Həssas və müasir ruhlu tənqidçi
İslam
İbrahimov-100
İslam
İbrahimovun demək olar ki, bütün əsərlərində
onun yaradıcı təbiəti öz əksini tapır, onun
tənqidçi "mən"i qarşımızda durur. Həm
də bu "mən"in qiymətli cəhəti ondadır
ki, o, sırf sənət mövqeyində dayanan "mən"
kimi deyil, daim oxucu-tamaşaçı-tənqidçi
mövqeyində dayanan "mən" kimi
çıxış edir.
İ.İbrahimovun tənqidçi təfəkkürünü
narahat edən, onu düşündürən nədir? O, tədqiq və təhlil
etdiyi predmet və hadisəyə hansı meyarlarla
yanaşır? Tənqidçinin sənətə
yanaşdığı meyarlar: tarixilik; müasirlik; ənənə
və novatorluq; həyat həqiqəti ilə sənət həqiqətinin
uyğunluğu; məzmun və formanın vəhdəti; bədiilik
meyarlarıdır.
Tənqidçi, tarixilik və müasirlik olmadan ənənə
və novatorluğu, ənənə və novatorluq olmadan həyat
həqiqəti ilə sənət həqiqətinin
uyğunluğunu, bunlar olmadan məzmunla formanın vəhdətini
və ən nəhayət, bədii, sənətkarlıq səviyyəsinin
yüksəkliyini təsəvvür etmir. Bütün
bunlar onu göstərir ki, İslam İbrahimov təbiəti
etibarilə daim materialist estetika mövqeyində duran tənqidçidir.
İ.İbrahimov tənqidi - təhlil etdiyi
predmet və hadisəyə sənətlə
varlığın əlaqəsi və
qarşılıqlı təsiri baxımından yanaşan,
çıxardığı nəticə və ümumiləşdirmələrdə
sənətin və varlığın ümumi, dialektik
qanunauyğunluqlarına əsaslanan tənqiddir.
Tənqidçini düşündürən
başlıca problem, sənətkar və zaman problemidir. Bu baxımdan,
özünün yeganə kitabını "Əsr və sənətkar"
adlandırması da təsadüfi deyil. Onun
təsəvvüründə əsrdən, zamandan, deməli,
həmin dövrün insanlarından ayrı sənət və
sənətkar yoxdur. Ona görə də
"sənətkarın əli həmişə zamanın nəbzini
tutmalı, bədii söz kimi kəsərli silahı sərrast
işlətməyi bacarmalıdır", çünki "əsl
sənətkar vətəndaşdır, öz əsrinin
oğludur, əsrin sevinci də, kədəri də onun həssas
qəlbində əks-səda doğurmaya bilməz,
dövrün başlıca problemləri onu
düşündürüb, həyəcanlandırmaya bilməz".
Yəqin, özünün bu şərtə əməl
etməsinin nəticəsi idi ki, o,
yaradıcılığını fundamental elmi tədqiqatlara
deyil, dövrün səsinə daha çox səs verən,
şünaslığın daha operativ sahəsi olan Tənqidə
həsr etmişdi.
Elçin məqalələrinin birində belə bir
fikir söyləyirdi ki, "Azərbaycan ədəbi tənqidi
çox zaman təhlil etdiyi əsərlərə hələ
nəinki dünya ədəbi prosesi baxımından, hətta
ümumsovet ədəbi prosesi baxımından belə
yanaşmır və bu zaman söhbət hərtərəfli
tam təhlildən yox, məhz "məhəlli təhlildən"
gedir". İslam İbrahimovun tənqidi
yaradıcılığı özünün məhz belə
bir "məhəlli təhlildən" uzaqlığı
ilə, dərin həyati, estetik müşahidəçiliyi
ilə diqqəti cəlb edir. Tədqiq
etdiyi predmet və hadisələri dünya və sovet incəsənəti,
ədəbiyyatı ilə müqayisəli şəkildə
təhlil etmək onun tənqidi
yaradıcılığının ən səciyyəvi cəhətlərindəndir.
