhanə parkına ceviz
ağacı əkməmişdilər...
Bir dəfə
estetika fənnindən imtahan zamanı İslam müəllimin
mənə verdiyi və özünün də
cavablandırdığı sualı bu günəcən
unutmamışam:
- Bilirsən
bizdə böyük ədəbiyyat niyə yaranmır?
- Niyə
yaranmır?
-
Çünki böyük ədəbiyyatın yaranması
üçün böyük ictimai zəmin lazımdır.
-
Böyük ictimai zəmin yoxdur bizdə?
-
Sosrealizm o böyük ictimai zəmini ədəbiyyatın əlindən
alıb...
Baxmayaraq
ki, ədəbiyyatda sosrealizm barədə ən konseptual
yazıları özü qələmə
almışdı...
Belə idi İslam İbrahimov. Laübalı və
dalğın.
Doxsanıncı
illərə qədər yaşasaydı, görəsən,
o, qloballaşan dünyanın yönəldiyi ünvanı bizə
necə nişan verərdi? Baş
verənləri mədəniyyətin qürubumu, yoxsa yüksəlişimi
adlandırardı? Allah bilir. Amma insanlığın qürubuna heç bir halda
inanmazdı. Lap "Ruhun Nyutonu" dirilib
gəlsəydi, yenə də İslam İbrahimovu belə bir
çöküşün, aqibətin və
qaranlığın mümkünlüyünə inandıra
bilməzdi. Dövr onun dövrü olmasa da, Sezanın,
Monenin günəşini, yaxud Van Qoqun göy üzünə
səpələnmiş ulduzlarını onun nəzərində
heç kəs söndürə bilməzdi. Təkrar edirəm,
heç "Ruhun Nyutonu" Ziqmund Freyd belə...
İncəsənət İnstitutunun həyətində,
içində sarı balıqlar üzüşən hovuzun kənarındakı
çay masasının arxasında əlini çənəsinə
söykək edib oturmuş gümüşü
saçlı, qızılı gözlüklü, çox
yaraşıqlı İslam İbrahimov Rodenin "Mütəfəkkir"
abidəsini xatırladırdı. Hər gün
İnstituta gələr, adətən auditoriyaya girməz, həyətdə
əyləşər, gözlərini bir nöqtəyə
zilləyib davamlı olaraq həmin səmtə baxardı.
Hələ tələbəlik illərimdə mən
öz romantik xəyallarımda onu Prometeyə, Sizifə bənzədirdim.
Hələ o zaman inanmışdım ki,
yaşadığı binəsib dövran onu necə yorubsa, zəkasının
üfüqlərini sıxan zincirləri sezməmək,
İslam müəllimin absurda doğru
daşıdığı yükün
ağırlığını hiss etməmək
mümkün deyil. Gəzərkən əlində
tutduğu əsa da, protez ayaqlı yerişi də bu
ağırlığa melanxolik effekt verirdi... İslam
İbrahimovun ilk tədqiqatçısı teatrşünas
Vidadi Qafarov onun bu obrazını dəqiq təsvir edib: "Bu
insan ayaq üstə duranda əlində əsa tutardı,
oturanda qələm...".
Onun ilk kitabı 1966-cı ildə
çıxmışdı. "Əsr və sənətkar"
adlanan bu kitab həm də İslam İbrahimovun son
kitabıydı. Təəssüf ki, elə
yüksək erudisiyalı bir alim sonralar ədəbi tənqidlə
məşğul olmadı.
"Əsr və sənətkar" kitabı Azərbaycan
ədəbi tənqidində sosrealizm təmayülünü
təmsil edir.
Amma mənim tanıdığım İslam İbrahimov
başqaydı... Mən onu heç kəsə
bənzəmədiyinə, fərqli və orijinal
düşündüyünə görə sevirdim. Bu səbəbdən
də İslam İbrahimov yaddaşımda yazdıqları ilə
deyil, danışdıqları ilə qaldı...
O,
dünya miflərindən başlamış island saqları,
Edip kompleksi və Füzuli, Kamyu və Kafka, Freyd və Dali, muğam və Qaragöz
teatrı, yapon haykuları və
nağıl estetikası,
sürrealizm və modernizm, intibah və dinlər tarixi,
miniatür sənəti - Sultan Məhəmməd, Behzad, kosmik
mərkəziyyət ideyası və Eynşteyn... bir sözlə,
bəşəriyyətin antik zamanlardan dövrümüzə
qədər yaratdığı estetik, fəlsəfi, dini, elmi
cah-cəlal barədə ötən əsrlərin əks-sədasını
xatırladan bəlağətli diksiyası ilə söhbət
açardı. Şəxsən mən
bütün bu estetik proseslər, fəlsəfi təmayüllər
barədə ilk biliklərimi əziz müəllimim İslam
İbrahimovdan almışam. Özü də
İslam müəllim bütün bunlar barədə, bir qayda
olaraq, auditoriyada deyil, ya içində sarı balıqlar
üzüşən həmin hovuzun yanında, ya da
institutumuzun qarşısındakı Malakan bağında yerləşən
çayxanada danışardı.
