Elm, təhsil və mədəniyyət
xadimi
Timuçin Əfəndiyevin
“Ədəbi bədii düşüncələr” kitabına
ön söz
Elmin, ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafı görkəmli şəxsiyyətlərin, elm və sənət fədailərinin misilsiz fəaliyyəti ilə ölçülür. Zaman-zaman belə işıqlı şəxsiyyətlər xalqın güvənc yeri olmaqla, həm də millətin adını bütün dünyaya tanıdır, Azərbaycanımızın haqq səsini dünya ictimaiyyətinə çatdırır. "Qurani-Kərim"də deyilir ki, "Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir". Oxuculara təqdim olunan "Ədəbi-bədii düşüncələr" kitabı milli mədəniyyətimizə, elmə və dövlətə xidmət etmiş görkəmli elm və təhsil təşkilatçısı, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin müxtəlif qəzet və ədəbi dərgilərdə dərc olunmuş məqalələr toplusudur. Professor Timuçin Əfəndiyevin adı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da məşhurdur. Ömrünün əlli ilə yaxın hissəsini elmin, təhsilin və mədəniyyətin inkişafına həsr etmiş Timuçin Əfəndiyevin elmi əsərləri və mətbuatda dərc olunmuş məqalələri əsasən milli ədəbiyyatımızın və mədəniyyətimizin tədqiqinə həsr olunmuşdur.
Kitab üç əsas bölmədən ibarətdir. Birinci bölmədə professor Timuçin Əfəndiyevin müxtəlif illərdə qələmə aldığı nəzəri-estetik məqalələri yer almışdır. Kitabın ikinci bölməsində müəllifin ədəbi tənqidə, teatrşünaslığa, kinoşünaslığa, rəssamlığa, musiqi sənətinə, kulturologiyaya, rejissorluğa, bütövlükdə sənət və sənətkarlıq məsələlərinə həsr olunmuş məqalələri, görkəmli elm və mədəniyyət xadimləri ilə bağlı xatirələri və səfər təəssüratları toplanmışdır. Üçüncü bölmədə Timuçin Əfəndiyev haqqında mətbuatda dərc olunmuş məqalələr və tanınmış şəxsiyyətlərin onun haqqında fikirləri yer almışdır. Timuçin Əfəndiyev yaradıcı fəaliyyəti dövründə hər zaman mətbuatla təmasda olmuş, qəzet və jurnallarla yaxından əməkdaşlıq etmiş, elmi-nəzəri və publisistik məqalələr yazaraq çap etdirmişdir. Yüksək elmi-nəzəri hazırlıq, intellektuallıq və təfəkkür orijinallığı professor Timuçin Əfəndiyevin təhlil üsulu üçün çox səciyyəvidir. Nəzəri ümumiləşdirmə aparma bacarığı bu məqalələrə xüsusi elmi siqlət verir. Timuçin Əfəndiyevin bir sıra ictimai məzmunlu məqalələri əsl vətəndaşlıq mövqeyindən yazılmış, dövlətçilik və azərbaycançılıq ideyalarının tərənnümünə həsr edilmişdir. Ümumiyyətlə, yeni kitabda toplanmış məqalələr çeşidli mövzularına, nəzəri fikir dərinliyinə və aktuallığına görə diqqəti cəlb edir. Onun ədəbiyyatşünaslığa, sənətşünaslığa, mədəniyyətşünaslığa, kinoşünaslığa, rəssamlığa, musiqi sənətinə həsr etdiyi məqalələri aktuallığı və elmi-nəzəri siqləti ilə seçilir. Bu yazılarda qarşıya qoyulan problemlər, elmi faktlar, irəli sürdüyü mülahizə və ideyalar orijinaldır. O, öz elmi mülahizələrini ciddi arqumentlərlə təsdiqləyir. Bir şəxsiyyət, ziyalı, tədqiqatçı alim və bacarıqlı tədris və elm təşkilatçısı kimi onu başqalarından fərqləndirən özünəməxsus xarakteridir. O həm də təşəbbüskar, işgüzar və obyektiv ali məktəb rəhbəri kimi fəaliyyət göstərmişdir. Bir alim kimi Timuçin müəllimin ən böyük keyfiyyətlərindən biri onun dünya ədəbiyyatını və mədəniyyətini dərindən bilməsi və öz tədqiqatlarını bu istiqamətdə araşdırıb tədqiq etməsidir.