Tənqidçinin bu cəhəti bir tərəfdən onun dünya
mədəniyyəti nümunələri ilə yaxından tanış olmasından irəli gəlirsə,
digər tərəfdən, onun Azərbaycan ədəbiyyatı
və incəsənəti nümunələrinə nə dərəcədə
yüksək sənətkarlıq mövqeyindən
yanaşdığını göstərir.
İslam İbrahimovun tənqidi əsərləri həmişə
liberal tənqiddən uzaq olmuş, müxtəlif ədəbi
mübahisələrdə və müzakirələrdə fəal
iştirak etmişdir. Bu baxımdan, tənqidçinin
"Tarixi optimizmin yollarında" monoqrafik məqaləsi
xüsusi qeyd edilməlidir. "Müasir
roman və povestlərin tənqidindəki mübahisələr"dən
bəhs edən və həmin mübahisələrdə
iştirak edən bu məqalə, istər elmi-nəzəri səviyyəsi,
ümumiləşdirmələri, istərsə də məsələlərin
qoyuluşu, tənqidi və təhlili baxımından diqqəti
cəlb edir. Məqalədə təhlil, əsasən
İlyas Əfəndiyevin "Körpüsalanlar", Bayram
Bayramovun "Sərinlik" və İsa Hüseynovun
"Teleqram" povestləri üzərində qurulsa da, tənqidçi
çox maraqlı bir yol seçir və əvvəl qısa
şəkildə dünya nəsr prosesinin vəziyyətindən,
realizmlə-modernizmin mübarizəsindən, sovet, o cümlədən
Azərbaycan ədəbiyyatşünaslığının
problemlərindən danışır, sonra həmin povestlərin
hər birini təklikdə, lakin dünya və sovet nəsri
ilə müqayisəli şəkildə, daha sonra isə
onları birlikdə dünya və sovet ədəbiyyatı
kontekstində təhlil edir.
Tənqidçi
"Tarixi optimizmin yollarında" məqaləsini ona görə
yazmışdır ki, "indi dünyanın bir sıra məmləkətlərində
ədəbiyyatın başlıca janrlarından biri - roman ətrafında
ciddi mübahisələr gedir, daban-dabana zidd mülahizələr
irəli sürülür, forma axtarışları ön
plana çəkilir, mürtəce modernist sənət nəzəriyyəsi
realist romanın böhran keçirdiyindən dəm vurur, onun
əsas prinsiplərini inkar edir, realizm ətrafında
döyüşlər, roman ətrafında şiddətli
döyüşlərə çevrilir".
Ümumiyyətlə, "burjua ədəbiyyatı",
"burjua nəzəriyyələri" İslam
İbrahimovun heç vəchlə barışmadığı,
onu xüsusi məşğul edən sahələrdən biri
olmuşdur.
O, "Ədəbiyyatda təftişçiliyə
qarşı mübarizə zəruridir", "Modernizm həyat
və gözəlliyə yabançıdır" məqalələrini
birbaşa bu mövzuya həsr etmiş, bir çox məqalələrində,
xüsusən "Tarixi optimizmin yollarında" məqaləsində
həmin mövzu üzərində ayrıca
dayanmışdır.
Hələ tənqidi
yaradıcılığının ilk illərində "tənqidçilərimizin
məqalələrində burjua millətçiliyi təzahürlərinə
qarşı geniş, müzəffər yürüş
açılmasına az rast gəlmək olur" deyən
İ.İbrahimov öz müddəalarında həmişə
ədəbiyyatın (deməli, həm də cəmiyyətin)
ideoloji əsaslarının saflığını qoruyan, onun
qayğısında, keşiyində duran bir təəssübkeş
kimi çıxış edir. Amma vurğulamaq
lazımdır ki, o, belə təmayülləri tənqid edərkən
yalnız sovet və sosialist ölkələri ədəbiyyatının
təcrübəsinə deyil, həm də kapitalist ölkələrində
yaşayıb-yaradan realist sənətkarların təcrübəsinə
söykənərək mülahizələrini söyləyir.