Tələbələrinin düşüncə müstəqilliyinə
xüsusi həssaslıqla yanaşdığı
üçün onun təlim etdiyi dərsin imtahanına
hazırlaşmamaq da olardı. Çünki o illərin
estetika dərsliyində yazılanlar (baxmayaraq ki, dərslik
müəlliflərindən biri də elə o özüydü,
buna rəğmən) onun mənimsədiyi və
görünür, təlqin etmək istədiyi estetikalardan fərqliydi.
İslam İbrahimov sistemin müəyyənləşdirdiyi
normalara sığmırdı. Hətta
yadıma gəlir, estetika fənnindən imtahan zamanı
çəkdiyim biletə marksist-leninçi estetika ilə bağlı
bir sual düşmüşdü, İslam müəllim,
dodağını çeynəyib ahəstəcə həmin
sualın yazıldığı bileti zibil qutusuna
atmağımı tapşırdı. "Marksist-leninçi
estetika" anlayışı onu hövsələdən
çıxarırdı. Dediyim kimi,
eyniadlı dərs vəsaitinin müəlliflərindən
biri də o özüydü. Hər halda, səksəninci
illərdəki ovqatı beləydi. İslam müəllim
həyatının son onilliyində dərin bir sükuta qərq
olmuşdu... Az danışırdı.
Çox baxırdı... Sanki böyük sənətin,
idraka meydan açan ədəbiyyat aləminin həsrətini
çəkirdi və bu həsrət, heç şübhəsiz,
tragik bir həsrət idi. Həsrətini
çəkdiyi aləm, sanki İslam müəllimin cənnətiydi.
Belə bir aləm prometeylər, məcnunlar, janvaljanlar, martin
idenlər doğura bilibsə, biləcəksə, o aləm
İslam İbrahimov üçün zəka
azadlığının Vətənidir. Min il
əvvəldə qalsın, yaxud min il gələcəkdə,
Parisdə olsun, ya Bakıda, fərq etməz, bəyaz
saçları qarayanız alnına tökülərkən
klassik bir tablonu xatırladan İslam İbrahimov bütün
hallarda həmin Vətənə doğru can atdı.
Cek Londonun "Martin İden" romanının Azərbaycan
dilinə tərcüməsi onun qələmindən
çıxıb. Mark Tvendən
tərcümələri var. Səbahəddin Alinin
"Asfalt yol" əsərini dilimizə o
uyğunlaşdırıb. Çingiz Aytmatovun
"Qırmızı yaylıqlı qovağım mənim"
povestini, Layoş Meşterharinin "Prometey müəmması"
romanını və başqa əsərləri dilimizə o
qazandırıb...
Bakıda da, Moskvada da Nazim Hikmətin yaxın çevrəsində
olanlardan biri İslam İbrahimov olmuşdu. Amma indi
çoxları bunu bilmir. Bu barədə
sağlığında özü
danışmadığı kimi, sonralar da bunu kimsə
xatırlatmadı.
Nazim Hikmətin
"Kəllə", "Unudulan adam"
pyeslərini Azərbaycan türkcəsinə o
çevirmişdi.
Özü
də pyeslər, ssenarilər yazırdı...
İslam
İbrahimovun "Modernizm: həyat və gözəlliyə
yabancıdır" - adlı bir məqaləsi var. 1963-cü
ildə yazdığı və XX yüzilin nəhəng
üslub fenomenini "Vəba" (Kamyu), "Yüksək cəmiyyətə
gedən yol" (Con Breyn) romanlarının, seksual inqilaba səs
verən İsveç kinosunun ("Sükut" - Berqman),
alman rəssamları Maks Bekmann, Frans Mark
yaradıcılıqlarının timsalında
araşdıran, modernizmi Azərbaycan təfəkkürünə
yabancı bir dünyagörüşü kimi xarakterizə edən
bu əsər bu gün, bəlkə də, kimlərəsə
dövrə müvafiq bir yazı təsiri bağışlasın.
Amma belə deyildi. O məqaləni Azərbaycanda modernizm barədə
müfəssəl anlayış verən ilk elmi əsər
kimi də dəyərləndirmək mümkündür.
Haqqında
danışdığım yazı, dediyim kimi, "Modernizm: həyat
və gözəlliyə yabançıdır"
adlanır. Buna rəğmən, qəribədir
ki, İslam müəllimin son yaradıcılıq işi
Amerika modernist ədəbiyyatı ilə bağlı oldu.