Professor Timuçin Əfəndiyev vətənpərvər, milli kökə, milli ruha qırılmaz tellərlə bağlı olan ziyalılarımızdandır. Əsl ziyalıya məxsus milli-mənəvi keyfiyyətlərin ləyaqətli daşıyıcısıdır. Müəllifin yeni kitabında yer alan məqalələr müstəqillik dövrünün elmi-nəzəri metodologiyası və istiqlal məfkurəsi işığında yazılıb. Yeni kitabda onun görkəmli sənətkarlarımız Hüseyn Cavidə, Cəfər Cabbarlıya, S.S.Axundova, Kamal Abdullaya, Atif Zeynallıya və uzun illər təhsil ocağında çiyin-çiyinə çalışdığı və gündəlik ünsiyyətdə olduğu görkəmli sənət adamları, mədəniyyət xadimləri haqqında yazdığı məqalələr xüsusi yer tutur. Mikayıl Abdullayevə, Böyükağa Mirzəzadəyə, Qara Qarayevə, Xəyyam Mirzəzadəyə, Firəngiz Əlizadəyə və digər görkəmli sənətkarlara həsr etdiyi məqalələri elmi-nəzəri dərinliyi və fəlsəfi fikir tutumu ilə seçimlənir. Bu yazılarda görkəmli mədəniyyət və incəsənət xadimlərinin insani keyfiyyətləri, fərdi yaradıcılıq üslubları, böyük sənət ənənələri səriştəli ədəbiyyatşünas və sənətşünas qələmi ilə əhatəli təhlil edilir. O, yaradıcılıqda şəxsiyyət faktoruna xüsusi əhəmiyyət verir və ona görə də istər dünya şöhrətli bəstəkar Qara Qarayev haqqındakı məqalədə ("Musiqi dünyasının əbədiyaşarlıq ünvanı"), istərsə də Xəyyam Mirzəzadə ("Düşünən və düşündürən bəstəkar"), Firəngiz Əlizadə ("Mədəniyyətlərin çarpazlaşması") kimi görkəmli bəstəkarlar haqqında qələmə aldığı məqalələrdə onların yaradıcılıqlarını şəxsiyyətləri ilə üzvi vəhdətdə götürüb təhlil edir və qiymətləndirir.
Kitabda Timuçin Əfəndiyevin səfər təəssüratlarına da geniş yer verilib. O, bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyə, Sankt-Peterburq, Fransa, Amerika, London, Misir və b. ölkələrdə nüfuzlu elmi-nəzəri konfransların və simpoziumların iştirakçısı olmuş, Azərbaycan mədəniyyəti və incəsənəti mövzusunda məruzələr etmişdir. Geniş dünyagörüşünə, yüksək ziyalı mənəviyyatına malik Timuçin müəllim xarici ölkələrə səfərlərində, beynəlxalq elmi konfranslarda torpaqlarımızın erməni faşistləri tərəfindən zəbt edilməsindən, xalqımızın başına gətirilən faciələrdən, eyni zamanda mədəniyyətimizin və incəsənətimizin uğurlarına həsr edilmiş məruzələr etmişdir. 2005-ci ilin mart ayında Timuçin müəllim Amerika Dövlət Departamentinin dəvəti ilə ABŞ Universitetlərində tədris prosesi ilə tanış olmaq məqsədi ilə, həmçinin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişaf mərhələləri haqqında mühazirələr oxumaq üçün Amerikada səfərdə olmuşdur. Çikaqo, Medison, Milvaki, Nyu-York Siti, Nortvest Universitetlərində "Azərbaycan mədəniyyətinin inkişaf mərhələləri" mövzusunda məruzə ilə çıxış edən T.Əfəndiyev bu görüşlərdə Qarabağ problemindən, mədəni abidələrimizin erməni təcavüzkarları tərəfindən talan olunmasından da ətraflı məlumat vermişdir. Sonralar o, səfər təəssüratlarını "ABŞ-da olduğum günlər", "Səfərdə məqsəd təcrübə mübadiləsini genişləndirmək idi" adlı məqalələr yazaraq müxtəlif mətbuat orqanlarında çap etdirmişdir.
Professor Timuçin Əfəndiyevin müasir təhsilin problemlərinə həsr etdiyi məqalələri aktuallığı, əhatəli təhlil və obyektiv müəllif mövqeyi ilə seçimlənir. Onun mədəniyyət təhsilində abituriyent seçimi qaydalarına, Bolonya təhsil sisteminin tətbiqi xüsusiyyətlərinə, bütövlükdə təhsil sahəsindəki inkişaf prosesinə aid irəli sürdüyü fikir və mülahizələri elmi-pedaqoji baxımdan diqqəti cəlb edir. Müəllifə görə, müasir təlimin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək biliyə və milli-mənəvi dəyərlərə yiyələnmiş gənc mütəxəssislərin hazırlanmasıdır.