Tənqidçini ən çox narahat edən "burjua ədəbiyyatı"nın antihumanist təbiəti, modernizmdəki
eqoizm, insanın qadirliyinə şübhə ilə
yanaşılması, həyatın puçluğunun iddia
olunmasıdır. Onun fikrincə, modernizmin ən
böyük bəlalarından biri odur ki, burada "konkretlə
mücərrədin vəhdəti
dağıdılır". İslam
İbrahimov modernizmin "dünyada elə bir şey yoxdur ki,
mən onun üstündə ölümə gedim" "həqiqətini"
tanımır. Tənqidçiyə
görə, "insanın məziyyəti onun nə dərəcədə
xalqın və cəmiyyətin yararlı bir üzvü"
olması ilə ölçülür.
O, burjua ədəbiyyatını
tənqid edərkən belə bir qiymətli nəticə
çıxarır ki, "müasir alman mücərrədçisini
İtaliya mücərrədçisindən, Fransa mücərrədçisini
Amerika mücərrədçisindən seçmək
mümkün deyildir. Buna görə də modern sənət
heç bir zaman beynəlmiləl sənət dili ola bilməz, çünki beynəlmiləl
mahiyyət, milli formalarda meydana çıxır". Elə ona görə də "müasir burjua sənətkarlarının
ilham qaynaqları qurumuşdur... - əvəzində isə...
burjua ölkələrində... böyük realist ənənələrə...
əsaslanan və bu ənənələri davam etdirən sənətkarlar...
əsl bədii və mədəni sərvətlər
yaradırlar".
Tənqidçi realist ədəbiyyata ona görə
üstünlük verir ki, "biz ölümlər
dünyasında yaşayırıq" fəlsəfəsindən
çıxış edən modernist ədəbiyyatdan fərqli
olaraq realist ədəbiyyat "əsl insanı... yer
üzünün şərəfi, təbiətin tacı"
hesab edir, insanın qadirliyinə inanır.
Ümumiyyətlə, İslam İbrahimovun
yaradıcılığında həyatın sosial qatına,
insan amilinə həmişə xüsusi vurğu var. Onun
fikrincə, "mənəvi bir aləmdə davranan, öz fərdi
xüsusiyyətləri, meyilləri olan insan bədii
yaradıcılığın əsas obyekti, təsvir və tərənnüm
hədəfi olmalıdır", çünki "...sənət,
ədəbiyyat yalnız həyat proseslərinin yeni cəhətlərini
kəşf etmək deyil, hər şeydən əvvəl,
yeni insanın, xarakterlərin kəşfidir". Bu mənada, tənqidçinin
Azərbaycan sovet romanının tarixini "dolğun, iri,
müsbət xarakterlər yaratmaq yollarında edilən təşəbbüslər,
əldə edilmiş nailiyyətlər və nöqsanlar və
həmin nöqsanların aradan qaldırılması
tarixi" adlandırması çox təbiidir.
Burada, Azərbaycan romanının yaradıcılıq
problemləri haqqında "Ədəbiyyat və incəsənət"
qəzetinin 1963-cü ildə öz səhifələrində
açdığı və İ.İbrahimovun da iştirak
etdiyi müzakirələrin bəzi məqamlarından
danışmaq yerinə düşərdi. Həmin
müzakirələrdə iştirak edən akademik Məmməd
Arif yazırdı ki, "çoxcildlik romanlar bizdə
yaradıcılıq müvəffəqiyyətlərindən
çox, yaradıcılıq zəifliyi nəticəsi"
olduğundan, "romançılarımızın ikinci nəsli
romanların kompozisiya möhkəmliyinə,
yığcamlığına, bədii dilin daha möhkəm
olmasına xüsusi əhəmiyyət verirlər".
