Köhnə il
hara gedir?
Uşaq hekayəsi
Onlar Yeni il şənliyindən çox
şən qayıdırdılar.
Elə bil şənliyin bitməsini heç istəmirdilər. Xüsusən də balaca Azər, sevincindən yerə-göyə sığmırdı.
"E...he..hey...", - deyə Şaxta baba tez-tez ucadan səslənir, kiminsə adını çəkirdi.
Şənlikdəkilər möcüzə gözləyirmiş kimi onu coşqu və heyrətlə alqışlayırdılar. Öz adı çəkiləndə
Azər qulaqlarına inanmadı. Elə bildi ki, kimdirsə başqa adamdır. Amma Şaxta baba
ikinci dəfə, daha ucadan və
qəribə bir səslə səslənəndə
inandı.
-
E...he...hey!.. Hardadı mənim sevimli
nəvəm Azəəərr
Bahadurlu?!
Azər
anasına baxdı, üzündə təbəssüm
görcək sevinci bir az da artdı, tez başa düşdü
ki, çağırılan
özüdür. Anasının işarəsi ilə Şaxta babaya tərəf yüyürdü.
Qar qızla Şaxta baba yanaşı dayanmışdılar. Azər birinci
dəfəydi ki, onları belə yaxından görürdü.
Dayandı, nə edəcəyini
bilmirdi. Şaxta baba
özü yaxınlaşıb
onun başını sığalladı.
- Mənim Azər
balam.
Mənim ağıllı və qoçaq nəvəm.
Uca dağlar aşmışam,
qarlı aşırımlar
dolanmışam,
çox ellərdən
keçmişəm,
gəlib sizə
yetişmişəm.
Nəvələrimə hədiyyə gətirmişəm.
Azər
hədiyyə torbasını
alan kimi
anasının və balaca bacısının yanına qaçdı. Hər ikisi sevincək onu gözləyirdilər.
Anası
oğlunu bağrına
basdı. Bacısı Burlaxatun da onu
qucaqladı.
- Tez ol,
torbanı aç, görək Şaxta baba sənə nə hədiyyəsi qoyub, - bacısı onu tələsdirdi.
- Yox, açmayacağam. Evə gedərik, atam da gələr, birlikdə açıb baxarıq. - Azər inadkarlıq göstərdi.
- Hədiyyələrin çox
olsa... birini mənə verərsən?
- Burlaxatun astadan mızıldandı.
Azər özünü eşitməməzliyə
vurub Şaxta babanın növbəti hərəkətlərinə baxırdı. Cavab almadığına
məyus olan Burlaxatun anasına qısıldı.
- Ana, ana...
- Səbrin olsun, qızım. - Anası
Sarıtel onu sakitləşdirməyə çalışdı.
- Bəlkə Şaxta
baba sənə də hədiyyə gətirib?
Amma Şaxta
baba onu çağırmırdı ki
çağırmırdı. Sarıtel uşaqlardan
daha çox narahat olmağa başladı.
- Eybi yoxdur, qızım.
Heç
narahat olma. Əgər Şaxta baba sənə hədiyyə verməsə, atana deyərəm, o sənə
hədiyyə alıb
gətirər.
- Atamın hədiyyəsini
istəmirəm, o mənə
həmişə hədiyyə
alır. Şaxta babanın hədiyyəsini
istəyirəm.
- Yaxşı, qızım,
hələ hədiyyələr
qurtarmayıb, özün
görürsən ki,
Şaxta baba hədiyyə paylayır.
- O mənim adımı haradan biləcək?
- Ona da Şaxta
baba deyərlər. Əgər o, sizin adınızı bilməsəydi,
olardı hamı kimi adi adam. Onda heç ona
Şaxta baba deməzdilər.
Hədiyyələr qurtarmaq üzrəydi. Bir azdan "yallı" oynanılacaqdı və bununla da yeni
il şənliyi
başa çatacaqdı.
Birdən Şaxta babanın
tükürpədici səsi
salonu başına götürdü.
- Harda qaldı mənim balaca Buu...rla...xatuu...n
nəvəm!
- Ana, məni çağırır?
- Qızcığaz sevincək
anasından soruşdu.
- Əlbəttə, səni
çağırır. Qorxma,
get!
Beş yaşlı
Burlaxatun Şaxta
babaya tərəf yüyürdü. Şaxta baba onun da
başını sığalladı, qucağına alıb
yuxarı qaldırdı, alnından öpdü və
qaytarıb yerə qoydu. Sonra üzünü Qar qıza
tutub dedi:
- Ver mənim Burlaxatun nəvəmin hədiyyəsini!
Burlaxatun
hədiyyəsini alan kimi anası və
qardaşı duran tərəfə qaçdı. Sarıtel
qızını qucağına alıb əzizlədi:
- Ay mənim, səbirsiz balam.