Çağdaş teatr prosesinin perspektivlərini elmi-nəzəri fikir işığında şərh edən müəllif qeyd edir ki, milli teatr sənətində baş verən bütün bu canlanma ilk növbədə dövlətin mədəniyyətə, ələlxüsus teatr sənətinə qayğısı və diqqəti sayəsində mümkün olmuşdur. Son illərdə milli teatr sənətinin inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır. İlk növbədə onu vurğulamaq lazımdır ki, keçmiş MDB ölkələri içərisində ilk dəfə məhz Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" qanun (20 dekabr 2006) qəbul edilmişdir. Daha sonra "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi" haqqında (19 fevral 2007) və "Azərbaycan teatrı 2009-2019-cu illərdə "Dövlət Proqramı" (18 may 2009) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qəbul edildi ki, bu sənədlər paketi milli teatrın fəaliyyətinin hüquqi-normativ bazasını təmin etmiş oldu. Timuçin Əfəndiyevin yaradıcılıq diapazonu genişdir. O, təkcə filoloq alim, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyətçisi kimi yox, həm də teatrşünas alim kimi səmərəli fəaliyyət göstərir.
Timuçin Əfəndiyevin bir ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi dramaturgiyaya dair sanballı elmi tədqiqat işləri milli ədəbiyyatşünaslığımızda özünəlayiq yer tutmuşdur. Alimin "Teatr və müasirlik", "Yaradıcılıq etikası və teatr", "Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış". "Azərbaycan teatrşünaslığı: Dünənimizdən sabahımıza uzanan möhtəşəm yol", "Yeni Azərbaycan teatrı naminə" və b. məqalələrdə Azərbaycan teatrının üslub xüsusiyyətləri, forma axtarışları və məzmun yenilikləri kimi məsələlər təhlilə cəlb edilir. Müəllif qeyd edir ki, Azərbaycan teatrı təşəkkül və inkişaf prosesində humanizm, bəşəri ideyalar uğrunda mübarizə etmişdir. Onun bir qolu klassik irsə, digər qolu isə dövrün 7 nəbzini tutan əsərlərlə bağlı olmuşdur. Müasir dramaturgiyanın müsbət qəhrəmanı hər cür ədalətsizliyə, saxtakarlığa və riyakarlığa qarşı barışmaz mübarizədə fəal həyat mövqeyinə malik olan insan tərbiyə edir. "Yaradıcılıq etikası və teatr" məqaləsində mövzuya elmi idrakın işığında nəzər salan müəllif belə bir nəticəyə gəlir: "Müasir teatrda yaradıcılıq etikası istedadın potensial imkanlarını üzə çıxarmağa, onun təlqin gücünü artırmağa, sənətkarlığın inkişafına fəal təsir göstərir, istedadla zəhmətin qarşılıqlı əlaqəsini yaratmağa imkan verir". "Etika sənətkarın bacarıq və istedadının imkanlarını artırır, həyata obrazlı münasibəti sahmanlayır, əmək intizamını yüksəldir" - tezisindən çıxış edən müəllif belə qənaətə gəlir ki, teatr etikasının tələblərini gözləmək aktyor və rejissorlar, inzibatçılar üçün son dərəcə faydalı nəticələr verə bilər.
"Hüseyn Cavidin irsi və XX əsrin əvvəllərində yaradıcılıq metodları", "Sənət və səmimiyyət", "Azərbaycan romantizmi və onun təşəkkül problemləri" silsilə məqalələr tədqiqat xarakteri və axtarış ruhu ilə fərqlənir. "Sənət və səmimiyyət" məqaləsində müəllif yazır: "Sənətkarı şəxsiyyət zirvəsinə qaldıran amillərdən biri də onun səmimiyyətidir. İstedadlı sənətkarın yaratdığı hər bir sənət əsəri hüdudsuzdur, çünki əsl sənət daxili gözəlliyin, yəni görünməyən aləminin dəruni hiss və duyğularının, sevinc və kədərinin fəlsəfi-estetik tərənnümüdür".
İstedadlı ədəbiyyatşünas alimin "Romantik dramaturgiyada tarixilik və bədiilik" əsərində isə Azərbaycan ədəbiyyatının mühüm ədəbi-bədii cərəyanlarından olan romantizmin dramaturgiyadakı təzahür formaları tədqiq edilir. Əsərdə romantik dramaturgiya tarixilik və bədiilik problemi kontekstində aşkarlanır. Səciyyəvidir ki, müəllif mənzum romantik dramı ədəbiyyatın yeni janrı kimi səciyyələndirir, H.Cavidi isə bu janrın banisi hesab edir. Müəllif belə nəticəyə gəlir ki, romantik faciə üçün tarixilik və müasirliyin bədii dialektik vəhdəti başlıca şərtdir. Romantik sənətkar tarixi müasirliyin xidmətinə verdikdə, müasirliyi isə sabahın tarixi kimi yaratdıqda qüdrətlidir. Burada Cavid yaradıcılığını səciyyələndirən romantizm, romantik faciə, ictimai mühit və estetik ideal, "yeni zaman" konsepsiyası və digər problemlər ardıcıl şəkildə tədqiqat obyektinə çevrilmişdir. Müəllif tarixi-tipiloji metoda istinad etmiş, romantik zaman probleminə tarixilik və müasirlik nöqteyi- nəzərindən yanaşmış, bu problemin geniş bədii-tarixi mənzərəsini yaratmağa müvəffəq olmuşdur.