Hörmətli
akademikin yuxarıdakı fikrini onun üçün misal gətirdik
ki, həmin fikrin ikinci hissəsi, yəni
"romançılarımızın ikinci nəsli
romanların kompozisiya möhkəmliyinə,
yığcamlığına (kursiv mənimdir - V.Q.), bədii
dilin daha möhkəm olmasına xüsusi əhəmiyyət
verirlər" fikri İ.İbrahimovun həmin müzakirənin
daxilində xüsusi müzakirəyə səbəb olmuş
- "indi romanla povest arasında mövcud olan fərqlər,
hüdudlar silinib getməkdədir" mülahizəsini təsdiq
etdiyi halda M.Arif bu fikrə qarşı çıxır və
yazırdı ki, "mən romanla povesti bir-birinə
qarışdırmaq, "hibridləşdirmək" tərəfdarı
deyiləm. Roman romandır, povest də
povest". Əslində, İslam
İbrahimov da romanla povesti bir-birinə qarışdırmaq
fikrində deyildi. O, həmçinin, Y.Qarayevin: "roman
məhz" povestin "lakonizmini" qəbul edərək
povestə çevrilmək (kursiv mənimdir - V.Q.) prosesi
keçirir" mülahizəsinə də şərik olmurdu.
"Yaradıcı
axtarışlar lazımdır" məqaləsindən bir
il əvvəl realist roman və povestlərin burjua nəzəriyyəçilərinin
"realist romanlar böhran keçirir" fikrindən
müdafiəsinə "Tarixi optimizmin yollarında" kimi
irihəcmli, monoqrafik məqalə həsr edən bir tənqidçi
heç zaman "roman povestə çevrilir" deyə bilməzdi.
İ.İbrahimovun dediyi sadəcə bu idi ki,
"realist roman insan xarakteri və psixologiyasının dərin
qatlarına enməkdə davam etməklə (yəni
ömrünü davam etməklə - V.Q.) povestin lakonizmini qəbul
edir" (kursiv mənimdir - V.Q.). Buradakı
fikir, bizcə, çox aydındır. Ədəbi
prosesin sonralar təsdiq etdiyi bu mülahizə tənqidçinin
nə dərəcədə dərin müşahidəçilik
qabiliyyətinə, müasirlik duyğusuna malik olduğunu
çox dəqiq göstərir.
***
Çoxşaxəli
yaradıcılığa malik İslam İbrahimov tənqidçilik
fəaliyyəti ilə cəmi on beş
il, 1950-1965-ci illər ərzində müntəzəm məşğul
olsa da, dövrünün ən nüfuzlu, qabaqcıl tənqidçilərindən
biri kimi iz qoydu.
Məqalələrinin
birində "tarix o sənətkarları yaşadır ki,
onlar öz sənətlərini Məcnun kimi sevə bilir,
Hamlet kimi dövrün təfəkkür hüdudlarını
aşır, Fuçik kimi sözü şax, mərdi-mərdanə
deməkdən, sərt həyat həqiqətini bütün
amansızlığı, ziddiyyətləri, gözəlliyi
ilə açmaqdan çəkinmirlər" deyən
İ.İbrahimov tənqidi yaradıcılıqla o vaxtadək
məşğul oldu ki, dediyi bu üç şərtin
üçünə də əməl edə bildi.
İslam İbrahimov tənqiddən o vaxt uzaqlaşdı
ki, bu şərtlərin üçüncüsünə əməl
etmək, artıq mümkün olmadı.
Tənqid
tənqidçinin yoxluğunu hiss elədi, onunçün
darıxdı və nəhayət, dilə gəlib:
"...İslam İbrahimovun ədəbi tənqidlə məşğul
olmaması təəssüf hissi doğurur. İslam
İbrahimov həssas və müasir ruhlu tənqidçidir,
istərdik ki, o ədəbi tənqidlə ciddi və
ardıcıl məşğul olsun" (Şamil Salmanov), -
dedi!
Vidadi QAFAROV
Ədəbiyyat qəzeti.- 2022.- 31 dekabr.-
S.16.