"Qızım, məni
bağışla"
Zöhrə Vəfayinin Güney Azərbaycan ədəbiyyatı sahəsində özünəməxsus xidmətləri var. Tanınmış jurnalist, şair və nasirdir.
Təbrizdə doğulan Zöhrə Vəfayi Səttari ilk və orta təhsilini bu şəhərdə tamamladıqdan sonra Tehran Universitetinin Filoloji fakültəsinə daxil olub. İlk qələm təcrübəsinə 1973-cü ildə başlayıb, elə həmin ildə də "Azərbaycan nağılları" adlı ilk əsəri çap olunub. Güney Azərbaycanın çox dəyərli satirik jurnalı olan və iki dildə yayınlanan (farsca və türkcə) "Çuvaldız"ın redaktoru olub. Qeyd edək ki, "Çuvaldız" dərgisinin Güney Azərbaycan satirik ədəbiyyatının və jurnalistikasının gəlişməsində böyük rolu olub. Z.Vəfayinin bir neçə qələm yoldaşları ilə birlikdə çıxardıqları "Çuvaldız" dərgisi üç il çap olunandan sonra nəşrinə qadağa qoyulub.
Zöhrə Vəfayi Güneydə ədəbiyyat və kültürün müxtəlif sahələrində çalışıb, əsərlər yaradıb.
Zöhrə
Vəfayi Cənubda Mirzə Cəlilin klassik üslubunu memuar xatirə üslubunda davam etdirən yazıçılardandır. Onun xatirə elementinin güclü olduğu əsərlərində avtobioqrafik cizgilər çoxdur. İstər redaktoru olduğu satirik "Çuvaldız" dərgisindəki duzlu felyetonları, istərsə də xatirə-müraciət şəklindəki yazıları bunu bir daha təsdiqləyir. Onun "Məktub" əsəri memuar-xatirə silsiləsinə daxil olan ən gözəl nümunələrdəndir: Müəyyən səbəblərdən vətəni tərk etmək məcburiyyətində qalıb qürbətdə yaşayan qohumunun onu yanına səsləməsinə müəllif Mirzə Cəlilsayağı cavab verib. Özünü qol-budaqlı ağac sanan müəllif məktub müəllifinə yazır: "Torpaqdakı kök, kötüklərimi necə qırım, bəlkə
özümlə götürüm?! Bəs onda onun bar budağında yuva quran quşları neynim...".
Sonra isə fikrini obrazlı şəkildə ortaya qoyaraq yazır: "Mənə gəl deyirsən... Mən Muğan çölündə at çapdırmışam, Arazın suyundan içib, onun axarlığına and içmişəm. Xalxalın dumduru havasından almışam, Xəzərin suyunda əllərimi yuyub, Ərdəbilin adını özünə qaytarmaq üçün and içmişəm. Talış dağlarında qurulan komalara baş uzadıb, bir-bir yaşayanlarına salam vermişəm. Mən Kəleybərin dumanlı meşələrində Babəkə hay vermişəm. Qaradağ Elatlarına burdayam demişəm. Yurdumun güzərlərində olan kotan ağaclarda yadigar qazmışam. Miyananın düyü zəmilərində sarı bülbül kimi uçmuşam. Zəncanın əkinçisinə "yorulma, qardaşım" demişəm. Qəzvində itən-batan qardaşıma
"Dayan!
İtmə!" demişəm. Mən kötüyümlə bu yurdumun qarış-qarışına baş çəkmişəm. Salam verib salam
almışam. Bu tanış üzləri
necə tərk edim. Mən olmasam əgər,
atalarımızın məzarını xəzəl basar, toz
basar. Mən onları silib
aydınlatmalıyam".
İnsanı kövrəldən bu sətirlər Cənubun
bəlli çoğrafiyasını xatırladır. Vətəni
addım-addım təsvir edən yazıçının nəsr
təhkiyəsində daxili monoloq əsas yer tutur. Əsərdə nəsrdən çox, poetik deyim tərzi
ilə üzləşirik.
Başqa bir əsəri, "Məktuba cavab"
maraqlı məzmunu ilə diqqəti cəlb edir. Əsər
xatirə, keçmişə dönük ruhlu şeirlər
silsiləsindəndir. Zöhrə Vəfayi
bir körpü kimi keçmiş ilə gələcək
arasında dayanaraq nostalji xatirələri canlandırıb
onlara güzgü tutur. "Qürbət cənnət
olsa da, heç zaman doğma elin yerini vermir" fikrini
xatırladıb sözünə yekun vurur.
Zöhrə Vəfayi əsərlərində Azərbaycan
təbiətinin, coğrafiyasının rəngarəngliyinə
geniş yer verilmişdir. Heç bir fəsildə
şair təbiəti ancaq sırf gözəllik mənasında
təsvir etməmiş, bəlkə onu insanın arzuları və
sevinci ilə üzvi vəhdətdə
götürmüşdür.
Bu bağlılıq
və vəhdət çox aydın hiss olunur. Əslində,
şair təbiətimizin gözəllikləri ilə mədəniyyətimizin
qədimliyini, keçmişimizin ululuğunu oxucuya
çatdırmağa çalışır.
"Miyana"nın düyü zəmilərində
sarı bülbül kimi uçmuşam; "Zəncan"ın
əkinçisinə, "yorulma, qardaşım", "Qəzvin"də
itən-batan qardaşıma "Dayan! İtmə!"
demişəm; kötüyümlə bu yurdumun hər
qarışına baş çəkmişəm, salam verib, salam almışam. Bu tanış
üzləri necə tərk edim. Mən olmasam əgər,
atalarımızın məzarını xəzəl basar, toz
basar. Mən onları silib aydınlatmalıyam.