Timuçin Əfəndiyevin elmi fəaliyyətinin əsas bir hissəsini romantizm təşkil edir. "Azərbaycan romantizmi və onun təşəkkül problemləri"nə həsr olunmuş silsilə məqalələrində romantizm problemini həm nəzəri, həm dünya, həm də milli ədəbiyyat kontekstində araşdırır. Müəllif Azərbaycan romantizminin təşəkkül problemlərinə yenidən nəzər salır, ideologiyanın təsiri altında formalaşmış sovet ədəbiyyatşünaslığına bəzi təshihlər edir, romantizmin bir çox ideya-bədii xüsusiyyətlərini ortaya çıxarır.
Kitabda yer alan "Ədəbi düşüncədə milli özünüdərk problemləri" silsiləsindən "İctimai fikirdə milli ideya və özünüdərk məsələləri", "Sabir satirasında özünütanıma və milli kimlik", "Millət və vətən anlayışları özünüdərkin atributu kimi", "Üzeyir Hacıbəyli publisistikasında milli özünüdərk", eləcə də "Milli özünütanımanın tarixi-ədəbi mənbə və qaynaqları" yazıları mövzu yeniliyi və fakt zənginliyi etibarilə diqqəti cəlb edir. Kitabdakı məqalələr sırasında görkəmli akademiklər - Afad Qurbanov, Tofiq Köçərli və Aslan Aslanov barədəki yazılarda səmimi duyğular yüksək qədirşünaslıqla təsvir edilir.
"Ədəbi-bədii düşüncələr"in üçüncü bölməsi görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimlərinin, tanınmış ziyalıların və sənətkarların Timuçin Əfəndiyev haqqında mətbuatda dərc edilmiş məqalələrinə həsr olunub. Tanınmış imza sahiblərinin Timuçin Əfəndiyev haqqındakı ürək sözləri, onun cəmiyyətimizin mədəni həyatındakı xidmətləri, bütöv şəxsiyyəti, vətən sevgisi, alicənablığı, xeyirxahlığı, vətəndaş-alim və yüksək mədəniyyətli ziyalı rəhbər kimi ali keyfiyyətləri sərgilənir.
Ümumiyyətlə, "Ədəbi-bədii düşüncələr" kitabı Timuçin Əfəndiyevin çoxillik tədqiqatçılıq fəaliyyətinin məntiqi nəticəsi və yekunu kimi qiymətləndirilə bilər.
Yeni kitabda Azərbaycan mədəniyyəti və incəsənəti, mədəniyyətin tarixi və nəzəriyyəsi, eləcə də kulturoloji problemlər də öz əksini tapmışdır. Məqalələr elmi-nəzəri səviyyəsi ilə yanaşı, obyektivliyi və duyumlu təhlil tərzi ilə seçilir. Müəllif bu məqalələrdə özünəməxsus konseptual nəzəri-estetik fikirlərini dövrün sosial tələbləri ilə bağlayır. Bu əsərlərin geniş ədəbi-elmi ictimaiyyətə çatdırılması müəllifin əzmkarlığı və yorulmaz səyi nəticəsində mümkün olmuşdur. Timuçin müəllim ədəbiyyatşünaslıq və sənətşünaslıq elminin görkəmli təşkilatçılarından olmuşdur. O, uzun illər ali məktəblərdə nüfuzlu rektor kimi fəaliyyət göstərib, müdafiə şuralarına sədrlik edib, elmi sessiyalarda və konfranslarda məruzə edib, elmi kitabları redaktə edib, rəhbərliyi ilə onlarca fəlsəfə doktoru, elmlər doktoru yetişib.
Professor Timuçin Əfəndiyevin "Ədəbi-bədii düşüncələr" kitabı onun elmi potensialının və uzun illərdən bəri apardığı fədakar əməyinin, səmərəli tədqiqatlarının uğurlu bəhrəsidir.
Vəfa Xanoğlan
Ədəbiyyat qəzeti.- 2022.- 31 dekabr.- S.25.