Tennessi Vilyamsın "Şüşə heyvanxana" pyesini
tələbələri arasında çox sevdiyi Bəhram
Osmanovun xahişi ilə çevirmişdi və Akademik Milli
Dram Teatrının səhnəsində Bəhramın diplom
işi olaraq tamaşaya qoyduğu bu əsər ölkənin
teatr ictimaiyyəti tərəfindən böyük rəğbətlə
qarşılanmışdı. "Hər
gün evinə gedirdim. Mətni oxuyub tərcüməsini
diktə edir, mən isə yazıya
köçürürdüm". Bunu Bəhram deyir... Beləliklə, İslam İbrahimovun son tərcümə
işi - "Şüşə heyvanxana" Bəhram
Osmanovun Akademik Teatrda quruluş verdiyi ilk əsər oldu.
Ümumiyyətlə, 1985-ci ildə tamaşaya qoyulmuş
"Şüşə heyvanxana" həm də mistik təfərrüatları
ilə yadda qaldı: Bəhram Osmanovun böyük səhnədə
ilk işi, İslam İbrahimovun son tərcüməsi, əsərdəki
Amanda Hökumə Qurbanovanın, Tom Hamlet Xanızadənin son
rolları oldu...
Əli Kərim
ən yaxşı şeirlərindən birini, "Dostum
İ.İslama" epiqrafı ilə başlayan "Dəniz"i
İslam İbrahimova həsr edib:
Üfüqlərə
başını
qoyub
uzanmış dəniz...
Onun
böyük qəlbində
Kiçik
bir duyğu kimi
Çırpınır
dağ gövdəli,
Dağ siqlətli gəmimiz.
Mən,
Baxıb
göyərtədən
Görürəm
ki,
Tullayır
biri yemiş qıçası,
Biri
kağız parçası,
O biri nə
bilim nə -
Dənizin saf qəlbinə.
Dəniz
coşub daşmayır;
Suları
çaxnaşmayır
Sakit əzəmətiylə,
Gücüylə,
Qüdrətiylə
Ona
atılanları
Saflığına qərq edir.
Fikir verib
görürəm;
Dəniz yenə təmizdir.
Dəniz yenə dənizdir.
İslam İbrahimovun elmi dərəcəsi yox idi. Amma elmi
diapazonu onda da, indi də elmdə heç kəslə
müqayisəyə gəlməyəcək dərəcədə
geniş idi.
Moskva təhsili görmüşdü. Lunaçarski adına Dövlət Teatr İnstitutunun
aspiranturasında oxumuşdu. Moskvada SSRİ Nazirlər Soveti
İşlər İdarəsi Katibliyində, "Literaturnaya
qazeta"da işləmiş, Bakıda "Azərbaycan" jurnalında
Tənqid şöbəsinin müdiri vəzifəsində
çalışmışdı...
İncəsənət
İnstitutunda mənim estetika müəllimim idi... Aramızda böyük yaş fərqi olsa da,
yanında sərbəst siqaret çəkirdim. Özü də çox siqaret çəkirdi.
Siqaretə bunca aludəliyimin İslam müəllimdən
gəldiyini təxmin edirəm. Müəllimim
dünyasını dəyişəndən iki il sonra, 1987-ci
ilin 22 aprelində "Ədəbiyyat
və incəsənət" qəzetində (indiki
"Ədəbiyyat qəzeti"ndə - A.T.) dərc
etdirdiyim "Gecikmiş müsafir" essemdə bunu nəzərdə
tutub, "qüsurlarını da təqlid edirdik" - deyə
yazmışdım...
İslam İbrahimov Freydi əzbər bilsə də,
freydist deyildi.
Badəpərəst olsa da, söhbətlərində
İmam Sadiqdən örnəklər gətirərdi.
Hal əhli olduğu qədər, həm də zövq əhliydi. İstər sənətdə,
istərsə də həyatda dərk etmədən heyrətlənməyi
"dəvə heyrəti" adlandırar və gözəl
bir qadına baxmaqla, gözəl bir sənət əsərinə
tamaşa etmək onun aləmində eyni anlam
daşıyardı. "Dünyanı
şairanə deyil, nasiranə qavrayın" - deyirdi. Dönə-dönə təkrar edirdi ki, XX əsr
emosional yanaşmanı sevmir.
İslam
İbrahimova görə, dərinlik psixologiyasının
izahı Freyddən daha əvvəl sufi mətnlərində
müşahidə olunur və "təsəvvüfü
öyrənməyincə, Freyd Qərb üçün də,
Şərq qərbpərəstləri üçün də
"Ruhun Nyutonu" olaraq qalacaqdır" - deyirdi.
...İslam İbrahimovu bu qədər cazibədar
sualların dərkinə meydan açıldığı bir
dövrdə - 1985-ci ilin yanvarında itirdik.
Azər TURAN
Əədəbiyyat qəzeti.- 2022.-
31 dekabr.- S.17.