Mən bir güzgü kimi keçmiş ilə
gələcək arasında dayanmalıyam. Axı keçmişi gələcəyə göstərən
lazımdır".
Görkəmli
Azərbaycan şairi Səməd Vurğun yazırdı:
"Məhəbbətin hakim olduğu ürəklər
yağışdan sonra açılmış şəffaf və
ləkəsiz bir yaz səmasını andırır ki, orada
yalnız aydınlıq, al-əlvan şəfəqlər, təravət
və qüdsiyyət görünür. Məhəbbət
insan qəlbini süzgəcdən keçirir, ötərgi və
zərərli hisslərdən təmizləyir,
yaşamağın mənasını gözəlləşdirir,
insanı xeyirxah olmağa, alicənab və nəcib olmağa
dəvət edir". Zöhrə Vəfayinin "Nə
yazım?" şeiri sevgiyə həsr olunmuş ən
gözəl poeziya nümunələrindən biridir:
Dili dilimdəndir,
amma söz almır,
Yalvarıram
yuxumda bəlli qalmır
Aylar, illər
ötür qapımı çalmır,
Bu dərdimə görən çarə, nə
yazım?
Mənə
yetir hər nə dərdi, kədəri
Xəncər
olub yırtaydım bu qədəri
Boşlaya
biləydim belə hədəri
Özgə sandığında varə, nə yazım?
Yol
üzündə sıra duran xüdəkdən
Arzı
uzun, əllər amma güdəkdən
Həsrət
yükünə çevrilən ürəkdən,
Şərh olaraq min bir parə, nə yazım?
Zöhrə Vəfayinin qızına yazdığı
"Qızım, məni bağışla" məktubu bu
günümüzlə çox səsləşir. İranda hicab
İslam inqilabından sonra qadınlar üçün məcburi
geyim kodeksinə çevrilib. Bu məcburi örtük
bir yana, ölkədə qadınlar bir
çox insani haqlardan məhrum ediliblər. Z.Vəfayi
özünü bir ana kimi qız övladını başqa
bir məkanda və zamanda dünyaya gətirmədiyi
üçün suçlu bilir. Uşaqlığı
uşaqlıqda, gəncliyi gənclikdə yaşaya bilməməsinə
görə qızından onu bağışlamasını
istəyir. Zöhrə Vəfayi müsahibələrindən
birində deyib ki, "Güney Azərbaycan türklərinin
sayı 40 milyondan çox olmasına baxmayaraq,
haqlarımızı müdafiə edə bilmirik. İranda həm cinsiyyətdən doğan bir bərabərsizlik
var, həm də rəsmi olmayan dilimiz baxımından ikiqat
zülm olunur. Elə götürək,
öz anamı. Öz haqlarından belə
xəbəri yoxdur. Qadınların
haqları nədir, kişilərlə bərabər
hüquqludur, ya yox, bilmir. İstəyirəm
dünya bilsin bizim nələr çəkdiyimizi".
Ədib
"Qızım, məni bağışla" əsərində
bu mövzunu bədii dillə daha geniş qələmə
alıb davam etdirir: "Çünki mən illər və əsrlər
boyu səbr daşı olmuşam. Mən bu
qadın yaşayışımda yanıb möhkəmlənmişəm.
Mən də qız olduğuma görə
çox sözlərdən və çox arzulardan əlimi
üzmüşəm. Amma yenə də
dayanmışam. Görürsən ki, mən
keçmişimdən utanmıram. Çünki
özümü tanımışam və özümə
inamım olubdu. Mən başqalarına
deyildiyi kimi, zəif, yalançı, hiyləgər, yaltaq,
çox danışan, çox xərcləyən,
düşüncəsiz, ağılsız olmamışam.
Mən ana olduğuma görə fəxr edirəm.
Bunları tək səni sevindirmək
üçün yox, səni sevdiyim üçün deyirəm.
Mənə inan və nəhayət, özünə
inan. Sabahın tarixini sən yazacaqsan, sən
yaradacaqsan.
Bu barədə
artıq düşün...".
Zöhrə Vəfayinin qızına
ünvanladığı məktubdan çıxarılan nəticə
budur ki, Analar sıxıntısız bir şəraitdə
yaşayırsa, onların bu ruh halı ailə fərdlərinə,
bununla da bütün sosial cəmiyyətə müsbət təsir
yaradır. Ananın rahat olması o ölkənin göstəricisidir.
Haqlarından məhrum olan, təhsilləri əngəllənən,
kişilər tərəfindən aşağılanan
qadınları varsa, o ölkə nə qədər başqa
cəhətlərilə öyünmək istəyirsə istəsin,
sosial baxımdan inkişaf etmiş dövlət sayıla bilməz.
Zöhrə
Vəfayi öz yaxın məsləkdaşları ilə
birlikdə İranda Azərbaycan türklərinə
qarşı aparılan farslaşdırmanın şovinist
dövlət siyasəti səviyyəsinə
qalxdığı illərdə Cənubda azərbaycançılığı
qoruyaraq xalqın milli ruhunu yaşatmağa nail olmuşdur.
Zöhrə Vəfayinin Cənubi Azərbaycan ədəbiyyatı
sahəsində özünəməxsus xidməti vardır.
...Və
bu gün Təbriz və digər şəhərlərdə
gənc qadınlar artıq küçəyə hicabsız
çıxırlar. Etirazçılar
qadınların hüquqlarının qorunması, polis
zorakılığına son qoyulması, İranın
demokratikləşməsini tələb edirlər. İranda qadınların tələbi tək
hicabsız gəzmək deyil, onlar ölkədə qadın
fundamental hüquqlarının tapdanması, özəl həyatlarının
bütün sahələrinə müdaxilə
etirazlarını ifadə edir.
Pərvanə Məmmədli
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.23.