- Ura.., ura... - Azər də
bacısının hədiyyə almasına sevinirdi.
Sonra əl-ələ tutub yallı getdilər və günortadan az sonra evə gəlib çıxdılar. Yemək
yeyəndən sonra Sarıtel dedi:
- Mən indi bazara
gedirəm. Siz sakitcə oynayın, amma
dalaşmayın. Yaxşımı?
- Nə oynayaq? - deyə səkkiz yaşlı Azər
soruşdu.
- Yaxşısı odur, rəngli karandaşlarınızı
götürüb şəkil çəkin.
- Ura! - Hər ikisi sevincək cavab verdi.
Sarıtel çıxmaq istəyirdi
ki, Azər soruşdu:
- Ana, bəs nə şəkli
çəkək?
- Sən Yel babanın şəklini çək,
başının çalmasıynan, əlinin süpürgəsiynən,
dəyənəyiynən, Burlaxatun isə nallı dovşan
şəkli çəksin, tükləri upuzun, qulaqları pələqulaq,
yəni biri sallanmış, gözləri çəp,
nalı da ayaqlarından yekə. Azər,
özünüzü yaxşı aparın, dalaşmayın.
Sarıtel dediklərini həm də əl işarələri ilə başa
salıb getdi.
Uşaqlar bir müddət şəkil çəkməklə məşğul
oldular.
- Sabah da köhnə ilin şənliyi
olacaq? - deyə Burlaxatun qardaşından
soruşdu.
- Sabah köhnə ilin şənliyi
necə ola bilər?
- Mən istəyirəm ki, hər ilin son günü köhnə ilin
şənliyi olsun. Özü də Şaxta
baba və Qar qızla.
- Sən nə danışdığını bilirsən? Bu
gün elə köhnə ilin son günüdür ki, Yeni il şənliyi keçirirlər.
- Bəs sonra nə olacaq?
- Sonra da köhnə
il çıxıb gedəcək, yerinə
yeni il gələcək.
- Köhnə il
hara gedəcək?
- Mən nə bilim hara gedəcək? - Azər az qaldı hirslənsin. Amma
bacısının bu sualı onu yaman
düşündürdü. "Doğrudan
da, görəsən, köhnə il hara çıxıb
gedir?" - Yəqin ki, çıxıb meşəyə
gedəcək, qarlı dağlara, lap uzaqlara gedəcək.
Uşaqların başı şəkil çəkməyə necə
qarışdısa, bir də qapının
açılmasına başlarını qaldırıb
dönüb baxdılar. Sarıtellə Bayram qucaqları sumkalarla
dolu içəri girdilər.
- Ura!!! Atam gəldi, atam gəldi.
- Uşaqlar sevinclərini gizlətmədilər.
- Tez hazırlaşın, gedirik! - Bayram uşaqları tələsdirdi.
- Hara? Ata, hara gedirik? - Azər soruşdu.
- Kəndə, babangilə, yeni ili
qarşılamağa. Nənənlə baban sizi
çoxdan gözləyirlər.
- Ata, yeni il
gələndə bəs köhnə il hara gedir? - Burlaxatun
soruşdu.
- Hələ ki babangilin kəndinə gedir. Ordan
da hara getdiyini nənəndən soruşarsan.
Tələsik hazırlaşıb evdən
çıxdılar. Maşına
oturub yola düşdülər. Kənd yoluna
çıxmışdılar ki, Burlaxatun soruşdu:
- Ata, Azər deyir ki, yeni il gələndən sonra köhnə il
çıxıb meşəyə, başı qarlı
dağlara, görünməyən uzaqlara gedəcək. Düzmü deyir?
- Mən bilmərəm, onu kəndə çatanda nənəndən
soruşarsan. - Bayram gülümsündü.
- Biz kəndə çatana
kimi köhnə il çıxıb getməz?
- Burlaxatun elə həvəslə soruşdu ki, bu Bayramın
özünə də çox maraqlı göründü.
- Yəqin ki, yox. - Gülə-gülə də cavab verdi.
- Onda möhkəm sür, biz gedib köhnə ilə çataq.
Bir az da getmişdilər ki, Azər oturacaqdan ayağa
qalxıb atasına tərəf əyildi. Ağzını
onun qulağına dirədi ki, nə soruşduğunu
anası ilə bacısı eşitməsin.
- Ata, bəs nənəmgilin kəndindən
köhnə il çıxıb hara gedəcək?
Bayram çiyinlərini
çəkdikdən sonra
Azər yerində oturdu və o da səbirsizliklə kəndə
çatacaqları anı gözləməyə
başladı.
"Yəqin, babamla nənəm köhnə ilin hara
çıxıb getdiyini bilərlər", - deyə
düşünə-düşünə gözünü
yola zillədi.
Əli bəy AZƏRİ
Ədəbiyyat qəzeti.- 2022.-
31 dekabr.- S.21.